AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Gələcəyin necə olacağı bu gün yetişən nəslin hansı dəyərlər əsasında formalaşmasından asılıdır. Gənclik yalnız cəmiyyətin fəal və dinamik təbəqəsi deyil, həm də dövlətçiliyin davamlılığını təmin edən əsas qüvvələrdən biridir. Ölkənin sabahını etibarlı əllərə tapşırmaq üçün gənclərin milli-mənəvi dəyərlərə bağlı, sağlam dünyagörüşünə malik, məsuliyyətli və fəal vətəndaş kimi yetişməsi mühüm şərtdir. Bu prosesdə dövlətlə yanaşı, ailənin, təhsil müəssisələrinin və bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür.
Məhz buna görə gənc nəslin qarşısında dayanan hər bir təhlükə cəmiyyətin və dövlətin gələcəyi baxımından ciddi narahatlıq doğurur. Belə təhlükələr sırasında narkomaniya xüsusi yer tutur. Müasir dünyada narkomaniya səssiz şəkildə yayılan, lakin nəticələri ilə milyonlarla insanın həyatını məhv edən ən ciddi təhlükələrdən biridir. Bu problem çox vaxt gözə görünmədən formalaşır, lakin təsiri həm insanların taleyində, həm də bütövlükdə cəmiyyətin inkişafında dərin və ağır iz buraxır. Narkotik vasitələrin qəbulu bir anlıq maraqdan başlayaraq insan həyatını tamamilə dəyişdirən təhlükəli bir yola çevrilə bilir.
Əsrin bəlasına çevrilən narkomaniya insanları sağalmaz xəstəliklər məngənəsində boğur. Narkomaniya yunan sözüdür. “Narko” donub qalmaq, “maniya” psixi pozğunluq deməkdir. Adından da göründüyü kimi, bəşəriyyət uzun illərdir onun törətdiyi dəhşətli fəsadlar qarşısında cavabı tapılmaz sualın mənəvi sıxıntısını yaşayır.
Sovet dövründə dövlət narkomaniyanın cəmiyyətdə mövcudluğunu hər vəchlə ört-basdır edir, narkotiklərlə bağlı cinayətlər barədə rəsmi statistik məlumatları kütləvi informasiya vasitələrindən və ictimaiyyətdən qapalı saxlayırdı. Bu da özlüyündə müalicəsi çətin olan bu xəstəliyin getdikcə yayılıb kök atmasına səbəb olmuşdu. Respublikamız imperiya əsarətindən azad olub, öz müstəqilliyinə qovuşduqdan sonra “ağ ölüm” kabusu ilə mübarizədə dövlət orqanları və ictimai təşkilatlar birgə fəaliyyət göstərməyə başladı.
Aparılan araşdırmalara görə, narkotika ticarəti neft və silah alverindən sonra dünyada ən çox gəlir gətirən sahədir. Bəzi ölkələrdə, xüsusilə "Narkomaniyanın Vətəni" adlanan Əfqanıstanda onun ilbəil genişlənməsinin əsas səbəbi də elə budur. Əgər dünya birliyi ölkələri bəşəriyyəti ağır fəlakətlərə sürükləyən bu dəhşətli bəlanın yayılmasının qarşısını vaxtında ala bilməsə, o, yaxın gələcəkdə daha böyük ictimai faciələrə gətirib çıxaracaq.
Məhz elə buna görə də narkomaniya müasir dünyanın qarşılaşdığı ən ciddi sosial bəlalardan biridir. Bu təhlükə insanın yalnız fiziki sağlamlığını deyil, onun psixologiyasını, mənəvi dəyərlərini, ailə münasibətlərini və cəmiyyətlə əlaqələrini də məhv edir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi isə problemin miqyasını daha da genişləndirərək dövlətlərin təhlükəsizliyinə, sosial sabitliyinə və iqtisadi inkişafına mənfi təsir göstərir.
Son illərdə narkotik vasitələrin həm növləri, həm də yayılma xüsusiyyətləri əhəmiyyətli dərəcədə dəyişib. Təbii mənşəli maddələrlə yanaşı, sintetik narkotiklərin də yayılması ciddi narahatlıq doğurur. Hər iki kateqoriya insan sağlamlığı və cəmiyyət üçün eyni dərəcədə ciddi risklər yaradır. Sintetik maddələrin daha əlçatan olması, təsirinin daha güclü və sürətli baş verməsi, həmçinin tərkibinin tez-tez dəyişməsi riskləri daha da artırır.
Narkomaniya yalnız fiziki asılılıq deyil. Bu, insanın psixologiyasını, davranışını və düşüncə tərzini dəyişən mürəkkəb bir prosesdir. İnsan ilk mərhələdə özünün vəziyyətə nəzarət etdiyini düşünsə də, zaman keçdikcə asılılıq güclənir və bu nəzarət itir. Nəticə etibarilə insanın qərarları, münasibətləri və həyat tərzi tamamilə dəyişir.
Narkomaniya sağlam cəmiyyətin formalaşmasına mane olan, insan potensialını zəiflədən təhlükəli sosial problemdir. Narkotik asılılığının girdabına düşən insanın təhsil və əmək imkanları məhdudlaşır, sosial əlaqələri zəifləyir, ən əsası isə cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmaq imkanını itirməsinə səbəb olur. Bu baxımdan narkomaniyaya qarşı mübarizə yalnız sağlamlığın qorunması məsələsi deyil, ölkənin gələcəyinin qorunması məsələsidir.
Hər bir dövlətin ən qiymətli sərvəti onun insan potensialıdır. Ölkənin iqtisadi və sosial inkişafını təmin edən, elmi və texnoloji tərəqqiyə yol açan, dövlət idarəçiliyində, istehsalatda, təhsildə, səhiyyədə və digər sahələrdə çalışan məhz insanlardır. Buna görə insan kapitalının zəifləməsinə səbəb olan hər bir təhlükə dövlətin gələcəyinə yönəlmiş ciddi təhdid kimi qiymətləndirilməlidir. Bu baxımdan narkomaniyanın təhlükəli xüsusiyyəti onun insan potensialını tədricən sıradan çıxarmasıdır. Asılılığa düşən şəxs zamanla əmək qabiliyyətini, sosial məsuliyyətini və həyat məqsədlərini itirir, cəmiyyətdən təcrid olunur.
Bəzən insan öncədən narkotikə ilk addımın ciddi nəticələr doğuracağını dərk etmir. Maraq, dost təsiri, özünü sınamaq istəyi və ya problemlərdən psevdo-uzaqlaşmaq (yalançı) cəhdi ilə atılan bir addım sonradan asılılığa çevrilə bilir. Buna görə gənclər arasında maarifləndirmə işi yalnız təhlükəni sadalamaqla məhdudlaşmamalı, onların düzgün seçim etmək bacarığını da gücləndirməlidir.
Narkomaniyanın təsir dairəsi asılılıq yaşayan şəxslə bitmir. Bu bəla ailənin bütün üzvlərinə toxunur. Övladının narkotikdən asılı olduğunu öyrənən valideyn ağır mənəvi sarsıntı keçirir. Ailədə etimad azalır, maddi problemlər yaranır, sosial münasibətlər gərginləşir.
Bəzən ailələr problemin cəmiyyət tərəfindən qınanmasından qorxaraq onu gizlətməyə çalışırlar. Halbuki asılılığın gizlədilməsi problemin həllini deyil, daha da dərinləşməsini şərtləndirə bilər. Narkotik asılılığı ilə üzləşmiş insanın vaxtında mütəxəssis dəstəyi alması və müalicəyə yönləndirilməsi onun həyata qayıtması üçün mühüm addımdır.
Burada cəmiyyətin münasibəti də əhəmiyyətlidir. Narkotik asılılığından əziyyət çəkən şəxsi yalnız qınamaq problemin həllinə kömək etmir. Hüquqi məsuliyyət tələb edən əməllərlə müalicə və sosial reabilitasiya ehtiyacını bir-birindən ayırmaq, asılılığın müalicə olunan bir problem olduğunu anlatmaq vacibdir. Bu şəxslərə yalnız problem kimi deyil, həm də köməyə ehtiyacı olan insanlar kimi yanaşmaq cəmiyyətin sağlamlığı üçün mühüm şərtdir. Reabilitasiya prosesində psixoloji dəstək, sosial adaptasiya və ailə mühiti mühüm rol oynayır. Bu istiqamətdə kompleks yanaşma tətbiq edilmədikdə, asılılıqdan qurtulmaq daha çətin olur.
Narkotik maddələrin yayılmasının qarşısını almaq məqsədi ilə dünyanın bir çox ölkələrinin qəbul etdiyi milli proqramlarda nəzərdə tutulan müddəalar uğurla yerinə yetirilir, həyəcan təbili səsləndirirlər. Qəbul edilən milli proqramlara əsasən, təhsil ocaqlarının, ictimai təşkilatların əsas vəzifələrindən biri narkomaniyaya qarşı maarifləndirmə və təbliğat işinin aparılmasıdır. Bu mübarizə işi kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsi ilə həyata keçirilir.
Azərbaycan “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə aparmaq haqqında” Beynəlxalq Vyana Konvensiyasına 1992-ci ildə qoşulsa da, narkomanlıqla, narkobizneslə mübarizənin əsası ölkə tarixində ilk dəfə olaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dünyanın başı üzərində dolaşan bu dəhşətli ölüm kabusuna qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edən müdrik şəxsiyyət 1996-cı il avqustun 26-da “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” imzaladığı Fərmandan sonra bu problemin həlli üçün həyata keçirilən tədbirlər kompleksi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Həmin Fərman əsasında narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə ümummilli Proqram hazırlandı. Bu bəşəri bəlaya qarşı mübarizə məqsədilə Dövlət Komissiyası yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə imzaladığı tarixi fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlardandır. Dövlət başçısı İlham Əliyevin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”ı Azərbaycan Ordusunda rəhbər tutularaq, bu istiqamətdə illik fəaliyyət planı hazırlandı, aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT və media subyektləri ilə birlikdə bu fəaliyyət planının yerinə yetirilməsi məqsədilə birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələrində və təşkilatlarda bir sıra maarifləndirici tədbirlər həyata keçirildi, bu gün də keçirilməkdədir.
Azərbaycan Ordusunda xidmət edən gənclərimizə sağlam həyat tərzinin təbliğ edilməsi, narkomaniyanın törətdiyi fəsadlar barədə maarifləndirilməsi, mütəmadi olaraq dolğun, düzgün məlumatların çatdırılması məqsədilə "Bəşəriyyətin təhlükə mənbəyi narkomaniya", "Narkomaniya nədir?", "Narkomanın aqibəti", "Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur!", "Narkomaniyaya yox deyək", "Gənclər sağlam həyat tərzi seçir!", "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə mənəviyyatın xilası deməkdir" mövzularında təlim metodiki məşğələlər, tərbiyəvi iş saatları, konfranslar, "dəyirmi masa"lar və seminarlar təşkil olunur.
Sağlam cəmiyyətin formalaşması üçün maarifləndirmə, diqqət və vaxtında müdaxilə həlledici rol oynayır. Çünki bu gün atılan addımlar gələcək nəsillərin taleyini müəyyən edir.
Günay TAĞIYEVA
“Azərbaycan Ordusu”