Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Sentyabr 2026 20:42

“Qarabağ və Şərqi Zəngəzurda şəhərsalma və memarlığın müasir inkişaf mərhələsi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız siyasi, iqtisadi, sosial sahələrdə olduğu kimi, şəhərsalma və memarlıq sahəsində də sürətli inkişafa nail olub. Ölkəmizin milli memarlığının inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir. Bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı 22 dekabr 2025-ci ildə imzaladığı Sərəncamda bildirilir: ”Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının  inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur”.
Respublikamızda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin zəngin memarlıq irsinə verilən yüksək qiymətlə yanaşı, müasir şəhərsalma qarşısında dayanan vəzifələrə dövlət səviyyəsində göstərilən diqqətin ifadəsidir. Bu qərarın xüsusi əhəmiyyəti ondadır ki, şəhərsalma və memarlıq məsələsi hazırda yalnız tarixi irsin qorunması kontekstində deyil, həm də işğaldan azad edilmiş ərazilərdə yeni həyat imkanlarının yaradılması baxımından mühüm mərhələdən keçir. Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamında da Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın şəhərsalma və memarlığa müfəssəl baxışının mühüm göstəricisi kimi qiymətləndirilir. Sənəddə bildirilir ki, Ermənistanın işğal etdiyi və 30 il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması mühafizə edilməklə dirçəldilməsi isə milli iradənin təzahürüdür. 
Bu rəqəmlərin arxasında sadəcə tikintinin miqyası deyil, böyük bir qayıdışın şəhərsalma məntiqi dayanır. Çünki 30 ilə yaxın işğalın ağır nəticələrindən sonra Qarabağ və Şərqi Zəngəzurda qarşıya qoyulan məqsəd yalnız dağıdılmış binaların yerində yenilərini inşa etməkdən ibarət deyil. Qarşıda daha mürəkkəb və məsuliyyətli vəzifə var: insanın doğma yurduna qayıdışını təhlükəsiz, rahat, dayanıqlı və uzunmüddətli həyata çevirmək.
Bu mənada Böyük Qayıdışın mahiyyəti həm də yeni şəhərsalma coğrafiyasıdır. Burada yaşayış məhəllələri, sosial obyektlər, yollar, mühəndis-kommunikasiya sistemləri, ictimai məkanlar, parklar və digər şəhər elementləri bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid planlaşdırma - yanaşma çərçivəsində formalaşdırılır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, baş plan şəhərin uzunmüddətli perspektiv inkişafını müəyyən edən əsas şəhərsalma sənədidir və burada yaşayış əraziləri ilə yanaşı, əsas tikinti obyektləri, nəqliyyat sistemi, mühəndis infrastrukturu, elektrik, qaz, su təchizatı və digər mühüm məsələlər kompleks şəkildə nəzərdə tutulur. 
Məhz buna görə Qarabağda görülən işlərə yalnız “tikinti” anlayışı ilə yanaşmaq kifayət deyil. Burada şəhərlər əvvəlcə konsepsiya və planlaşdırma sənədlərində formalaşır, daha sonra həmin planların mərhələli icrası ilə real şəhər mühitinə çevrilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təsdiq edilmiş baş planlar üzrə məlumatlarında Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və Zəngilan kimi şəhərlərin planlaşdırma sənədləri ayrıca təqdim olunur. 
Qarabağda yeni şəhərsalma modelinin mahiyyətini anlamaq üçün təkcə Ağdama nəzər salmaq kifayətdir. İşğal dövründə misilsiz dağıntılara məruz qalan Ağdam şəhəri bu gün tamamilə yeni mərhələyə qədəm qoyub. Burada əsas məsələ yalnız binaların inşası deyil, şəhərin yaşayış, sosial, nəqliyyat və ictimai həyatının bütöv bir sistem kimi yenidən formalaşdırılmasıdır. Ağdam şəhərinin baş planının təsdiqlənməsi ilə onun gələcək inkişafının şəhərsalma çərçivəsi müəyyənləşdirilib və bu istiqamətdə praktiki quruculuq işləri həyata keçirilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatlarında Ağdam şəhərinin baş planı təsdiq edilmiş şəhərsalma sənədləri sırasındadır. 
Füzuli şəhəri də bu böyük quruculuq prosesinin mühüm ünvanlarından biridir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan baş plan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2023-cü il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilib. Füzuli şəhərinin yenidən qurulması ilə bağlı ilk mərhələlərdən etibarən şəhərin planlaşdırılmasına, müasir texnologiyaların tətbiqinə və yeni yaşayış mühitinin yaradılmasına xüsusi diqqət yetirilib. Bu, bərpa prosesinin təsadüfi tikintilər deyil, əvvəlcədən müəyyənləşdirilmiş şəhərsalma konsepsiyası əsasında aparıldığını göstərir.
Azərbaycanın Mədəniyyət paytaxtı Şuşanın timsalında isə məsələnin başqa bir mühüm tərəfi ön plana çıxır. Şuşa sadəcə yaşayış məntəqəsi deyil, Azərbaycanın tarixinin, mədəniyyətinin və memarlıq irsinin mühüm daşıyıcısıdır. Buna görə şəhərin bərpası zamanı yeni tikinti ilə tarixi-memarlıq mühitinin qorunması arasında həssas tarazlığın saxlanılması xüsusi əhəmiyyət daşıyır. Prezidentin “Şəhərsalma və Memarlıq İli” ilə bağlı Sərəncamında da Şuşanın əvvəlki memarlıq mühitinin və əsl tarixi simasının bərpa edilərək dirçəldilməsi xüsusi vurğulanır. 
Şuşanın 2040-cı ilədək inkişafını nəzərdə tutan baş planın təsdiqlənməsi də göstərir ki, şəhərin gələcəyi planlı şəkildə müəyyənləşdirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təqdim etdiyi sənədlərdə şəhərin mədəniyyət müəssisələri, muzeylər, məscidlər, mühəndis infrastrukturu və digər şəhərsalma elementləri nəzərdə tutulub. Burada əsas prinsip şəhərin tarixini gələcəyin şəhər mühiti ilə qarşı-qarşıya qoymaq deyil, onların vəhdətini yaratmaqdır.
Qarabağ və Şərqi Zəngəzurun digər şəhərlərində də eyni sistemli yanaşma müşahidə olunur. Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və digər yaşayış məntəqələrində şəhərsalma sənədlərinin hazırlanması və təsdiqi yeni yaşayış məkanlarının gələcək inkişafının əvvəlcədən müəyyənləşdirilməsinə imkan verir. 
Laçının şəhərsalma konsepsiyası isə müasir urbanistik yanaşmaların daha aydın nümunələrindən biridir. Şəhərin 2040-cı ilədək inkişafını nəzərdə tutan baş planda piyada və velosiped yolları, yaşıl nəqliyyat, “15 dəqiqəlik şəhər” prinsipi, ictimai nəqliyyat və geniş yaşıllıq ərazilərinin yaradılması nəzərdə tutulur. Plana əsasən, şəhər ərazisinin 36,77 faizinin yaşıllıq zonaları ilə əhatə olunması planlaşdırılır. 
Bu faktlar göstərir ki, Qarabağda qurulan şəhərlər yalnız yeni yaşayış binalarının qurulması kimi düşünülmür. Burada müasir şəhər mühitinin əsas komponentləri - insanın piyada hərəkəti, ictimai nəqliyyata çıxışı, yaşıllıqla təmas, sosial obyektlərin əlçatanlığı və enerji səmərəliliyi əvvəlcədən nəzərə alınır. Başqa sözlə, şəhərin memarlığı ilə onun gündəlik həyatının təşkili bir-birindən ayrılmır.
Bu gün Qarabağ torpaqlarında dağılmış şəhər və kəndlərin bərpası, memarlıq abidələrinə yenidən həyat verilməsi görülən işlərin uğurlarından xəbər verir. Şəhərlər sürətlə böyüyür, lakin bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib. 2026-cı il mayın 17-22-də Bakı yenidən dünyanın diqqətini özünə cəlb etdi. Ölkəmizin paytaxtında Birləşmiş Millətlər Təşkilatının (BMT) ən nüfuzlu tədbirlərindən biri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) keçirildi. Məzmununa və əhatə dairəsinə görə bu Forum BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransından (COP29) sonra ikinci ən böyük və strateji əhəmiyyətli qlobal platforma hesab olunur.
Prezidentin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi respublikamızın memarları qarşısında da yeni vəzifələr qoyur.  İnanırıq ki, onlar Azərbaycanın bütün bölgələri olmaqla yanaşı, xüsusilə Qarabağda mədəni irsin tədqiqi, qorunması və bərpası ilə bağlı aparılan işləri uğurla davam etdirərək bu sahəyə öz layiqli töhfələrini verəcəklər.
Quruculuq prosesinin mühüm xüsusiyyətlərindən biri də “ağıllı şəhər” və “ağıllı kənd” yanaşmalarının tətbiqidir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında rəqəmsal texnologiyaların, müasir mühəndis həllərinin və enerji səmərəliliyinin yaşayış məkanlarına inteqrasiyası gələcəyin şəhər modelinə keçidi sürətləndirir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2026-cı ildə Bakıda keçirilən BMT-nin Məskunlaşma Proqramının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri, “ağıllı” şəhər və “ağıllı” kənd həlləri, müasir infrastruktur yanaşmaları, “yaşıl” enerji təşəbbüsləri və tarixi-mədəni irsin qorunması Azərbaycanın müasir şəhərsalma baxışının əsas istiqamətlərindəndir. 
 Bu yanaşmanın başqa bir mühüm tərəfi ekoloji dayanıqlılıqdır. Prezidentin “Şəhərsalma və Memarlıq İli” haqqında Sərəncamında işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonası elan edildiyi qeyd olunur. Bu, şəhərsalmanın yalnız tikinti və infrastrukturla məhdudlaşmadığını, ətraf mühitin qorunmasının da yeni şəhər modelinin əsas tərkib hissələrindən biri olduğunu göstərir.
Əslində, müasir şəhərsalmanın uğuru yalnız binaların estetik görünüşü ilə ölçülmür. Şəhərin insan üçün nə dərəcədə rahat olması, təbiətlə necə münasibət qurması, nəqliyyat sisteminin necə təşkil edilməsi, sosial xidmətlərin əlçatanlığı və gələcəkdə inkişaf imkanlarının qorunması onun keyfiyyətini müəyyən edən əsas meyarlardır. Qarabağda hazırlanan baş planlarda məhz bu kompleks yanaşmanın izlərini görmək mümkündür.
Bununla yanaşı, Qarabağda aparılan bərpa-quruculuq işlərində milli memarlıq irsinin qorunması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan şəhərsalma tarixinin zəngin ənənələri yeni tikililərdə yalnız dekorativ elementlərin istifadəsi ilə deyil, məkanın təşkili, şəhərin landşaftla əlaqəsi, ictimai məkanların quruluşu və tarixi mühitə münasibəti vasitəsilə də yaşadıla bilər. Bu baxımdan Şuşa xüsusi nümunə olmaqla yanaşı, digər şəhərlərin də özünəməxsus tarixi və coğrafi xüsusiyyətlərinin nəzərə alınması mühüm prinsipdir.
Qarabağda bərpa-quruculuq prosesinin mahiyyətini yalnız yeni yolların, binaların və infrastrukturların sayında axtarmaq düzgün olmaz. Bu prosesin əsas nəticəsi insanların doğma torpaqlarına qayıtması və orada davamlı həyat qurmasıdır. Çünki şəhər yalnız binalardan ibarət deyil. Şəhər onu şəhər edən insanlarla, onların gündəlik həyatı, sosial münasibətləri, mədəni fəaliyyəti və gələcəyə dair planları ilə formalaşır.
Böyük Qayıdışın şəhərsalma baxımından əhəmiyyəti də məhz burada üzə çıxır. Doğma yurd yerlərinə qayıdan insanların yaşayışla yanaşı, təhsil, səhiyyə, məşğulluq, nəqliyyat, sosial və mədəni xidmətlərə çıxışının təmin edilməsi zəruri haldır. Buna görə Qarabağda aparılan quruculuq işlərinin hər bir mərhələsi yalnız fiziki məkanın deyil, sosial həyatın da bərpasına xidmət edir.
Bu gün Zəngilan, Füzuli, Ağdam, Şuşa, Laçın, Cəbrayıl və digər ərazilərdə müşahidə olunan dəyişikliklər bir şəhərin və ya bir rayonun bərpası ilə məhdudlaşmır. Qarşıda bütöv bir regionun yenidən məskunlaşdırılması və inkişaf etdirilməsi vəzifəsi dayanır. Bu prosesin miqyası onu Azərbaycanın müasir tarixinin ən böyük quruculuq layihələrindən birinə çevirir.
Bu baxımdan Qarabağda aparılan quruculuq işləri “Şəhərsalma və Memarlıq İli”nin məzmununa real və canlı nümunə gətirir. Burada Azərbaycanın tarixi memarlıq ənənələri müasir texnologiyalarla, milli şəhərsalma təcrübəsi yeni urbanistik yanaşmalarla, keçmişin yaddaşı gələcəyin planları ilə bir araya gəlir.
İşğaldan azad olunmuş ərazilərdə müasir ordu quruculuğu prosesinin davam etdirilməsi də Qarabağ və Şərqi Zəngəzurda qurulan şəhərlərə Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsinə öz töhfəsini verir. 
Qarabağın yenidən qurulması həm də şəhər anlayışına yeni məzmun və yeni məna gətirir. Dağıdılmış ərazilərin bərpası bir tərəfdən tarixi ədalətin nəticəsi, digər tərəfdən gələcəyə hesablanmış dövlət siyasətinin göstəricisidir. Burada salınan küçələr və meydanlar, tikilən məktəblər və sosial obyektlər, yaradılan parklar və ictimai məkanlar yalnız bugünün ehtiyaclarını deyil, gələcək nəsillərin yaşayacağı şəhər mühitini formalaşdırır.
Bəlkə də bu quruculuq prosesinin ən mühüm xüsusiyyəti elə budur: Qarabağda təkcə şəhərlər bərpa edilmir, şəhər həyatı yenidən yaradılır. İşğalçının dağıtdığı məkanlarda gələcəyin şəhərləri qurulur. Bu şəhərlərin memarlığı isə yalnız daşın, betonun və şüşənin dili ilə deyil, qayıdışın, yaddaşın, milli irsin və gələcəyə inamın dili ilə yazılır.
Azərbaycanın 2026-cı ildə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qarşısında dayanan ən böyük nümunələrdən biri də məhz budur. Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhərlər Azərbaycanın müasir şəhərsalma düşüncəsinin praktik ifadəsinə çevrilir. Bu proses tamamlandıqca təkcə yeni yaşayış məntəqələri deyil, Azərbaycanın XXI əsr şəhərsalma tarixinin yeni səhifələri də yaranacaq.
Lalə HÜSEYNOVA

“Azərbaycan Ordusu”