AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi xidmət yalnız fiziki hazırlıq, silahdan istifadə bacarığı və taktiki biliklərin praktiki olaraq tətbiqindən ibarət deyil. Döyüşçünün uğurlu nəticəsini müəyyən edən ən vacib amil onun psixoloji hazırlığı, özünəinamı, iradəsi və qarşısına qoyduğu məqsədə olan münasibətidir. Ən çətin şəraitdə belə tapşırığı yerinə yetirmək üçün insan, ilk növbədə, öz düşüncələrini idarə etməyi bacarmalıdır.
Bu baxımdan psixoloji özünütəlqin hərbi qulluqçunun mənəvi-psixoloji hazırlığında mühüm vasitələrdən biri kimi nəzərə alınmalıdır.
Özünütəlqin nədir?
Özünütəlqin insanın müəyyən məqsəd və inancları şüuraltında özünə təkrar etməsi və həmin fikirləri davranışına istiqamət verən daxili nəzarətçiyə çevirməsidir.
Məsələn, hərbi qulluqçunun qarşısında çətin tapşırıq olduqda “Bu, çox çətindir, görəsən bacaracağam?” düşüncəsinə köklənərsə, diqqəti problemin özünə və mümkün uğursuzluğa yönəlir. Əksinə, “Mən bu tapşırığı yerinə yetirməliyəm. Əlimdən gələn bütün imkanlardan istifadə edəcəyəm. Çətinlik məni dayandırmamalıdır” kimi məqsədyönlü daxili mövqe onun diqqətini hərəkətə və nəticəyə yönəldir.
Burada əsas məsələ sadəcə pozitiv sözlər düşünmək və söyləmək deyil. Özünütəlqin hərbi qulluqçunun düşüncə tərzini, münasibətini və davranışını formalaşdıran sistemli psixoloji yanaşmaya çevrilməlidir.
“Bəhanə” düşüncəsindən “həll” düşüncəsinə
Tapşırığın icrası zamanı hərbi qulluqçunun qarşısına müxtəlif çətinliklər çıxa bilər. Çətinliklər, məhrumiyyətlər, yorğunluq, stres, uğursuzluq qorxusu, şəraitin əlverişsiz olması və digər amillər hərbi qulluqçunu bəhanə axtarmağa sövq etməməlidir.
Hərbi qulluqçu üçün ən vacib psixoloji bacarıqlardan biri isə problemlə bəhanə arasındakı fərqi görməkdir.
“Bunu niyə edə bilmərəm?” sualı əvəzinə hərbi qulluqçu özü-özünə:
“Bunu necə edə bilərəm?”
“Hazırda nə edə bilərəm?”
“Məqsədə çatmaq üçün növbəti addımım nədir?”
“Mövcud imkanlarımdan necə daha səmərəli istifadə edə bilərəm?” kimi sualları verərsə, düşüncələrini passiv vəziyyətdən səmərəli fəaliyyətə keçirə bilər.
Bu yanaşmanın məqsədi hərbi qulluqçunu reallığı inkar etməyə çağırmaq deyil. Əksinə, çətinliyi qəbul edib onun qarşısında fəal və icraya yönəlmiş mövqe tutmaqdır.
Nəticəyə köklənmək
Hərbi qulluqçuya verilən tapşırıq onun üçün sadəcə yerinə yetirilməli bir iş deyil. Tapşırığın arxasında məsuliyyət, bölmənin-komandanın fəaliyyəti və ümumi məqsəd dayanır. Buna görə də hərbi qulluqçunun düşüncəsində “Mən nə üçün bunu etməliyəm?” sualının aydın cavabı olmalıdır.
Nəticəyə köklənmiş hərbi qulluqçu:
“Tapşırıq→məqsəd→fəaliyyət→nəticə” ardıcıllığı ilə düşünür.
Bu zaman hərbi qulluqçunun düşüncəsində diqqət “Nə qədər çətindir?” sualından “Nəticəyə çatmaq üçün nə etməliyəm?” sualına keçir.
Özünütəlqində istifadə edilən qısa və konkret ifadələr bu düşüncə modelini möhkəmləndirə bilər:
“Tapşırığı başa düşürəm və məqsədimi bilirəm”.
“Çətinlik diqqətimi yayındırmır”.
“Bəhanə yox, həll yolu axtarıram”.
“Olanlardan faydalanmağı bacarsam, olmayanlara ehtiyac olmayacaq”.
“Diqqətimi tapşırığa yönəldirəm”.
“Sakitəm, diqqətliyəm və ardıcıl hərəkət edirəm”.
“Başladığım işi sona çatdırmağa köklənirəm”.
Belə ifadələr mexaniki şəkildə təkrarlanmaq üçün deyil, real davranışla əlaqələndirilmək üçün istifadə olunmalıdır.
Tapşırığa həvəs və diqqətlə yanaşmaq
Hərbi qulluqçunun tapşırığa münasibəti onun icrasının keyfiyyətinə birbaşa təsir göstərir. Eyni tapşırığı bir hərbi qulluqçu məcburiyyət kimi, digəri isə öz peşəkarlığını göstərmək imkanı kimi qəbul edə bilər.
Özünütəlqin burada daxili motivasiyanın gücləndirilməsinə xidmət edir.
Hərbi qulluqçu özünə belə suallar verə bilər:
“Bu tapşırığı daha yaxşı yerinə yetirmək üçün nə edə bilərəm?”
“Mənim bu tapşırıqda əsas məsuliyyətim nədir?”
“İndi diqqətimi ən çox nəyə yönəltməliyəm?”
Belə suallar hərbi qulluqçunun diqqətini çətinliklərdən, məhrumiyyətlərdən, yorğunluqdan, stresdən, uğursuzluq qorxusundan, narahatlıqdan və digər amillərdən uzaqlaşdıraraq konkret fəaliyyətə yönəldir.
Döyüşçü ruhu
Döyüşçü ruhu yalnız cəsarət və emosional coşqu demək deyil. Əsl döyüşçü ruhu çətinlik qarşısında özünü idarə etmək, məsuliyyətdən yayınmamaq, intizamlı olmaq, döyüş yoldaşına güvənmək, verilmiş tapşırığın əhəmiyyətini dərk etmək və məqsədə çatmaq üçün ardıcıl fəaliyyət göstərmək bacarığıdır.
Döyüşçü ruhunun mühüm xüsusiyyətlərindən biri də budur:
“Şərait çətinləşdikcə mənim intizamım və diqqətim zəifləməməlidir”.
Bu düşüncə hərbi qulluqçunun özünü emosional olaraq idarə etməsinə kömək edir. Çünki döyüş və ya yüksək stress şəraitində insanın qorxu, narahatlıq və tərəddüd hiss etməsi təbii haldır. Psixoloji hazırlığın məqsədi bu hisslərin ümumiyyətlə yaranmamasını gözləmək deyil. Məqsəd həmin hisslərə baxmayaraq düzgün qərar və davranışı davam etdirə bilməkdir.
Özünütəlqin necə məşq etdirilə bilər?
Özünütəlqin birdəfəlik öyrənilən bacarıq deyil. Onun effektiv olması üçün gündəlik məşq tələb olunur.
Hərbi qulluqçu gün ərzində qısa müddət ərzində özünə aşağıdakı sualları verə bilər:
“Bu gün mənim əsas məqsədim nədir?”
“Qarşıma hansı çətinlik çıxa bilər?”
“Çətinlik yarananda mənim düzgün reaksiyam nə olacaq?”
“Tapşırığı yerinə yetirərkən diqqətimi nəyə yönəltməliyəm?”
“Günün sonunda hansı nəticəni əldə etmək istəyirəm?”
Eyni zamanda qısa, konkret və reallığa uyğun daxili ifadələr seçilə bilər:
“Mən hazıram”.
“Diqqətimi qoruyuram”.
“Çətinlik qarşısında geri çəkilmirəm”.
“Problemi və onun aradan qaldırılması yolunu görürəm və həll yoluna köklənirəm”.
“Məsuliyyətimi dərk edirəm”.
“Komandanın bir hissəsiyəm”.
“Tapşırığın uğurlu icrası mənim də məsuliyyətimdir”.
“Sakitlik, intizam və diqqət mənim gücümdür”.
Bu ifadələrin ən böyük təsiri onların real məşq və davranışla birləşdirilməsi zamanı yaranır. Hərbi qulluqçu “Mən diqqətliyəm” deməklə kifayətlənməməli, məşq zamanı həqiqətən diqqətini idarə etməyi öyrənməlidir.
Özünütəlqin və komanda ruhu
Hərbi qulluqçu təkcə fərdi məqsədə deyil, həm də kollektiv məqsədə köklənməlidir. Çünki hərbi fəaliyyətin mühüm xüsusiyyətlərindən biri bölmə-komanda daxilində qarşılıqlı etimad və məsuliyyətdir.
“Yalnız özüm üçün deyil, bölməm-komandam üçün də məsuliyyət daşıyıram” düşüncəsi hərbi qulluqçuda məsuliyyət hissini gücləndirə bilər.
Lakin burada da sağlam yanaşma olmalıdır. Döyüşçü ruhu düşünülməmiş riskə getmək və ya təhlükəni qiymətləndirməmək demək deyil. Əksinə, intizam, hazırlıq, vəziyyəti düzgün qiymətləndirmək və verilmiş tapşırıq çərçivəsində məsuliyyətli hərəkət etmək döyüşçü ruhunun ayrılmaz hissəsidir.
Nəticə:
Psixoloji özünütəlqin hərbi qulluqçunun düşüncəsini məqsədyönlü şəkildə idarə etməsinə, özünəinamını və məsuliyyət hissini möhkəmləndirməsinə, çətinlik qarşısında daha məqsədyönlü mövqe tutmasına kömək edən vasitələrdən biridir.
Əsas məqsəd hərbi qulluqçuya “Hər şey asandır” fikrini aşılamaq deyil. Əksinə, onda “Çətin ola bilər, amma mən çətinlik qarşısında necə davranacağımı bilirəm” düşüncəsini formalaşdırmaqdır.
Əsl döyüşçü ruhu da məhz burada başlayır.
Döyüşçü çətinliyi görür, lakin bəhanəyə çevirmir.
Qorxu və gərginliyi hiss edə bilər, lakin onların idarə etdiyi insana çevrilmir.
Tapşırığın məsuliyyətini dərk edir, diqqətini məqsədə yönəldir və hazırlığı çərçivəsində ardıcıl fəaliyyət göstərir.
Çünki güclü döyüşçü, ilk növbədə, öz düşüncələrini idarə etməyi bacaran döyüşçüdür.
Fərhad MƏCİDLİ