Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2026 20:42

Səngərdən əbədiyyətə köçən ad

Bəzi ömürlər illərlə deyil, keçilən yolun mənası ilə ölçülür. Kapitan Həmid Əlisahib oğlu Həmidlinin 27 illik həyat yolu da belə ömürlərdəndir.
Həmid Həmidli 1996-cı ildə Beyləqan rayonunda anadan olub. 2013-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 2017-ci ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) “Tankçı” ixtisası üzrə bitirib. Həmin il “leytenant” hərbi rütbəsi alaraq ixtisası üzrə “N” hərbi hissəsində tank taqımı komandiri vəzifəsində xidmətə başlayıb.
Gənc zabitin xidmətdə özünü doğrultması çox çəkməyib. Cəmi altı ay sonra xidmətdə fərqləndiyinə görə tank bölüyü komandiri vəzifəsinə təyin olunub. Peşəkar hazırlığı, idarəetmə bacarığı və şəxsi heyətlə işləmək qabiliyyəti onu daha məsul vəzifələrə aparıb. 2019-cu ildə Azərbaycan Ordusunda “Ən yaxşı tank bölüyü” adı uğrunda keçirilən yarışda onun komandiri olduğu bölük birinci yerə layiq görülüb. Qısa müddət ərzində tabor komandiri vəzifəsinə yüksəlib və “kapitan” hərbi rütbəsi alıb. Xidmət illərində müxtəlif tapşırıqların icrasında fərqlənən zabit dəfələrlə hərbi hissə komandirləri və baş qərargah rəisi tərəfindən medal və fəxri fərmanlarla təltif olunub. Onun hərbi xidmət yolunda ən ağır, eyni zamanda, ən şərəfli sınaqlardan biri isə 2020-ci ildə Vətən müharibəsi zamanı keçdiyi döyüş yolu olub.
Həmid Həmidli Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edib, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində fəallıq göstərib. Xüsusilə Füzuli uğrunda gedən döyüşlərdə onun idarə etdiyi tankın gecədən səhərədək davam edən döyüşlərdə düşmənin canlı qüvvəsini, hərbi texnikasını məhv etdiyi bildirilir. Döyüşlərdən birində onların idarə etdiyi tank düşmən tərəfindən vurulur. Həmid Həmidli tankın içərisindən özünü və üç döyüş yoldaşını çıxara bilib. O, həmçinin çoxsaylı yaralı hərbçilərin döyüş meydanından təxliyəsində iştirak edib. Özü də ağır yaralanıb. Müalicədən sonra sağalaraq yenidən döyüşlərə qayıdıb. Onun üçün yaralanmaq xidmət yolunun sonu deyildi. Sağaldıqdan sonra yenidən ordu sıralarına qayıdan Həmid Həmidli hərbi xidmətini davam etdirib. Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Vətən müharibəsindən sonra Həmid Həmidlinin televiziya kanallarından birinə verdiyi müsahibə onun həyat və döyüş yolu ilə bağlı yaddaqalan görüntülərdən biri oldu. Hərbçi kimi qarşısına qoyulan vəzifələrə məsuliyyətlə yanaşan zabit müharibədən sonrakı dövrdə də xidmətini davam etdirib. Onun həyatında ailəsi də mühüm yer tuturdu. Evli idi, iki övladı vardı. Yaxınlarının xatirəsində Vətənə və hərbi xidmətə bağlılığı ilə seçilən zabit kimi qalıb. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən antiterror əməliyyatı zamanı Həmid Həmidli yenidən döyüş meydanında idi. 20 sentyabr 2023-cü ildə şəhid oldu. Beləliklə, ömrünün böyük hissəsini hərbi xidmətə həsr edən zabitin döyüş yolu Vətən qarşısında sonadək sədaqətlə davam etdi.
Şəhid zabitin yaxınlarının xatirəsində onun sözləri də yaşayır: “Bu elə bir yol idi ki, sonu hər bir halda yaxşı olacaqdı. Ya qalib gələcəkdik, ya qazi olacaqdıq, ya da şəhadət şərbətini içəcəkdik”. Həmid Həmidli ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu gün şəhid kapitan Həmid Həmidlinin adı doğulduğu Milabadda, ailəsində, silahdaşlarının yaddaşında və Azərbaycan Ordusunun döyüş salnaməsində yaşayır. Onun həyat yolu gənc zabit üçün hərbi peşəyə sədaqətin, döyüş yoldaşına etimadın və Vətən qarşısında məsuliyyətin nümunəsi kimi xatırlanır. 27 illik ömrə sığan bu yol səngərdən başlayıb əbədiyyətə uzandı.

Emil MURADLI

“Azərbaycan Ordusu”