AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Yeniyetməlik dövrü insan həyatının ən həssas və mühüm mərhələlərindən biridir. Bu dövrdə uşaqlar həm fiziki, həm də psixoloji dəyişikliklər yaşayır, öz şəxsiyyətlərini formalaşdırmağa çalışırlar. Bəzən bu dəyişikliklər davranış problemləri, aqressivlik, məsuliyyətsizlik və ya intizamsızlıq kimi hallarla müşahidə oluna bilər. Buna görə də yeniyetmələrin enerjisinin düzgün istiqamətə yönəldilməsi həm fərdin inkişafı, həm də cəmiyyətin gələcəyi üçün böyük əhəmiyyət daşıyır.
Hərbi təhsil bu baxımdan yeniyetmələrin tərbiyəsində və formalaşmasında mühüm rol oynayır. İlk növbədə, nizam-intizam, məsuliyyət və təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Hərbi hazırlıq və komanda şəklində yerinə yetirilən tapşırıqlar onların qaydalara əməl etməsinə, vaxtdan səmərəli istifadəyə və kollektivlə işləmək bacarıqlarının gücləndirilməsinə, ən əsası da vətənpərvərlik hissinin formalaşmasına müsbət təsir göstərir. Fiziki sağlamlığın inkişafında da hərbi hazırlığın rolu əhəmiyyətlidir. Məşqlər yeniyetmələrin dözümlülüyünü, çevikliyini və iradəsini artırır.
Sağlam həyat tərzinə maraq yaradır. Eyni zamanda, çətin vəziyyətlərdə düzgün qərar vermək, liderlik keyfiyyətlərini inkişaf etdirmək və stresə davamlı olmaq kimi bacarıqlar da formalaşır. Gənclərin enerjisi aşıb-daşır, yeniyetməlik dövründə çox aktiv olurlar. Bəzən ümümi qəbul olunmuş davranış qaydalarından kənar hallar da baş verə bilir. Yeniyetmə ilə dil tapmaq çətinləşir. Elə hal da olur ki, gənc ətraf aləmdən qopub öz otağına qapanır, saatlarla kompüter arxasında oturur. Belə uşaqların valideynləri ciddi qaydalar tətbiq etməyə çalışsalar da gənc nəsillə ünsiyyət qura bilmədiklərindən gileylənirlər. Elə valideynlər var ki, çıxış yolunu övladlarını hərbi məktəbə verməkdə görürlər. Hərbi təhsil bu cür gənclərin potensialını düzgün istiqamətə yönəltməyə dəstək verir.
Hərbi məktəblər zabit və hərbi mütəxəssislərin hazırlanması üçün fəaliyyət göstərən təhsil müəssisələridir. Bu məktəblərdə kursantlar həm nəzəri biliklər, həm də praktiki hərbi hazırlıq keçirlər. Tədris proqramına ixtisas, taktika, fiziki hazırlıq, silah sistemləri, hərbi hüquq və təhlükəsizlik kimi fənlər daxildir.
Hərbi məktəblərə qəbul qaydaları ölkədən asılı olaraq fərqlənir. Adətən namizədlər təhsil haqqında sənədi təqdim etməli, fiziki hazırlıq normativlərini yerinə yetirməli, tibbi müayinədən keçməli və qəbul imtahanlarında uğur qazanmalıdırlar. Məqsəd peşəkar, intizamlı, Vətənə xidmət etməyə hazır və yüksək liderlik bacarıqlarına malik zabitlər yetişdirməkdir. Bu məktəblərin məzunları quru qoşunları, hava qüvvələri, dəniz qüvvələri və digər təhlükəsizlik qurumlarında xidmət edirlər.
Hərbi təhsilin tarixi çox qədimdir. Keçmişdə hökmdarlar öz ordularını hazırlamaq üçün xüsusi təlim mərkəzləri yaradırdılar. Zaman keçdikcə bu mərkəzlər inkişaf edərək hərbi akademiyalara çevrildi. XVIII-XIX əsrlərdə Avropa ölkələrində ilk müasir hərbi məktəblər yaradıldı. Sonralar bu təcrübə dünyanın digər ölkələrində də geniş yayıldı. Qədim dövrdə hərbi məktəb dedikdə, müasir mənada parta arxasında keçirilən dərslər yox, dövlətlərin gəncləri əsgər və sərkərdə kimi yetişdirmək üçün yaratdığı sərt tərbiyə və məşq sistemləri nəzərdə tutulurdu. Ən tanınmış nümunələr Sparta, Qədim Roma və qədim Şərq ölkələrində mövcud idi.
Yunanıstanın Sparta şəhərində uşaqlar 7 yaşından ailədən alınır və dövlət tərəfindən idarə olunan sərt hərbi məktəbə-“agoge”yə verilirdi. Burada gənclərə az yemək verilir, soyuqda yaşamaq, ayaqyalın gəzmək və ağrıya dözmək öyrədilirdi. Əsas diqqət qılıncoynatmağa, nizə atmağa, falanqa düzülüşü ilə vuruşmağa və qısa, konkret danışmağa (lakonik nitq) yönəldilirdi. Romada ayrıca nəzəri hərbi məktəblər olmasa da, hər bir yeni əsgər düşərgələrdə (kastrum) aylarla ağır məşqlərdən keçirdi. Əsgərlər ikiqat ağır taxta qılınclarla döyüşməyi, hər gün tam təchizatla uzun məsafələrə qaçmağı və hərbi intizamı öyrənirdilər. Gənc aristokratlar (tribunlar və sərkərdələr) əvvəlcə sadə əsgər kimi xidmət edir, sonra təcrübə qazanaraq komandir olurdular.
Qədim Misir, Assur və Çində hərbi elmlər sarayda zadəgan övladlarına xüsusi müəllimlər tərəfindən öyrədilirdi. Çində e.ə. VI əsrdə Sun Szin kimi sərkərdələrin yazdığı “Müharibə sənəti” traktatları gələcək komandirlərə taktika, qoşun idarəetmə qaydalarını öyrədən əsas dərs vəsaiti idi.
Bu gün dünyada bir çox nüfuzlu hərbi akademiya fəaliyyət göstərir.
ABŞ-da yerləşən Vest Point Hərbi Akademiyası (devizi “Duty.Honor.County” tərcümədə “Borc, Şərəf, Vətən”) 1802-ci ildə yaradılıb və dünyanın ən məşhur hərbi məktəblərindən biri hesab olunur. Bu akademiyanın məzunları arasında tanınmış generallar, dövlət xadimləri və mühəndislər var. Burada ABŞ ordusu üçün peşəkar zabitlər hazırlanır.
Böyük Britaniyanın Royal Military Academy Sandhurst Akademiyası (Sandherst Kral Hərbi Akademiyası) (devizi: “Serve to lead” tərcümədə “Rəhbərlik etmək üçün xidmət etmək”.) yüksək səviyyəli zabit hazirlığı ilə tanınır və müxtəlif ölkələrdən kursantlar burada təhsil alır.
Fransada yerləşən 1802-ci ildə Napoleon tərəfindən yaradılmış Ecole Speciale Militaire de Saint-Cyr (Sen-Sir Xüsusi Hərbi Məktəbi) (devizi: “ILs s”instruisent pour vaincre” tərcümədə “Onlar qalib gəlmək üçün öyrənirlər”) akademiyası Avropanın ən qədim və nüfuzlu hərbi akademiyalarından biridir. Zabit hazırlığı müasir standartlara uyğun təşkil edilir.
Türkiyənin Milli Müdafiə Universiteti (Mekteb-i Harbiye-i Şahane) 1834-ci ildə yaranıb. (devizi: “Şanlı keçmiş, Şerefli görev, Saygın bir gelecek”) Quru qoşunları, hava və dəniz qüvvələri üçün zabitlər hazırlayır. Tədris proqramı NATO standartlarına uyğun qurulmuşdur. Həyatı boyu bir neçə müharibədə iştirak etmiş Qazi Mustafa Kamal Atatürk də burada hərbi təhsil almış, marşal rütbəsinə qədər yüksəlmişdir.
Ümummilli Lider Heydər Əliyev adına Hərbi İnstitutunun tarixi 1918-ci il fevralın 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əlağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Milli Hərbiyyə Məktəbinin ilk məzunu 156 nəfər olduğu məlumdur Cümhuriyyət Ordusu piyada, artilleriya və süvari ixtisasları ilə yeni milli zabit kadr heyətinə yiyələnmiş oldu. Bu zabitlərin hərbi hissələrə təyinatı Xalq Cümhuriyyətinin Hərb Nazirliyinin bərpasından sonra baş verdi. Vətən Müharibəsi Qəhrəmanları və Azərbaycanın Milli Qəhrəmanları arasında bu məktəbin məzunu olanlar var.
Pakistan Hərbi Məktəbi (PMA) Kakul şəhərində yerləşir. Əsası 1947-ci ilin noyabr ayında qoyulub. (Devizi “Allahdan zəfər və yaxın olan qələbə”). Bu akademiyada 34 ölkədən xarici tələbələr təhsil alıb. Zabit olmaq istəyən gənclərə hər semestr artan fiziki hazırlıq tələb olunur. Dözümlülüyü yoxlamaq üçün kursantdan çiynində ağır yüklə dağı aşmaq tələb olunur. Ardınca maneə xəttini silah-sursatla keçməlidir. Ciddi sınaqlar gələcək zabitin dözümlülüyünü və gücünü yoxlamaq məqsədi daşıyır.
Çinin Xalq Azadlığı Ordusu (devizi “Xalqa xidmət edirik”) Hərbi Elmlər Akademiyası yüksək səviyyəli hərbi tədqiqat və strateji araşdırmalar mərkəzidir. 1958-ci ildə Pekində təsis edilmiş bu akademiya vasitəsilə Çin mərkəzi hərbi komissiyasına tabedir və ölkənin müdafiə siyasətinin, hərbi doktrinalarının və müasir hərb texnologiyalarının formalaşdırılmasında əsas rol oynayır.
Azərbaycanın Türkiyə və Pakistanla hərbi əlaqələri müdafiə sənayesi, birgə təlimlər və texnoloji əməkdaşlıq üzərində qurulmuş strateji tərəfdaşlığa dayanır. Hər üç ölkənin xüsusi təyinatlılarının iştirakı ilə keçirilən “Üç qardaş” kimi birgə hərbi təlimlər döyüş hazırlığının artırılmasına xidmət edir. Çin ilə hərbi sahədə münasibətlər daha çox müdafiə texnologiyaları və hərbi təhsil çərçivəsində inkişaf edir.
İtaliya quru qoşunlarında xidmət edən zabitlərin təhsil aldığı Turin Hərbi Akademiyası Turin şəhərində yerləşən hərbi tipli ali məktəbdir. Əsası 1739-cu ildə qoyulan tam hərbi təhsil ocağı, Apennin yarımadası və avropada ən qədim universitetlərdən biridir. (Devizi “Doctrinas bello aptare” latından tərcümədə “Nəzəriyyələri müharibəyə uyğunlaşdırmaq” mənasını verir)
Hərbi məktəblərdə təhsil nəzəri və praktiki hazırlıqdan ibarətdir. Kursantlar hərbi strategiya, taktika, topoqrafiya, rabitə, hərbi hüquq, beynəlxalq münasibətlər, informatika, xarici dillər və liderlik kimi fənləri öyrənirlər. Bununla yanaşı, fiziki hazırlıq, atıcılıq, səhra təlimləri, döyüş hazırlığı və fövqəladə hallarda davranış qaydaları da tədris olunur. Müasir hərbi məktəblərdə pilotsuz uçuş aparatları, kibertəhlükəsizlik, süni intellekt, hərbi robot texnikası və müasir informasiya texnologiyaları da öyrədilir. Bu isə gələcək zabitlərin müasir döyüş şəraitinə daha yaxşı hazırlığına kömək edir.
Texnologiyanın inkişafı hərbi təhsili də dəyişdirib. Bu gün kursantlar virtual reallıq simulyatorlarında döyüş məşqləri keçir, pilotsuz uçuş aparatlarını idarə etməyi öyrənir, kibertəhlükəsizlik sahəsində biliklər əldə edirlər. Süni intellekt, peyk rabitəsi, robot texnikası və rəqəmsal xəritələr müasir hərbi hazırlığın ayrılmaz hissəsinə çevrilib. Bu yeniliklər zabitlərin döyüş şəraitində daha sürətli və düzgün qərar qəbul etməsinə kömək edir.
Hərbi məktəblər dövlətin müdafiə gücünün formalaşmasında mühüm rol oynayır. Burada peşəkar, savadlı, intizamlı və vətəninə sadiq zabitlər hazırlanır. Müasir texnologiyaların tətbiqi hərbi təhsili daha da inkişaf etdirir və gələcəyin təhlükəsizlik çağırışlarına cavab verə biləcək mütəxəssislərin yetişdirilməsinə imkan yaradır. Buna görə də hərbi məktəblər hər bir ölkənin inkişafı və təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Güclü dövlətin və sağlam cəmiyyətin təməli məhz savadlı, vətənini sevən və yüksək mənəvi keyfiyyətlərə malik gənclərdir. Buna görə də hərbi təhsilin məktəblərdə tədrisi və inkişafı mühüm əhəmiyyət kəsb edir.
Sevda AŞIROVA “Azərbaycan Ordusu”