Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2026 09:41

İdrak savaşları ilə effektiv mübarizə: milli-mənəvi dəyərlərə sevgi və vətənpərvərliyin qüdrəti

Bu mövzuda dərc edilmiş yazılarda idrak savaşlarının bəzi aspektlərindən ətraflı bəhs edilmişdir. Həyatımızın bütün sahələrinə müdaxilə etmək imkanına malik bu savaşların növbəti istiqamətlərini təhlil edərkən, ilk növbədə, qeyd etməliyik ki, əvvəlki illərdə psixoloji əməliyyatlar və “informasiya qarşıdurması” adı altında aparılan proseslər artıq yeni metodlarla və adlarla meydana çıxıb.
İdrak savaşları və ya koqnitiv müharibə əməliyyatları mərhələlərlə, asta-asta, çox zaman gözəgörünməz, lakin son dərəcə mürəkkəb və sərhəd tanımayan üsullarla həyata keçirilir. Adının dəyişməsinə baxmayaraq, bu əməliyyatların mahiyyəti və məqsədləri əsla dəyişməyib, sadəcə olaraq yeni istiqamətlər, forma və metodlar əlavə edilib.
İnsan zehninə yönəlik koqnitiv müharibə əməliyyatları yeni döyüş üsuludur və bu sahənin sürəti ilə miqyası genişləndikcə külli miqdarda vəsait xərclənir. Beyinlərə təsir metodlarını qarşıya məqsəd qoyan layihələrin maliyyələşdirilməsinə üstünlük verilir. Öz maraqlarını təmin etmək üçün rəqib dövlətlər artıq silaha, texnikaya və ya hərbi obyektlərə fiziki təsir göstərən vasitələrdən deyil, daha çox idraka, zehnə və düşüncə tərzinə yönəlmiş "silahlar" yaratmağa can atırlar.
Müasir mərhələdə dağıdıcı silahların yerini internet, rəqəmsal texnologiyalar, süni intellekt və neyroşəbəkələr tutmağa başlayıb ki, bu da idrak savaşlarının effektivliyini hədsiz dərəcədə yüksəldir. Onu da qeyd edək ki, idrak müharibələri üçün istifadə edilən bu "silahlar" ənənəvi döyüş texnikasından heç də az məhvetmə gücünə malik deyil; əksinə, onların yaratdığı qeyri-stabillik şəraitinin dağıdıcı potensialı ağlasığmaz dərəcədə yüksəkdir.
Buna misal olaraq reklamlar, neyroşəbəkə və süni intellekt vasitəsilə müəyyən qrupların və ya ayrı-ayrı fərdlərin izlənilməsini göstərmək olar. Lazımi məlumatlar toplandıqdan sonra ehtiyaclar və prioritetlər nəzərə alınır, toplumun və ya fərdlərin şüurlarına ünvanlı təsir metodları işə düşür. İnsan fəaliyyətinin az qala 50-70 faizinin internet üzərindən həyata keçirilməsi informasiya texnologiyalarının və kommunikasiya vasitələrinin qlobal səviyyədə məlumat monitorinqini, toplanmasını və sistemləşdirilməsini min dəfələrlə asan edir, tezləşdirir. İndiki dövrdə elmi-tərəqqi sayəsində icad edilən vasitələr təkcə kommersiya məqsədləri üçün deyil, həm də sosial şəbəkələr üzərindən seçki proseslərinə təsir etmək, hər hansı ölkə rəhbərliyinin işgüzar imicinə xələl gətirmək və ya onu nüfuzdan salmaq kimi siyasi hədəflər üçün də unikal potensial yaradıb.
Ən qorxulusu odur ki, gələcəkdə müasir texnologiyalar sayəsində ölkə əhalisinin böyük əksəriyyətini təsir altına alaraq manqurt-zombilər kütləsi yetişdirmək artıq reallığa çevrilir. Bu prosesə digər innovasiyalarla yanaşı, son illərdə aparılan sınaqlar nəticəsində böyük irəliləyiş əldə edilmiş beyin-çip texnologiyası da öz "töhfəsini" verəcək. Elmə məlumdur ki, insan beyni maqnit impulslar və səs tezlikləri vasitəsilə bədəndəki bir çox prosesləri idarə edir. Sözdə guya yalnız humanitar məqsədlər - müəyyən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş bu texnologiyalar əslində maqnit impulsları və titrəyişlər ötürməklə beynin funksiyalarını stimullaşdıra, yəni, azalda və ya çoxalda biləcək. Bu gün və ya gələcəkdə heç kim təminat verə bilməz ki, həmin çiplər hərbi məqsədlər üçün istifadə edilməyəcək. Beyin-çip texnologiyalarının hərbi perspektivləri ciddi şəkildə ictimaiyyətdən gizlədilsə də, müəyyən dairələr bundan xəbərdardır. Yaxın gələcəkdə çiplərə müdaxilə etməklə impulsları dəyişdirmək və insan beyninin aqressiv funksiyalarını gücləndirmək vasitəsilə bu texnologiyanı daşıyan kütlələri “idarə olunan zombilərə” çevirmək mümkün olacaqdır. Hətta bədənində bu tip çiplər gəzdirən insanlar üzərində "android" tipli rabitə əlaqələrinin yaradılması imkanları ilə bağlı geniş elmi araşdırmalar aparılır. Bu gün bizə adi görünən və mobil telefonlarımızda gündəlik istifadə etdiyimiz qrupları gələcəkdə çiplər sayəsində artıq birbaşa beyinlərimizdə yaratmaq mümkün olacaqdır.
İdrak savaşlarının daha bir istiqaməti insan sayının süni şəkildə azaldılmasına və qeyri-ənənəvi münasibətlərin təşviqinə yönəlib. Kimyəvi və bioloji metodlarla yanaşı, bu məsələnin həllinə koqnitiv əməliyyatlar da cəlb edilib (səngiməyən qanlı münaqişələr, süni viruslar, pandemiya təlatümləri və s.). Transmilli aktorların addımları sayəsində yaradılan maddi, mənəvi və psixoloji baryerlər çoxuşaqlı ailələrin sayını sürətlə azaldır ki, bununla da məqsəd insan artımını nəzarətdə saxlamaqdır.
Müasir dövrdə bir neçə övlad dünyaya gətirməyin və böyütməyin mənəvi borc və ya rasional addım olmadığını təbliğ edən fikirlərin yayılması nəticəsində insanların beyninə səpilmiş şübhə toxumaları çoxdan cücərib və bəhrəsini verir. Çoxuşaqlı ailələrlə zəngin olan Şərq və müsəlman ölkələrində uşaq sayının sürətlə azaldığını görmək kifayətdir. Təməlləri ailə münasibətləri və qohumluq bağları üzərində qurulan cəmiyyətlər üçün bu, ən böyük təhlükələrdən biridir.
"Özüm üçün yaşayım, sonra övlad barədə düşünərəm" kimi yanaşmaların normal həyat tərzi kimi təşviq olunması nəticəsində milyonlarla insanın psixologiyasında məhz bu ideyalar hökm sürür. Sadə insanlarla yanaşı, maddi imkanları yüksək olan şəxslər də gənc yaşda övlad sahibi olmaqdan çəkinirlər. Yaşa dolduqca isə müxtəlif bəhanələrlə ailələr, ümumiyyətlə, övlad sahibi olmaq fikrindən vaz keçirlər.
Bu proseslərdə geni modifikasiya olunmuş məhsulların ticarəti və insanların bu tip ərzaqlarla qidalanması müəyyən rol oynasa da, əsas problem ailələrin psixoloji durumudur. Həyəcan, stres, maddi vəziyyəti yaxşılaşdırmaq üçün daima çalışmaq məcburiyyəti, gündəlik tələbatları ödəmək üzündən yaranan yorğunluq və ruhi narahatlıq övlad sahibi olmaq düşüncəsinə mənfi təsir göstərir. Nə qədər kədərli olsa da, bu gün maddi rifah halı ailədaxili münasibətlərin tənzimlənməsində həlledici amilə çevrilib.
Sosial media platformalarında yayılan bəzi videoçarxlara diqqət yetirsək, insanların bir-birinə qarşı aqressiv davranışlarının geniş təbliğ olunduğunu görərik. Paralel olaraq, internet resurslarında insanların təkcə ev heyvanlarına deyil, hətta yırtıcı heyvanlara belə göstərdiyi ifrat məhəbbət səhnələri həddən artıq qabardılır. Təbiətə və canlılara sevgi ilə yanaşmaq normal insan davranışıdır. Lakin internetdə bununla bağlı məqsədyönlü şəkildə yayımlanan süjetlərin subliminal psixoloji mesaj daşıdığını nəzərə alaraq, bu hallara da xüsusi diqqət yetirməliyik.
Bəzən insanın insana etmədiyi mərhəməti heyvanın etdiyi və ya yaxınların verə bilmədiyi sevgini ev heyvanlarının bəxş etdiyi kimi süjetlər təqdim olunur. Bu cür subliminal mesajlar zamanla insanların öz sevgisini və mərhəmətini ailə üzvlərinə, yaxınlarına deyil, heyvanlara sərf etməsinə və onlarla daha çox vaxt keçirməyə can atmasına səbəb olur.
Müasir dövrdə süni intellekt (Sİ) insan zehinlərinin manipulyasiyası ilə məşğul olan bütün metodların ən mükəmməlidir və istifadə edilən vasitələrin ən "səmərəli" xüsusiyyətlərini özündə birləşdirir. Süni intellektin faydalı tərəfləri çox olsa da, onun gələcəkdə bəşəriyyətə vura biləcəyi ziyanları unutmamalı və qabaqlayıcı tədbirlər görməliyik. Sİ-nin tətbiqi nəticəsində insanların kütləvi şəkildə işsiz qalacağı, özünün real potensialını inkişaf etdirmək istəyindən əl çəkəcəyi, tənbəllik ucbatından heç bir iş görmək istəməyəcəyi ehtimalı artıq elmi dairələrdə ciddi müzakirə olunur.
Eyni zamanda, inkişaf etmiş ölkələr süni intellektin hərbi məqsədlərlə istifadəsini ciddi nəzarətdə saxlayırlar. Sİ-nin ən qorxulu cəhəti isə onun inamdan və dini inanclardan sui-istifadəyə geniş yol açmasıdır. İnternetdə bunun kifayət qədər nümunələri var. İnsanların zehninə müəyyən fikirlər yeritmək üçün elm və din xadimlərinin, hətta dövlət başçılarının səsi ilə hazırlanan, orijinalından seçilməyən saxta bəyanatlar və süjetlər hazırlanır. Sİ vasitəsilə şəxsi həyata müdaxilələr və psixoloji təsirlər nəticəsində insanları böyük güclərin maraqlarına xidmət edəcək yollara istiqamətləndirmək artıq fantastik görünmür. Bu cür addımlar real təhdid kimi qiymətləndirilməli və dövlətin kibertəhlükəsizlik mərkəzləri tərəfindən lazımi tədbirlər görülməlidir.
Bu yaxınlarda süni intellekt üzrə mütəxəssislərdən birinin səsləndirdiyi - "süni intellektə silahları və döyüş robotlarını ələ keçirməyə gərək yoxdur, Sİ asanlıqla həmin silahları idarə edən insanları istənilən əmri yerinə yetirməyə təşviq edə bilər" fikri bu barədə dərindən düşünməyə əsas verir. Sİ-nin təfəkkürün idarə olunmasına nail olmağı bacara biləcəyi kimi təhlükəli faktor gələcəkdə tükürpərdici nəticələrə gətirib çıxara bilər. Hesab edirik ki, gənclərin süni intellektin ancaq xeyirli imkanlarından bəhrələnməsi üçün geniş maarifləndirici işlərin aparılması məqsədəuyğundur.
Xüsusi olaraq qeyd edilməli faktorlardan biri də gənclərin, xüsusilə də uşaqların aqressivliyi, bonus qazanmaq xətrinə qarşılarına çıxanları məhv etməyi təşviq edən savaş oyunlarına həddən artıq aludə olmasıdır. Bu hal müasir dövrdə valideynlərin, pedaqoqların və psixoloqların tez-tez müzakirə etdiyi aktual problemlərdən biridir. Zaman keçdikcə populyar savaş oyunlarında qrafika və səs effektləri o dərəcədə real olacaq ki, oyunçular reallıqla virtuallaşmanın sərhədini itirəcək, hətta real həyatdakı ölümləri belə sadəcə bir oyun zənn edəcəklər.
Qeyd etmək istərdik ki, internet, qadcetlər, sosial şəbəkələr və süni intellekt kimi innovasiyaların hamı üçün əlçatan olması səbəbindən ölkənin güc strukturlarının əməkdaşları, qərar qəbul edən şəxslər və adi vətəndaşlar avtomatik olaraq koqnitiv əməliyyatların təsir obyektinə çevrilirlər.
Transmilli oyunçuların beyin mərkəzlərinin strateji planlarında qarşıya qoyduğu iki əsas amili xüsusi vurğulamaq lazımdır:
- manipulyasiyaya asan uğrayan, tez təsir altına düşə bilən insanların süni intellekt vasitəsilə müəyyən edilərək dövlət strukturlarına, xüsusilə güc strukturlarına yerləşdirilməsi və onların karyera yüksəlişinə dəstək verilməsi;
- savadlı və istedadlı gənclərin zahirdə dost görünən ölkələrin təhsil müəssisələrinə şirnikləndirici şərtlərlə cəlb edilməsi, onların içindən parlaq kadrların seçilərək həmin dövlətlərin xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülməsi və zərurət yarandığı təqdirdə müdaxilələrin edilməsi.
Koqnitiv müharibə əməliyyatlarının ordu və güc strukturları ilə bağlı fəsadlarına da toxunmalıyıq. Ordu cəmiyyətin bir parçası olduğu üçün Silahlı Qüvvələrin mənsubları bu cür ziyanlı təzahürlərdən xüsusilə qorunmalıdırlar. Ümumi mənafenin üstün tutulmasına laqeyd yanaşılması, verilən əmrlərin müzakirə obyektinə çevrilməsi, komandanlığa qarşı inamsızlıq yaradan müzakirələrə rəvac verilməsi və pasifist düşüncələrin gənclərin qəlbinə yeridilməsi ordu quruculuğuna mənfi təsir göstərəcək. Bütün bunları nəzərə alaraq, hərbi xidmətə çağırılan, müqavilə ilə xidmət edən və hərbi məktəblərdə oxuyan gənclərlə daha effektiv iş aparılmalıdır.
Bunun bariz nümunələrindən biri ölkəmizin uğurlu ordu quruculuğu prosesini və qazandığımız şanlı Zəfərin tarixi əhəmiyyətini kiçiltməyə yönəlmiş cəhdlərdir. Zaman keçdikcə ədalətli haqq savaşımızla bağlı həqiqətlərin saxtalaşdırılması istiqamətində regiondan kənar yad qüvvələrin fəaliyyətinin artdığını sezmək mümkündür. Xoş haldır ki, ordumuzda şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması üçün səmərəli işlər görülür, lakin təhdidlərin artdığını nəzərə alaraq, bu sahəyə diqqətin daha da artırılmalı olduğunu düşünürük.
Mütəmadi olaraq daha səmərəli psixoloji testlər keçirilməli, gənclərin daxili aləmi və maraq dairələri dərindən araşdırılmalıdır. Hərbi kollektivlərin mənəvi-psixoloji cəhətdən saflaşdırılması istiqamətində təsirli tədbirlər həyata keçirilməli, vətənpərvərlik tərbiyəsi, milli-mənəvi dəyərlərin, döyüş ənənələrinin və qəhrəmanlıq nümunələrinin təbliği daha da gücləndirilməlidir.
Unutmamalıyıq ki, manipulyasiyaya uğramış, yad ünsürlərlə zəhərlənmiş insan toplusu qarşısıalınmaz sel axını kimidir. Bu zərərli amillərdən qorunmaq üçün stabil və dayanıqlı psixologiyaya sahib nəsillərin yetişdirilməsinə nail olmaq çox vacib şərtdir. İdrak savaşlarının təzahürləri ilə mübarizədə yerli istehsal olan faydalı innovasiyalardan bəhrələnmək müsbət nəticələr verə bilər. Xarici korporasiyaların istehsal etdiyi texnologiyalara istehsalçı tərəfindən müdaxilələrin hər an mümkün olduğunu nəzərə alsaq, deyə bilərik ki, bu faktor da gələcəkdə böyük fəsadlar törədə bilər. Milli İT mütəxəssislərindən və yerli proqram təminatından istifadə xarici texnologiyalardan asılılığı da aradan qaldıracaqdır.
Əvvəlcədən görülmüş qabaqlayıcı tədbirlər, düzgün təlim-tərbiyə prosesi və milli-mənəvi dəyərlərə hörmət ruhunda böyüyən gənclərin enerjisini Vətənimizin çiçəklənməsinə yönəltmək mümkündür. Zərərli vərdişlərdən qorunmuş, mənəvi-fiziki cəhətdən sağlam böyüyən nəslin gücünü xalqın və dövlətin maraqlarına xidmət edən tərəfə istiqamətləndirməklə daim uğur qazanacağıq.
Əminik ki, sağlam təməllər üzərində böyüyən nəsillərin idrak etdiyi xalq sevgisi və vətənpərvərliyin qüdrəti Vətəni qorumağa daim qadir olacaq, ölkəmizin işıqlı gələcəyini və xalqımızın firavan yaşayışını təmin edəcəkdir.



Eldar ABASƏTOĞLU 

Bakı şəhəri