Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Sentyabr 2026 15:39

Ümummilli Liderin başladığı yolun Müzəffər Ali Baş Komandan zirvəsi

Dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasında güclü ordunun müstəsna rolu vardır. Tarixin bütün mərhələləri göstərir ki, dövlətin təhlükəsizliyinin etibarlı təminatı, xalqın sabitlik və əmin-amanlıq şəraitində yaşaması, ilk növbədə, onun müdafiə qüdrətindən, ordusunun döyüş imkanlarından asılıdır. Bu baxımdan Azərbaycan dövlətçiliyi tarixində ordu quruculuğu prosesi xüsusi əhəmiyyət daşıyır. 
Naxçıvan Muxtar Respublikası Ümummilli Liderin təməlini qoyduğu bu yolun başlanğıc nöqtələrindən biri olmaqla yanaşı, ordu quruculuğu prosesinin ən mühüm səhifələrinin yazıldığı tarixi məkandır. 1992-ci ilin 15 sentyabr tarixi isə bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Həmin gün Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin olunması məqsədilə muxtar respublika ərazisində ilk milli ordu qurumlarından biri - “N” saylı əlahiddə gücləndirilmiş motoatıcı birləşmə yaradıldı.
Lakin bu tarixi hadisəyə aparan yol daha əvvəl başlamışdı. O dövrdə xalqın təkidli tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyev olduqca mürəkkəb siyasi və hərbi şəraitdə muxtar respublikanın müdafiəsinin təşkili, sərhədlərinin möhkəmləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm qərarlar qəbul etmişdir.
Muxtar respublikanın blokada şəraitində olduğu, Ermənistanın hərbi təcavüzünün genişləndiyi, sərhədyanı yaşayış məntəqələrinin davamlı hücumlara məruz qaldığı bir vaxtda müdafiənin vahid komandanlıq altında təşkil edilməsi zərurətinin həyati əhəmiyyəti var idi. Dövlət Müdafiə Komitəsinin yaradılması ilə muxtar respublikada fəaliyyət göstərən milli hərbi hissələrə və könüllü özünümüdafiə dəstələrinə vahid rəhbərlik təmin edildi.
Beləliklə, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvanda həyata keçirilən tədbirlər təkcə muxtar respublikanın müdafiəsinin möhkəmləndirilməsinə deyil, bütövlükdə müstəqil Azərbaycanın milli ordu quruculuğunun təməlinin formalaşmasına xidmət etdi.
Həmin illərdə Azərbaycanın üzləşdiyi vəziyyət olduqca mürəkkəb idi. Bir tərəfdən ölkənin ərazi bütövlüyünə qarşı real təhlükə mövcud idi, digər tərəfdən isə daxildə siyasi qarşıdurmalar, pərakəndəlik və müxtəlif qüvvələrin dövlətçiliyi zəiflətməyə yönəlmiş cəhdləri davam edirdi. Belə bir şəraitdə Naxçıvanda milli hərbi qurumun yaradılması dövlətçilik baxımından da son dərəcə mühüm addım idi.
Dahi Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Naxçıvanda yerləşən keçmiş sovet hərbi hissələrinə məxsus silah-sursat, hərbi texnika, təsərrüfat əmlakı və digər hərbi vasitələrin Azərbaycanın sərəncamına verilməsi təmin edildi. 1946-cı ildən Naxçıvanda yerləşdirilən 75-ci motoatıcı diviziyanın şəxsi heyətinin son dəstəsinin 18 avqust 1992-ci ildə muxtar respublikanı tərk etməsindən sonra isə milli hərbi quruculuq üçün yeni imkanlar yarandı və dahi şəxsiyyət bu imkanlardan uğurla bəhrələnməni təmin etdi.
Nəhayət, 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında əlahiddə gücləndirilmiş motoatıcı birləşmənin yaradılması Naxçıvanda milli ordu quruculuğunun mühüm mərhələsini təşkil etdi.
Həmin ilin oktyabrında Naxçıvan şəhərində yeni yaradılmış hərbi birləşmənin bölmələrinin iştirakı ilə paradın keçirilməsi isə xalqın milli hərbi iradəsinin nümayişinə çevrildi. Azərbaycan zabitinin azərbaycanca ilk məruzəsini qəbul edən Ali Məclisin sədri, Ümummilli Lider Heydər Əliyev şəxsi heyəti ana dilində “Salam, Azərbaycan əsgəri!” sözləri ilə salamladı. Ulu Öndər həmin tarixi gündə Azərbaycan xalqının öz dövlətini və doğma torpaqlarını müdafiə etmək məqsədilə milli ordusunu yaratmasının böyük qürur hissi doğurduğunu vurğulayırdı. Bu sözlər təkcə həmin dövrün sevincini ifadə etmir, eyni zamanda, milli ordunun müstəqil dövlətçiliyin əsas dayaqlarından biri olduğunu ortaya qoyurdu.
Parad iştirakçıları meydandan keçdikdən sonra birbaşa ön mövqelərə, döyüş bölgələrinə yollandılar. Naxçıvan Muxtar Respublikanın müdafiəsində mühüm rol oynayan həmin bölmələrin şəxsi heyəti Sədərək, Buzqov və Gərməçataq istiqamətlərində düşmən hücumlarının qarşısının qətiyyətlə alınmasında iştirak etdi. Beləliklə, yenicə formalaşan milli hərbi qurum öz döyüş qabiliyyətini, Vətən, torpaq sevgisini real döyüş şəraitində nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan başlatdığı və sonradan bütün Azərbaycanı əhatə edən ordu quruculuğu siyasəti 1993-cü ildən etibarən yeni mərhələyə qədəm qoydu. Həmin il xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Dahi Şəxsiyyət Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən, siyasi böhrandan və parçalanma meyillərindən xilas etdi. Dövlət idarəçiliyində sabitliyin bərqərar olunması ilə yanaşı, Silahlı Qüvvələrin vahid komandanlıq altında birləşdirilməsi, müxtəlif silahlı dəstələrin nizami ordu strukturuna daxil edilməsi, hərbi nizam-intizamın gücləndirilməsi və peşəkar ordunun formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirillməyə başlanıldı.
Məhz bu siyasətin nəticəsində Azərbaycan Ordusunun gələcək inkişafı üçün möhkəm təməl yaradıldı. Ulu Öndərin ordu quruculuğu sahəsində müəyyən etdiyi strategiyanın əsas məqsədi müasir, nizam-intizamlı, yüksək döyüş hazırlığına malik, peşəkar, xalqa və dövlətçiliyə sədaqətli Silahlı Qüvvələrin formalaşdırılması idi.
Bu siyasi kurs bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən ötən dövr ərzində Azərbaycan Ordusunun maddi-texniki bazası əsaslı şəkildə yenilənib, müasir silah və texnika ilə təchizat genişləndirilib, hərbi qulluqçuların peşəkarlığının artırılması və döyüş hazırlığının yüksəldilməsi naminə mühüm addımlar atılıb. Ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında müdafiə imkanlarımızın möhkəmləndirilməsi də bu genişmiqyaslı ordu quruculuğu siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli Fərmanı ilə Naxçıvandakı Ordu birliyinin əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması bu uğurlu addımların bariz nümunəsidir. Bu qərar Ümummilli Lider Heydər Əliyevin vaxtilə əsasını qoyduğu muxtar respublikanın etibarlı müdafiəsi siyasətinin yeni mərhələdə davamı oldu.
Dövlətimizin başçısı Naxçıvanın hərbi potensialının əhəmiyyətini dəfələrlə xüsusi vurğulayıb. Prezident İlham Əliyev Naxçıvanın strateji mövqeyinə diqqət çəkərək burada döyüş potensialının ən yüksək səviyyədə olmasının vacibliyini bildirib. Müzəffər Ali Baş Komandan Əlahiddə Ümumqoşun Ordunun yaradılmasını və onun müasir silah-sursat və texnika ilə təmin edilməsini dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə edib.
Əlahiddə Ümumqoşun Ordunun inkişafı istiqamətində görülən ardıcıl tədbirlər öz nəticəsini döyüş meydanında da göstərdi. 2018-ci ilin mayında həyata keçirilən Günnüt əməliyyatı Azərbaycan hərb tarixinin parlaq səhifələrindən birinə çevrildi. Əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektar ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi işğaldan azad edildi. Bununla müdafiə zolağının ön xəttinin daha əlverişli mövqelərə çıxarılması, strateji əhəmiyyətli yüksəkliklərə və böyük ərazilərə nəzarətin təmin olunması mümkün oldu.
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti 2020-ci ilin 27 sentyabrında başlayan haqq savaşında - İkinci Qarabağ müharibəsində də torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak etdi. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması və tarixi ədalətin bərpası məqsədilə aparılan əks-hücum hərbi əməliyyatlarında Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətinin döyüş yolu Azərbaycan Ordusunun ümumi qələbəsinə öz töhfəsini verdi.
Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra ordu quruculuğu yeni mərhələyə qədəm qoydu. Azərbaycan Ordusunun qarşısında artıq yalnız ərazi bütövlüyünün bərpası deyil, əldə edilmiş Zəfərin nəticələrinin qorunması, dövlət sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, yeni hərbi çağırışlara cavab verə biləcək peşəkar və yüksək döyüş hazırlığına malik bölmələrin formalaşdırılması kimi mühüm vəzifələr dayanır. Bu baxımdan Əlahiddə Ümumqoşun Orduda yeni əməliyyat (komando) hərbi hissələrinin yaradılması da ordu quruculuğunda həyata keçirilən planlı islahatların məntiqi davamıdır.
2026-cı il avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Naxçıvana səfəri zamanı Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının təqdim olunması mərasiminin keçirilməsi bunun əyani göstəricisi oldu. Ali Baş Komandan yeni yaradılan hərbi hissələrin komandirlərinə Döyüş bayraqlarını təqdim etdi, şəxsi heyəti salamladı və hərbi hissələrin fəaliyyəti ilə bağlı məruzələri dinlədi. Səfər çərçivəsində dövlətimizin başçısına Azərbaycan Ordusunun arsenalında olan silah sistemləri və hərbi-texniki vasitələr barədə də ətraflı məlumat verildi.
Bu hadisənin məhz Naxçıvanda baş verməsi xüsusi məna daşıyır. Çünki illər əvvəl burada Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli hərbi quruculuğun təməli qoyulmuş, bu gün isə həmin təməl üzərində müasir, yüksək döyüş imkanlarına malik hərbi struktur formalaşdırılıb.
Prezident İlham Əliyev həmin səfər zamanı Naxçıvan istiqamətində müdafiə potensialımızın gücləndirilməsinin daim prioritet məsələ olduğunu vurğulayaraq qeyd etdi ki, onun Prezident kimi Naxçıvana 17-ci səfəri çərçivəsində Əlahiddə Ümumqoşun Orduda yeni komando qüvvələrinin yaradılması Naxçıvanda hərbi gücümüzün daha da artırıldığını göstərir. Dövlətimizin başçısı, həmçinin Əlahiddə Ordunun Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsi olduğunu, Naxçıvanın coğrafi xüsusiyyətləri və təhlükəsizliyinə görə burada hərbi potensialın gücləndirilməsinə xüsusi diqqət yetirildiyini də bildirdi.
Beləliklə, 1992-ci ildə Naxçıvanda milli ordu quruculuğu yolunda ilk mühüm addımlarından biri kimi yaradılan hərbi birləşmədən bu gün yüksək hazırlıqlı komando qüvvələrinin formalaşdırılmasına qədər uzanan yol Azərbaycan dövlətinin ordu quruculuğu siyasətinin ardıcıllığını və davamlılığını nümayiş etdirir.
Bu yolun başlanğıcında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi, siyasi iradəsi və dövlətçilik təcrübəsi dayanır. Bu gün isə həmin strateji kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni məzmun və müasir dövrün hərbi tələblərinə uyğun formada davam etdirilir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması, onun müasir silah və texnika ilə təchiz edilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi, yeni əməliyyat hərbi hissələrinin formalaşdırılması və şəxsi heyətin hazırlığının gücləndirilməsi bu siyasətin ardıcıl xarakter daşıdığının göstəricisdir.
Ölkəmizdə ordu quruculuğu prosesi bu gün də uğurla davam etdirilir. Bölmələrin maddi-texniki təminatı gücləndirilir, yeni müdafiə qurğuları, əsgəri-məişət və yaşayış binaları inşa edilir, hərbi qulluqçuların, eləcə də onların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır. Eyni zamanda, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının artırılması istiqamətində də tədbirlər davam etdirilir.
Bu gün qalib Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, ölkəmizin ərazi bütövlüyünün etibarlı təminatçısıdır. Əlahiddə Ümumqoşun Ordu isə bu böyük və qüdrətli hərbi sistemin mühüm tərkib hissələrindən biridir.
Əminik ki, Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin müasir tələblər əsasında daha da inkişaf etdirdiyi Əlahiddə Ümumqoşun Ordu bundan sonra da qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcək, Müzəffər Ali Baş Komandanın hər bir əmrini yüksək məsuliyyət və peşəkarlıqla icra edəcəkdir. Qürur hissi ilə qeyd edə bilərik ki, Vətən müharibəsində qazandığımız şanlı Zəfər Ümummilli Liderin başladığı yolun Müzəffər Ali Baş Komandan zirvəsidir.

Elçin İMANOV

“Azərbaycan Ordusu”