Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Sentyabr 2026 09:36

Qəlbi Vətən üçün döyünən oğul

Şəhidlərimizin xatirəsi Vətən qədər əziz, Vətən qədər müqəddəsdir. Hər bir şəhidimizin uyuduğu məzar xalqımızın mənəviyyat dünyasının qibləgahı, and yeri, qürur duyacağı məkandır. Xalqımızın əsrlərə söykənən zəngin milli-mənəvi dəyərləri zaman-zaman şəhidlərimizin müqəddəs ruhları ilə təzələndi, şəhid qanı ilə Vətənimizin, dövlətimizin, ordumuzun şərəf tarixinə yeni-yeni səhifələr yazıldı. Qeyrət, ləyaqət, namus kimi xalqımızın milli heysiyyatını qanında, canında yaşadan və qəlbi Vətən üçün döyünən oğullar müqəddəs amal naminə canları qurban verdilər. Hər bir şəhid ömrü xalqımızın mənəvi dəyərlərinin yaşantısı, Vətənə, dövlətə, orduya sədaqətin, qəhrəmanlığın və ölməzliyin rəmzidir. 
Vətən uğrunda şəhid olan oğullardan biri də Fərmandı. O, bu gün yaşasaydı, 36 yaşını qeyd edəcəkdi... Fərmanın Vətən üçün döyünən qəlbi 10 il öncə Aprel döyüşləri zamanı əbədi dayandı...
... Uzaqdan atəş səsləri gəlirdi. Düşmənin təxribat-diversiya qrupları ön xətdə yerləşən bölmələrimizi, yaşayış məntəqələrimizi müxtəlif növ silahlarla aramsız atəşə tuturdu. Cəbhə xəttində ağır döyüşlər gedirdi... Bu xəbər bir anın içində ölkəmizə yayıldı. Qəlbləri Vətən üçün, torpaq üçün döyünənlər bir yerdə qərar tuta bilmirdilər. Aidiyyəti qurumlara müraciət edənlər  olduqca çox idi. Əli silah tutan da, tutmayan da döyüşən əsgərlərimizin yanında olmağa, onlarla çiyin-çiyinə döyüşməyə can atırdılar... O gün Fərman da qəlbi Vətən, torpaq üçün döyünənlərin sırasında idi. Onu cəbhəyə doğma Vətənə sevgisi, ana torpağa bağlılıq çəkirdi. Tələsirdi ki, torpaqlarımızı işğaldan azad edənlərin sırasında onun da adı olsun...
Fərman Elçin oğlu Əsədli 1990-cı il sentyabrın 10-da Gəncə şəhərində Vətənə, torpağa bağlı olan bir ailədə - hərbçi ailəsində dünyaya göz açmışdı. Samux rayon Sərkar kənd orta məktəbini bitirərək, Gəncə Dövlət Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisasına yiyələnmişdi. İnsanda igidliyin əsası Vətənə, elinə, obasına sevgi ilə qoyulur. O sevgidən vətənpərvərlik hissi, mənəvi dəyərlər formalaşır. Vətənpərvərlik insanda fədakarlıq, yenilməzlik hissi yaradır, özünəinamı möhkəmləndirir və sonunda qəhrəmana çevirir. Fərman da mənəviyyatı zəngin, milli-mənəvi dəyərlərə hörmət edən və onları qoruyan bir ailədə böyüyüb boya-başa çatmışdı... 2011-2012-ci illərdə Vətənə övladlıq borcunu sədaqətlə yerinə yetirmişdi. Vətən qarşısında müqəddəs borcunu başa vurub doğmalarının yanına dönərkən, komandirlərinə, əsgər yoldaşlarına “Torpaqlarımızın azadlığı uğrunda döyüşlərə birlikdə gedəcəyik” söyləmişdi. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə... Aprel döyüşlərinin başlandığı gün. Fərman o gün o yola qətiyyətlə, inamla çıxmışdı. Cəbhə xəttinə doğru irəliləyirdi... Yaxın qohumu Sadiq Əliyevlə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsinə çatdıqda dəhşətli bir səhnənin şahidi oldular. Qəsəbə ağır artilleriya atəşi altındaydı... “N” hərbi hissəsinin qərargahında onlara ordunun köməyə ehtiyacı olmadığını bildirərək, güclü atəş altında olan ərazini tərk etmələrini israrla xahiş etdilər... Lakin onlar döyüş gedən ərazini tərk edib getməyi milli qürurlarına sığışdırmayıblar. Fərman və Sadiq orada olan mülki vətəndaşların düşmənin hədəfində olan ərazidən çıxarılmasına yardım məqsədilə onları daşımağa kömək ediblər.  
Şəhidin atası Elçin Əsədov həmin günün acı xatirələrini danışarkən qeyd etdi ki, döyüşlərin başlandığı birinci gün - aprelin 2-də ərazidə telekanallarımız çəkilişlər aparıblar. “O zaman fəaliyyət göstərən bir televiziya kanalının Tərtərdən - cəbhə xəttindən hazırladığı kadrlara Sadiq və Fərman da düşüb. Fərmangil ərazini tərk etməyərək düşmən mərmisi düşən yerlərdə yaralanan mülki şəxslərin olub-olmadığını öyrənmək üçün gözləyib və onları xəstəxanaya çatdırmağa yardım ediblər”.
Şəhidin yaxın qohumu Sadiq bu ağrılı hadisələrə şahid olduğunu söyləyir: “O əraziyə düşmən çoxlu sayda mərmilər yağdırmışdı. Yaralılar vardı. Fərman “Yenidən gedək görək yaralı qaldımı”, - dedi və “Niva”yla geri qayıtdıq.
Zabit Mübariz Rəhimov Aprel döyüşlərinin birinci günündə baş vermiş o  ağır və faciəli hadisəni belə xatırlayır: “Şıxarxda yerləşən qum-çınqıl karxanasının təxminən 500 metrliyini keçdikdən sonra düşmənin “D-30” top mərmisi avtomaşının yaxınlığına düşdü. Maşının ön hissəsində əyləşən Sadiq və Fərman ağır yaralandı. Mən isə heç bir zədə almadım. Sadiq özü ağır yaralanmasına baxmayaraq, Fərmanı təcili Tərtər xəstəxanasına çatdırdı. Həkimlərin səylərinə baxmayaraq  Fərmanın həyatını xilas etmək mümkün olmadı”. 
Qəlbi Vətən üçün döyünən, torpaqlarımızın azadlığı üçün yola çıxan, mövzu “Vətəndirsə, gerisi təfərrüatdır”, - deyən Fərman Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunmasını görməsə də, onun yolu gənclərə örnək oldu. Döyüşən hərbçi qardaşlarının yanına tələsən, ruhu ilə onlara  bağlı olan, əməli ilə xalq-ordu birliyinin nümunəsi sayılan vətənsevər oğullardan biri olan Fərman  mülki geyimdə getdiyi döyüş bölgəsində şəhadətə ucaldı. Xatirə adlı bir qız övladı Vətənə əmanət qaldı. 
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Fərman Əsədli (ölümündən sonra) “Şücatə görə” medalına layiq görülüb. Medal şəhidin atası Elçin Əsədova təqdim olunub.
Ehtiyatda olan polkovnik-leytenant Elçin Əsədov görüşlərin birində “Bir ata olaraq oğlum kimi oğullarla fəxr edirəm. Qəlbim onun Vətən sevgisiylə daim mənəvi rahatlıq tapacaq”, - söyləmişdi...
Övlad acısına dözə bilməyib dünyasını dəyişən Xatirə ana isə  bir zaman “Şəhidlər üçün son yoxdur, sonsuzluq var. Məzar daşına şəhid adı yazdırmaq şərəfdir!”, - demişdi...



Lalə HÜSEYNOVA 

“Azərbaycan Ordusu”