Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2026 09:37

Komando - döyüş təcrübəsindən yeni imkanlara

44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunda döyüş hazırlığı, idarəetmə və xüsusi təyinatlı bölmələrin fəaliyyətinin təşkili baxımından mühüm təcrübə formalaşdırdı. Müharibə zamanı mürəkkəb relyefdə, çətin hava və ərazi şəraitində, düşmənin müdafiəsinin dərinliyində fəaliyyət göstərən hərbi qulluqçuların çevikliyi, peşəkarlığı və yüksək hazırlığı yeni döyüş imkanlarının yaradılmasının vacibliyini bir daha göstərdi.
Məhz bu təcrübə müharibədən sonrakı dövrdə Azərbaycan Ordusunda komando hərbi hissələrinin yaradılmasına əsas verən amillərdən biri oldu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Müdafiə Nazirliyinin Quru Qoşunlarının tərkibində Komando hərbi hissələrinin yaradılmasına başlanıldı. Qarşıya qoyulan əsas məqsəd müxtəlif relyef və şəraitlərdə tapşırıqları müstəqil və çevik şəkildə yerinə yetirə bilən, yüksək fiziki və taktiki hazırlığa malik şəxsi heyətin formalaşdırılması idi. Bu istiqamətdə ilk mühüm addım 24 dekabr 2021-ci ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində ilk komando hərbi hissəsinin yaradılması ilə atıldı. Hərbi hissənin açılışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak etdi. Dövlət başçısı komando bölmələrinin yaradılmasının Azərbaycan Ordusu üçün yeni istiqamət olduğunu bildirərək, bu hərbi hissələrin sayının artırılacağını diqqətə çatdırdı. Hadrutda əsası qoyulan komando quruculuğu qısa müddət ərzində genişləndirildi. 26 iyun 2022-ci ildə Silahlı Qüvvələr Günü münasibətilə Kəlbəcərdə yeni komando hərbi hissəsinin açılışı keçirildi və hərbi hissəyə Döyüş Bayrağı təqdim edildi. Azad edilmiş ərazilərdə yaradılan bu tipli hərbi hissələr həm yeni hərbi infrastrukturun formalaşdırılması, həm də şəxsi heyətin mürəkkəb dağlıq relyefdə fəaliyyət imkanlarının artırılması baxımından əhəmiyyət daşıyırdı.
Komando bölmələrinin inkişafı yalnız yeni hərbi hissələrin yaradılması ilə məhdudlaşmadı. Şəxsi heyətin hazırlıq sistemi də qarşıya qoyulan döyüş tapşırıqlarının xüsusiyyətlərinə uyğun quruldu. Komandoların hazırlığında fiziki dözümlülük, atəş, taktiki və xüsusi hazırlıq mühüm yer tutur. Maneələr zolağının keçilməsi, dağçılıq, kəndirlə enmə, helikopterlərlə yerdəyişmə, müxtəlif relyeflərdə hərəkət, gecə təlimləri və taktiki fəaliyyətlər şəxsi heyətin mürəkkəb şəraitdə fəaliyyət imkanlarını artırır. Bu hazırlığın əsas xüsusiyyəti məşğələlərin mümkün qədər real döyüş şəraitinə yaxınlaşdırılmasıdır. Hərbi qulluqçular kəskin relyefli ərazilərdə hərəkət edir, müxtəlif üsullarla yerdəyişmələr həyata keçirir, verilən tapşırıqlar əsasında taktiki qərarlar qəbul edir və atıcı silahlardan istifadə bacarıqlarını təkmilləşdirirlər. Belə hazırlıq komandoların yalnız fiziki baxımdan deyil, həm də psixoloji və taktiki baxımdan mürəkkəb vəziyyətlərə hazır olmasını təmin edir.
Keçirilən intensiv təlimlərdə formalaşdırılan döyüş vərdişləri real əməliyyat şəraitində də özünü doğrultdu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun bölmələri qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirdi. Qısa müddətdə keçirilən əməliyyat nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpası təmin edildi.
Döyüş təcrübəsinin və intensiv hazırlığın nəticəsi olaraq əldə olunan imkanlar komando bölmələrinin sonrakı inkişafında da mühüm amilə çevrildi. Əldə edilən təcrübə hazırlıq proqramlarının daim təkmilləşdirilməsinə, şəxsi heyətin müxtəlif ssenarilər üzrə məşq etdirilməsinə və yeni hərbi hissələrin formalaşdırılmasına zəmin yaratdı. 
Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinin açılış mərasimində Döyüş bayraqları təqdim olundu. Bu, komando bölmələrinin strukturunun genişləndirilməsi ilə yanaşı, Azərbaycan Ordusunda formalaşdırılan komando hazırlığı məktəbinin müxtəlif hərbi birliklərdə tətbiqinin davam etdirildiyini göstərdi. Bu gün komando bölmələri Azərbaycan Ordusunun döyüş imkanlarının artırılmasına xidmət edən mühüm istiqamətlərdən biridir. Hadrutda başlayan proses sonrakı mərhələlərdə digər ərazilərdə yaradılan hərbi hissələrlə genişləndirilib, Naxçıvanda yeni hissələrin yaradılması ilə davam etdirilib.
Komando hazırlığının mahiyyətində bir prinsip dayanır: mürəkkəb şərait tapşırığın icrasına maneə deyil, hazırlığın sınağıdır. Bu baxımdan hər bir təlim, hər bir maneə və hər bir taktiki məşğələ şəxsi heyətin real döyüş şəraitində daha çevik və dəqiq fəaliyyət göstərməsinə hesablanır. Azərbaycan Ordusunun komando bölmələrinin inkişafı müasir döyüş tələblərinə uyğunlaşan, əldə olunan təcrübəni hazırlıq prosesinə tətbiq edən və qarşıya qoyulan tapşırıqların icrasına daim hazır olan hərbi birliklərin formalaşdırılması istiqamətində davamlı prosesdir. Bu yolun əsas nəticəsi isə daha hazırlıqlı, daha çevik və müxtəlif döyüş şəraitində fəaliyyət göstərə bilən Azərbaycan Ordusunun gücləndirilməsidir.



Tamilla HÜSEYNLİ 

“Azərbaycan Ordusu”