AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sülh hər zaman bəşəriyyətə gərəkli olan dəyərdir. Əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Sülhün qorunması uşaqlarımızın qorunması və mavi səmamızın daima açıq olması deməkdir. Bir danılmaz faktdır ki, yüzillik müharibələrin sonu sülh yolu ilə sona çatıb. Ona görə də sülh bütün vasitələrdən güclüdür. Dünyada sülh gününün keçirilməsi, bayram edilməsi sülhsevər xalqların bir araya gələrək anamız bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsi deməkdir.
Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib və ilk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. Elə o vaxtdan etibarən də hər il sentyabrın hər 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi keçirilirdi. Lakin BMT Baş Məclisinin 2001-ci ildə qəbul etdiyi qətnaməsinə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olub. Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhum anlamında başa düşülür. Bu baxımdan, dünya ölkələrinin yekdil qərarı ilə əlamətdar gün kimi qəbul edilmiş Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır.
Bu gün təəssüflə qeyd etmək lazımdır ki, sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, heç də hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir, onların insan həyatı və bütövlükdə bəşəriyyət üçün təhlükəli olan nəticələrə səbəb olur.
İllərlə müharibə şəraitində yaşamış ölkəmiz üçün sülhün əbədi bərqərar olması daha əhəmiyyətlidir. 30 ilə yaxın müddətdə Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə etdi, beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün bərpası üçün aparılan müzakirələrdə, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırdı. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi Xocalı soyqırımının tanıdılması barədə müraciətlər dünyanın bütün xalqlarına ünvanlandı. Daima sülh tərəfdarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırdı.
Azərbaycan sülhsevər ölkə kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən qəbul edilib. Və bu səbəbdən ölkəmiz multikulturalizm və tolerantlıq mövzularında beynəlxalq konfranslara ev sahibliyi edib. Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla başa çatan Vətən müharibəsinin nəticələri regionda real sülhün bərqərar olması üçün fundamental əsaslar yaratdı. Bu əsaslar Azərbaycan xalqının və onun ən böyük maddi-mənəvi sərvəti silahlı qüvvələrimizin və onun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin regionda yaratdığı yeni status-kvonu şərtləndirən amil oldu. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də müharibədən ötən dövr ərzində ordumuz tərəfindən erməni təxribatlarına cavab verilərkən dinc əhaliyə qarşı humanizm prinsipləri daim qorunmuş, əbədi sülhün yaranması üçün bütün vasitələrdən istifadə olunmuşdur.
Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs ardıcıl olaraq aparılır. Dünyada sülhün qorunmasına, həmçinin münaqişə ocaqlarında sülhün bərqərar olunmasında göstərdiyi xidmətlərə görə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyəti ilə daim fərqlənib. Belə ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi”, “Azərbaycan: sivilizasiyalararası dialoqun keçmişi və bu günü”, “Gənclər sivilizasiyaların alyansı naminə”, habelə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi qlobal tədbirlər Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfə vermək niyyətini ifadə etməklə yanaşı, sülhün təşviqində böyük rol oynayıb.
Əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən diplomatik bacarığı sayəsində görülən işlər, beynəlxalq səviyyədə aparılan danışıqlar öz bəhrəsini verəcək, tezliklə bölgədə əbədi sülhə nail olunacaqdır.
Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləməkdə davam edir. Dünyada analoqu olmayan bir faciənin - Xocalı faciəsini yaşayan bir xalq belə bir soyqırımının təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısını almağa səsləyir. Dünyamıza sülh gərəkdir! Nə qədər ki, gec deyil, anamız adlandırdığımız dünyamız tam dağılmayıb, hər kəs, xüsusilə münaqişələrdən hamıdan çox əziyyət çəkib övlad, ata, ana ağrısından sızıldayan analar bir səslə deməlidirlər:
Silahları yandırın, ərşə qalxsın tüstüsü,
Hər obada, hər eldə qanadlansın sülh sözü.
Mən anayam, bu səsimdə yerin, göyün dərdi var,
Sülhə gəlin, ey insanlar, yoxsa dünya məhv olar.
Lalə HÜSEYNOVA “Azərbaycan Ordusu”