Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2026 15:53

Heydər Əliyev adına Hərbi İnstitutun kursantlarının andiçmə mərasimi keçirildi

Sentyabrın 12- də Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstituta yeni qəbul olunmuş kursantların təntənəli andiçmə mərasimi keçirildi. Keçirilən tədbirdə Hərbi İnstitutun rəhbərliyi və şəxsi heyəti, professor-müəllim heyəti, şəhid ailələri, valideynlər, eləcə də digər qonaqlar iştirak etdilər.
Mərasimdə əvvəlcə Heydər Əliyev adına Hərbi İnstitutun rektoruna gənc kursantların andiçmə mərasiminə hazır olmaları barədə məruzə edildi. Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümüdvar Quliyev kursantları salamladıqdan sonra tədbirin proqramı mərasim iştirakçılarının diqqətinə çatdırıldı.
Hərbi orkestrin müşayiəti ilə institutun Döyüş bayrağı təntənəli surətdə mərasimin keçirildiyi sıra meydanına gətirildi. Daha sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Dövlət Himni başa çatdıqdan sonra gənc kursantlar hərbi orkestrin baraban ifası ilə addımlayaraq onlar üçün təyin olunmuş masaların yanında öz yerlərini tutdular. Ritmə əsasən yarımsağa və yarımsola dönən kursantlar bir əli ilə silahını, digər əli ilə silahdaşını tutaraq, Hərbi Andı qəbul etdi. Şəxsi heyətin Hərbi Andı qəbul etməsinin başa çatması ilə bağlı institut rektoruna məruzə edildi. 
Andiçmə başa çatdıqdan sonra gənc kursantlar komandirin müvafiq komandası ilə öz yerlərinə qayıtdılar. 
Andiçmə mərasimi Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümüdvar Quliyevin çıxışı ilə davam etdi: “Çox hörmətli şəhid ailələri, valideynlər, cənab zabitlər, müəllimlər və əziz kursantlarımız! Bu gün Hərbi Andı qəbul etmiş kursantlarımızı ürəkdən təbrik edirəm. Gələcək xidməti fəaliyyətinizdə hər birinizə uğurlar arzu edirəm. Əminəm ki, bir az əvvəl burada qəbul etdiyiniz Hərbi Andın hər bir kəlməsini, hər bir sətrini hər zaman uca tutacaq, vətəndaşlıq və övladlıq borcunuzu ödəyərkən bu sözləri özünüz üçün əsas amal biləcəksiniz. Başınızın üzərində daim uca tutacağınız bu Hərbi And şəhidlərimizin qəhrəmanlıq, döyüşlərdə yaralanmış silahdaşlarımızın fədakarlığı və valideynlərimizin qürur misralarından ibarətdir. Siz hər zaman Vətənə sədaqətlə xidmət edəcəyinizin andını içdiniz. Sizin sıralarınızda gələcəkdə ali rütbələrə və rəhbər vəzifələrə təyin olunacaq şəxslər olacaq. Dəyərli kursantlar, qısa zaman kəsiyində də olsa bir çox məsuliyyəti, hərb sahəsinin incəliklərini artıq dərk etmisiniz. Və bunu qarşıdakı xidmət illərində də layiqincə davam etdirməlisiniz. Çünki sizin burada öyrəndikləriniz, qazandıqlarınız gələcəkdəki xidmətinizə və fəaliyyətinizə öz müsbət təsirini göstərəcəkdir. Gələcəkdə təlimlərdə, dərslərdə və digər xidməti fəaliyyətlərdə qarşınıza çıxa biləcək çətinliklər sizi durdurmayacaq, əksinə, sizi daha da iradəli, tələbkar və peşəkar edəcəkdir.  İnanın ki, bu gün burada olan bütün valideynlərimiz, hər bir azərbaycanlı sizinlə fəxr edir, qürur duyur və sizə çox böyük etimad bəsləyir. Çünki bu gün Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tamdır. Ölkəmizin hər bölgəsində, sərhədlərində üçrəngli şanlı bayrağımız dalğalanır. Bu bayrağın daim zirvələrdə dalğalanması üçün bizim qəhrəman şəhidlərimiz öz canından, yaralılarımız öz sağlamlıqlarından keçiblər. Sizin üzərinizə düşən əsas vəzifələrdən biri isə dövlət bayrağımızı layiqincə yüksəklərdə daşımaqdır, xalqa layiqincə xidmət etməkdir. Bunu heç zaman unutmayın.
Bu gün Azərbaycan Ordusunda hərbi təhsil qabaqcıl ölkələrin təcrübəsini öyrənilməklə tədris edilir. Sizlərin sırasından dünyanın nüfuzlu hərbi təhsil mərkəzlərində təhsil almaq imkanı qazananlar olacaq. Heç bir zaman unutmayın ki, siz təkcə özünüzü deyil, xalqınızı, dövlətinizi, ailənizi, elinizi-obanızı digər ölkələrdə təmsil edəcəksiniz. Bunun üçün də hər işi layiqincə görməlisiniz, özünüzü daim təkmilləşdirməli, bu sahənin incəliklərini dərindən mənimsəməlisiniz. Sonda bir daha hər birinizi təbrik edir, gələcək xidmətinizdə və həyatınızda müvəffəqiyyətlər arzu edirəm”.
Daha sonra Hərbi Andı yeni qəbul etmiş kursant Nicat Zərbəliyev çıxış etdi: “Cənab general-mayor, cənab zabitlər, hörmətli müəllimlər, əziz valideynlər və kursant yoldaşlarım! Hamınızı salamlayıram. Ulu Öndər Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutda təhsil almaq, hərb işinin incəliklərini öyrənmək və şəhidlərimizin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanın ərazi bütövlüyünü qorumaq peşəsinə sahib olmaq bizlər üçün bir fəxrdir. Bu gün mən və kursant yoldaşlarım babalarımızın bizə yadigar qoyduğu torpaqları qorumaq, tarix boyu öz mübarizliyi və döyüşkənliyi ilə fərqlənmiş xalqın təhlükəsizliyini təmin etmək, Ulu Öndərin bizlərə əmanət etdiyi müstəqil Azərbaycanı yaşatmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu müqəddəs təhsil ocağında daim öz üzərimizdə çalışacağımıza, müasir hərb sənətini öyrənəcəyimizə və fiziki gücümüzü bu illər ərzində daha da inkişaf etdirəcəyimizə komandir və valideynlərimiz qarşısında söz veririk. Bu gün regionun əsas gücünə çevrilmiş Azərbaycan Ordusunda xidmətimizlə fəxr edirik. Diqqətinizə görə minnətdaram”.
Hərbi Andı yeni qəbul etmiş qadın kursant Simuzər Allahverdiyevanın çıxışı da yaddaqalan oldu: “Hörmətli komandirlər, dəyərli müəllimlər, əziz qonaqlar və kursant yoldaşlarım! Bu gün biz gənc kursantların həyatında ən əlamətdar günlərdən biridir. Mən də bir kursant olaraq Vətən qarşısında and içməkdən qürur duyuram. Amma unutmayaq ki, bu andın müqəddəsliyi şəhidlərimizin qanı ilə möhkəmlənib. Əcdadlarımızın bizə miras qoyduğu bu and bizim üçün yalnız hərbi xidmətin başlanğıcı deyil, həm də xalqımıza, torpaqlarımıza sədaqətimizin rəmzidir. Bu gün Azərbaycan qadını olaraq, müqəddəs Hərbi And içirik. Bu and yalnız söz deyil, bu and bizim qanımız, canımız, nəfəsimiz və varlığımızdır. Biz bu formanı geyinərkən təkcə özümüzü yox, min illərin qəhrəman Azərbaycan qadınını təmsil edirik. Biz də onlar kimi hər zaman ordumuzun şərəfini uca tutacağıq. Hörmətli tədbir iştirakçıları! Azərbaycan Ordusunun qurucusu Ümummilli Lider Heydər Əliyev olmuşdur. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlməsi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Mən və kursant yoldaşlarım fəxr edirik ki, güclü Azərbaycan Ordusunda xidmət edəcəyik.
Əziz valideynlər, bu gün sizin də gününüzdür. Çünki, övladlarınız Vətənin keşiyində dayanmağa hazır olduğunu nümayiş etdirir. Biz, gənc kursantlar daim Vətənə sədaqətlə xidmət edəcək, Azərbaycan qadınının gücünü, cəsarətini və şərəfini layiqincə göstərəcəyik”.
Gənc kursantların çıxışı başa çatdıqdan sonra şəhid ailələri adından çıxış üçün söz İkinci Qarabağ müharibəsi şəhidi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Pərviz Ələsgərovun həyat yoldaşı Mətanət Ələsgərovaya verildi: “Əvvəlcə hər kəsi salamlayıram. Mən burada şəhid həyat yoldaşı ilə yanaşı, Hərbi Andı yeni qəbul etmiş kursant və gələcəkdə atası qədər şərəflə, ləyaqətlə Vətəninə xidmət edəcək Ələsgərov Eşqinin anası olaraq çıxış edirəm. Atalarımız əsrlər boyu Vətən uğrunda, xalq uğrunda düşmənə qarşı mübarizələr aparmışlar. Mübarizələr və müharibələr məlumdur ki, itkisiz olmur. Çünki uğrunda ölən varsa, Vətən var. Bu mübarizələrdən biri də 27 sentyabr 2020-ci ildə oldu. 44 günlük Vətən müharibəsində, haqq savaşımızda minlərlə şəhidimiz, yaralımız oldu. 30 ilə yaxın işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün öz canını və qanını əsirgəməyən oğullarımız sayəsində ədalət bərpa edildi. Məhz bu haqq savaşımızın şəhidlərindən biri də həyat yoldaşım və kursant övladımın atası kiçik çavuş Pərviz Ələsgərov olub. O, Kəlbəcər istiqamətində Murov yüksəkliyində gedən döyüşlərdə iştirak edib. Elə müharibənin ilk günündə, həm də doğum günündə haqq savaşına yollandı. Qəhrəmancasına şəhid oldu, Daşkəsən Şəhidlər xiyabanında dəfn edildi. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Pərviz Ələsgərov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub. Bu günə qədər çox tədbirlərdə şəhid həyat yoldaşı olaraq çıxış etmişəm, amma heç bu qədər hüznlü, eyni zamanda, qürurlu olmamışam. Çünki bizim övladımız öz atasının yolunu davam etdirmək üçün bu gün and içənlərin sırasındadır. Oğlumun öz arzusu idi, qarşısına məqsəd qoymuşdu ki, atasının vətənpərvərlik ənənəsini uğurla davam etdirsin. Bu gün buradan oğluma və Eşqinin timsalında bütün kursant övladlarıma səslənirəm: “Sizinlə fəxr edirəm”. Bu sırada olmağı çox adam istəyir, lakin bu qalib ordunun hərbi mundirini geyinmək hər kəsə qismət olmur. Əziz oğlum, sənə bu şərəfli xidmətdə atan qədər vətənpərvər, cəsur olmağı arzu edirəm. Gələcəkdə ölkəni daha da layiqli təmsil edəsən, Vətənini layiqincə qoruyasan. Bu gün bir daha əmin oldum ki, nə qədər ki, Vətənini sevən, ömrünü ona həsr edən gənclərimiz var, ordumuz bir o qədər də güclüdür. Bu gün hər birinizi gənc kursant olaraq, təbrik edirik, 5 il sonra zabit olaraq burada sizləri təbrik etmək ümidi ilə. Hər birinizin müqəddəs amal uğrunda başlatdığı bu yol uğurlu və layiqli olsun. Diqqətinizə görə çox sağ olun”.
Gənc kursantların valideynləri adından çıxış edən Tacəddin Babayev qonaqları salamladı və oğlunun timsalında bu şərəfli yolu seçən Hərbi Andı yeni qəbul etmiş gələcək zabitlərə müvəffəqiyyətlər arzuladı: “Kursant Babayev Cavidanın atası olaraq hər kəsi salamlayıram və gələcəyin zabitinin valideyni kimi, mən də bu gün qürur duyuram. Mənim övladım və övladımın timsalında bütün kursantları bu əlamətdar və yaddaqalan gün münasibətilə təbrik edirəm. Çıxdığınız ən şərəfli və müqəddəs yolda hər birinizə uğurlar arzu edirəm. Dəyərli kursantlarımız, siz bu gün elə bir institutda təhsil alırsınız ki, bu institut ordumuzun qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adını daşıyır. Sizin dayandığınız sıralardan yüzlərlə qəhrəmanlar, generallar çıxıb. Hər birinizə sələflərinizin adına və qəhrəmanlığına layiq xidmət arzu edirəm. Öz şərəfli xidmətlərinizlə valideynlərinizə hər zaman başucalığı gətirəsiniz”.
Çıxışlar başa çatdıqdan sonra andiçmə ilə bərabər, doğum günü olan kursantlar Nəsir Əliyev, Altun Əlizadə və Murad Alıyev Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyi tərəfindən mükafatlandırıldı.
Mərasimin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi baş tutdu.

Fuad CƏFƏROV

“Azərbaycan Ordusu”