AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Riad Fikrət oğlu Əhmədov Birinci Qarabağ müharibəsi zamanı respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşərək, “Bizim işimiz haqq işidir, qələbə çalacağıq!” deyərək şəhidlik zirvəsinə ucalan və “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən ilk peşəkar, vətənpərvər şəhid zabitlərimizdən biri olub. Onun şanlı və şöhrətli ömür yolu ordumuzun şəxsi heyətinə örnəkdir.
20 dekabr 1956-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı Riad. O, Bakıdakı 134 saylı orta məktəbdə təhsil alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda işləyib.
1979-1981-ci illərdə Ədliyyə Nazirliyində çalışıb. İşlədiyi müddətdə kollektivin dərin hörmətini qazanıb. Lakin Riadın ürəyində arzuları başqa idi... Çalışdığı iş heç də ürəyincə deyildi. Onun ən böyük arzusu sərhədçi olmaq idi. Qəhrəmanımızın nəsil şəcərəsindən qısa qeydlərimi oxuculara təqdim edirəm. Riadın ata babası Həmid Əhmədov Qərbi Azərbaycanda doğulsa da, 1918-ci ildə erməni daşnaklarının təzyiqi altında Naxçıvana köçməyə məcbur olub. O, Azərbaycanın ilk sərhədçilərindən idi. Məhz bu peşədə o, “polkovnik-leytenant” rütbəsinəcən yüksəlib, ad-san qazanıb. Ana babası polkovnik-leytenant Məcid Məmmədov isə Böyük Vətən müharibəsində həlak olub. Döyüşlərdə göstərdiyi şücaət və igidliyə görə iki dəfə “Qırmızı Ulduz” ordeni, “Qırmızı Bayraq” ordeni və çoxlu sayda medallarla təltif edilib. Bax, elə buna görə də Riadın doğulub böyüdüyü ailədə hərbçi peşəsinə böyük hörmət bəslənilirdi. Arzusunu daima gerçəkləşdirməyə çalışan Riad, nəhayət, ali hərbi məktəbdə təhsilini davam etdirməyi qərara alır. 1982-ci ildə DTK-nın Minsk Ali Hərbi Məktəbinin müdavimi olan Riad Əhmədov Bakıya qayıdır və respublikamızın təhlükəsizlik orqanlarında xidmətə başlayır.
Torpaqlarımızda gedən müharibə bir zabit kimi onu rahat buraxmırdı. Elə buna görə də bütün bacarığını əsirgəmədən milli ordunun yaradılması işinə qoşulur.
Riad Əhmədov 1989-cu ildən etibarən tez-tez Qarabağın sərhəd bölgələrinə gedirdi. O, döyüşlərin fəal iştirakçısına çevrilmişdi. 1991-ci ildə erməni yaraqlılarının mühüm strateji dayaq məntəqələrindən biri sayılan Çaykəndin azad edilməsi əməliyyatında xüsusi igidlik göstərdiyinə görə yüksək mükafata layiq görülür. O, artıq “polkovnik-leytenant” rütbəsində idi…
1992-ci ilin yanvarı… Soyuq, sazaqlı bir qış günü... Xalqımızın qəhrəman oğlu keçmiş Əfqanıstan döyüşçülərini bir araya gətirərək xüsusi təyinatlı dəstə yaradır. Bu dəstə Şuşada, Goranboyda və Qarabağın digər döyüş bölgələrində böyük uğurlar qazanır. 38 əməliyyatdan uğurla çıxan Riad Əhmədov düşmənin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınır. 1992-ci illdə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilir. Polkovnik-leytenant Riad Əhmədov Şuşaya göndərilir. Onlar əvvəlcədən planlaşdırılan “Daşaltı” əməliyyatında iştirak edəcəkdilər. Bu əməliyyat Daşaltıda sayca 4-cü əməliyyat sayılırdı. Əvvəlki 3 əməliyyatdan 2-si tamamilə baş tutmamış, birində isə düşmən xeyli itki ilə üzləşmişdi. Lakin kəndi azad etmək mümkün olmamışdı...
Yanvarın 26-sı… Daha bir çətin döyüş tapşırığı… Riad 11 nəfərlik kəşfiyyat qrupu ilə Şuşa-Laçın yolunun üstündə ən böyük maneə olan Daşaltı kəndinə yollanır. Vəziyyət gözləndiyindən də ağır idi... Qüvvələrin qeyri-bərabər olduğu bu döyüşdə Riad yaralı halda itkin düşür...
Daşaltı əməliyyatı zamanı zabitlərdən ibarət peşəkar qrup formalaşdırılıb. Bu dəstə böyük işlər görüb. Riadgil axşam saat 6-dan 11-ə kimi döyüşüblər. O, döyüş zamanı yaralansa da, bunu cəbhə yoldaşlarına hiss etdirməyib. Əsgərləri həvəsləndirmək üçün daim zarafatlar edib. Döyüş yoldaşları deyirlər ki, Riad döyüşə yaralı formada davam edib. Lakin getdikcə sayları azalırmış...
Döyüş yoldaşları onu da deyirlər ki, Riadın tez-tez işlətdiyi və ən çox sevdiyi ifadə “Bizim işimiz haqq işidir, qələbə çalacağıq!” olub. O, əsgərləri bu cümlə ilə döyüşə ruhlandırıb...
Torpaqlarımız işğaldan azad olunduqdan sonra 18 sentyabr 2023-cü ildə düz 31 il sonra Şuşa rayonunun Daşaltı kəndində aşkarlanan kütləvi məzarlıqda aparılan araşdırmalar zamanı, Azərbaycanın Milli Qəhrəmanı xalqımızın vətənpərvər oğlunun nəşinin qalıqları da tapılaraq Hərbi Memorial Məzarlıqda torpağa tapşırıldı.
Xalqımız qəhrəman oğlunun əziz xatirəsini daima dərin ehtiramla yad edir.
Qeyd edək ki, Riad Əhmədov 7 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. Onun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli, "Qayıt Riad" bədii-sənədli və "İtirdiyimiz qəhrəman” filmi çəkilib.
Riad Əhmədovun 2 övladı Vətənə yadigar qalıb.
Bizi Qarabağ döyüşlərindən illər ayırsa da, Riad kimi qəhrəman oğulların ömrü dastanlara dönüb daima oxunacaq...
Lalə HÜSEYNOVA “Azərbaycan Ordusu”