Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2026 17:15

Atalarının xatirəsi yaşayır - bəzən bir fotoşəkildə, bəzən də atalarından eşitdiyi bir sözdə...

15 sentyabr – Bilik Günü münasibətilə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə şəhid ailələrinin övladları üçün “Birliklə başla, Zəfərlə ucal!” devizi altında tədbir keçirildi. Səməd Vurğun adına Yaradıcılıq Evində təşkil olunan görüşün əsas məqsədi şəhid övladlarını yeni tədris ili münasibətilə təbrik etmək, təhsildə fərqlənən uşaqları həvəsləndirmək, şəhid ailələrinə göstərilən diqqət və qayğını bir daha nümayiş etdirmək idi.
Tədbirə şəhid ailələrinin övladları, ailə üzvləri, Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təmsilçiləri və digər qonaqlar qatılmışdılar. Görüşün keçirilməsi üçün seçilən Səməd Vurğun adına Yaradıcılıq Evi də uşaqların rahat vaxt keçirməsi üçün əlverişli imkan yaratmışdı. Gün ərzində onlar müxtəlif oyunlarda iştirak etdilər, əyləncəli proqramlara qoşuldular, bir-biriləri ilə ünsiyyət saxladılar. Təhsildə uğur qazanan uşaqlara isə sertifikat və hədiyyələr təqdim olundu. Tədbirin aparıcısı İslam Əlizadə əvvəlcə görüşün məqsədindən danışdı. O, şəhid ailələrinin övladları üçün belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğuladı. İslam Əlizadə belə bir tədbirdə aparıcı kimi iştirak etməyi özü üçün də məsuliyyət və şərəf hesab etdiyini bildirdi.
Sonra Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Kərim Rzayev çıxış edərək tədbirin təşkilində iştirak edən və dəstək göstərən hər kəsə təşəkkürünü bildirdi. Xüsusilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Nəbiyevin tədbirə göstərdiyi diqqəti qeyd etdi. Kərim Rzayev çıxışında şəhid övladlarının yanında olmağın vacibliyindən danışaraq bildirdi ki, onların sevincinə şərik olmaq, problemləri və qayğıları ilə maraqlanmaq yalnız müəyyən tarixlərlə məhdudlaşmamalıdır.
 Tədbirdə çıxış edən Hikmət Nəbiyev də şəhid ailələrinə, xüsusilə onların övladlarına göstərilən diqqətin vacibliyindən danışdı. O bildirdi ki, belə görüşlər uşaqlar üçün yalnız əyləncə xarakteri daşımır. Məqsəd həm də onların yeni dərs ilinə xoş ovqatla başlamasına, həmyaşıdları ilə bir araya gəlməsinə, təhsildə qazandıqları nəticələrin qiymətləndirilməsinə şərait yaratmaqdır.
Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Aygün Məmmədova isə şəhid övladlarının daim diqqətdə saxlanılmasının vacibliyindən danışdı: “Şəhidlərin övladları cəmiyyətin xüsusi qayğı göstərməli olduğu uşaqlardır. Bu uşaqların yanında olmaq, onların uğurlarını bölüşmək və ehtiyac duyduqları zaman dəstək göstərmək mühüm məsələdir”. Aygün Məmmədova şəhid övladlarını “şəhidlərimizin əmanəti” kimi xarakterizə edərək, cəmiyyətin onları heç zaman diqqətdən kənarda qoymamalı olduğunu bildirdi. 
Uşaqların tədbirə münasibətindən görünürdü ki, onlar üçün belə görüşlər həmyaşıdları ilə ünsiyyət baxımından da maraqlıdır.
Tədbirin rəsmi hissəsindən sonra şəhid ailələrinin üzvləri ilə söhbət etdik. Hər ailənin yaddaşında özünəməxsus xatirələr vardı. Kimisi həyat yoldaşından, kimisi atasından, kimisi isə övladının atasına olan münasibətindən danışdı. Söhbətlərin ümumi mövzusu isə eyni idi - şəhidlərin ailədə, övladlarının yaddaşında və gündəlik həyatında yaşatdığı iz.
Gülnarə Quliyeva şəhid kapitan Şahmar Quliyevin həyat yoldaşıdır. O, tədbirin təşkilinə görə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, şəhid ailələrinə göstərilən dövlət qayğısını daim hiss edirlər. Gülnarə xanım həyat yoldaşını ailəsinə bağlı, zəhmətkeş və vətənpərvər  insan kimi xatırlayır. Şahmar şəhid olanda oğlu hələ üç yaşında idi. Buna görə də Kəmaləddinin atasına dair xatirələri əsasən ailənin danışdıqları və qorunan fotoşəkillərlə formalaşıb.
Şahmar Quliyev 7 noyabr 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. Vətən müharibəsi zamanı Tərtər və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarının xatirələrində cəsarətli və qorxmaz zabit kimi qalıb. Şəhidliyindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Kəmaləddin Quliyev atasından danışarkən onunla fəxr etdiyini söylədi. Atasını itirəndə üç yaş yarımlıq olan Kəmaləddin bu gün onu daha çox ailəsinin söhbətlərindən tanıyırdı. Tədbirdə iştirak etməkdən, digər uşaqlarla vaxt keçirməkdən və təşkil olunan oyunlardan məmnun qaldığını bildirdi.
Qəmər Rəhimli ilə söhbətimiz isə şəhidlik mövzusunun onun ailəsi üçün iki nəsli əhatə etdiyini göstərdi. 1993-cü ildə Ağdamda anadan olan Qəmər xanım həm şəhid qızı, həm də şəhid həyat yoldaşıdır. Onun atası Birinci Qarabağ müharibəsində, həyat yoldaşı Murad Rəhimli isə Vətən müharibəsində şəhid olub.
Qəmər Rəhimli tədbirin təşkilini yüksək qiymətləndirdi, şəhid ailələrinə göstərilən diqqətə görə təşəkkür etdi, uşaqların belə tədbirlərdə bir araya gəlməsinin, birlikdə vaxt keçirməsinin onlar üçün vacibliyini ifadə etdi.
Şəhidimiz Murad Rəhimli 1991-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ekologiya fakültəsində təhsil alıb. 2020-ci ildə müharibə başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Tərtər-Ağdərə istiqamətində, daha sonra Suqovuşan ətrafında gedən döyüşlərdə vuruşaraq şəhid olub. Şəhidimizin oğlu atasını sonuncu dəfə dörd yaşında görüb. Atasının ona aldığı oyuncaq hələ də ailədə saxlanılır. Bu oyuncaq uşağın yaddaşında atasından qalan əşyalardan biridir. O, atasının cəsur insan olduğunu, şəhid oğlu olması ilə fəxr etdiyini bildirdi.
Aygün Babayeva şəhid mayor Rahib Babayevin həyat yoldaşıdır. O, belə görüşlərin şəhid ailələrinin xatırlanması baxımından əhəmiyyətli olduğunu bildirdi. Onun sözlərinə görə, uşaqlar üçün təşkil olunan tədbirlər onların həmyaşıdları ilə ünsiyyət qurmasına imkan yaradıb və diqqət mərkəzində olduqlarını hiss etdirir.
Rahib Babayev 19 iyun 1985-ci ildə Şahbuz rayonunun Külüs kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və indiki Heydər Əliyev adına Hərbi İnstitutda təhsil alıb. 2006-cı ildən hərbi xidmət keçib. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 30 sentyabr 2020-ci ildə şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Aygün xanım Rahibi ailəsinə bağlı və məsuliyyətli insan kimi xatırlayır. Onun haqqında danışarkən, ilk növbədə, insan kimi xüsusiyyətlərini önə çəkir. Rahibin oğlu İbrahim isə atasını beş yaşında itirib. Onun yaddaşında atasının sevgisi və birlikdə keçirdikləri vaxt qalıb. İbrahim tədbirdə iştirak edən digər uşaqlar kimi gün ərzində müxtəlif oyunlara qoşulurdu.
Aynur Babayeva şəhid baş leytenant Vüsal Babayevin həyat yoldaşıdır. O da belə tədbirlərin artıq bir neçə ildir keçirildiyini və uşaqlar üçün maraqlı olduğunu bildirdi. Təşkilatçılara göstərilən diqqətə görə təşəkkürünü çatdırdı.
Şəhidimiz Vüsal Babayev 1992-ci ildə Pirallahı rayonunda anadan olub. İndiki Heydər Əliyev adına Hərbi İnstitutda hərbi təhsil alıb, 2014-cü ildə leytenant kimi məzun olub. Daha sonra indiki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən kursda təhsil alıb. Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə yaralı silahdaşına kömək edərkən şəhid olub.
Aynur xanımın sözlərindən Vüsalın ailəsinə bağlılığı və silahdaşlarına münasibəti xüsusilə seçilirdi. O, həyat yoldaşını səmimi, mehriban, ailəcanlı insan kimi xatırlayır. 
Vətən qarşısında borcunu yerinə yetirməyi öz məsuliyyəti hesab edən Vüsalın döyüş yoldaşlarına münasibəti də ailəsinin yaddaşında qalıb.
Şəhidimizin qızı Selcan Babayeva isə tədbirdən məmnun qaldığını, oyunların maraqlı olduğunu söylədi. Atasından danışarkən onun üçün ən vacib olan xüsusiyyəti bir neçə sözlə ifadə etdi: “Mən şəhid qızıyam. Mənim atam igiddir, qorxmazdır...”.
Günel Mirzəyeva şəhid kiçik çavuş Elçin Mirzəyevin həyat yoldaşıdır. O, tədbirin təşkilinə və şəhid ailələrinə göstərilən diqqətə görə təşəkkür etdi.
Elçinin qızı Aylin atasını beş yaşında itirib. Onun atasından qalan xatirələri arasında işdən qayıdarkən gətirdiyi şokoladlar xüsusi yer tutur. Uşaq üçün adi görünən bu kiçik diqqət illər sonra ən qiymətli xatirələrdən birinə çevrilib. Aylin atasını sevdiyini, onun daim yanında olduğunu hiss etdiyini dedi.
Günel xanım Elçini cəsarətli, dürüst və etibarlı insan kimi xarakterizə etdi. Onun sözlərinə görə Elçin Vətənə bağlılığı ilə seçilib və öz işinə ciddi yanaşıb. Həyat yoldaşı onun kəşfiyyatçı kimi xidmət etdiyini uzun müddət bilməyib.
Elçin Mirzəyev 31 iyul 1985-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub. Mingəçevir Tibb Kollecində ortopedik stomatologiya üzrə təhsil alıb. Hərbi xidmət keçdikdən sonra əmək fəaliyyətinə başlayıb. 2007-ci ildə ailə həyatı qurub, 2014-cü ildən kəşfiyyatçı kimi həqiqi hərbi xidmət keçib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. Döyüşlərdən birində yaralanaraq şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.
Qələmşah Əhədov isə şəhid mayor İlkin Əhədzadənin atasıdır. O, oğlunun uşaqlıqdan hərb sənətinə maraq göstərdiyini söylədi. Ailənin əvvəlcə bu seçimə müəyyən etirazı olsa da, İlkin qərarından dönməyib. Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə indiki Heydər ƏIiyev adına Hərbi İnstitutda təhsil alıb.
İlkin Əhədzadə 26 iyun 1985-ci ildə Bakıda anadan olub. Hərbi təhsil aldıqdan sonra zabit kimi xidmətə başlayıb və uzun müddət ön xətdə xidmət edib. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 1 oktyabr 2020-ci ildə şəhid olub. Ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.
Qələmşah Əhədov oğlunun xarakterindən danışarkən onun hərbçi olmağa olan münasibətini xüsusi qeyd etdi. İlkin üçün bu seçim sadəcə peşə seçimi deyildi. O, uzun illər xidmət edib, ön xətdə olub və hərbi kollektivin içində formalaşıb.
Şəhidimiz İlkin Əhədzadənin oğlu Uğur Əhədzadə üçün ata obrazı həm də dost obrazıdır. Atası şəhid olanda onun dörd yaşı vardı. Buna baxmayaraq, Uğur atasını özünə ən yaxın insanlardan biri hesab edir. Tədbirdə də atasından qürurla danışdı, təşkilatçılara təşəkkür etdi. Şəhidimizin qızı Fidan Əhədzadə isə bu il ADA Universitetinə qəbul olunub. Ailəsi üçün bu uğur xüsusi sevinc mənbəyidir. Yeni təhsil mərhələsinə qədəm qoyan Fidanın qarşısında böyük imkanlar açılır.
Növbəti müsahibimiz şəhid gizir Şəhriyar Quliyevin həyat yoldaşı Pərvin Quliyevadır.
Şəhriyar Quliyev 25 may 1990-cı ildə Ağdam rayonunun Cinli kəndində anadan olub. 2008-2009-cu illərdə müddətli həqiqi hərbi xidmət keçib, 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Xüsusi təyinatlı bölmədə xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olan Şəhriyar Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut, Füzuli və Qubadlı istiqamətlərində gedən döyüşlərdə igidliklə vuruşub. 21 oktyabr 2020-ci ildə şəhid olub. Ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 
Pərvin xanım Şəhriyarı ailəsinə bağlı, zəhmətkeş, səxavətli və köməksevər insan kimi xatırlayır. 2016-cı ilin döyüşləri zamanı övladları dünyaya gələndə Şəhriyar cəbhədə idi. Həyat yoldaşına “Sən güclü qadınsan. Mən tezliklə gələcəyəm”, - demişdi. Döyüşlərdən sonra övladını qucağına almışdı. Vətən müharibəsi başlamazdan əvvəl də ailənin yaddaşında qalan söhbətlərdən biri son gedişi ilə bağlıdır. Sentyabrın son günlərində Şəhriyar həyat yoldaşından sonuncu çayını istəmiş və yola düşmüşdü. Bu, onların son görüşlərindən biri oldu. Şəhidimizin ailə üzvləri ona həsr etdiyi şeirin bir bəndini də bizimlə bölüşdü:

Yoxluğun ölüm deyil,

Sən yaşayırsan, sağsan.

Zirvələrdə dalğalanan

Sən üçrəngli bayraqsan!

Tunzala Yusubova ilə söhbətimizdə isə Elşən Orucovun ailə daxilindəki obrazı ön plana çıxdı. Tunzala xanım müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elşən Orucovun həyat yoldaşıdır. O da mütəmadi olaraq belə tədbirlərin keçirilməsini müsbət qiymətləndirdi və şəhid ailələrinə göstərilən diqqətə görə təşəkkür etdi.
Şəhidimiz Elşən Orucov 6 avqust 1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. Atası Ehtiram Orucov da Birinci Qarabağ müharibəsində şəhid olub. Elşən 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 2011-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib. Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində döyüşlərdə iştirak edib. 5 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Tunzala xanım həyat yoldaşını ailəsinə bağlı, cəsarətli və Vətəninə sadiq insan kimi xatırlayır. Onun sözlərinə görə, Elşənin xarakterində ən çox diqqət çəkən cəhətlərdən biri məsuliyyət hissi olub. Döyüş yoldaşlarının xatirələrində də o, qorxmaz və etibarlı hərbi qulluqçu kimi qalıb.
Şəhidimiz Elşənin qızı Ayla isə atasının ona “qıvırcıq” deməsini xatırlayır. Bu söz onun yaddaşında atasının səsi ilə bağlı qalan ən doğma xatirələrdəndir. Elşən şəhid olanda Ayla beş yaşında idi. İndi isə atasının onu qoruduğuna, yanında olduğuna və onu eşitdiyinə inanır.
Günün sonunda uşaqların söhbətləri yenə məktəbə qayıtdı. Kimisi yeni sinfindən, kimisi dərslərindən, kimisi universitetə qəbuldan danışdı. Böyüklərin söhbətində isə şəhidlərin keçdiyi həyat yolu, ailələrdə qorunan xatirələr və övladlarının gələcəyi vardı. Uşaqların uğurları, təhsilə münasibəti və gələcəklə bağlı planları söhbətlərin əsas mövzularından birinə çevrildi.
Şəhid ailələrinin övladları böyüyürlər. Onlar məktəbə gedir, universitetə qəbul olur, peşə seçir, həyatlarında qarşılarına yeni məqsədlər qoyurlar. Bu yolun hər mərhələsində atalarının adı da onların həyatında yaşayır. Bəzən bir fotoşəkildə, bəzən evdə saxlanılan oyuncaqda, bəzən də atasından eşitdiyi bir sözdə.
Bilik Günü onlar üçün yeni dərs ilinin başlanğıcıdır. Qarşıda dərslər, imtahanlar, yeni uğurlar və həyatın başqa mərhələləri var. Bu uşaqların hər birinin öz yolu olacaq. Onların atalarının yolu isə artıq tarixə çevrilib. Həmin tarixin ailələrdə xatirə kimi, övladların həyatında isə ad və nümunə kimi yaşaması davam edir.
“Birliklə başla, Zəfərlə ucal!” devizi altında keçirilən görüşün məğzi də elə bu birlikdə idi - uşaqların sevincini bölüşmək, onları bir araya gətirmək, təhsildə qazandıqları uğurları qiymətləndirmək və şəhid ailələrinin övladlarının yanında olmaq. Bilik Günü ərəfəsində başlayan bu görüş uşaqlar üçün sadəcə bir tədbir kimi deyil, yeni dərs ilinin ilk xatirələrindən biri kimi yadda qalacaq. Bu yaddaşın arxasında isə Vətən torpağının müdafiəsi naminə ən ağır sınaqlardan keçmiş, ərazi bütövlüyümüz uğrunda canından keçən hərbi qulluqçularımızın şərəfli yolu dayanır. Onlar öz həyatlarını Vətənin təhlükəsizliyinə, xalqın əmin-amanlığına və torpaqlarımızın müdafiəsinə həsr etdilər. Döyüş meydanında qarşılarına çıxan çətinliklərdən çəkinmədilər, ən ağır anlarda belə üzərlərinə düşən vəzifəni sona qədər yerinə yetirdilər. Hər birinin keçdiyi döyüş yolu Vətən qarşısında sədaqətin, Hərbi Anda bağlılığın və əsl vətəndaş məsuliyyətinin nümunəsinə çevrildi. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə hərbi qulluqçularımız gözlərini belə qırpmadan canlarını Vətənə sipər etdilər. Onların göstərdiyi igidlik yalnız döyüş meydanında qazanılan qələbənin deyil, həm də gələcək nəsillərə ötürülən mənəvi dəyərin bir hissəsidir. Bu gün azad və təhlükəsiz şəraitdə yaşayan, məktəbə gedən, təhsil alan, arzularının ardınca gedən hər bir uşağın gələcəyində həmin fədakarlığın payı var. Şəhidlərimizin həyat yolu göstərir ki, Vətən sevgisi yalnız sözlə ifadə olunan hiss deyil, lazım gəldikdə onun müdafiəsi üçün məsuliyyət götürmək, çətinlik qarşısında geri çəkilməmək və ən ali dəyər uğrunda mübarizə aparmaqdır. Bu baxımdan şəhid övladlarının uğurları da xüsusi məna daşıyır. Onların yaxşı təhsil alması, bilik və bacarıqlarını inkişaf etdirməsi, cəmiyyətə faydalı vətəndaş kimi formalaşması şəhidlərimizin arzuladığı gələcəyin davamıdır. Hər bir uğurlu addım, hər bir nailiyyət onların xatirəsinə göstərilən ehtiramın daha bir ifadəsinə çevrilir. Şəhidlərin adı ailələrində sevgi və qürurla, xalqımızın yaddaşında isə ehtiramla yaşadılır. 
Vətən uğrunda canından keçənlərin xatirəsini yaşatmaq yalnız onları yad etmək deyil. Bu, onların uğrunda mübarizə apardığı dəyərləri qorumaq, Vətənə bağlılığı gələcək nəsillərə aşılamaq və ölkənin gələcəyinə məsuliyyətlə yanaşmaqdır. Çünki bu gün böyüyən hər bir şəhid övladı sabahın müəllimi, həkimi, mühəndisi, hərbçisi və ya başqa bir peşənin sahibi olacaq. Onların qazandığı hər uğurda Vətən üçün canından keçmiş atalarının adı da yaşayacaq.
Şəhidlərimizin göstərdiyi igidlik, sədaqət və fədakarlıq Azərbaycan xalqının milli yaddaşında daim yaşayacaq. Onların gözünü qırpmadan canını Vətənə sipər etməsi, torpağın müdafiəsi uğrunda həyatını ortaya qoyması gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Bu məktəbin ən mühüm dərsi isə Vətəni sevməyin onu yalnız sözlə deyil, əməl, məsuliyyət və sədaqətlə yaşatmaqdan ibarətdir.

Emil MURADLI “Azərbaycan Ordusu”