AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Səhər dənizin üzərində sakitlik hökm sürürdü. Sahildə həyat öz axarı ilə davam edir. Hərbi gəmidə isə gün çoxdan başlayıb. Sıra baxışı, bayrağın qaldırılması, təhlükəsizlik təlimatı, silah və texniki vasitələrin yoxlanılması - gün ərzində görüləcək işlərin hər biri müəyyən ardıcıllıqla həyata keçirilir.
Gəmidə keçirdiyimiz bir gün ərzində bu ardıcıllığın arxasında dayanan zəhməti, məsuliyyəti və peşəkarlığı yaxından müşahidə etmək imkanımız oldu. Hərbi Dəniz Qüvvələrinin “N” hərbi hissəsində olduğumuz müddətdə əsas məqsədimiz şəxsi heyətin gündəlik fəaliyyətini izləmək, gəmi həyatının görünən və görünməyən tərəfləri ilə tanış olmaq idi. Müşahidələrimiz göstərdi ki, burada gündəlik xidmətin adi görünən hər bir mərhələsi əslində döyüş hazırlığının ümumi sisteminin bir hissəsidir.
Gəmi komandiri baş leytenant Fərid Nadirlinin sözlərinə görə hər səhər şəxsi heyətə sıra baxışı keçirilir, Dövlət Bayrağı qaldırılır, təhlükəsizlik qaydaları ilə bağlı təlimat verilir, sonra silahların, texniki vasitələrin və digər sistemlərin vəziyyəti yoxlanılır. “Gündəlik fəaliyyətin hər mərhələsinin öz ardıcıllığı var. Əsas məqsəd gəmini daim hazırlıqlı vəziyyətdə saxlamaqdır. Bunun üçün həm şəxsi heyətin hazırlığı, həm də texniki vasitələrin vəziyyəti mütəmadi yoxlanılır”.
Şəki şəhərində anadan olan baş leytenant Fərid Nadirli 2017-2021-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Heydər Əliyev adına Hərbi İnstitut) təhsil alıb. Xidmət müddətində müxtəlif təlim və səfərlərdə iştirak edib. 2022-ci ildə “Dəniz kuboku” yarışlarında üzən mina hədəfinə atəş üzrə birinci yerə layiq görülüb. Qazaxıstanda keçirilən “Birləşdik” təlimində iştirak edib. Onun danışdıqlarından aydın olurdu ki, gəmidə döyüş hazırlığı yalnız müəyyən edilmiş təlim saatlarında aparılan məşqlərlə məhdudlaşmır. Gündəlik işin özü də şəxsi heyətin hazırlığının bir hissəsidir. Gəminin “döyüşə” və “səfərə” hazırlanması, hava hücumundan müdafiənin təşkili, sualtı diversiya hücumlarına qarşı müdafiə üzrə məşqlər bu hazırlığın ayrı-ayrı istiqamətləridir.
Söhbətimizə baş leytenant Vüsal Şivəxanlı ilə davam edirik. Bir neçə ildir xidmət edən Vüsalın əsas vəzifəsi ümumi gəmi sistemlərinə nəzarətdir. 2023-cü ildə Türkiyədə ixtisasartırma kursunu uğurla başa vurub.
Dənizə çıxışdan əvvəl gəmidə aparılan hazırlıq işlərini soruşduqda o, texniki mərhələlərin ardıcıllığını izah etdi. Səfər və döyüş tapşırığı normativlərinə uyğun olaraq dizel-generator işə salınır, gəmi sahil cərəyan mənbəyindən ayrılaraq bort cərəyan mənbəyinə keçirilir. Texniki vasitələr enerji ilə təmin edilir və onların vəziyyəti yoxlanılır. Baş mühərriklər də səfərə hazırlıq vəziyyətinə gətirilir.
“Dənizdə hər bir texniki vasitənin işlək vəziyyətdə olması vacibdir. Hazırlıq zamanı hər bir detal yoxlanılır”, - deyə zabit bildirir.
Gəminin texniki bölməsinə keçdikcə söhbətin mahiyyəti daha aydın görünür. Burada mühərriklərin, mexanizmlərin və digər texniki qurğuların vəziyyəti daim nəzarətdə saxlanılır. Baş çavuş Elşən Qasımov mühərrikçilərin manqa komandiridir. On ildən artıqdır hərbi xidmətdədir və müxtəlif birgə təlimlərdə iştirak edib. Elşən üçün gəminin mühərrik bölməsindəki iş yalnız texniki vəzifələrin icrası deyil. Burada görülən işin birbaşa gəminin təhlükəsizliyi və fəaliyyət qabiliyyəti ilə bağlı olduğunu deyir. Bəzən xidmət günlərlə ailədən uzaqda qalmağı tələb edir. Lakin bu, hərbi qulluqçunun xidmətə münasibətini dəyişmir.
“Dənizdə xidmətin öz çətinlikləri var. Kollektivdə hər kəs öz işinə məsuliyyətlə yanaşanda mənəvi və fiziki çətinliklərin öhdəsindən asan gəlmək olur. Əsas odur ki, qarşımızdakı tapşırığı dəqiq yerinə yetirək”, - deyə baş çavuş E.Qasımov bildirir.
Həyəcan siqnalı zamanı isə gəmidə hərəkət daha da sürətlənir. Şəxsi heyət döyüş mövqelərinə keçir. Baş və köməkçi mexaniklər mexanizmlərin işə hazır olması barədə məruzə edirlər. Təlimlər zamanı dəfələrlə təkrarlanan bu hərəkətlər dəqiq işləyən mexanizm halına gəlir və həyəcan anında şəxsi heyətin vaxt itirmədən fəaliyyət göstərməsinə imkan verir.
Gəmidə diqqət çəkən məqamlardan biri də şəxsi heyətin qida təminatıdır. Mətbəxdə digər bölmələrdə olduğu kimi, özünəməxsus nizam hökm sürürdü. Ərzaqların keyfiyyəti yoxlanılır, sanitar-gigiyena qaydalarına əməl olunur, yeməklərin hazırlanması və təqdim edilməsi müəyyən tələblər əsasında həyata keçirilirdi. Kiçik çavuş Əli Camalzadə dörd ildir hərbi xidmətdədir və gəmidə aşpaz kimi fəaliyyət göstərir. Əli ilə söhbət zamanı məlum olur ki, onun iş günü mətbəxdə xüsusi geyim qaydalarına uyğun hazırlıqla başlayır. Papaq və əlcəkdən istifadə edilir, gündəlik ərzaq ehtiyatına baxış keçirilir. Gəmi heyətinə gündə üç dəfə - səhər, günorta və axşam qida verilir. Yeməklərin hazırlanmasında sanitar-gigiyena tələblərinə, bişirilmə dərəcəsinə və temperaturuna diqqət yetirilir.
“Gəmidə qidanın hazırlanması da müəyyən qaydalar əsasında aparılır. Ərzağın keyfiyyəti, yeməyin hazırlanması və təqdim olunması nəzarətdə saxlanılır. Şəxsi heyətin sağlam qidalanması xidmətin normal təşkili üçün vacibdir”, - deyə Əli Camalzadə bildirir.
Digər hərbi gəmidə isə baş leytenant Rəşad Eyyubov ilə söhbət edirik. Zabit Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və indiki Heydər Əliyev adına Hərbi İnstitutun məzunudur. Xarici ölkələrdə keçirilən təlim və səfərlərdə iştirak edib. Onun gündəlik fəaliyyətinə şəxsi heyətə ixtisas və idman hazırlığının keçirilməsi, komandir və rəislərinin tapşırıqlarının icrası daxildir. Söhbət zamanı Rəşad Eyyubovun da vurğuladığı əsas məqam hərbi nizam-intizam və qarşılıqlı məsuliyyət oldu.
Hərbi gəminin həyatında bəzən gözə görünməyən, lakin ümumi fəaliyyət üçün vacib olan işlər də var. Miçman Səfər Qasımov gündəlik fəaliyyətini günün nizam qaydasına uyğun qurur. Beş ilə yaxın xidmət təcrübəsi olan hərbi qulluqçu Səfər Qasımov da müxtəlif illərdə xarici səfər və təlimlərdə iştirak edib.
Baş takelajçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu miçman Nazim Mikayılov ilə söhbət zamanı məlum olur ki, gəminin lövbər və qaldırıcı qurğularına cavabdeh sahələrdən birində xidmət edir. Lövbər zəncirlərinin və kəndirlərin vəziyyətinin yoxlanılması, qaldırıcı qurğuların zəncirlərinə gündəlik qulluq onun əsas vəzifələri sırasındadır. Nazim yeddi ildir hərbi xidmətdədir. Dəfələrlə təşəkkürnamə və təltiflərlə mükafatlandırılıb. Söhbət zamanı işinə münasibətindəki əminlik diqqət çəkirdi.
Gəminin səfərə hazırlığında daha bir mühüm istiqamət yanacaq təminatıdır. Baş leytenant Həsən Kərimli bu sahəyə cavabdeh hərbi qulluqçulardandır. 2002-ci il təvəllüdlü zabitin iki ali təhsili var. Ali hərbi təhsilini bitirdikdən sonra xaricdə MTT Akademiyasında təhsil alıb. Onun xidməti vəzifəsi Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin və hərbi hissələrinin yanacaq-sürtkü materialları ilə təmin olunmasını, onların müəyyən olunmuş qaydalara uyğun saxlanılmasını və qorunmasını təşkil etməkdir.
“Yanacaq və sürtkü materiallarının təminatı da bu işin vacib hissəsidir. Burada dəqiqlik əsas şərtlərdən biridir”, - deyə zabit bildirir.
Gəmidə keçirdiyimiz saatlar ərzində müxtəlif vəzifələrdə xidmət edən hərbi qulluqçularla söhbət etdik. Bəzən gəmini sahildən seyr edən insan yalnız onun dənizdə hərəkətini görür. Halbuki həmin hərəkətin arxasında məsuliyyətli yanaşma, uzun hazırlıq dayanır. Mühərrikin işə salınması, texniki vasitələrin yoxlanılması, lövbər və kəndirlərə qulluq, yanacaq təminatı, mətbəxdə görülən işlər, şəxsi heyətin hazırlığı - bütün bunlar gəminin gündəlik həyatını təşkil edən mühüm istiqamətlərdir. “N” hərbi hissəsində apardığımız müşahidələr zamanı bir məqam xüsusilə diqqətimizi çəkdi: burada hərbi nizam-intizam yalnız qayda olaraq tətbiq edilmir, gündəlik fəaliyyətin təbii hissəsinə çevrilib. Hər kəs öz yerində, öz vəzifəsinin başındadır. Gəmidə bir gün keçirmək Hərbi Dəniz Qüvvələrində xidmətin yalnız dənizə çıxmaqdan ibarət olmadığını göstərir. Dənizdə hərəkət edən gəminin arxasında hazırlıq, bilik, texniki təminat və ən əsası, öz vəzifəsinə məsuliyyətlə yanaşan şəxsi heyət dayanır.
Günün sonunda gəmidən ayrılarkən yadda qalan yalnız dənizin sakit görüntüsü olmur. Onun daxilində eşidilən mühərrik səsləri, verilən komandalar, texniki vasitələrin yoxlanılması və öz işinin başında olan insanların sakit, nizamlı fəaliyyəti də bu günün yaddaşında qalır. Burada hər şey öz yerində və öz vaxtındadır. Çünki dənizdə gəminin etibarlı hərəkəti yalnız texniki imkanlarla deyil, həmin texnikanı idarə edən, ona nəzarət edən və qarşıya qoyulan tapşırığın məsuliyyətini daşıyan insanların peşəkarlığı ilə təmin olunur. “N” hərbi hissəsində keçirdiyimiz bir gün bizə bunu göstərdi: Hərbi Dəniz Qüvvələrində hazırlıq gündəlik həyatın ayrılmaz hissəsidir və hər yeni gün şəxsi heyətin növbəti tapşırığa hazır olması ilə başlayır.
Emil MURADLI
“Azərbaycan Ordusu”