AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Hərb Tarixi Muzeyində “1918 - Bakının zəfər salnaməsi” mövzusunda tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin kursantları, ictimaiyyətin nümayəndələri və digər qonaqlar iştirak etdilər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə çıxış edən Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Elşad Pənahov 1918-ci ilin Azərbaycanın dövlətçilik və hərb tarixində xüsusi yer tutduğunu bildirdi. O qeyd etdi ki, həmin dövrdə Azərbaycan Xalq Cümhuriyyəti olduqca mürəkkəb hərbi-siyasi şəraitlə üz-üzə qalmışdı. Cümhuriyyət elan edilərkən Bakı şəhəri və ətraf ərazilər müxtəlif siyasi və hərbi qüvvələrin nəzarətində idi. Gəncə isə müvəqqəti paytaxt kimi fəaliyyət göstərirdi.
Muzey rəisi, eyni zamanda, vurğuladı ki, belə ağır şəraitdə Bakının azad edilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Azərbaycan hökumətinin Osmanlı dövlətindən hərbi yardım istəməsindən sonra türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri əsasında Qafqaz İslam Ordusu yaradılmışdı. Ordunun komandanı Nuru paşa, Azərbaycan hərbi qüvvələrinin görkəmli nümayəndəsi Əlağa Şıxlinski isə onun fəaliyyətində mühüm rol oynayan sərkərdələrdən biri idi.
Ehtiyatda olan polkovnik Elşad Pənahov çıxışında onu da qeyd etdi ki, Bakının azadlığı bir gündə qazanılan qələbə deyildi. 1918-ci ilin yay aylarından etibarən Göyçay istiqamətində başlayan döyüşlər davam etdirilib, Bakı ətrafında mövqelər uğrunda ağır mübarizə gedib. Avqustun 5-də şəhər istiqamətində ilk böyük hücum nəticə verməsə də, Qafqaz İslam Ordusu və Azərbaycan milli hərbi qüvvələri mübarizəni davam etdiriblər.
Tədbirdə çıxış edən Bakı Hərbi Kollecinin nümayəndəsi Abuzər Mahmudov 15 sentyabr 1918-ci il tarixinin Azərbaycan xalqının yaddaşında xüsusi yer tutduğunu bildirdi. A.Mahmudov bildirdi ki, həmin gün Qafqaz İslam Ordusu və Azərbaycan milli hərbi qüvvələrinin birgə mübarizəsi nəticəsində Bakı azad edilib. Bu qələbə Azərbaycan Xalq Cümhuriyyətinin paytaxta nəzarəti təmin etməklə yanaşı, gənc dövlətin siyasi və hərbi mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb.
Digər natiq Zəvatə Orucəliyeva diqqətə çatdırdı ki, Bakı uğrunda döyüşlərdə Azərbaycan və Türkiyədən olan hərbçilərlə yanaşı, çoxsaylı azərbaycanlı könüllülər də iştirak ediblər.
Daha sonra o, 1918-ci il hadisələrinin yalnız keçmişin bir səhifəsi olmadığını, həm də Azərbaycan-Türkiyə qardaşlığının tarixində mühüm yer tutduğu vurğuladı.
Çıxışların sonunda bildirildi ki, hərb tariximizin belə şanlı səhifələrinin öyrənilməsi gənc nəslin milli yaddaşının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən mahnılar səsləndirdilər.
Hüsniyyə NƏSİROVA
“Azərbaycan Ordusu”