Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Sentyabr 2026 15:00

Musiqimiz xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edir

Hər il ölkəmizdə 18 Sentyabr - Milli Musiqi Günü kimi qeyd olunur. Milli Musiqi Günü Azərbaycanın musiqi mədəniyyətini və bu sahədəki tarixi irsini qeyd etmək məqsədilə keçirilən bir bayramdır. 18 sentyabr tarixinin respublikamızda Milli Musiqi Günü kimi keçirilməsi dahi bəstəkarımız Üzeyir Hacıbəyovun doğum günü ilə əlaqədardır. Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Dövlət Himninin musiqisi dünya şöhrətli bəstəkarımız Üzeyir Hacıbəyova məxsusdur. Onun əsərləri milli musiqimizin inkişafında mühüm rola malikdir. Üzeyir Hacıbəyov Azərbaycan klassik musiqisinin inkişafında müstəsna xidmətləri olmuş bir bəstəkar, dirijor və musiqi pedaqoqudur. O, Azərbaycanın ilk opera əsəri olan “Leyli və Məcnun”u bəstələmiş, həmçinin Azərbaycan muğamlarını orkestrləşdirmiş və milli musiqinin inkişafına yönəlmiş bir çox əsərlər yaradıb. Məhz buna görədir ki, milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur. O, Azərbaycan musiqisi və onun inkişaf yolları barədə zərərli meyillərə, yanlış fikirlərə qarşı mübarizə aparırdı. 
Dahi bəstəkarımızın fikrincə, simfoniya kimi gəlmə musiqi əsərləri xalqın öz musiqi dilində yazılmalıdır. Eyni zamanda, məsləhət görürdü ki, gənc bəstəkarlar xalq musiqi dilinin bütün qanunlarını düzgün öyrənməli, aydın bir dildə yazmalıdırlar. Bunları əsas tutan bəstəkar yazırdı: “Şəxsən mən öz haqqımda bunu deyə bilərəm ki, mən xalq musiqisini əsaslı surətdə öyrənməyincə böyük əsərlər yazmağa tələsməmişəm”. Xalq musiqisinə böyük dəyər verən ustad sənətkar qeyd edirdi: “Xalq incəsənəti, folklor stili səslər və gözəllik cəhətdən tükənməz zənginliyə malikdir, bunlarda dil çox rəngarəngdir... İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı da xalq özüdür. Bizə bu gün nümunə olan xalq mahnıları əsrlərdən bəri işlənə-işlənə yaradılmış və yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır”. Xalqımızın mədəniyyəti, xoşbəxtliyi uğrunda bütün ömrü boyu çalışan Üzeyir bəyin hər bir əsəri onu özündən sonra da əbədi yaşadan abidədir. Dahi bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsası Maestro Niyazi tərəfindən qoyulub. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il 18 sentyabr gününü qeyd edib. Ənənəvi olaraq Azərbaycan Dövlət Konservatoriyasının önündə minlərlə insan toplaşırdı. Burada Üzeyir Hacıbəyovun adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazinin rəhbərliyində dahi bəstəkarın əsərlərini ifa edirdi. 
1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarımız, korifey sənətkarımız Üzeyir Hacıbəyovun anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabr tarixi Milli Musiqi Günü olaraq təsis edilib. Həmin gün musiqi festivalları, konsertlər və müxtəlif musiqi tədbirləri ilə qeyd olunur. Milli Musiqi Günü Azərbaycanın musiqi mədəniyyətinin inkişafı, qorunması və təbliğatı baxımından müstəsna əhəmiyyətə malik bir bayramdır. Azərbaycanın musiqi mədəniyyətinin inkişafı, qorunması və təşviqində mühüm əhəmiyyət kəsb edən bu bayram Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi Hərbi Orkestrinin kollektivi tərəfindən də qeyd olunur. Ölkəmizdə 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə keçirilən konsert proqramlarında hərbi musiqimiz, “Qələbə marşı”, Qarabağ şikəstəsi, “Cəngi”, “Koroğlu” uvertürası səslənir. 
Əsrlər, qərinələr keçsə də xalqımızın milli musiqi ənənələrində xüsusi yeri olan və ordunu daima döyüşə ruhlandıran mahnılarımız, hərbi marşlarımız, Cəngimiz ruhumuzun qidası kimi qorunub yaddaşlarımızda saxlanılıb. Xalqımızın döyüş ruhunu qidalandıran hərbi musiqimizin ənənələri Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi Hərbi Orkestrin 34 ilə yaxın şanlı və şərəfli fəaliyyətində sədaqətlə qorunur. Məlumat üçün qeyd edim ki, Müdafiə Nazirliyinin Hərbi Orkestri 1992-ci il dekabrın 3-də yaradılıb.
18 Sentyabr - Milli Musiqi Günü ərəfəsində Müdafiə Nazirliyi Əlahiddə Nümunəvi Hərbi Orkestrinin yaradıcı heyəti ilə görüşdük. Orkestr keçiriləcək bayram konsertinin məşqlərini aparırdı. Solist gizir Aynur İsgəndərli musiqisi Elza İbrahimovanın, sözləri Aslan Abdullayevə məxsus “Ey, Vətən”, musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan “Çırpınırdı Qara dəniz” mahnılarının məşqlərini edirdi...
Öyrənirik ki, gizir Aynur İsgəndərli 10 ildən çoxdur ki, orkestrin solistidir. Hərbi xidmətində şərəfli yaradıcılıq yolu keçib. Eyni zamanda, respublikada beynəlxalq müsabiqələrdə laureat olub. Bir çox xarici ölkələrdə - Riqa şəhərində, Türkiyə Respublikasında və Finlandiyada ölkəmizi uğurla, yüksək nəticələrlə təmsil edərək bayrağımızı ucaldıb. Aynur xanımın ifasında “Çırpınırdı Qara dəniz” mahnısı çox möhtəşəm səslənir və getdiyi bütün ölkələrdə bu mahnı alqışlarla qarşılanır. Repertuarının əsas hissəsini vətənpərvərlik ruhunda yazılan mahnılar təşkil edir. Aynur xanımla söhbətimizin sonunda ona yeni yaradıcılıq uğurları arzuladıq.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr xidmətinin rəisi, Əməkdar İncəsənət xadimi, dosent, polkovnik Rüfət Axundzadə ilə görüşüb rəşadətli Azərbaycan Ordusunun hərbi musiqisinin təbliğində, şəxsi heyətin vətənpərvərlik və döyüş ruhunun yüksəldilməsində qazandıqları nailiyyətlərə görə kollektivi 18 Sentyabr - Milli Musiqi Günü münasibətilə “Azərbaycan Ordusu” qəzetinin oxucuları adından təbrik etdik. Onlara keçdikləri şanlı tarixi yollarında yeni yaradıcılıq uğurları arzuladıq. 
Xidmət rəisi polkovnik R.Axundzadə bu bayramın ölkəmizin və o cümlədən ordumuzun mədəni həyatında mühüm yeri olduğunu söyləyərək musiqimizin xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva etdiyini bildirdi. Milli hərbi musiqimizin inkişafından, keçdiyi şərəfli yolundan danışdı. “Ordu ənənələrində hərbi musiqi və hərbi marşlar böyük əhəmiyyət kəsb edir. Hərbi musiqi, hərbi marşlar cəmiyyətdə, orduda vətənpərvərlik ruhunun və döyüş əzminin aşılanmasında mühüm rol oynayan amillərdəndir. Orduda aparılan mənəvi-psixoloji təbliğatın həlledici həlqəsi hərbi musiqinin üzərinə düşür. Belə ki, aylarla aparılan ciddi mənəvi-psixoloji hazırlıq əsgərləri, obrazlı desək, atəşə hazır bir silaha çevirirsə, hərbi musiqi əzəmətli səslənişi ilə o silahın tətiyini sıxmış olur. Musiqinin əzəmətindən ruhlanıb cuşa gələn döyüşçü nəhəng bir gücə çevrilir. Məhz bu oxunan hərbi musiqinin, hərbi marşın əsl mahiyyətidir”. 
Xidmət rəisi söhbətinə davam edərək onu da bildirdi ki, tarix boyu orduda hərbi musiqini ifa edən kollektivlər olub. “Milli ordu quruculuğu tariximizdə Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda ilk olaraq o dövr üçün müasir və təkmil hərbi orkestr kollektivi yer alıb. 1919-cu ildə Bakıda təşkil olunmuş hərbi paradda Cümhuriyyət Ordusunun qüdrətini onu müşayiət edən hərbi orkestr bütün Şərqə nümayiş etdirmişdi. Bu müsəlman Şərqində ilk müstəqil, demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun hərbi orkestri idi. Cümhuriyyət Ordusunun əsgər və zabitləri milli ordunun, müstəqil Azərbaycan Ordusunun heyəti olduqlarını dərk edir, bununla fəxr edir və böyük qürur hissi ilə şərqilər, marşlar oxuyurdular. Hərbi marşların, hərbi musiqilərin tarixi ta qədimlərə söykənir. Tarixi araşdırmalardan aydın olur ki, hərb ənənəsində musiqinin rolu nə qədər vacib və əhəmiyyətli olmuşdur. Musiqi döyüşçülərin əhvalına təsir edərək onları şövqləndirməklə yanaşı, praktik əhəmiyyətə malik olub, döyüşün başlanmasını və bitməsini xəbər verib, düşməni ruhdan salmaqla onun sıralarının pozulmasına səbəb olub, hücum və müdafiələri müəyyənləşdirib, müharibə zamanı ordunu istiqamətləndirib. Savaşlarda bayraqlar nə qədər müqəddəs olub qorunubsa, hərbi musiqiçi də dövlət varlığı və müstəqilliyinin təcəssümünə çevrilərək elə müqəddəs olub”. 
Polkovnik R.Axundzadə dünya şöhrətli mədəniyyət abidələrindən biri sayılan “Dədə Qorqud” dastanlarında qəhrəman oğuz türklərinin hərb musiqi ənənəsi haqqında geniş məlumatların olduğunu vurğuladı. “Qəhrəman oğuz türkləri ölüm-dirim savaşlarından əvvəl təntənəli, döyüş, qələbə əzmini gücləndirən musiqilər ifa edir, ərləri, ərənləri böyük hücumlara ruhlandırırdılar. Hərbi mahnıların, marşların ifasında boru, nağara, davul və digər musiqi alətləri iştirak edirdi. Bu musiqi alətləri uzun illər boyu döyüş meydanlarında hərbi mahnıların və marşların səslənməsində istifadə olunun əsas, aparıcı alətlər rolunu oynayıb. Orta əsrlərdə də davul və boruların hərbi musiqi alətləri kimi savaş meydanlarında geniş istifadəsi tarixi mənbələrdən bizə məlumdur. Sonradan unudulmuş boru alətinin nadir izləri şifahi xalq ədəbiyyatımızın aşıq yaradıcılığında, məsələn, “Koroğlu borusu” nümunəsində bu günümüzə kimi gəlib çıxmışdır. Çünki kökünü “Dədə Qorqud” dastanlarından götürən ozan-aşıq yaradıcılığı vətənpərvərlik, milli mənlik, mübarizə, igidlik, məğrurluq hissləri ilə zəngin olub, xalqda mübarizə ruhunun, milli şüurun, qələbə əzminin formalaşmasına xidmət edirdi. Cəngi, Misri qəhrəmanlıq havaları ilə xalqı şövqləndirən aşıq və öz sərt səslənişi ilə döyüş musiqisinin əhval-ruhiyyəsini yaradan zurnaçı dinc, sülh zamanında da bu mübariz ruhu, Vətən sevgisini sönməyə qoymur, onu daima bəsləyib qoruyur”. 
Qürurla qeyd etmək istəyirəm ki, ordumuzun musiqi mədəniyyətini yaşadan Əlahiddə Nümunəvi Hərbi Orkestrinin keçdiyi uzun illik yorulmaz fəaliyyətini bir yazıya sığdırmaq çox çətindir. Hərbi Orkestrin kollektivi bir çox ölkələrdə Pakistan, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanda dövlət tədbirlərində iştirak edərək nümunəvi çıxışları ilə alqışlarla qarşılanıb.
Götürdüyümüz zəngin faktlar ondan xəbər verir ki, bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji ruhunun yüksəldilməsində mühüm rol oynayan xalqımızın hərbi musiqi ənənəsi, mədəniyyəti şanlı hərb tariximizdə böyük sevgi hissi ilə qorunub yaşadılır. Hazırda Avropa hərbi musiqi mədəniyyəti də məhz bu təcrübə bazasında formalaşıb. Mehtərin təsir gücü avropalılar tərəfindən yüksək qiymətləndirilib, nümunə kimi qəbul edilərək müxtəlif Avropa ölkələrində hərbi musiqi bölmələri yaradılıb. 
Cümhuriyyət Ordusunun tarixi varislik prinsiplərinə əsaslanan müasir ordumuzun Hərbi Orkestri də ənənələri yaşadır və uğurla davam etdirir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra ərazi bütövlüyümüzün, təhlükəsizliyimizin təminatçısı olan milli ordumuzun yaradılmasına başlanıldı. 1992-ci ilin iyulunda Azərbaycan Ordusunda Hərbi Orkestrin yaradıcı kollektivi formalaşaraq fəaliyyətə başladı. Orkestrə rəhbərlik o zaman polkovnik-leytenant Yusif Axunzadəyə tapşırıldı. Məhz o gündən Azərbaycanda hərbi musiqi mədəniyyəti keyfiyyət və mahiyyət etibarilə yeni, professional dönəmə qədəm qoydu. Xalq artisti, professor, general-mayor Yusif Axundzadənin rəhbərliyi ilə Hərbi Orkestr hərbi musiqimizin keşiyində möhkəm dayandı. Hərbi musiqi mədəniyyətimiz on illər ərzində dövlət qayğısı ilə əhatə olunaraq, yüksək inkişaf yolu keçdi. Bu sahədə kadrların hazırlanmasında, yeni repertuarın formalaşmasında, zənginləşməsində əhəmiyyətli işlər həyata keçirildi. Bu gün hərbi musiqimizin qürurverici sədaları dövlət səviyyəli rəsmi tədbirlərdən, ölkəmizdə keçirilən möhtəşəm hərbi paradlardan, idman yarışlarından, mədəni-kütləvi mərasimlərdən eşidilir. Əlamətdar tarixlərdə hərbi musiqilərimizdən, marşlarımızdan ibarət geniş konsert proqramları təşkil olunur. Hərbi musiqilərimiz, marşlarımız ordumuzu yenilməz edir, əzəmətini daha da artırır. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 8 Noyabrında Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Böyük Zəfərinə həsr olunmuş “Qələbə marşı” hərbi musiqi tariximizin şah əsəridir. Hərbi Orkestr Xidmətinin rəisi polkovnik R.Axundzadənin müəllifliyi ilə araya-ərsəyə gələn “Qələbə marşı”nın özəyini təşkil edən Şur muğamının döyüş intonasiyaları rəşadətli ordumuzu, Yallı rəqsi isə vəhdət rəmzi olaraq Müzəffər Ali Baş Komandanın və xalqımızın sarsılmaz birliyini təcəssüm etdirir. “Qələbə marşı”nın sədaları altında qalib ordumuz daima Zəfər yürüşü edəcəkdir. 

Lalə HÜSEYNOVA “Azərbaycan Ordusu”