AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev:
“Azərbaycan xalqı qan tökərək, döyüşərək bu torpaqları azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların canı-qanı bahasına, qəhrəman övladlarımızın fədakarlığı hesabına biz öz ədalətimizi, hüququmuzu və milli ləyaqətimizi bərpa etdik. İşğalçıları torpaqlarımızdan qovduq, Azərbaycan Bayrağını Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində qaldırdıq, separatçılığa son qoyduq. Separatçı liderlər, hərbi cinayətkarlar, uşaq qatilləri bu gün Azərbaycan həbsxanalarında öz cəzalarını çəkirlər. Bu da ədalətin təntənəsidir. Yəni ədalət tam zəfər çalmışdır və Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa etmişdir”.
Tarix elə anlar yaşadır ki, həmin günlər və hadisələr illər, onilliklər keçsə belə xalqın yaddaşından silinmir. Azərbaycan xalqı üçün belə tarixi günlər çoxdur, 1993-cü ilin 15 iyunu kimi, 2016-cı ilin apreli, 2020-ci ilin payızı kimi… 2023-cü ilin 19-20 sentyabr tarixləri də məhz belə yaddaşdan silinməyən günlərdəndir. Həmin gün Azərbaycan Respublikasının dövlət suverenliyi bütün ölkə ərazisində tam bərpa edildi. Doğma yurdumuz olan Qarabağımızda 30 ilə yaxın davam edən işğala və separatizmə son qoyuldu, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütün ərazilərimizdə təmin edildi və üçrəngli, şanlı Dövlət Bayrağımız ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Qarabağımızın hər guşəsində fəxarətlə dalğalanmağa başladı.
Biz bu Zəfəri birdən-birə qazanmadıq. Onun arxasında illərlə davam edən dövlət və ordu quruculuğu prosesi, güclü iqtisadiyyat, düşünülmüş xarici siyasət və ən başlıcası xalqımızın iradəsi dayanırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də məhz bu tarixi yolun mahiyyətini özündə əks etdirirdi. Sərəncamda Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin isə 5-ci ildönümünün qeyd olunması ilə yanaşı, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpa olunması kimi tarixi reallıq nəzərə alındı.
Müasir dövlətçilik tariximizdə Konstitusiyanın özünəməxsus yeri vardır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də hazırlanaraq ümumxalq referendumu ilə qəbul edilən əsas qanun müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun fundamental əsaslarını müəyyənləşdirdi.
1995-ci il iyunun 5-də Ulu Öndərin sədrliyi ilə Konstitusiya komissiyasının ilk iclasından həmin ilin noyabrında keçirilən referendumadək Dahi Lider Heydər Əliyev bu mühüm sənədin hazırlanmasına şəxsən rəhbərlik etdi. Konstitusiyanın müddəalarının geniş ictimai müzakirəyə çıxarılması, xalqın milli-mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin nəzərə alınması onun əsas prinsiplərindən idi.
Əsas qanunun qəbulundan sonra Azərbaycanda qanunvericilik, məhkəmə-hüquq sistemi və dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi. Sonrakı illərdə Konstitusiyaya referendum yolu ilə edilmiş əlavə və dəyişikliklər isə yeni dövrün tələblərinə uyğun olaraq insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə xidmət etdi.
Lakin müstəqilliyin ilk illərində Azərbaycan dövlətinin qarşısında daha ağır və həyati təhlükə dayanırdı. Ölkəmiz Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ərazilərimizin bir hissəsi işğal edilmiş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdü. Şəhər və kəndlərimiz dağıdılaraq viran edilmiş, tarixi və mədəni irsimizə qarşı məqsədyönlü vandalizm siyasəti həyata keçirilmişdi.
Bu ağrılı illərdə Azərbaycan xalqının qarşısında bir məqsəd dayanırdı: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğaldan azad etmək və ərazi bütövlüyümüzü bərpa etmək. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu da prioritet istiqamətə çevrildi.
Məhz həmin dövrdə vahid komandanlıq altında nizami, intizamlı və peşəkar Silahlı Qüvvələrin formalaşdırılması üçün mühüm addımlar atıldı.
Əbədiyaşar Ali Baş Komandanın illər əvvəl söylədiyi “əgər bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, işğal olunmuş torpaqlarımızı azad etməliyik” fikri Azərbaycan xalqının və ordusunun gələcək mübarizə yolunun əsas istiqamətlərindən birinə çevrildi. Bu siyasi kurs sonrakı mərhələdə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev tərəfindən ardıcıl şəkildə uğurla davam etdirildi.
Ölkəmizin iqtisadi qüdrətinin artması, müdafiə sənayesinin inkişafı, ordumuzun ən müasir silah və hərbi texnika ilə təchiz olunması, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması Azərbaycan Ordusunu regionun ən güclü ordularından birinə çevirdi. Vətən müharibəsi isə bütün bu hazırlığın, dövlət-xalq-ordu birliyinin sınağı oldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının çoxəsrlik tarixinin ən parlaq səhifələrindən birini yazdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbçilərimiz misilsiz qəhrəmanlıq və fədakarlıq göstərərək Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Şuşa şəhərini və bir çox yaşayış məntəqələrini işğaldan azad etdilər.
Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən tarixi hadisəyə çevrildi. Üç gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Lakin Vətən müharibəsində əldə olunan Zəfərə baxmayaraq, Azərbaycanın qarşısında daha bir mühüm tarixi vəzifə qalırdı - dövlət suverenliyinin bütün ölkə ərazisində tam bərpası.
2020-ci il 10 noyabr tarixli bəyanatdan sonra Azərbaycan Qarabağda Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin mövcudluğunun aradan qaldırılması, bölgədə sabitliyin təmin olunması və dövlət suverenliyinin tam bərqərar edilməsi istiqamətində ardıcıl addımlar atdı.
Lakin üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Qarabağımızda mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutur, ərazilərimizdə mina terroru törədilir və separatçı rejim fəaliyyətini davam etdirməyə çalışırdı.
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qarşı tərəf beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək öz çirkin əməllərindən əl çəkmədiyindən heç bir müsbət nəticə əldə olunmadı. Əksinə, yeni silah-sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə qarşı mina terroru davam etdirildi.
Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun mövqelərinə qarşı növbəti genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin tərk-silah edilməsi, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bütün ərazilərimizdə bərpa olunması məqsədilə antiterror əməliyyatına başlanıldı.
Azərbaycan Ordusu qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla və çox qısa müddətdə yerinə yetirdi. 24 saatdan az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam qələbəsi ilə başa çatdı. Ermənistan silahlı qüvvələrinin qalıqları, qeyri-qanuni erməni silahlı dəstələri, həmçinin separatçı rejim ordumuzun gücü qarşısında tab gətirməyərək diz çökdü, ağ bayraq qaldıraraq təslim oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarından birində bu tarixi hadisəni qiymətləndirərək qeyd etdi ki, antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi, separatçı rejim süqut etdi və Azərbaycanda erməni separatizminin kökü kəsildi.
Bu, adi hərbi əməliyyat deyildi. Bu, 30 ilə yaxın davam edən işğal və separatizm səhifəsinin bağlanması idi. Bu, doğma yurdlarından didərgin salınmış insanların öz el-obasına qayıdış yolunun açılması idi. Bu, üçrəngli bayrağımızın Qarabağın bütün yaşayış məntəqələrində ucaldılması idi. Bu, təki Vətən yaşasın deyib, düşmənin üzərinə şığıyan, müqəddəs amallar naminə şəhid olan silahdaşlarımızın, soydaşlarımızın qanının yerdə qalmadığının tarixi təsdiqi idi. Bu illər boyu erməni zülmündən əziyyət çəkmiş həmvətənlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasının döyüş meydanında düşməndən alınmasının təsdiqi idi. Bu, dövlətimizin başçısının qətiyyətinin, siyasi iradəsinin, sərkərdəlik məharətinin növbəti dəfə təsdiqi idi. Bu xalq-dövlət-ordu birliyinin, eyni zamanda, ölkəmizin hərbi-iqtisadi qüdrətinin təntənəsi idi. Bu, Azərbaycan dövlətinin, Azərbaycan xalqının, qarşısına qoyulan bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən Azərbaycan Ordusunun qüdrətinin təsdiqi idi. Azərbaycan dövləti, Azərbaycan xalqı və qalib ordumuz düşmənə və onun havadarlarına, sözün əsl mənasında, elə bir dərs verdi ki, bu dərs və dərsin tarixi nəticələri heç vaxt unudulmayacaq, yaddaşlardan silinməyəcək, dərsliklərə salınacaq, əfsanəyə çevriləcək.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 sentyabr 2023-cü il Azərbaycan tarixində 8 Noyabr - Zəfər Günü kimi əbədi yaşayacaq tarixi günlərdəndir. Dövlətimizin başçısı qeyd edib ki, 2023-cü ilin aprelində ərazi bütövlüyümüz tam bərpa edildiyi halda, sentyabrın 20-də dövlət suverenliyimiz tam bərpa edildi. Bu iki tarixi hadisə bir-birini tamamlayırdı. 8 noyabr tarixi işğalın hərbi yolla məğlub edildiyi gün idisə, 20 sentyabr tarixi Azərbaycanın öz ərazisində dövlət suverenliyini tam təmin etdiyi gün oldu.
Antiterror əməliyyatının sürəti və nəticəsi Azərbaycan Ordusunun hazırlıq səviyyəsinin mühüm göstəricilərindən biri oldu. Prezident İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, sentyabr hadisələrinə hazırlıq əvvəlcədən aparılmışdı və strateji yüksəkliklərin nəzarətə götürülməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində sentyabrın 19-20-də qarşıya qoyulan məqsədlərə çatmaq üçün cəmi bir neçə saat kifayət etdi. Bu uğurun arxasında illərlə davam edən ordu quruculuğu prosesi, hərbi təlimlər və dövlət siyasəti dayanırdı. Azərbaycan əsgəri döyüş meydanında yalnız silahın gücünü deyil, Vətən sevgisinin, peşəkarlığın və yüksək mənəvi-psixoloji hazırlığın gücünü də nümayiş etdirdi.
Əməliyyatın nəticəsi isə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək, eyni zamanda, qorumaq əzmindədir və bu iradənin arxasında güclü dövlət, iradəli xalq və qüdrətli ordu dayanır.
Qazandığımız Zəfərin ən böyük mənası isə bu gün daha aydın görünür. Bir vaxtlar işğal altında olan torpaqlarımızda bu gün Azərbaycan bayrağı dalğalanır. Dağıdılmış şəhərlər yenidən qurulur, kəndlər bərpa edilir, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Qarabağın hər qarışında həyat yenidən canlanır. El-obalarımızdan toy-bayram səsləri eşidilir. Qarabağ İqtisadi Zonası artıq mühüm rəsmi mərasimlərin, dövlət və beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib.
Dövlət suverenliyinin bərpası ilə Azərbaycan tarixində yeni mərhələnin əsası qoyuldu. Bu gün dövlətimizin və Azərbaycan Ordusunun qarşısında dayanan vəzifə isə yalnız 2020-2023-cü illərdə torpaqlarımızın işğaldan azad edilməsi naminə keçirilən hərbi əməliyyatlarda əldə edilmiş Zəfərin nəticələrinin qorunmasından ibarət deyil. Müasir çağırışlara cavab verən, yüksək döyüş hazırlığına malik, ən müasir silah sistemləri ilə təchiz olunmuş, peşəkar ordunun inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən və ordumuzun vəzifələrindən biri olaraq qalır. Çünki sülhün və sabitliyin etibarlı təminatı dövlətin iqtisadi və müdafiə qüdrətinin yüksək olmasından keçir. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqının öz gücü, iradəsi, Vətən torpağına bağlılığı, Azərbaycan əsgərinin şücaəti və xalqımızın birliyi Zəfərin əsas mənbələrindən oldu.
Bu gün Zəfər tariximizdə əməyi olan insanları xatırlayarkən qəlbimizdə həm qürur, həm də dərin ehtiram hissi var. Vətən uğrunda canından keçən şəhidlərimizin hər biri torpaqlarımızın azad olunması prosesinin canlı və əbədi salnaməsidir. Onların adı Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, göstərdikləri şücaət isə gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaqdır. Bu gün azad Qarabağımızın səmasında dalğalanan üçrəngli bayrağımız qəhrəmanlığın ən böyük rəmzidir. Azərbaycan Ordusu bu bayrağın ucalığını, daim qürurla dalğalanmasını qoruyan qüvvə, dövlətimizin təhlükəsizliyinin, silahlı müdafiəsinin və suverenliyinin qarantıdır.
Dövlət Suverenliyi Günün mübarək olsun, əziz xalqım! Şəhidlərimizi və döyüşlərdə yaralanaraq sağlamlığını itirmiş silahdaşlarımızı hörmətlə anır, xatirələrini əziz tutur və onları unutmadığımızı dilə gətirərək deyirik ki, bizə qələbə sevincini bəxş edən qalib ordum, zəfərlərin daim olsun! Əminik ki, bu tarixi Zəfərlərin memarı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə bundan sonra da daha böyük nailiyyətlərə imza atacağıq.
Elçin İMANOV “Azərbaycan Ordusu”
* * *
Təqvimin elə mötəbər günləri olur ki, onun mahiyyəti yalnız bir tarixlə məhdudlaşmır. Belə günlər bir xalqın və dövlətin müqəddəratında dönüş nöqtəsinə çevrilir, illər boyu davam edən haqq mübarizəsinin məntiqi nəticəsini özündə əks etdirir, xalqın yaddaşında isə milli qürurun rəmzi, ləyaqətin simvolu kimi yaşayır. Azərbaycan üçün 20 sentyabr da məhz belə tarixi günlərdəndir.
2020-ci ilin payızında Azərbaycan Ordusunun XXI əsrin haqq savaşı ilə qazandığı Böyük Zəfər əzəli və bundan sonra əbədi torpaqlarımızın böyük hissəsinin işğaldan azad edilməsi ilə tarixi ədaləti bərpa etdi. Bütün dünyada yaşayan soydaşlarımızın nümayiş etdirdiyi milli birlikdən və mənəvi dəstəkdən güc alan Azərbaycan əsgəri döyüş meydanında düşmənə çoxdan layiq olduğu dərsi verdi. Darmadağın olan düşmən üçtərəfli Bəyanatla tarixi ərazilərimizdən qeyd-şərtsiz çıxmağı üzərinə götürdü. Amma gün keçdikcə Ermənistan nəinki üzərinə düşən öhdəlikləri yerinə yetirdi, əksinə təxribatlarına davam etməklə müvəqqəti mövqelərindən qanlı toqquşmalara yol açırdı. Azərbaycan tərəfi dəfələrlə bildirdi ki, bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq, labüd gedişata görə bütün məsuliyyət məhz Ermənistan tərəfinin üzərinə düşəcək.
Belə olan təqdirdə isə ordu qarşısında hələ tamamlanmalı olan növbəti mühüm bir tarixi, müqəddəs missiya vardı: - bütün bu haqsızlığa son qoymaq. Qarabağ iqtisadi rayonunun bir hissəsində Ermənistan silahlı qüvvələrinin qalıqları, qeyri-qanuni erməni silahlı dəstələri və separatçı rejim öz məkrli fəaliyyətini davam etdirir, Azərbaycanın konstitusiya quruluşuna və ərazi bütövlüyünə qarşı təhdidini davam etdirməklə təhlükə yaradırdı. Ermənistanın öz imzaladığı bəyanata dırnaqarası yanaşması və qeyri-adekvat əməllərini davam etdirməsi qeyri-qanuni erməni silahlı birləşmələrinin və separatçı qüvvələrin sonunu yaxınlaşdıran son savaşı getdikcə labüdləşdirirdi.
19 sentyabr 2023-cü il...
Həmin gün Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alınması, onların tərk-silah edilərək ərazilərimizdən çıxarılması və təhlükəsizliyin təmin olunması məqsədilə Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatına başlanıldı. Bu, təsadüfi və qəfil qərar deyildi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin olunması istiqamətində illərlə aparılan mübarizənin məntiqi və həlledici mərhələsi idi. 44 günlük Vətən müharibəsi ilə işğal faktına zatən son qoyulmuşdu. 2023-cü ilin sentyabrında baş verən savaş ilə Azərbaycanın dövlət suverenliyinə tam şəkildə nəzarət etməsinə mane olan sonuncu təhlükə aradan qaldırıldı.
Azərbaycan Ordusunun qarşısında duran əsas vəzifə aydın idi: Ermənistan silahlı qüvvələrinin qalıqlarını və qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirmək, ərazilərimizi separatçı qruplardan təmizləmək və Azərbaycanın konstitusiya quruluşunun bərpasını təmin etmək. Əməliyyatın gedişi bir daha Azərbaycan Ordusunun müasir döyüş imkanlarını, yüksək peşəkarlığını, idarəetmə və koordinasiya qabiliyyətini nümayiş etdirdi. Müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti, dəqiq zərbələr və əməliyyatın məqsədyönlü şəkildə aparılması qarşıya qoyulan vəzifələrin qısa müddətdə yerinə yetirilməsinə imkan verdi. Burada diqqətçəkən mühüm məqamlardan biri də əməliyyatın aparılması üsulu idi. Azərbaycan Ordusu qarşıya qoyulan hərbi məqsədlərə nail olmaqla yanaşı, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsinə, mülki infrastrukturun qorunmasına da xüsusi diqqət yetirdi. Hərbi əməliyyatların konkret legitim hərbi hədəflərə yönəldilməsi və dəqiq idarə olunması Azərbaycan tərəfinin məsuliyyətli mövqeyinin göstəricisi idi.
Bir gündən də az müddətdə davam edən antiterror əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları, qeyri-qanuni erməni silahlı dəstələri və separatçı qüvvələr bir daha darmadağın edilərək təslim olmağa məcbur edildi. 20 sentyabr 2023-cü ildə əldə edilən razılaşma ilə ölkəmizin ərazisində olan qeyri-qanuni silahlı birləşmələrin silahı yerə qoyması və tərk-silah olunması prosesi başladı. Beləliklə, Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyinin bərpası təmin edildi. Belə ki, 20 sentyabr Azərbaycanın dövlət müstəqilliyi tarixində yeni mərhələnin başlanğıcıdır. Çünki dövlətin suverenliyi onun ərazisinin xəritədə mövcudluğu ilə bitmir. Suverenlik dövlət hakimiyyətinin ölkənin bütün ərazisində təmin olunması, Konstitusiyanın quruluşunun və qanunların aliliyinin bütün ölkədə tətbiq edilməsi, dövlət sərhədlərinin və milli təhlükəsizliyin etibarlı şəkildə qorunması deməkdir. 19 sentyabrda başlayan antiterror əməliyyatı 20 sentyabrda Azərbaycan ərazilərində dövlət suverenliyinin tam bərpası ilə nəticələndi.
Azərbaycan xalqı bu həqiqətə gedən yolun əziyyətini uzun illər işğalın ağır nəticələri fonunda yaşadı. Torpaqlarımızın işğal altında olduğu dövrdə yüz minlərlə insan öz doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə ciddi ziyan vuruldu. Buna görə də 2020-ci ildən başlayaraq şanlı Azərbaycan Ordusunun qazandığı zəfərlər yalnız hərbi müstəvidə qələbə deyil, həm də tarixi ədalətin bərpası idi. Bu səbəbdən 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi xüsusi tarixi məna daşıyır. Bu gün Azərbaycan xalqının dövlətçilik iradəsinin, ərazi bütövlüyünün və suverenliyinin rəmzinə çevrilib.
Suverenliyin bərpası ilə qarşıda yeni vəzifələr yarandı. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, insanların doğma yurdlarına qayıdışı, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin dirçəldilməsi bu tarixi prosesin növbəti mərhələsinə çevrildi. Bu gün azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri bir həqiqəti göstərir: hərbi qələbə yalnız döyüş meydanında əldə olunan nəticə deyil. Əsl Zəfər azad edilmiş torpaqlarda həyatın yenidən canlanması, insanların öz doğma yurdlarına qayıtması və həmin ərazilərin Azərbaycanın iqtisadi, sosial və mədəni həyatına yenidən inteqrasiyası ilə tamamlanır. Bir zamanlar işğal səbəbindən yaşayışın mümkün olmadığı ərazilərdə bu gün yeni yollar, hava limanları, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri inşa edilir. Keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıdırlar.
20 sentyabr həm də gələcək nəsillər üçün mühüm bir dövlətçilik və vətənpərvərlik dərsidir. Tarixin səhifələri çevrildikcə 20 sentyabrın əhəmiyyətini gələcək nəsillər daha aydın görəcəkdir. Çünki bəzi tarixi günlər yalnız keçmişi xatırlatmır, firavan gələcəyə də təminat verən prosesin dönüş nöqtəsi olur. Bu tarix göstərdi ki, dövlətin ərazi bütövlüyü və suverenliyi yalnız siyasi sənədlərlə deyil, güclü dövlətçilik, inkişafı təmin olunan möhkəm-dayanıqlı iqtisadiyyat, milli birlik və qüdrətli ordu ilə təmin edilir.
Bu gün Azərbaycan əsgəri azad edilmiş torpaqlarımızda dövlət bayrağının və Vətənin keşiyini çəkir. Dünən döyüş meydanında qələbə qazanan əsgər bu gün sülhün, sabitliyin və quruculuğun keşiyində dayanır. 20 Sentyabr Azərbaycan dövlətçiliyinin gücünü, xalqımızın iradəsini və ordumuzun qüdrətini özündə birləşdirən tarixi bir gündür. Bu gün həm keçmişə ehtiram, həm bu günə qürur, həm də gələcəyə əminlik ifadəsidir.
Fuad CƏFƏROV “Azərbaycan Ordusu”