AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yüz illər boyu müharibələrin xarakteri dəyişdikcə orduların qarşısında dayanan vacib vəzifələrdən biri də dəyişən döyüş mühitinə uyğunlaşmaqdır. Artıq yalnız canlı qüvvənin, döyüş texnikasının say üstünlüyü və ya müasir döyüşaparma vasitələrinin mövcudluğu ordunun imkanlarını müəyyən edən başlıca amillər deyil. İnnovativ yeniliklərin düzgün tətbiq olunması, qərargahların operativ qərar qəbul etməsi, müxtəlif qoşun növlərinin vahid idarəetmə altında dəqiq fəaliyyət göstərməsi, mübarizə və müdafiə vasitələrindən və rəqəmsal informasiya sistemlərindən səmərəli istifadə, fəaliyyətlərin düzgün uzlaşdırılması, eləcə də şəxsi heyətin müxtəlif iqlim, relyef və əməliyyat şəraitinə uyğunlaşması müasir döyüş qabiliyyətinin əsas göstəricilərindəndir.
Bir sözlə, vahid komandanlığın düzgün təşkil olunması, şəxsi heyətin düzgün komplektləşdirilməsi, müasir texnologiyaların səmərəli istifadə edilməsi və özünümüdafiə üsul və vasitələrinin düzgün tərtiblənməsi ordunun gücünü təsdiqləyən aspektlərdəndir.
Cari əsrdə bənzəri olmayan ədalət müharibəsini tarixi Zəfər ilə qazanan Azərbaycan Ordusunda 2026-cı il ərzində keçirilən təlim və hazırlıq tədbirləri də məhz bu yanaşmanın praktiki ifadəsi kimi ön plana çıxır. Keçirilən müxtəlifmiqyaslı və müxtəliftəyinatlı təlimlər əhatə etdiyi coğrafiyasına, iştirakçıların sayına, istifadə olunan hərbi texnikaya və qarşıya qoyulan tapşırıqların xarakterinə görə bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi məqsədlər var: şəxsi heyətin peşəkarlığının artırılması, müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, müasir döyüş üsullarının mənimsənilməsi və Azərbaycan Ordusunun istənilən şəraitdə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək imkanlarının daha da genişləndirilməsi.
Sadalanan aspektlərdən yanaşanda təlimlərin ordunun real imkanlarını sınaqdan keçirməyin ən mühüm mühitlərindən biri olduğu ön plana çıxır. Təlim meydanı real döyüş şəraitinin müddətli (başlanğıcı və sonu məlum olan) simulyasiyası olub, hərbi qulluqçu üçün nəzəri biliklə praktiki fəaliyyətin birləşdiyi, komandanlıq üçün isə qəbul edilən qərarların, idarəetmə mexanizmlərinin və bölmələrarası qarşılıqlı fəaliyyətin yoxlandığı mühitdir.
Təlimdə uğur qazanmaq daha hazırlıqlı olmağın göstəricisidir. Poliqonda icra olunan hər bir tapşırıq, bölmələrin qarşılıqlı fəaliyyəti zamanı görüləcək işlər müvafiq təcrübənin əldə olunmasına töhfə verir.
Təcrübənin qazanılması isə peşəkarlığın artırılmasıdır. Bu gün şanlı Azərbaycan Ordusu öz döyüşaparma və özünümüdafiə qabiliyyətinin artırılmasında dünya təcrübəsini öyrənməklə yanaşı, öz real döyüş bacarığını da qardaş, tərəfdaş ölkələrin hərbi qulluqçuları ilə bölüşür.
Təlim yalnız bir nəfərin və ya vahid bölmənin imkanlarını nümayiş etdirmir. Təlim sıravi əsgərdən rəhbər generala qədər zəncirvarilik prinsipinin əyani sübutu kimi də qiymətləndirilə bilər. Belə ki, qərargah bütün prosesləri vahid əməliyyat çərçivəsində idarə etməklə, kəşfiyyat, rabitə, artilleriya, hava qüvvələri və ya piyada bölmələrin hərəkətini təşkil edir.
Məlumdur ki, ordunun qüdrətinin artırılmasında beynəlxalq təcrübə də böyük rol oynayır. Hazırkı 2026-cı ildə Azərbaycan Ordusunun iştirak etdiyi təlimlərin ümumi mənzərəsinə nəzər salsaq görərik ki, döyüş hazırlığının aparılması artıq çoxşaxəli və istiqamətli xarakter alıb. Ordumuzun şəxsi heyətinin iştirakı ilə cari il ərzində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Sülh Qalxanı-2026” birgə əməliyyat-taktiki təlimi öz mötəbərliyi ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bu təlimdə şəxsən iştirak etməsi ordumuzun şəxsi heyətinin döyüş hazırlığına olan inamının və ordu quruculuğu prosesinin uğurla davam etdirildiyinin göstəricisi idi.
Bundan başqa, qardaş Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən “Anadolu Ankası-2026” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2026” beynəlxalq taktiki-uçuş təlimi, 50-dən çox ölkənin iştirak etdiyi “EFES-2026” çoxmillətli müştərək birgə təlimi, Qars şəhərində keçirilən “Heydər Əliyev-2026” birgə təlimi və sadalanan təlimlərdə hər iki ölkə və ordu rəhbərliyinin iştirakı Türkiyə-Azərbaycan qardaşlığının ən bariz təzahürü idi.
İki qardaş ölkənin hərbi əməkdaşlıq sahəsi istiqamətində təşkil edilən təlimlərdən danışarkən ölkəmizin ev sahibliyi etdiyi “TurAz Qartalı-2026” birgə taktiki-uçuş təlimini də qeyd etmək lazımdır.
İordaniyada Azərbaycan, Pakistan və Türkiyənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Zülfüqar-2026” birgə taktiki təlimi və regiondakı qonşumuz Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyə xüsusi təyinatlı bölmələrinin cəlb olunduğu “Qafqaz Qartalı-2026” birgə taktiki-xüsusi təlimi də bu ilin yaddaqalan döyüş hazırlığı fəaliyyətlərindən oldu.
2026-cı ilin hazırlıq fəaliyyətlərindən danışarkən NATO ilə əməkdaşlıq sahəsini də xüsusi vurğulamaq lazımdır ki, Bakıda “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş ölkələrin qabiliyyət uyarlılığı təşəbbüsü-2026” kursunu, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində 1-ci səviyyəli qiymətləndirici kursu (ETC-49), həmçinin NATO-nun müvafiq Komandanlığının Mobil Təlim qrupları tərəfindən keçirilən müxtəlif mövzularda kurslarını qeyd etmək olar.
Bu il, həmçinin Azərbaycan Ordusunun Quru Qoşunlarında da irimiqyaslı əməliyyat təlimi keçirildi. Cari ilin iyul ayında döyüş hazırlığı planına əsasən təşkil olunan təlimdə komando, motoatıcı, mexanikləşdirilmiş və artilleriya birləşmələri, təminat hərbi hissələri, eləcə də səfərbərlikdən toplanışa cəlb olunan hərbi vəzifəlilər iştirak edirdilər.
Azərbaycan Ordusunda 2026-cı ildə keçirilən təlimlərə yalnız ayrı-ayrı hərbi tədbirlər kimi yanaşmaq düzgün olmazdı. Bu təlimlər bütövlükdə ordunun döyüş hazırlığının sistemli şəkildə inkişaf etdirilməsinin göstəricisidir. Bir sözlə, Azərbaycan Ordusunun döyüşaparma və özünümüdafiə qabiliyyəti dövrün tələblərinə uyğun, müasir üsul və vasitələrin istifadəsi çərçivəsində inkişaf etdirilir. Poliqonlarda qazanılan təcrübə sabahın firavanlığı üçün hazırlıqdır. Döyüş meydanında qələbə qazanmaq üçün hər zaman öz üzərində çalışmalı, dövrün tələbləri ilə uyğunlaşmalı və öz bilik və bacarıqlarını buna uyğun qurmalısan. Qalib ordumuzun şəxsi heyəti bu gün relyefindən, iqlimindən və günün vədəsindən asılı olmayaraq, üçrəngli bayrağımızın dalğalanmasına, xalqımızın firavan yaşamasına görə öz üzərinə düşən məsuliyyəti vicdanla icra edir. Quruda, havada və suda Vətənimizin toxunulmazlığına cavabdeh olan, onun ərazi bütövlüyünü layiqincə qoruyan oğullarımız təlimlərdə tər tökür ki, mümkün döyüşdə qələbə qazana bilsin.
Hərbi təlim anlayışı sadəcə müəyyən ərazidə silah və texnikanın tətbiqi ilə keçirilən məşğələdən ibarət deyil. Müasir təlimlər mümkün döyüş şəraitinin maksimum dərəcədə real modelləşdirilməsidir. Burada qərargahların fəaliyyəti, komandanlıq və idarəetmə, kəşfiyyat, rabitə, logistika, atəş dəstəyi, şəxsi heyətin manevri, tibbi təminat, hava və dəniz komponentlərinin qarşılıqlı fəaliyyəti kimi çoxsaylı elementlər bir sistem daxilində sınaqdan keçirilir.
Bu baxımdan 2026-cı ildə Azərbaycan Ordusunun iştirakı ilə keçirilən təlimlərin coğrafiyası və ssenariləri xüsusilə diqqətəlayiqdir. Şəhər şəraiti, dağlıq ərazi, dəniz mühiti, hava məkanı, tunel və mağaralar, sahilə çıxma, axtarış-xilasetmə, antiterror əməliyyatları və hava döyüşləri kimi müxtəlif istiqamətlərin təlim ssenarilərinə daxil edilməsi şəxsi heyətin yalnız bir tip döyüş şəraitinə deyil, müxtəlif əməliyyat mühitlərinə hazırlanmasına imkan verir.
Azərbaycan Ordusunun 2026-cı ildəki təlim coğrafiyası, ssenarilərin müxtəlifliyi və beynəlxalq əməkdaşlığın genişliyi göstərir ki, müasir döyüşün tələbləri nəzərə alınmaqla, hazırlıq prosesi davamlı xarakter daşıyır. Bu prosesin əsas hədəfi isə dəyişmir: peşəkar, çevik, texnoloji imkanlardan səmərəli istifadə edən, müxtəlif əməliyyat şəraitində fəaliyyət göstərməyə hazır və qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etmək qabiliyyətinə malik ordu formalaşdırmaq.
Təlim meydanlarında qazanılan təcrübə bu baxımdan yalnız bu günün deyil, sabahın da döyüş hazırlığının əsasını təşkil edir.
Fuad CƏFƏROV
“Azərbaycan Ordusu”