Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Sentyabr 2026 17:12

“... qələbəni əldə edən əsgərdir, zabitdir”

Bir əsr əvvəl təməli atılan milli ordu quruculuğu xalqımız qarşısında göstərilən ən böyük tarixi xidmətlərdəndir. Çətin və ziddiyyətli bir dövrdə müstəqil dövlətin və onun nizam-intizamlı ordusunun əsasının qoyulması milli kimliyimizə və mənəvi irsimizə olan sadiqliyin parlaq sübutudur. Həmin dövrdə yaradılan milli hərbi ənənələr sonrakı mərhələlərdə Azərbaycan dövlətçiliyinin mühüm dayaqlarından birinə çevrilib. Ordu quruculuğu tarixin müxtəlif mərhələlərində sınaqlardan keçərək bu gün müasir və qüdrətli Azərbaycan Ordusunun formalaşmasına zəmin yaradıb.
Bu tarixi ənənənin davamı olaraq, Azərbaycan Ordusunun gücü və qüdrəti onun əsas dayağı olan şəxsi heyətin peşəkarlığı və döyüş ruhunda öz əksini tapır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əsgərdir, zabitdir”. Bu fikir ordunun qüdrətinin yalnız silah və texnika ilə ölçülmədiyini, onun əsas güc mənbəyinin Vətənə sədaqətlə xidmət edən hərbi qulluqçular olduğunu aydın ifadə edir. Məhz buna görə Azərbaycan Ordusunda şəxsi heyətin hazırlığı, peşəkarlığı və mənəvi-psixoloji dayanıqlılığı daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusunun inkişafında mühüm nailiyyətlər əldə olunub. Ordu quruculuğu istiqamətində görülən işlər qoşunların idarəetmə imkanlarının genişləndirilməsinə, döyüş hazırlığının yüksəldilməsinə və hərbi potensialın daha da gücləndirilməsinə yönəldilib. Hərbi hissələrdə yaradılan müasir xidmət şəraiti şəxsi heyətin üzərinə düşən vəzifələri daha səmərəli yerinə yetirməsinə imkan verir. Müasir standartlara uyğun inşa edilən qərargahlar, kazarmalar, yeməkxanalar, tibb məntəqələri və digər obyektlər hərbi qulluqçuların xidmətinin yüksək səviyyədə təşkilini təmin edir. Hərbi şəhərciklərin abadlaşdırılması, kommunikasiya xətlərinin yenilənməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması dövlətin hərbi qulluqçulara göstərdiyi diqqətin mühüm göstəricilərindəndir.
Müasir ordu yalnız yüksək səviyyəli infrastrukturla deyil, güclü silahlanma və texnoloji imkanlarla da xarakterizə olunur. Azərbaycan Ordusunun arsenalının ən müasir silah və texnika nümunələri hesabına yenilənməsi qoşunların döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Müasir artilleriya sistemləri, zirehli texnika, pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə vasitələri və digər döyüş sistemləri müxtəlif istiqamətlərdə tapşırıqların effektiv yerinə yetirilməsinə geniş imkanlar yaradır. Yeni nəsil rabitə, idarəetmə və müşahidə vasitələrinin tətbiqi qoşunların çevikliyini və idarəetmənin operativliyini yüksəldir. Silah və texnikanın arsenalda yer alması ilə yanaşı, onların imkanlarından düzgün və səmərəli istifadə edə bilən peşəkar şəxsi heyətin hazırlanmasına xüsusi əhəmiyyət verilir.
Bu baxımdan hərbi qulluqçuların maddi-texniki təminatının müasir tələblərə uyğun qurulması mühüm əhəmiyyət daşıyır. Şəxsi heyətin geyim, qida, tibbi xidmət, məişət və digər təminat növləri üzrə tələbatının vaxtında və keyfiyyətlə qarşılanması xidmətin səmərəli təşkilinə mühüm töhfə verir. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması onların xidmətə münasibətinə və mənəvi ruhuna müsbət təsir göstərir. Dövlət qayğısının konkret nəticələri hərbi hissələrdə yaradılan şəraitdə, şəxsi heyətin təminatında və qoşunların fəaliyyətinin təşkilində aydın görünür. Bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi ilə yanaşı, hərbi qulluqçuların Vətən qarşısında məsuliyyət hissinin möhkəmləndirilməsinə xidmət edir.
Ordu quruculuğunda əldə olunan nəticələrin davamlı xarakter daşıması üçün hərbi hissələrdə xidmətin təşkili və döyüş hazırlığının vəziyyəti mütəmadi olaraq diqqətdə saxlanılır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi hissələrdə qarşıya qoyulan vəzifələrin icrası, şəxsi heyətin hazırlıq səviyyəsi və qoşunların fəaliyyətinin təşkili ilə bağlı tədbirlər ardıcıl şəkildə həyata keçirilir. Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissələrə səfərlər edir, şəxsi heyətlə görüşür, xidmət şəraiti və döyüş hazırlığının vəziyyəti ilə yerində tanış olur. Görüşlər zamanı hərbi qulluqçuların fikirləri dinlənilir, mövcud məsələlər araşdırılır və qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bu yanaşma komandanlıqla şəxsi heyət arasında qarşılıqlı əlaqənin daha da möhkəmlənməsinə, xidmətin səmərəli təşkilinə şərait yaradır.
Hərbi hissələrə baxışlar zamanı qoşunların hazırlıq vəziyyəti ilə yanaşı, yaradılan infrastrukturun imkanları və şəxsi heyətin xidmət şəraiti də qiymətləndirilir. Komandanlıq tərəfindən hərbi hissələrin fəaliyyətinin daha səmərəli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və qarşıya qoyulan tapşırıqların yüksək səviyyədə icrası ilə bağlı müvafiq göstərişlər verilir. Təlim və məşqlərin nəticələri təhlil olunur, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilir. Şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi, müasir döyüş üsullarının mənimsənilməsi və yeni texnologiyalardan istifadə bacarıqlarının artırılması hazırlıq prosesinin əsas istiqamətlərindəndir. Bu tədbirlər hərbi qulluqçuların istənilən şəraitdə qarşıya qoyulan tapşırıqları dəqiq və çevik yerinə yetirməsinə imkan verən hazırlıq səviyyəsinin formalaşdırılmasına xidmət edir.
Hərbi hissələrdə yaradılan şəraitin miqyası və müasirliyi görülən işlərin nəticələrini əyani şəkildə nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur. Müvafiq istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsi olaraq müxtəlif bölgələrdə yeni hərbi obyektlər istifadəyə verilir. Bu yaxınlarda Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə və Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçularla yaradılan sosial-məişət şəraitə baxış keçirib.
Baxış zamanı rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində hava hücumundan müdafiə bölmələrinə aid yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb. Həmin obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi yaradılıb. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib. İnfrastruktur obyektləri şəxsi heyətin zəruri ehtiyaclarını qarşılamaq üçün müasir avadanlıq, mebel və inventarlarla təmin olunub. Yaradılan şərait hərbi qulluqçuların gündəlik fəaliyyətinin daha səmərəli təşkilinə və xidmətin yüksək səviyyədə aparılmasına imkan verir.
Hərbi infrastrukturun yenilənməsi ilə yanaşı, qoşunların texniki imkanlarının artırılması da diqqətdə saxlanılır. General-polkovnik Zakir Həsənov ölkəmizin hava məkanının fasiləsiz müdafiəsi, HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib. Verilən tapşırıqlar şəxsi heyətin yeni silah və texnikaya tam yiyələnməsini, onların imkanlarından düzgün istifadə olunmasını və döyüş hazırlığının daha da yüksəldilməsini qarşıya məqsəd qoyur. Hava məkanının etibarlı müdafiəsi üçün şəxsi heyətin peşəkar hazırlığı, texniki vasitələrin daim saz vəziyyətdə saxlanılması və təlimlərin real döyüş şəraitinə maksimum yaxın təşkil edilməsi mühüm şərtlərdəndir.
Səfər zamanı Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinin döyüş mövqelərində xidmət edən şəxsi heyətlə də söhbətlər aparılıb, onların qayğıları ilə maraqlanılıb. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək  səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsizlik təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.  Hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb.
Əlahiddə Ümumqoşun Ordunun təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb. 
Səfərin sonunda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilib.
Azərbaycan Ordusunun əldə etdiyi yüksək hazırlıq səviyyəsi, ilk növbədə, şəxsi heyətin üzərinə düşən vəzifələrə məsuliyyətlə yanaşması ilə bağlıdır. Hər bir hərbi qulluqçunun öz vəzifəsini dəqiq bilməsi, nizamnamə tələblərinə ciddi əməl etməsi və komandirin tapşırıqlarını vaxtında yerinə yetirməsi qoşunların fəaliyyətində mühüm rol oynayır. Hərbi qulluqçunun peşəkarlığı müasir silah və texnikanın imkanlarının tam reallaşdırılmasına şərait yaradır. Komandanlığın tələbkarlığı ilə şəxsi heyətin yüksək mənəvi keyfiyyətləri bir araya gəldikdə vahid və güclü döyüş ruhu formalaşır. Bu ruh Azərbaycan Ordusunun qarşıya qoyulan tapşırıqları istənilən şəraitdə layiqincə yerinə yetirməsinə imkan verən əsas amillərdəndir. Vətənə sədaqət, Hərbi Anda bağlılıq və peşəkar hazırlıq hər bir hərbi qulluqçunun xidmət fəaliyyətinin əsasını təşkil edir.
Bu gün Azərbaycan Ordusunun qarşısında yeni hədəflər və mühüm vəzifələr dayanır. Hərbi sahədə tətbiq olunan müasir texnologiyalar, yeni döyüş vasitələri və qabaqcıl idarəetmə üsulları şəxsi heyətin hazırlığına qarşı tələbləri də yüksəldir. Bu tələblərə uyğun olaraq hərbi qulluqçuların bilik və bacarıqlarının davamlı inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ordu quruculuğuna yönəlmiş dövlət siyasəti Azərbaycan Ordusunun gələcəkdə də yüksək döyüş qabiliyyətini qoruyub saxlamasına möhkəm zəmin yaradır. Qarşıya qoyulan vəzifələrin ardıcıl icrası Azərbaycan Ordusunun müdafiə imkanlarını daha da genişləndirir və ölkəmizin təhlükəsizliyinin etibarlı təminatına xidmət edir. Fəxrlə deyə bilərik ki, güclü dövlətin dayaqlarından biri olan qüdrətli Azərbaycan Ordusu Vətənin müdafiəsinə daim hazırdır.
Ordu quruculuğunun tarixi ənənələri ilə müasir inkişafın vəhdəti Azərbaycan Ordusunun bugünkü simasını müəyyənləşdirir. Dövlətin hərbi sahəyə göstərdiyi yüksək diqqət, şəxsi heyətin fədakarlığı və komandanlığın qarşıya qoyduğu tələblər vahid məqsədə - Azərbaycanın ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı müdafiəsinə xidmət edir. Hərbi qulluqçuların peşəkar inkişafı, döyüş hazırlığının möhkəmləndirilməsi və xidmət şəraitinin daim yaxşılaşdırılması bu məqsədin mühüm tərkib hissəsidir. Azərbaycan Ordusunda formalaşan yüksək nizam-intizam və döyüş ruhu xalqımızın orduya olan inamını daha da möhkəmləndirir. Bu inam hər bir hərbi qulluqçu üçün böyük məsuliyyət olmaqla yanaşı, Vətən qarşısında şərəfli xidmətin mənəvi dayağıdır. Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyinin təmin olunmasında öz üzərinə düşən vəzifələri yüksək peşəkarlıq və qətiyyətlə yerinə yetirəcək.

Əli ABIYEV “Azərbaycan Ordusu”