Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2026 17:31

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə dərsə hazırlaşmaq üçün kömək)

Mövzu: Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır!
Suallar:
1. Azərbaycanın Qarabağ bölgəsi.

2. Qarabağ XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək.

3. Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır!

Azərbaycanın Qarabağ bölgəsi


Azərbaycanın Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri olan Azıx və Tağlar düşərgələri ilə tanınır. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyətindən sonrakı dövrlərdə mövcud olmuş müxtəlif arxeoloji mədəniyyətlərin daşıyıcılarının yaşayış məskəni olmuşdur. Quruçay mədəniyyəti 1 milyon 200 min ildən artıq tarixə aid edilir. Bu bölgə Kiçik Qafqaz dağları ilə Kür və Araz çayları arasındakı əraziləri əhatə edən tarixi-coğrafi məkan kimi tanınır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın adı Azərbaycan dilindəki “qara” və “bağ” sözləri ilə əlaqələndirilir. “Qarabağ” sözü ilk mənbələrdə təxminən 1300 il bundan əvvəl, VII əsrdən etibarən işlənmişdir. Azərbaycan dilində “qara” sözünün rəngdən başqa “qalın”, “böyük” kimi mənaları da vardır.
Azərbaycan ərazisində qədim dövrlərdən etibarən zəngin mədəniyyətlə yanaşı, dövlətçilik ənənələri də formalaşmışdır. E.ə. III minillikdən eramızın ilk əsrlərinədək olan dövrdə bu torpaqlarda ən qədim tayfa birlikləri, erkən dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Bu dövrdə Azərbaycan ərazisində Kuti, Lullubi, Turukki kimi qədim tayfa birlikləri, Manna, Atropatena və Albaniya kimi dövlət qurumları mövcud olmuşdur.
Azərbaycanın cənubunda qüdrətli Manna dövləti e.ə. IX-VI əsrlərdə mövcud olmuşdur. Manna Azərbaycan dövlətçilik tarixində mühüm yer tutur. Manna Assuriya və Urartu ilə mübarizədə müstəqilliyini qorumağa nail olmuş, Azərbaycanın şimalında, o cümlədən Qarabağ ərazisində də həmin dövrün siyasi prosesləri davam etmişdir.
Makedoniyalı İsgəndərin (e.ə. 336-323) Əhəməni dövlətini məğlub etməsindən sonra Azərbaycanın şimalında siyasi proseslər yeni mərhələyə qədəm qoydu. İsgəndərin imperiyası parçalandıqdan sonra Azərbaycanın cənubunda Atropatena, şimalında isə Albaniya dövlətləri yarandı. Qarabağın böyük hissəsi müxtəlif dövrlərdə Qafqaz Albaniyasının siyasi və mədəni təsir dairəsində olmuşdur.
Qarabağın tarixində əsas dəyişikliklər Ərəb xilafətinin yürüşləri və bölgədə siyasi sistemin dəyişməsi ilə bağlı olmuşdur. IX-XIII əsrin əvvəlləri, xüsusilə Sacilər, Salarilər, Şəddadilər, Eldəgizlər və Şirvanşahlar dövrü Azərbaycanın siyasi tarixində mühüm mərhələlərdən biri idi. Sacilər və Atabəylər dövlətləri Azərbaycanın müxtəlif tarixi ərazilərinin siyasi cəhətdən birləşdirilməsində mühüm rol oynamışdılar.
Monqolların yürüşləri zamanı zəifləmiş Atabəylər dövlətinə son qoyuldu. Xarəzmşah Cəlaləddinin Azərbaycanda hakimiyyəti dövründə (1225-1231) Qarabağ da onun hakimiyyəti altında idi. Monqolların ikinci yürüşü və Azərbaycanın işğalının başa çatması ilə Qarabağ ərazisi də digər Azərbaycan torpaqları kimi monqol hakimiyyəti altına keçdi. Daha sonra Qarabağ ərazisi Hülakülər (Elxanilər) dövlətinin (1256-1357) tərkibində oldu. 
Səfəvi dövlətinin yaranması ilə (1501) Azərbaycan torpaqlarının mərkəzləşdirilməsi prosesinə başlanıldı. Səfəvilər dövründə ölkə inzibati cəhətdən bəylərbəyliklərə bölünmüşdü. Onlardan biri də mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi idi. Bəylərbəyilər Qızılbaşlardan təyin olunurdu və onlar həmin ərazini irsən idarə edirdilər. XVI əsrdə Səfəvi dövlətinin inzibati sistemində Qarabağ-Gəncə bəylərbəyliyi mühüm yer tuturdu. Qarabağ bəylərbəyliyi Səfəvi imperiyasındakı 3 Azərbaycan mərkəzindən biri idi. XVI əsrin başlanğıcında Azərbaycan Səfəvilər dövlətinin yaratdığı inzibati ərazilərdən biri olan Qarabağ bəylərbəyliyinin tərkibinə XVII əsrdən XVIII əsrin əvvəlinə qədər Astabad, Cavanşir, Bərgüşad, Qazax, Şəmşədil kimi ərazilər daxil idi.
Səfəvi dövlətinin zəifləməsindən sonra Azərbaycan torpaqları Qacarlar, Çar imperiyası və Osmanlı dövlətləri arasında gedən müharibələr meydanına çevrildi. XVIII əsrin birinci yarısında Gəncə-Qarabağ əraziləri də Osmanlı-Səfəvi və sonrakı Qacar - Çar imperiyası qarşıdurmalarının təsirinə məruz qaldı.
Sonuncu Səfəvi şahı III Abbasın dövrünün başa çatmasından sonra 1736-cı ildə Nadir şah Əfşar hakimiyyətə gəldi. Nadir şah Gəncə-Qarabağ bəylərbəyliyi bölgəsində mərkəzi hakimiyyətə tabeçilik məsələsində sərt siyasət həyata keçirdi. Bu dövrdə bölgədəki müsəlman əhali və yerli feodal hakimiyyətləri üzərində təzyiq artdı.
Nadir şahın 1747-ci ildə öldürülməsindən sonra Azərbaycan ərazisində bir sıra xanlıqlar və sultanlıqlar yarandı. Bu xanlıqlardan biri də əsası Cavanşirlər sülaləsinin Sarıcalı oymağından olan Pənah Əli xan tərəfindən qoyulan Qarabağ xanlığı idi. Kür və Araz çayları arasında geniş ərazini əhatə edən Qarabağ xanlığının siyasi mərkəzi Şuşa şəhəri oldu.
Beləliklə, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ müxtəlif tarixi dövrlərdə Albaniya, Ərəb xilafəti, Sacilər, Salarilər, Şəddadilər, Eldəgizlər, Elxanilər (Hülakülər) Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, Əfşarlar və Qacarlar kimi dövlətlərin hakimiyyəti altında olmuşdur.

Qarabağ XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək


XVIII əsrin əvvəllərində Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən çar Rusiyası Cənubi Qafqazda fəal siyasət həyata keçirməyə başladı. I Pyotrun Xəzər hövzəsinə və regionun geostrateji mövqeyinə marağı Çar Rusiyasının Qafqaz siyasətinin güclənməsində mühüm amillərdən biri idi. XVIII əsrdən etibarən Qafqazda hərbi-siyasi mövqelərini genişləndirən Rusiya imperiyası XIX əsrin birinci yarısında Şimali Azərbaycanın böyük hissəsini öz hakimiyyəti altına aldı.
1805-ci ildə Qarabağ xanı İbrahimxəlil xan ilə Rusiya imperiyası arasında “Kürəkçay” traktatı imzalandı. 11 maddədən ibarət bu sənədlə Qarabağ xanlığı Rusiya imperiyasının məcburi ali hakimiyyətini, himayəsini qəbul etdi. Kürəkçay müqaviləsindən sonra Rusiya imperiyasının Cənubi Qafqazda mövqeyi gücləndi və 1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın şimal ərazilərinin böyük hissəsi Rusiyanın hakimiyyəti altına keçdi. Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsi üçün şərait yarandı. 1828–1830-cu illərdə İrandan, daha sonra isə Osmanlı imperiyasından erməni ailələrinin bölgəyə köçürülməsi həyata keçirildi. Bu siyasət əvvəlcən hesablanmış çirkin planların həyata keçirilməsinə rəvac verdi. Köçürülən əhali əsasən İrəvan, Naxçıvan və Qarabağ da daxil olmaqla müxtəlif ərazilərdə yerləşdirildi. Bu köçürmələr Cənubi Qafqazın etnik-demoqrafik mənzərəsinə təsir göstərən mühüm proseslərdən biri oldu. 1822-ci ildə Qarabağ xanlığı ləğv edilərək Qarabağ əyaləti yaradıldı.
Ümumilikdə, 1828-1830-cu illərdə Qacarlar və Osmanlı imperiyalarından Cənubi Qafqaza, o cümlədən Şimali Azərbaycan ərazilərinə ermənilərin kütləvi köçürülməsi həyata keçirildi. Mövcud rəsmi məlumatlarda həmin dövrdə Qacarlar ərazisindən təxminən 40 min, Osmanlı ərazisindən isə 100 mindən artıq erməni ailəsinin Cənubi Qafqaza köçürüldüyü göstərilir. Bu köçürmələr Qarabağ da daxil olmaqla bir sıra ərazilərin etnik-demoqrafik vəziyyətinə təsir göstərir və gələcəkdə münaqişə ocağının yaradılmasına zəmin yaradırdı.
1905-ci ildən başlayaraq Azərbaycan əhalisinə qarşı erməni birləşmələri müxtəlif bölgələrdə kütləvi zorakılıqlar və etnik təmizləmə siyasəti həyata keçirildi. Bu proses Qarabağ ərazisində də faciəli nəticələr doğurdu. Birinci Dünya müharibəsinin yaratdığı mürəkkəb siyasi şəraitdən istifadə edən erməni millətçi dairələri “Böyük Ermənistan” ideyasını irəli sürərək ərazi iddialarını genişləndirməyə çalışdılar. 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqazda yaranmış siyasi və hərbi böhran şəraitində erməni silahlı dəstələrinin azərbaycanlı əhaliyə qarşı zorakılıqları daha da genişləndi.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycan tarixində yeni dövr başlandı. 1918-1920-ci illərdə Qarabağda silahlı qarşıdurmalar və etnik zorakılıqlar baş verdi, bir sıra yaşayış məntəqələri dağıdıldı və minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin salındı.
1920-ci ilin iyunun əvvəllərində Qarabağda sovet hakimiyyətinə qarşı üsyan baş verdi. Nuru Paşa rəhbərlik etdiyi qüvvələrin iştirakı ilə Şuşada sovet hakimiyyətinə qarşı müqavimət göstərildi. İyunun 15-də XI Qızıl Ordu hissələrinin bölgəyə daxil olması ilə sovet hakimiyyəti yenidən bərpa edildi.
Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də yaradılmış və müsəlman Şərqində ilk demokratik parlament respublikası olmuşdur. Rusiya imperiyasının süqutundan sonra Cənubi Qafqazda yaranmış siyasi vəziyyət nəticəsində Ermənistan Respublikası da 1918-ci ildə elan edildi. Sonrakı illərdə tarixi Azərbaycan torpağı olan İrəvan, Zəngəzur, Göyçə və Naxçıvan ətrafında mürəkkəb siyasi və inzibati proseslər baş verdi. Bu proseslər regionun gələcək siyasi xəritəsinə ciddi təsir göstərdi.
1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Muxtar vilayət Azərbaycan SSR-in tərkibində yaradılmış inzibati qurum idi və onun inzibati mərkəzi Xankəndi müəyyən edildi. Beləliklə, sovet dövründə Qarabağın dağlıq hissəsinə muxtar inzibati status verildi.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ sovet inzibati sistemi daxilində aran və dağlıq hissələrə bölünmüş şəkildə idarə olunurdu. Təzyiqlər nəticəsində Muxtar vilayətin yaradılması sonrakı illərdə Qarabağ məsələsi ətrafında yaranacaq siyasi mübahisələr üçün zəmin yaradan amillərdən birinə çevrildi.

Qarabağ qədim türk yaşayış məskənidir. Qarabağ Azərbaycandır!


Sovetlər dövründə azərbaycanlı əhalinin tarixi yaşayış yerlərindən məcburi köçürülməsi də Qarabağ məsələsinin mühüm səhifələrindən biridir. 1948-1953-cü illərdə Ermənistan SSR-dən azərbaycanlı əhalinin deportasiyası həyata keçirildi. Bu proses nəticəsində minlərlə azərbaycanlı ailəsi öz ata-baba yurdlarından köçürülərək Azərbaycan SSR-in müxtəlif rayonlarında yerləşdirildi.
1960-1970-ci illərdə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı separatçı təşəbbüslərin qarşısının alınması istiqamətində mühüm tədbirlər görüldü. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra Heydər Əliyevin rəhbərliyi ilə keçmiş DQMV-nin iqtisadi və sosial inkişafına diqqət artırıldı. Şuşanın inkişaf etdirilməsi, 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitutun açılması və 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolu xəttinin istifadəyə verilməsi həmin dövrün mühüm layihələri sırasında idi. Ulu Öndər Heydər Əliyevin həmin dövrlərdə apardığı uğurlu siyasət bölgədəki qarşıdurmanı azaltdı.
Beləliklə, həyata keçirilən sosial-iqtisadi tədbirlər Qarabağın inkişafına və bölgənin Azərbaycanla iqtisadi əlaqələrinin möhkəmlənməsinə mühüm təsir göstərdi.
1988-ci ildə erməni millətçi dairələri Qarabağın Ermənistanla birləşdirilməsi tələbini yenidən gündəmə gətirdilər. Uydurma "Dənizdən-dənizə" "Böyük Ermənistan" miflərini ortaya atdılar. Eyni dövrdə Ermənistan SSR-də azərbaycanlı əhalinin tarixi yaşayış məntəqələrindən çıxarılması prosesi genişləndi. Yüzlərlə azərbaycanlı öldürüldü, yüz minlərlə soydaşımız öz tarixi yaşayış yerlərindən qovuldu.
1989-cu ildə keçmiş DQMV-də “Xüsusi İdarəçilik Komitəsi” yaradıldı və muxtar vilayətin Azərbaycanla inzibati əlaqələri faktiki olaraq zəiflədi. Silahlı erməni dəstələrinin fəaliyyəti nəticəsində Qarabağ və ətraf ərazilərdə azərbaycanlı əhali doğma yurdlarından çıxarıldı.
Ermənistanın hərbi müdaxiləsi nəticəsində Azərbaycanın təxminən 20 faizlik ərazisi işğal olundu.
Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü, 20 mindən çox insan həlak oldu, 50 mindən çox insan əlil oldu, 4 minə yaxın azərbaycanlı isə itkin düşdü.
1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olunduqdan sonra da Ermənistanın Azərbaycan Respublikasına qarşı ərazi iddiaları davam etdi. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı bu iddiaların davam etdiyini göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasında “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına cavab verdi: “Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi müzakirələrində çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi siyasətini diqqətə çatdırdı və beynəlxalq ictimaiyyəti Ermənistanın yeni hərbi təxribatlarının qarşısının alınması istiqamətində addımlar atmağa çağırdı. Həmin dövrdə ATƏT-in Minsk qrupu da Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin həlli üzrə danışıqlar prosesinin əsas vasitəçilərindən biri idi. Amma 30 il ərzində münaqişənin həlli üçün heç bir əməl tədbir həyata keçirilməmişdir.
Lakin Ermənistanın hərbi təxribatları və Azərbaycanın ərazilərinin işğalının davam etməsi 2020-ci ilin sentyabrında yeni müharibəyə gətirib çıxardı. Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra işğal faktına son qoyaraq tarixi Zəfərə imza atdı. Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsi nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri və çoxsaylı yaşayış məntəqələrini işğaldan azad etdi.
2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın, Azərbaycan Ordusunun və xalqımızın Zəfəri ilə başa çatdı. Haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Bu qələbə Müzəffər Ali Baş Komandanın qətiyyəti və siyasi iradəsi, ordumuzun şücaəti, qəhrəmanlığı, hərbi qulluqçularımızın fədakarlığı, müqəddəs şəhidlərimizin canı, qanı və xalqımızın birliyi hesabına qazanıldı.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev işğaldan azad edilmiş tarixi torpaqlarımızda üçrəngli bayrağımızı ucaltdı və bəyan etdi: “Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu yaşamışıq, bizim xalqımız yaşayıb”.

İdeoloji Təminat İdarəsi