AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hər il sentyabrın 15-də Azərbaycanda Bilik Günü qeyd olunur və təhsil müəssisələrində yeni dərs ili başlayır. Bu tarix ölkənin təhsil həyatında mühüm yer tutur. Təhsil həm də insanın bilik və bacarıqlarının formalaşdığı, dünyagörüşünün genişləndiyi və gələcək fəaliyyətinə hazırlaşdığı mühüm mərhələdir.
15 sentyabrın Bilik Günü kimi təsis edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə müəyyənləşdirilib. Həmin Fərmana əsasən, sentyabrın 15-i Bilik Günü elan olunub və bütün təhsil müəssisələrində dərslərin həmin gündə başlanması müəyyən edilib. Bununla yeni tədris ilinin başlanması vahid tarixdə təsbit olunub. Ötən illər ərzində Azərbaycanda təhsil sisteminin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Yeni təhsil müəssisələrinin yaradılması, mövcud təhsil ocaqlarının inkişaf etdirilməsi, tədrisin məzmununun müasir tələblərə uyğunlaşdırılması və peşəkar kadr hazırlığının gücləndirilməsi bu prosesin əsas istiqamətlərindəndir. Təhsilə göstərilən diqqət ölkənin gələcək inkişafı üçün zəruri olan insan kapitalının formalaşdırılmasına yönələn dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində təhsil və peşəkar kadr hazırlığı xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma yalnız ümumi və ali təhsil sahəsində deyil, hərbi təhsil sistemində də özünü göstərir. Çünki müasir ordunun gücü yalnız texniki imkanlarla deyil, həmin imkanlardan düzgün istifadə edə bilən, yüksək hazırlığa və peşəkarlığa malik hərbi qulluqçularla da müəyyən olunur. Hərbi xidmət xüsusi bilik, bacarıq və məsuliyyət tələb edir. Hərbi qulluqçu nəzəri hazırlığa yiyələnməklə yanaşı, əldə etdiyi bilikləri praktiki fəaliyyətində tətbiq etməyi, müxtəlif şəraitlərdə düzgün qərar qəbul etməyi, müasir silah və texnologiyalardan istifadə etməyi bacarmalıdır. Buna görə də hərbi təhsilin inkişafı Azərbaycan Ordusunun peşəkar kadr potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.
Azərbaycanda milli hərbi təhsilin inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri xüsusi yer tutur. Hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasının gələcəkdə müstəqil Azərbaycan üçün mühüm əhəmiyyət daşıyacağını nəzərə alan müdrik və uzaqgörən Dahi Rəhbərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. Həmin təhsil ocağı azərbaycanlı gənclərin hərbi peşəyə hazırlanması və milli zabit kadrlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyırdı. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil alması üçün də imkanlar genişləndirildi.
C.Naxçıvanski adına Hərbi Lisey sonrakı illərdə də milli hərbi təhsil sisteminin mühüm təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirdi. 24 noyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəb Cəmşid Naxçıvanski adına Hərbi Lisey adlandırılmışdır. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə də liseyin fəaliyyətinə xüsusi diqqət göstərirdi. Liseyin məzunları Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında və inkişafında mühüm rol oynayıblar. Müstəqillik illərində milli hərbi təhsil sisteminin inkişafı davam etdirildi. Yeni hərbi təhsil müəssisələrinin yaradılması, mövcud təhsil ocaqlarının maddi-texniki bazasının və tədris imkanlarının gücləndirilməsi, hərbi kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atıldı. Bu proses Azərbaycan Ordusunun peşəkar kadr potensialının formalaşdırılmasında mühüm rol oynadı.
Bu istiqamətdə mühüm addımlardan biri Prezident İlham Əliyevin 5 mart 2022-ci il tarixli müvafiq Fərmanı ilə Milli Müdafiə Universitetinin yaradılması oldu. Bununla hərbi təhsil müəssisələrinin fəaliyyətinin daha sistemli şəkildə təşkili və müxtəlif səviyyələr üzrə hərbi kadr hazırlığının vahid struktur daxilində əlaqələndirilməsi üçün yeni imkanlar yaradıldı. Hazırda Milli Müdafiə Universitetinin strukturunda müxtəlif təhsil pillələrini əhatə edən hərbi təhsil müəssisələri fəaliyyət göstərir. Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərdə orta təhsil səviyyəsində, Hərbi kolleclərdə subbakalavr səviyyəsində, Heydər Əliyev adına Hərbi İnstitutda isə ali hərbi təhsil səviyyəsində kadr hazırlığı həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü təhsil siyasəti və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdiyi diqqət və qayğı ölkədə təhsilin inkişafına verilən yüksək önəmin aydın ifadəsidir.
Hərbi təhsilin müasir tələblərə uyğun inkişaf etdirilməsi yalnız tədris prosesinin təşkili ilə məhdudlaşmır. Burada elmi fəaliyyət, müasir texnologiyaların öyrənilməsi, idarəetmə bacarıqlarının formalaşdırılması və praktiki hazırlıq da mühüm yer tutur. Bu yanaşma gələcək zabitlərin nəzəri biliklərlə yanaşı, xidmət zamanı qarşıya çıxan məsələləri düzgün qiymətləndirmək və müvafiq qərarlar qəbul etmək bacarıqlarının inkişafına xidmət edir. Güclü və müasir ordunun formalaşdırılması üçün yüksək hazırlıqlı, peşəkar və müasir texnologiyaları mənimsəyən hərbi kadrların yetişdirilməsi mühüm şərtdir. Bu baxımdan hərbi təhsil Azərbaycan Ordusunun inkişafının mühüm mərhələlərindən biri olaraq qalır. Bilik Gününün əhəmiyyəti də bu məqamda daha aydın görünür. Bilik yalnız nəzəri məlumatların mənimsənilməsi ilə məhdudlaşmır. Onun praktiki tətbiqi, bacarıq və təcrübə ilə tamamlanması peşəkarlığın əsasını təşkil edir. Hərbi sahədə isə bu yanaşma xüsusi əhəmiyyət daşıyır. Çünki yüksək hazırlıq nəzəri bilik, praktiki məşğələ, hərbi nizam-intizam və məsuliyyətin vəhdəti nəticəsində formalaşır.
Bu gün Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri müasir dövrün tələblərinə cavab verən, öz sahəsini dərindən bilən və daim inkişaf etməyə hazır olan mütəxəssislərin yetişdirilməsidir. Hərbi təhsil qarşısında da yüksək peşəkarlığa, müasir düşüncəyə, liderlik və idarəetmə bacarıqlarına malik hərbi kadrların hazırlanması kimi mühüm vəzifələr dayanır.
15 sentyabr - Bilik Günü münasibətilə bütün şagird və tələbələri, kursantları, təhsil sahəsində çalışanları, hərbi təhsil müəssisələrinin kollektivlərini təbrik edir, onlara yeni tədris ilində uğurlar arzulayırıq. İnanırıq ki, qazanılan hər yeni bilik, formalaşan hər yeni bacarıq və əldə edilən hər bir peşəkar təcrübə Azərbaycanın gələcək inkişafına, o cümlədən güclü və müasir ordumuzun daha da qüdrətlənməsinə xidmət edəcəkdir.
Emil MURADLI
“Azərbaycan Ordusu”