AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Xocavənd rayonunun Azıx kəndi Quruçay vadisinin sol sahilində, dağətəyi ərazidə yerləşir. Kəndin adı yaxınlığındakı Azıx mağarası ilə bağlıdır. Qarabağın bu qədim guşəsində yerləşən mağara Azərbaycan paleolit dövrünün öyrənilməsi baxımından mühüm arxeoloji abidələrdən biridir. Azıx mağarasının elmi tədqiqi 1960-cı ildə Tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan qazıntılarla yeni mərhələyə qədəm qoydu. XX əsrin araşdırmaları zamanı mağaranın müxtəlif təbəqələrindən daş əmək alətləri, heyvan sümükləri, ocaq qalıqları və qədim insana aid antropoloji materiallar aşkar edilib. Bu tapıntılar Azıxda insan fəaliyyətinin müxtəlif mərhələlərini izləməyə imkan verdi. Mağaranın aşağı təbəqələrindən əldə edilən daş məmulatlar Quruçay arxeoloji mədəniyyəti ilə əlaqələndirilir. Araşdırmalar məlum etmişdir ki, mədəniyyətin başlanğıcı təxminən 1 milyon 200 min il əvvələ aid edilir. Quruçay mədəniyyəti adını mağaranın qarşısından keçən Quruçay çayından alıb və bu anlayışın elmi dövriyyəyə daxil edilməsində Məmmədəli Hüseynovun mühüm rolu olub. Quruçay təbəqələrində aparılan arxeoloji tədqiqatlar qədim insanın əmək fəaliyyətinin xarakterini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. İri daş parçaları, qəlpələr və işlənmiş nümunələr təbii daş xammalının seçildiyini, zərbə yolu ilə parçalandığını və yaranan kənarların əmək prosesində istifadə edildiyini göstərir. Sadə görünüşlü bu alətlər öz dövrünün texniki imkanlarını əks etdirir. Quruçay mədəniyyətinə aid aşkar edilmiş daş məmulatları qədim dünyanın digər erkən mədəniyyətləri ilə müqayisə ediləcək qədər qədimdir. Şərqi Afrikadakı “Olduvay” mədəniyyəti ilə aparılan müqayisə göstərir ki, hər iki arxeoloji kompleksdə daş xammalının zərbə yolu ilə işlənməsi və əmək alətlərinin hazırlanması baxımından müəyyən oxşar xüsusiyyətlər mövcuddur. Bu yaxınlıq qədim insanların daşdan əmək vasitəsi hazırlamaq təcrübəsinin müxtəlif coğrafi ərazilərdə oxşar üsullarla meydana çıxdığını göstərən maraqlı nümunədir. Mağaranın sonrakı təbəqələri də qədim insan fəaliyyətinin müxtəlif mərhələlərini izləməyə imkan verir. VI təbəqədən Aşel mədəniyyətinin daha qədim mərhələsinə aid daş alətləri və çoxsaylı heyvan qalıqları aşkar olunub. Azıxın elmi əhəmiyyətini artıran ən mühüm tapıntılardan biri 1968-ci ildə aşkar edilmiş qədim insanın alt çənə qalığıdır. Tapıntı mağaranın V təbəqəsindən əldə edilib. Məmmədəli Hüseynov bu qədim insan qalığını “Azıxantrop” adlandırıb və bu termin sonradan elmi ədəbiyyatda geniş istifadə olunub. Qədim insan qalığı Azıx mağarasından aşkar edildiyi üçün “Azıxantrop” adı ilə tanınıb.
Professor Məmmədəli Hüseynovun Azıxla bağlı fəaliyyəti bir tapıntı ilə məhdudlaşmır. Onun rəhbərliyi ilə aparılan uzunmüddətli qazıntılar mağaranın arxeoloji təbəqələrinin öyrənilməsinə, daş məmulatının sistemləşdirilməsinə və Azərbaycanın paleolit tarixinin elmi əsaslarla araşdırılmasına mühüm imkan yaratdı. Sonrakı tədqiqatlarda Quruçay, Qədim Aşel, Orta Aşel və Mustye mərhələlərinə aid materiallar da araşdırılıb.
Azıx mağarasının tarixində işğalın ağır izləri də var. Qarabağın Ermənistan tərəfindən işğalı illərində Azərbaycan ərazisindəki bir sıra arxeoloji və memarlıq abidələri dağıntılara, talana və qanunsuz müdaxilələrə məruz qalıb. Azıx mağarası da bu prosesdən kənarda qalmayıb. İşğal dövründə tarixi proseslərin saxtalaşdırılması məqsədilə mağarada qanunsuz arxeoloji qazıntı və tədqiqatların aparılması rəsmi məlumatlarla öz əksini tapıb. Tarixi-mədəni irsə qarşı həyata keçirilən bu cür əməllər Azərbaycan xalqının çoxəsrlik maddi irsinə vurulmuş ciddi zərər kimi qiymətləndirilməlidir.
44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağın tarixi və mədəni irsi də yenidən Azərbaycan dövlətinin nəzarətinə qayıtdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 15 mart 2021-ci ildə Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasına baş çəkməsi bu baxımdan mühüm hadisə oldu.
Prezident İlham Əliyev mağaranın girişində onun Azərbaycan tarixinə məxsus olduğunu və Azərbaycanın tarixi sərvəti sayıldığını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. O, həmçinin işğal dövründə burada qanunsuz fəaliyyət aparıldığını, xaricdən alimlərin gətirildiyini və tarixi irsimizə ziyan vurulduğunu vurğuladı. Prezident İlham Əliyev gələcəkdə tədqiqatların Azərbaycan alimləri və onların dəvəti ilə gələcək xarici mütəxəssislər tərəfindən qanuni əsaslarla aparılacağını bildirdi.
Həmin səfər zamanı Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə gördüyü dağıntılara da münasibət bildirərək Azərbaycanın bu torpaqlara “qəhrəman xalq kimi, müzəffər dövlət kimi” qayıtdığını vurğuladı. Azıx mağarasının qarşısında səsləndirdiyi “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” sözləri isə səfərin yadda qalan məqamlarından birinə çevrildi.
Bu gün Azıx mağarasının əhəmiyyəti yalnız onun qədimliyi ilə ölçülmür. Buradakı daş alətlər qədim insanın əmək fəaliyyətini, arxeoloji təbəqələr müxtəlif tarixi mərhələləri, fauna qalıqları keçmiş təbii mühiti ifadə edir. Tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun başlatdığı araşdırmalar paleolit dövrünün öyrənilməsində mühüm mərhələ yaratdı. Azıxla bağlı əldə olunan nəticələr Azərbaycan ərazisinin qədim insan tarixində tutduğu yerin öyrənilməsinə mühüm zəmin yaradıb. Arxeoloji tapıntılar Azərbaycanın ən qədim tarixinin müxtəlif mərhələlərini əks etdirən mühüm maddi sübutlardır. Onların qorunması və elmi əsaslarla araşdırılması tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm vəzifədir.
Emil MURADLI “Azərbaycan Ordusu”