Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2026 20:42

Atasının əmanətindən gələcəyə açılan yol

Şəhid övladlarının hər uğuru xalqımız üçün adi sevincdən daha böyük məna daşıyır. Çünki bu uğurlar bir tərəfdən itkinin ağrısını, digər tərəfdən isə həyatın davam etdiyini göstərir. Məktəbi bitirən, ali məktəbə qəbul olan, peşə seçən hər şəhid övladı öz gələcəyini qurmaqla yanaşı, atasının yarımçıq qalan arzularının da davamçısına çevrilir. Şəhid övladlarının yüksək nəticə göstərərək ali məktəbə qəbul olunması onların gələcəyə inamla addımladığını göstərən qürurverici nümunələrdəndir. Onların qazandığı hər uğur şəhid valideynlərinin övladlarına aşıladığı dəyərlərin, ailələrinin göstərdiyi fədakarlığın və təhsilə verdikləri önəmin nəticəsidir. Vətən müharibəsi şəhidi mayor İlkin Əhədzadənin qızı Fidan Əhədzadənin adı uğur qazananlar siyahısındadır. Şəhidimizdən xatirə qalan Fidanın sevincinə şərik olmaq üçün Əhədovlar ailəsinin qonağı olduq.
Qəhrəmanımızın övladlarının hər uğuru ailəsi üçün həm sevinc, həm də qürur mənbəyidir. Bu dəfə həmin sevincin adı Fidan Əhədzadədir. Şəhid mayor İlkin Qələmşah oğlu Əhədzadənin qızı ADA Universitetində “Biznesin idarə edilməsi” ixtisasına qəbul olaraq həyatının yeni mərhələsinə qədəm qoyub. Fidan bu hadisəni sadəcə ali məktəbə qəbul kimi qiymətləndirmir. Bu uğurun arxasında atasının yoxluğuna baxmayaraq davam etdirdiyi təhsil yolu, ailəsinin illər ərzində ona verdiyi mənəvi dayaq və ən əsası, atasının xatirəsinə layiq olmaq məsuliyyəti dayanır. Kiçik yaşda ata itkisi ilə üzləşmək hər bir uşaq üçün ağırdır. Lakin Fidanın qarşısında bundan sonra yalnız atasının yoxluğu deyil, onun adını yaşatmaq məsuliyyəti də vardı.
Şəhid ailəsində gündəlik həyat davam edir, uşaqlar məktəbə gedir, imtahanlara hazırlaşır, arzular qururlar. Amma bütün bunların içində bir insanın yeri daim görünür. İlkin Əhədzadənin ailəsində də belədir. Fidan atasını itirdiyi zaman orta məktəbdə oxuyurdu. Qarşıda uzun bir təhsil yolu vardı. Bu yolun hər mərhələsində atasının yoxluğu hiss olunurdu. Məktəb tədbirləri, uğurlar, imtahanlar, gələcəklə bağlı qərarlar… Bütün bu məqamlarda ailənin yaddaşında İlkinin adı vardı. Bu gün isə Fidanın ADA Universitetinə qəbul olunması həmin uzun yolun mühüm nəticələrindən biridir. Məqsədlərindən danışan Fidan öz seçdiyi sahədə uğurlu insan, Azərbaycan üçün faydalı vətəndaş olmağı hədəflədiyini dedi. Bu istiqamətdə ilk addımı məhz ali təhsillə atdığını bildirdi. “Sentyabrın 9-dan artıq dərslər başlayıb. Hazırlıq qrupundayam. Biz hələ bir il boyunca ingilis dili üzrə biliklərimizi təkmilləşdirəcəyik. Növbəti il əsas ixtisas hazırlığına başlayacağıq. Ümumilikdə, mühitə, qrup yoldaşlarıma, müəllimlərimə öyrəşmişəm. Əvvəl çox həyəcanlı idim, amma vaxt keçdikcə hər şey daha da yaxşılaşdı. Tələbəlik həyatı yaxşı gedir”, - deyə qeyd edən Fidan Əhədzadə bu uğurun arxasında ciddi zəhmət olduğunu da vurğuladı. “Mənim hədəfim əvvəldən ADA Universitetinə daxil olmaq idi. Bunun üçün də çox çalışırdım. Düzdür, arada yorulurdum, amma sonra yenidən gücümü toplayıb, məqsədimə yaxınlaşmaq üçün mübarizə aparırdım”.
Ailə üçün Fidanın uğurunu sadəcə qəbul nəticəsi kimi qiymətləndirmək çətindir. Çünki bu nəticənin arxasında illər əvvəl atasını itirən bir qızın böyüməsi, təhsilini davam etdirməsi və qarşısına yeni məqsədlər qoyması dayanır. Nənəsi Asəmən Əhədova üçün Fidanın uğuru həm də oğlunun yadigarı olan nəvəsinin gələcəyinə baxmaqdır. İlkin Əhədzadənin həyatında Vətən və xidmət necə əsas yer tuturdusa, bu gün onun övladlarının həyatında təhsil və gələcək qurmaq həmin əmanətin davamıdır. “Fidan atasını itirəndə 6-cı sinifdə oxuyurdu. Müharibə, atasının şəhadət xəbəri 12 yaşlı nəvəm üçün ağır dövr idi. Büruzə verməsə də, ciddi sarsıntı keçirdi”, - Asəmən Əhədova dedi.
İllər keçdi. Fidan böyüdü, məktəb illərini başa vurdu və indi ADA Universitetinin tələbəsidir. Bir vaxtlar atasının yoxluğu ilə üz-üzə qalan həmin qız bu gün öz gələcəyini qurmağa başlayır. Ailə üçün Fidanın universitetə qəbul xəbəri İlkin Əhədzadənin övladlarına qoyduğu ən böyük miraslardan birinin - təhsilə, həyata və gələcəyə davam etmək iradəsinin davamıdır. Onu da qeyd etmək lazımdır ki, Əhədovlar ailəsində gələcəyə baxış keçmişdən ayrılmayıb. Çünki İlkin Əhədzadənin həyat yolu da onun uşaqlıq illərindən formalaşan vətənpərvərlik hissinin davamı idi.
İlkin Əhədzadə 26 iyun 1985-ci ildə Bakıda anadan olub. Onun uşaqlıq illəri Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi, Qarabağ müharibəsinin davam etdiyi, ölkənin ağır siyasi və ictimai proseslərdən keçdiyi bir dövrə təsadüf edib. Atası Qələmşah Əhədov həmin illəri yaxşı xatırlayır. Onun sözlərinə görə, İlkinin uşaqlığı adi və sakit keçməmişdi. Ölkədə baş verən hadisələr uşaqların da həyatına təsirsiz ötüşmürdü. “İlkinin uşaqlığı çətin vaxta düşdü. Müstəqillik uğrunda mübarizələr, Qarabağda müharibə, ölkədə gərginlik baş verirdi. Bu yaşlardan onda vətənpərvərlik hisslərini yaratmışdı. Özü bütün proseslərin birbaşa şahidi idi”, - deyə Qələmşah Əhədov xatırlayır. Bu xatirələr İlkinin gələcək seçiminin təsadüfi olmadığını göstərir. O, böyüdüyü mühitdə ölkənin yaşadığı çətinlikləri görmüş, Qarabağ münaqişəsinin yaratdığı reallıqları uşaqlıqdan dərk etmişdi. Vətən anlayışı onun üçün sonradan öyrənilən bir ifadə deyil, uşaqlıqdan gördüyü və yaşadığı hadisələrin içindən formalaşan duyğu idi. Anası Asəmən Əhədova oğlunun hərbçi olmaq qərarının hələ məktəb illərində qətiləşdirdiyini bildirdi. “İlkini hərbçi edən də elə vətənpərvərliyi idi. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxumaq istəyirdi. İstəyinə nail oldu. Mən ana olaraq onun hərbiyə yönəlməyini istəməsəm də, qərarına hörmətlə yanaşdım. Sonrakı illərdə seçdiyi yolda qətiliyi, xoşbəxtliyi ilə məni də razı saldı”.
Beləliklə, bir uşağın məktəb illərində verdiyi qərar sonrakı həyatının əsas istiqamətinə çevrildi. İlkin 2000-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul oldu. İlkin Əhədzadənin həyatında xüsusi iz buraxan hadisələrdən biri də 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin buraxılış mərasimi idi. Həmin mərasimdə iştirak edən Ulu Öndər Heydər Əliyev də çıxış etdi. Dahi dövlət xadimi ilə bağlı yaşadığı hisslər onun yaddaşında uzun illər qaldı.
Hərbi liseyi bitirən İlkin Əhədzadə hərbi təhsilini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) davam etdirdi. Sonrakı illərdə arzuladığı peşəyə yiyələnərək, zabit kimi xidmətə başladı. Onun hərbi təhsil aldığı illər Azərbaycan Ordusunun formalaşdığı, peşəkar zabit kadrlarının yetişdirildiyi mərhələyə təsadüf edirdi. İlkin Əhədzadə də bu yolun iştirakçılarından biri oldu.
O, müxtəlif illərdə fərqli hərbi hissələrdə və çətin relyefli ərazilərdə xidmət etdi. Şəhidimizin hərbi xidməti yalnız qərargah işi ilə məhdudlaşmadı. İlkin Əhədzadə uzun illər ön xətdə xidmət etdi. Gəncə, Ağdam, Goranboy, Qazax, Şəmkir və Daşkəsən istiqamətlərində olan çətin relyef, ağır iqlim şəraiti, xidmətin yaratdığı risklər onun hərbi həyatının ayrılmaz hissəsinə çevrildi. Təxminən 12 il çətin relyefli ərazilərdə xidmət edən zabit üçün bu illər həm peşəkar təcrübə, həm də xarakterin formalaşdığı mərhələ oldu. 2016-cı ilin Aprel döyüşləri İlkin Əhədzadənin xidmət illərində mühüm hərbi əməliyyatlardan biri oldu. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda isə o, artıq uzun illər hərbi xidmət keçən, döyüş təcrübəsi olan mayor idi. Vətən müharibəsinin ilk günlərindən Murovdağ istiqamətindəki döyüşlərdə iştirak edən İlkin Əhədzadə tabor komandirinin müavini kimi döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal rol oynayırdı. Döyüşlər zamanı qarşıya qoyulan tapşırıqların icrasında göstərdiyi şücaət onun sonrakı təltiflərində də öz əksini tapdı. 
2020-ci il oktyabrın 1-də İlkin Əhədzadə Murovdağ istiqamətində gedən döyüşlər zamanı şəhid oldu. Onun nəşi Bakıya gətirilərək Hərbi Memorial Məzarlıqda torpağa tapşırıldı. Şəhid mayor ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Onun ailəsinə isə ən böyük əmanət üç övladı - Fidan, Ləman və Uğur qaldı. Atası Qələmşah Əhədovun xatirələrində isə İlkin hələ də uşaqlıq illərinin həmin vətənpərvər oğludur. Mitinqlərə atasının yanında gedən, ölkədə baş verən hadisələri izləyən, Qarabağ müharibəsinin reallıqlarını görən və illər sonra öz seçimini edən uşaq… O uşaq böyüdü, Hərbi liseyə daxil oldu, ali hərbi təhsil aldı, zabit kimi xidmət etdi, çətin relyefli ərazilərdə illər keçirdi, döyüşlərdə iştirak etdi və Vətən müharibəsində igidliklə şəhid oldu. Bu gün isə onun hekayəsinin başqa bir səhifəsi yazılır. Bu səhifədə silah, səngər və döyüş yox, auditoriya, kitab və universitet var. Fidan Əhədzadənin ADA Universitetinə qəbul olması atasının həyat yolundan tamamilə fərqli bir istiqamət kimi görünə bilər. Əslində, bu iki yolun ortaq nöqtəsi var: hər ikisinin təməlində məqsəd, iradə və məsuliyyət dayanır. İlkin Əhədzadə uşaqlıqdan seçdiyi yoldan dönmədi. İndi onun övladlarından biri öz seçimini edir. Fidanın qarşısında yeni həyat mərhələsi açılır. ADA Universitetində başlayan bu yol onun üçün yalnız şəxsi gələcəyinin qurulması yox, atasının yarımçıq qalan ömrünün ardınca missiyasının davam etdiyini göstərən daha bir nümunədir. İlkin Əhədzadə Vətən uğrunda həyatını fəda etdi. Övladları isə onun qoyduğu ən böyük mirası - yaşamaq, oxumaq, böyümək və gələcəyə inamla baxmaq əmanətini daşıyırlar. Fidanın universitetə qəbul xəbəri də məhz bu baxımdan xüsusi məna daşıyır. Bir vaxtlar atasının çiyinlərində gələcəyə baxan uşaq indi öz ayaqları üzərində həmin gələcəyə doğru addımlayır. Atasının yolu səngərdə başa çatdı. Qızının yolu isə auditoriyada başlayır. Və bu yolun hər addımında İlkin Əhədzadənin adı, xatirəsi və ailəsinə qoyduğu əmanət əbədi yaşayacaq.

Tamilla HÜSEYNLİ

“Azərbaycan Ordusu”