Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2026 15:00

“Vətən üçün yaşadı, Vətən uğrunda şəhid oldu”

Qəbələdə şəhid İsmayıl Yaşar oğlu Qurbanovun ailəsi ilə görüşümüz onun qısa, lakin mənalı ömür yoluna nəzər salmaqla başladı. Anası Hüsniyyə xanım, atası Yaşar bəy və qardaşı Röyal İsmayıl haqqında danışdıqca, ailənin yaddaşında yaşayan bir gəncin - zəhmətkeş, istiqanlı, dostcanlı və Vətəninə bağlı İsmayılın obrazı göz önündə canlandı. Hər xatirə onun xarakterinin başqa bir cəhətini üzə çıxarır, ailə üzvlərinin söylədiyi sözlər isə İsmayılın həyat yolunu daha yaxından tanımağa imkan verirdi.
Qurbanov İsmayıl Yaşar oğlu 2001-ci il martın 6-da Qəbələ rayonunun Böyük Pirəlli kəndində anadan olub. Mülki həyatda turizm ixtisası üzrə peşə fəaliyyətinə yiyələnib. Gənc yaşlarından zəhmətkeşliyi və insanlarla səmimi münasibəti ilə seçilib. Dostları və yaxınları onu istiqanlı, ünsiyyətcil və yardımsevər biri kimi xatırlayırlar. İsmayılın hərb sahəsinə marağı isə təsadüfi deyildi. Ətrafında hərbi qulluqçuların olması, xüsusilə qardaşı Röyalın hərbçi olması bu sahəyə marağını daha da artırmışdı. O, hərbi xidmətə yalnız öz vəzifəsini yerinə yetirmək kimi baxmırdı. Vətən torpaqlarının uzun illər işğal altında qalması İsmayılı düşündürən, narahat edən məsələlərdən biri idi.
İsmayılın xarakterini ailəsinin danışdığı xatirələrdən biri xüsusilə aydın göstərir. Anası Hüsniyyə xanım son zəng günü baş verən hadisəni xatırlayır. İsmayıl dostlarından birinin maddi imkanının zəif olduğunu, atasının olmadığını və son zəng üçün paltar almaqda çətinlik çəkdiyini öyrənir. Dostunun vəziyyəti ona təsir edir. Özü üçün yığdığı məbləği ona verir. Bu, ilk baxışda sadə bir hadisə kimi görünə bilər. Lakin İsmayılı tanıyanlar üçün bu addım onun xarakterinin ifadəsi idi. O, dostunun sevincini öz sevincindən ayırmayan, ehtiyacı olan insanın yanında olmağı bacaran gənc idi. Hərbi xidmətə başladıqdan sonra İsmayıl Qurbanov özünü seçdiyi sahənin tələblərinə uyğun şəkildə formalaşdırdı. Quru qoşunlarında əsgər kimi hərbi xidmət edən İsmayıl istehkamçı vəzifəsini yerinə yetirirdi. Füzuli istiqamətində, Alxanlı kəndi ətrafında gedən ağır döyüşlərdə iştirak etdi. Onun döyüş yoldaşlarının xatirələrində isə İsmayılın adı mərdlik, igidlik və dostluqla yanaşı çəkilir. Silahdaşlarının söylədiklərinə görə, o, çətin anlarda yoldaşlarını tək qoymayan, onların yanında dayanmağı bacaran əsgər idi. Hətta silahdaşları üçün candan keçəcək qədər fədakar olması onun döyüş yoldaşlarının yaddaşında xüsusi yer tutur.
İsmayılın Vətənə münasibətindən danışarkən anası Hüsniyyə xanım general-mayor Polad Həşimovun şəhid olması xəbərini də xatırlayır. Deyir ki, həmin xəbər İsmayıla çox təsir etmişdi. Generalın şəhid olması onu sarsıtmışdı. İsmayıl torpaqlarımızın işğaldan azad olunacağı günün yaxınlaşmasını böyük həsrətlə gözləyirdi.
Onun sonuncu məzuniyyəti ailənin yaddaşında  başqa bir xatirə ilə qalıb. Fevralın 28-də sosial şəbəkə platformalarından birində etdiyi paylaşım sonradan ailəsi üçün xüsusi məna daşıyıb. İsmayıl Qurbanov yazmışdı: “Bir gün məndən xəbər alsanız, alacağınız cavab - başınız uca olsun, olacaq”.
Bu cümlə həmin vaxt adi bir paylaşım kimi görünsə də, sonralar ailəsi üçün İsmayılın xatirəsinə çevrildi.
Hərbi xidmətinin başa çatmasına üç ay qalmışdı. Ailə üzvləri deyirlər ki, İsmayılın şəhidliyindən bir neçə gün əvvəl evdə qəribə bir narahatlıq hiss olunurdu. Hüsniyyə xanım sanki ürəyinə nəsə damdığını söyləyir. Sentyabrın 27-si isə ailənin həyatında heç vaxt unudulmayacaq günə çevrildi. Gecə saat 03:20-də İsmayılın atası Yaşar Qurbanova zəng gəlir. Ona qapıya çıxmasının lazım olduğu bildirilir. Həyətdə insanlar görünür. Həmin an artıq hər şey məlum olur. Hüsniyyə xanım kövrək səslə: “Mənim hansı balamı gətirmisiniz?” - deyə səslənir. Məlum olur ki, kiçik oğlu İsmayıl Qurbanov şəhid olub...
“İşıqlı dünyam qaraldı...” - Hüsniyyə xanım həmin gecəni belə xatırlayır.
O gecə Qəbələ sakinlərinin şəhid ailəsinin evinə gəlməsi, onların ən ağır anında ailənin yanında olması da Hüsniyyə xanımın yaddaşında qalıb. Xalqın göstərdiyi ehtiram ailəyə təsəlli verən mənəvi dayaq olub.
Şəhid anası üçün “Oğlunuz şəhid olub” sözünü eşitmək nə qədər ağır olsa da, həmin sözün içində Vətən qarşısında qazanılmış ən böyük ucalıq vardı. Hüsniyyə xanım oğlunun şəhidliyi ilə qürur duyduğunu deyir: “Mənim oğlum igiddir. Öz şücaəti ilə bu adı qazanıb. Bütün şəhidlərimiz kimi, oğlum da bu Vətən uğrunda öz canından, qanından keçdi. Təki Vətən yaşasın. Bütün şəhidlərimizin məkanı cənnət olsun. Onların qarşısında baş əyirəm”. 
Hüsniyyə xanım İsmayılla bağlı xatirələrindən danışarkən onun özünə bağlılığını da xüsusi vurğulayır. Deyir ki, oğlu bütün sirlərini onunla bölüşərdi: “Oğlum mənə çox bağlı idi. Hər sirrini mənimlə bölüşərdi. Onunla bağlı danışarkən kövrəlsəm də, hər zaman başımı dik saxlayıram. Çünki mən şəhid anasıyam. Mənim oğlum bu xalq üçün, bu millət üçün şəhid olub. Çox qürur duyuram. Oğlumla bağlı xatirələrim bir kitaba sığmaz”.
Bu sözləri eşidərkən mən də bir müxbir kimi həmin anın ağırlığını hiss etdim. Qarşımda oğlunu Vətən uğrunda itirmiş, lakin onun adı çəkiləndə başını dik tutan bir ana oturmuşdu. Hüsniyyə xanımın danışığında kövrəklik vardı, amma bu kövrəkliyin üzərində şəhid anasına xas qürur daha aydın görünürdü. Bir anlıq 44 günlük Vətən müharibəsinin günləri gözlərimin önündə canlandı. O günlərdə xalqımızın yaşadığı birlik, döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi igidlik və bu Qələbənin arxasında dayanan şəhidlərimizin fədakarlığı bir daha düşüncələrimdən keçdi. Qarşımda oturan ana isə bu böyük tarixdən - öz oğlunun taleyindən danışırdı. Söhbətə şəhidin atası Yaşar Qurbanovla davam edirik. Yaşar bəy oğlunun tərbiyəsindən, xarakterindən və Vətənə münasibətindən danışarkən onun həyatında vətənpərvərliyin xüsusi yer tutduğunu bildirir: “Oğlumu hər zaman vətənpərvər ruhda böyütmüşəm. Mən oğlumun mərdliyini, igidliyini döyüş meydanında gördüm. Bütün şəhidlərimizlə, oğlumla fəxr edirəm”.
Ata oğlunun döyüş meydanında göstərdiyi mərdliyi ən böyük qürur mənbələrindən biri hesab edir.
İsmayılın şəhidliyindən təxminən bir ay sonra ailə daha bir ağır itki ilə üzləşib. Onun babası bu dərdin ağırlığına dözməyərək ürək tutmasından vəfat edib. Hüsniyyə xanım deyir ki, babası İsmayılı çox sevirdi. Nəvəsi haqqında həmişə “İsmayıl çox istiqanlı uşaqdır”, deyərdi. Bu gün həmin söz ailənin yaddaşında İsmayılın uşaqlıq illərindən qalan ən doğma xatirələrdən biridir.
Şəhidin qardaşı hərbi qulluqçu Röyal Qurbanov da İsmayılla bağlı xatirələrini bizimlə bölüşür. Qardaşının sözlərində İsmayılın həm ailə daxilindəki yeri, həm də hərbi sahəyə olan marağı öz əksini tapırdı. Qardaşının və yaxın qohumlarının hərbçi olması İsmayılın bu sahəyə marağını artırmış, onun hərbi xidmətə münasibətinin formalaşmasına təsir etmişdi.
Şəhid İsmayıl Qurbanovun Vətən qarşısında göstərdiyi şücaət və fədakarlıq dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Qurbanov İsmayıl Yaşar oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Şücaətə görə” medalları ilə təltif olunub. Şəhidin ailəsi dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğını hər zaman hiss etdiklərini bildirirlər. Onların sözlərinə görə, bu münasibət ailələr üçün böyük mənəvi əhəmiyyət daşıyır.
Söhbətimizin sonunda şəhid anası Hüsniyyə Qurbanovanın bir müraciəti oldu. O, şəhidlərin heç vaxt unudulmamasını, onların xatirəsinə daim diqqətlə yanaşılmasını istəyir: “Şəhidlərimiz heç zaman unudulmasın. Onların xatirələri hər zaman anılsın”.
Bu sözlərdən sonra bir daha düşündüm: şəhidlər haqqında yazmaq yalnız onların döyüşdüyü istiqamətləri, keçdiyi hərbi yolu və aldığı medalları sadalamaq deyil. Şəhidin necə insan olduğunu da anlatmaqdır. Çünki gələcək nəsillər İsmayıl kimi oğullarımızı tanımalı, onların Vətənə münasibətini, ailəsinə bağlılığını, dostuna sədaqətini, çətinlik qarşısında göstərdiyi iradəni bilməlidirlər. İsmayılın ailəsinin danışdığı xatirələr onun xarakterini sözlərdən daha yaxşı ifadə edir. Dostunun çətinliyini öz dərdi bilən, ailəsinə bağlı olan, Vətən torpaqlarının işğal altında qalmasını qəbul etməyən, hərbi xidmətini məsuliyyətlə yerinə yetirən, döyüş meydanında silahdaşlarının yanında dayanan bir gənc...
Onun ömrü qısa oldu, amma Vətənə xidmətlə ölçülən bir ömür oldu. Bu gün İsmayıl Qurbanovun adı, ilk növbədə, ailəsinin - anasının danışdığı xatirələrdə, atasının qürurla söylədiyi sözlərdə, qardaşının yaddaşında, döyüş yoldaşlarının xatirələrində yaşayır. Mən Qəbələdən ayrılarkən şəhid anasının bir cümləsini uzun müddət düşündüm: “Oğlumla bağlı xatirələrim bir kitaba sığmaz”.
Doğrudan da, bəzi ömürlər bir yazıya sığmır. Çünki həmin ömürlərin arxasında yalnız bir insanın taleyi dayanmır. Orada bir ailənin sevgisi, bir ananın qüruru, bir atanın fəxarəti, bir qardaşın həsrəti və Vətən qarşısında ödənilmiş müqəddəs borc dayanır.
Şəhid İsmayıl Qurbanovun ömrü də belə ömürlərdəndir.
O, doğulduğu Qəbələ rayonunun Böyük Pirəlli kəndindən Vətən qarşısında borcunu yerinə yetirmək üçün yola çıxdı. Əsgər oldu, Vətənə xidmət etdi, döyüşlərdə iştirak etdi və öz adını şəhidlik zirvəsində əbədiləşdirdi. İndi onun haqqında danışılan hər bir xatirə İsmayılın ömründən bir səhifədir. Bu səhifələri qorumaq, şəhidlərimizin adını və həyat yolunu gələcək nəsillərə çatdırmaq isə bizim mənəvi borcumuzdur.

Emil MURADLI “Azərbaycan Ordusu”