Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2026 20:42

Şəki Xan Sarayı - daşlara həkk olunmuş əzəmət

Şəki şəhərinin qədim “Yuxarı-Baş” hissəsində, xan qalasının hündür daş divarları arasında Azərbaycan saray memarlığının ən möhtəşəm nümunəsi - Şəki Xan Sarayı ucalır. İki yüz ildən artıqdır ki, bu ikimərtəbəli bina təkcə Şəki xanlarının yay iqamətgahı kimi deyil, həm də xalqımızın sənətkarlıq məharətinin, estetik zövqünün və dövlətçilik tarixinin daş yaddaşı kimi yaşayır. 2019-cu ildə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Sarayın dəqiq inşa tarixi barəsində tədqiqatçılar arasında tam yekdil fikir yoxdur. Azərbaycan-UNESCO əlaqələri portalında və bir sıra digər mənbələrdə sarayın 1762-ci ildə tikildiyi göstərilir, bəzi tarixi qeydlərdə isə tikinti dövrü 1760-1765-ci illər kimi qeyd olunur. Memarlıq tarixçisi M.A.Hüseynovun tədqiqatlarına görə isə sarayın inşası 1762-1797-ci illər arasında müxtəlif mərhələlərə bölünür. 
Saray Şəki xanlığının banisi Hacı Çələbi xanın şair olduğu üçün “Müştaq” təxəllüsü ilə tanınan nəvəsi Məhəmmədhüseyn xan (bəzi mənbələrə görə Məhəmmədhəsən xan) inşa etdirmişdir. Sarayın memarı isə Şirazdan gəlmiş Hacı Zeynalabdin olub. Şəki İpək Yolunun üzərində yerləşdiyindən sarayda yer alan rəsmlərin üzərində həm şərq, həm qərb, eyni zamanda, Avropa ölkələrinin incəsənət təsvirlərini görə bilərik.
Bina memarlıq baxımından bənzərsizdir: ikimərtəbəli sarayda altı otaq, dörd dəhliz və iki güzgülü eyvan var. Sarayda yalnız bir otaq xanımlar üçün ayrılıb və xan orada xanım qonaqlarını qarşılayıb. Bu otaq həm də rənginə görə digərlərindən seçilir. Belə ki, burada qırmızı rəng üstünlük təşkil edir. Xanımın otağı ornamentlərin zərifliyi, zövqü oxşamasıyla seçilir. 
Tikintidə bir dəmir mismardan belə istifadə olunmayıb – bütün taxta hissələr xüsusi calaqlama üsulu ilə bir-birinə bənd edilib. Sement əvəzi yanmış torpaq, yumurtanın ağı və çay daşlarından istifadə olunub. Binada 200-dən artıq gül-çiçək, 2000-dən artıq insan rəsmi təsvir edilib ki, bunların heç biri bir-birinə bənzəmir, hər bir rəsmin öz mənası var. Bu rəsmlər rəssamın dünya görüşü və təxəyyülünün rənglər vasitəsilə təsviridir. Şəki Xan Sarayında yer alan divar və tavan rəsmləri hər kəsə həyat dərsi verəcək dəyərdədir. Bu rəsmlərdə şərq-islam fəlsəfəsi öz əksini tapıb. Divarlarda tovuzquşu rəsmlərinə yer ayrılıb. Bildiyimiz kimi, bu quşlar gözəlliyin və bolluğun rəmzidir. Ancaq onun səsi pis, ayaqları eybəcərdir. Bu da o deməkdir ki, dünyada mükəmməl olan heç nə yoxdur. Tovuzquşuna bizim təbiətdə rast gəlinmədiyindən o vaxtlar ölkə xaricinə, səfərə gedənlər başqa ölkələrdən sifarişlə gətiriblər. Varlılar da onu öz həyətlərində həm gözəllik, həm də zənginlik simvolu kimi saxlayıblar. 
Xanın iş otağında əjdahaların ağzında alov yerinə gül-çiçək təsvir olunub. Mifik obraz olan əjdaha hakimiyyəti və gücü təmsil edir. Saraydakı divarlarda təsvir olunan ağzı çiçəkli əjdahalar onu göstərir ki, hökmdar güclü, qüdrətli olduğu qədər də rəhmli və mərhəmətlidir. Sarayın ikinci mərtəbəsindəki xanın otağı bütünlüklə döyüş səhnələriylə bəzədilib. Məşhur Şəki xanı Hacı Çələbi nəslindən olan və bu sarayda yaşayan Şəki xanlarının faciəvi həyatı sanki bu otaqların divarlarında öz əksini tapıb. 
Sarayın pəncərələrini bəzəyən məşhur “şəbəkə” sənəti xüsusi diqqətə layiqdir. Burada yapışqan və mismar işlədilmədən taxta çərçivəyə düzülmüş rəngli şüşə parçalarından – təxminən 5000 hissədən - mürəkkəb naxışlar yaradılıb. Divarların həm daxili, həm də xarici səthləri ov səhnələri, xanların portretləri və həndəsi naxışlarla örtülüb. Bu divar rəsmləri XVIII əsrdə yaradılsa da, sonrakı əsrlərdə dəfələrlə bərpa olunub. Kitabələrdən məlum olur ki, divar təsvirləri üzərində şuşalı usta Qəmbər, şamaxılı ustalar Əliqulu və Qurbanəli, rəssam-nəqqaş Mirzə Cəfər kimi sənətkarlar işləyib.
Sarayla bağlı xalq arasında geniş yayılmış bir rəvayət var: guya xan sarayı tikdirdikdən sonra memardan soruşub ki, bundan da gözəlini tikə bilərmi, memar isə “daha çox pul versələr, bəli” deyə cavab verincə, xan qəzəblənib, onu edam etdirib. Buna görə saray bəzən “memarını edam etdirən saray” da adlandırılır. Tarixi mənbələr isə bunun rəvayət olduğunu, real hadisənin fərqli cərəyan etdiyini göstərir. Bəzi qeydlərə görə xan memarı öldürməyib, əllərini kəsdirib. Sarayı tikdirən Məhəmmədhüseyn xanın taleyi isə həqiqətən faciəli olub. 1780-ci ilin avqustunda əmisi Hacı Abdulqadirin başçılıq etdiyi silahlı dəstə gecə basqını ilə qalaya girir, xan ağır yaralanaraq əsir düşüb və bir həftə saxlanıldıqdan sonra həlak olub.
Çar Rusiyasının işğalından sonra sarayın taleyi də dəyişib: bina əvvəlcə “Divanxana” adlanırdısa, sonradan şəhər məhkəməsi (“Qorodskoy sud”) kimi istifadə olunub. 1853-cü ildə tərtib edilmiş kompleks planından məlum olur ki, qala divarları daxilində xan ailəsi üçün qış və yay saraylarından başqa, xəzinə binası, kazarmalar və həbsxana da yerləşirmiş. 1828-ci ildə isə kompleksdəki pravoslav kilsəsi xan məscidinə çevrilib. XX əsrdə saray ağır bərpa işlərindən keçib. 1950-ci illərdə memar Niyazi Rzayevin rəhbərliyi ilə aparılan geniş tədqiqat və bərpa nəticəsində abidə ilkin görkəminə mümkün qədər yaxınlaşdırılıb. 1968-ci ildə Şəkinin bu tarixi hissəsi Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib.
Bu gün Şəki Xan Sarayı yüz illik çinar ağaclarının kölgəsində ölkəmizin ən çox ziyarət olunan tarixi-memarlıq abidələrindən biridir. Görkəmli türk şairi Nazim Hikmətin sarayı gördükdən sonra heyranlıqla dediyi kimi, Azərbaycanın başqa qədim abidəsi olmasaydı belə, təkcə bu saray onun zəngin mədəni irsini dünyaya tanıtmaq üçün kifayət edərdi. Şəki Xan Sarayı yalnız daş və tarixdən deyil, həm də ustad əllərin məharətindən, milli qürurdan və qala kimi qorunan tarixi yaddaşdan tikilib.
Hazırladı:
Hüsniyyə NƏSİROVA

“Azərbaycan Ordusu”