Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2026 15:00

Neftdən gücə, zəhmətdən parlaq gələcəyə

Azərbaycanın tarixində elə peşələr var ki, onların zəhməti yalnız bir sahənin inkişafı ilə məhdudlaşmır, bütövlükdə ölkənin taleyinə təsir göstərir. Neftçilik də belə şərəfli peşələrdəndir. Xəzərin qoynunda, günəşin və küləyin sərtliyi ilə üz-üzə çalışan, gecə-gündüz məsuliyyətli əməyini davam etdirən neftçilər Azərbaycanın iqtisadi inkişaf salnaməsində özünəməxsus iz qoyublar.
20 sentyabr ölkəmizdə bu zəhmət sahiblərinin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur. Bu tarix, eyni zamanda, müstəqil Azərbaycanın yeni neft strategiyasının başlanğıcını simvolizə edir. 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişin imzalanması ölkənin gələcək inkişafında mühüm mərhələyə çevrildi. Sonralar “Əsrin müqaviləsi” adlandırılan bu saziş Azərbaycanın dünya enerji xəritəsində mövqeyini möhkəmləndirdi.
Həmin illərdə qarşıya qoyulan məqsəd təkcə yerin dərinliklərindəki sərvətləri hasil etmək deyildi. Qarşıda daha böyük vəzifələr dayanırdı: müstəqil dövlətin iqtisadi əsaslarını möhkəmləndirmək, xarici sərmayədarları ölkəyə cəlb etmək, enerji resurslarının dünya bazarlarına etibarlı şəkildə çatdırılmasını təmin etmək və əldə olunan imkanları Azərbaycanın inkişafına yönəltmək.
Bu baxımdan 20 sentyabrı yalnız neft sənayesinin təqvimindəki əlamətdar tarix kimi qiymətləndirmək doğru olmaz. Bu tarix həm də Azərbaycanın öz gələcəyinə inamla addım atdığı günlərdən biridir. “Əsrin müqaviləsi”ndən sonra Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, daha sonra “Cənub Qaz Dəhlizi” kimi iri layihələr Azərbaycanın enerji siyasətinin ardıcıl şəkildə həyata keçirilməsinin nəticəsinə çevrildi.
Bu gün həmin yolun nəticələrinə nəzər salarkən bir həqiqət aydın görünür: enerji resursları yalnız iqtisadi gəlir mənbəyi deyil, həm də milli güc, iqtisadi qüdrət amilidir. Enerji təhlükəsizliyinin təmin olunması dövlətin iqtisadi sabitliyi, sənayenin inkişafı, sosial layihələrin həyata keçirilməsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın bu gün qarşıya qoyduğu hədəflər isə neft və qaz sənayesinin ənənələrini qorumaqla yanaşı, yeni enerji imkanlarının yaradılmasına hesablanıb. Bərpaolunan enerji mənbələrinin inkişafı, günəş və külək elektrik stansiyalarının yaradılması, Qarabağ iqtisadi zonasının və Şərqi Zəngəzurun “yaşıl enerji” potensialından istifadə olunması ölkənin enerji siyasətinin yeni mərhələsini təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə su elektrik stansiyalarının və digər enerji obyektlərinin yaradılması həmin torpaqlarda həyatın bərpası ilə yanaşı, Azərbaycanın enerji sisteminin gücləndirilməsinə də xidmət edir.
Azərbaycan Ordusu üçün də güclü iqtisadiyyat və etibarlı enerji təminatı mühüm amillərdəndir. Dövlətin iqtisadi imkanlarının artması müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, müasir hərbi infrastrukturun yaradılması, ordunun ən yeni texnologiyalarla təmin olunması və hərbi qulluqçular üçün layiqli xidmət şəraitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsinə imkan verir. Bu mənada neftçinin əməyinin nəticəsi bəzən hasil olunan neftin həcmində deyil, onun yaratdığı imkanların ölkənin ümumi inkişafına verdiyi töhfədə özünü göstərir.
Bu gün Azərbaycan artıq yalnız neft hasil edən ölkə kimi deyil, enerji layihələri ilə regionun və Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Eyni zamanda, ölkəmiz yeni enerji reallıqlarına uyğun olaraq yaşıl enerji sahəsində də mövqelərini gücləndirir. Bu dəyişiklik bir daha göstərir ki, illər əvvəl qoyulan möhkəm iqtisadi təməl gələcəyin yeni layihələri üçün də imkan yaradır.
20 sentyabr həm keçmişə nəzər salmaq, həm də gələcəyə baxmaq üçün bir fürsətdir. Bu gün neftçilərin fədakar əməyinə verilən qiymət, əslində, Azərbaycanın inkişafında zəhməti olan bütün insanlara ehtiramın ifadəsidir. Xəzərin dalğaları üzərində qurulan neft platformalarından başlayaraq dünyanın müxtəlif istiqamətlərinə uzanan enerji xətlərinə qədər bu tarix böyük bir yolun göstəricisidir.
Həmin yolun əsas qəhrəmanlarından biri isə öz peşəsinə sədaqətlə çalışan Azərbaycan neftçisidir. Onun zəhməti ilə formalaşan ənənə bu gün yeni texnologiyalar, yeni enerji mənbələri və yeni layihələrlə davam etdirilir. Qarşıda duran əsas məqsəd isə əldə olunan nailiyyətləri qorumaq, enerji imkanlarını daha da genişləndirmək və bu sərvəti gələcək nəsillərin rifahına xidmət edən gücə çevirməkdir.
Neftçilər Günü münasibətilə bu şərəfli peşənin bütün nümayəndələrinə möhkəm cansağlığı, təhlükəsiz əmək və yeni uğurlar arzulayırıq. Onların əməyi Azərbaycanın iqtisadi qüdrət salnaməsinin ayrılmaz hissəsidir.

Hüsniyyə NƏSİROVA “Azərbaycan Ordusu”