Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2026 19:24

Dördkünc Mərdəkan qəsri

Abşeronun qədim yaşayış məskənlərindən biri olan Mərdəkan qəsəbəsi əsrlər boyu strateji mövqeyi ilə seçilib. Xəzər sahilinə yaxın yerləşən bu ərazi orta əsrlərdə mühüm yaşayış məntəqələrindən olmaqla yanaşı, müdafiə baxımından da əlverişli mövqeyə malik olub. Bu gün Mərdəkanın tarixi simasını müəyyənləşdirən abidələr sırasında Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri adı ilə tanınan memarlıq abidəsinın xüsusi yeri var.
XII əsrin sonlarında Şirvanşahlar dövlətinin ərazisində müdafiə qurğularının yaradılmasına xüsusi əhəmiyyət verilirdi. Böyük Mərdəkan qəsri də həmin dövrün istehkam tikililərindən biri kimi 1187–1188-ci illərdə, Şirvanşah I Axsitanın hakimiyyəti dövründə inşa edilib. Abidənin tarixini təsdiqləyən kitabədə Axsitan ibn Mənuçöhrün adı və 583-cü hicri ili göstərilir. Tarixi məlumatlarda qəsrin I Axsitanın düşmən üzərində qazandığı qələbənin şərəfinə ucaldıldığı qeyd olunur.
Etimoloji baxımından Mərdəkan qəsəbəsi “Mərd” kişi, “kan” isə yer adı ilə uzlaşdırılır. Tarixçilərin bəziləri isə xəzərsahili bölgələrdə yaşamış Mard tayfalarının adı ilə bağlı olduğunu güman edirlər. Qəsrin memarlıq quruluşu onun hərbi məqsədlə inşa edildiyini aydın şəkildə göstərir. Dördkünc planlı istehkam möhkəm qala divarları ilə əhatələnib. Divarların künclərində və ayrı-ayrı hissələrində yerləşdirilən yarımdairəvi qüllələr müdafiə sisteminin əsas elementlərini təşkil edib. Təxminən 6-7 metr hündürlüyündə olan qala divarlarının qalınlığı aşağı hissədə 2,10 yuxarı hissədə 1,6 metrə çatır. Bu göstəricilər istehkamın xarici hücumlara qarşı davamlılığının təmin edilməsinə xüsusi diqqət yetirildiyini göstərir.Qəsrin mərkəzində yüksələn əsas qüllə isə tikilinin ən diqqətçəkən hissəsidir. 22 metr hündürlüyündə olan qüllə beş yarusdan, yəni, beş mərtəbədən ibarətdir. Qüllənin hündürlüyü ətraf əraziyə geniş müşahidə imkanı yaradırdı. Orta əsrlərin hərbi şəraitində bu, istehkam üçün mühüm üstünlük hesab olunurdu. Ətrafda baş verən hərəkətlərin əvvəlcədən müşahidə edilməsi təhlükəyə hazırlıq görülməsinə imkan verirdi.
Qalanın ətrafında qayada qazılmış 30-a qədər quyu aşkar edilmişdir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu quyular qalanın müdafiəçiləri üçün taxıl anbarları imiş. Divarların qalınlığı, qüllələrin yerləşməsi və mərkəzi qüllənin hündürlüyü təsadüfi memarlıq həlli deyil, müdafiə ehtiyaclarından irəli gələn vahid quruluşun göstəricisidir. Mərdəkan qəsrinin əhəmiyyəti onun yalnız ayrıca istehkam kimi mövcudluğu ilə məhdudlaşmır. Abşeron yarımadasının müxtəlif yaşayış məntəqələrində yerləşən qalalar və müdafiə qurğuları yarımadanın orta əsr müdafiə sisteminin tərkib hissəsini təşkil edirdi. Dördkünc Mərdəkan qəsri də bu sistemdə müşahidə, müdafiə və təhlükə zamanı sığınacaq funksiyalarını yerinə yetirən mühüm qurğulardan biri olub.
Abidənin tarixinin öyrənilməsində kitabələr xüsusi əhəmiyyət daşıyır. Daş üzərində həkk olunmuş yazılar qəsrin hansı dövrə aid olduğunu müəyyənləşdirməyə imkan verir. Bu baxımdan Mərdəkan qəsri öz memarlıq xüsusiyyətləri ilə yanaşı, üzərində qorunan epigrafik məlumatlara görə də qiymətli tarixi mənbə hesab olunur.
Mərdəkan istehkamlarının tarixi əhəmiyyəti beynəlxalq səviyyədə də nəzərə alınıb. 2001-ci ildə Mərdəkan istehkamları “Xəzəryanı müdafiə qurğuları” nominasiyası çərçivəsində UNESCO-nun Ümumdünya İrsinin İlkin (Ehtiyat) Siyahısına daxil edilib. Burada mühüm məqam ondan ibarətdir ki, söhbət UNESCO-nun əsas Ümumdünya İrs Siyahısından deyil, İlkin Siyahıdan gedir. Bu status Mərdəkan istehkamlarının Azərbaycanla yanaşı, beynəlxalq mədəni irs baxımından da önəmli olduğunu göstərir. Dördkünc Mərdəkan qəsri dövlət tərəfindən qorunan tarix və mədəniyyət abidələrindəndir. Azərbaycanda qədim tarixi-memarlıq nümunələrinin qorunması, onların vəziyyətinin nəzarətdə saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən tədbirlər milli irsin mühafizəsinin mühüm tərkib hissəsidir. Mərdəkan qəsrinin də qorunaraq bu günə çatdırılması həmin yanaşmanın əhəmiyyətini göstərir.
  Qəsrin bugünkü görünüşündə XII əsrin sonlarında formalaşdırılmış əsas memarlıq xüsusiyyətləri aydın görünür. Möhkəm divarlar, müdafiə qüllələri, mərkəzi hündür qüllə və daxili planlaşdırma bir dövrün istehkam quruculuğu haqqında dolğun təsəvvür yaradır. Dördkünc Mərdəkan qəsri və ya Böyük Mərdəkan qəsri bu gün Abşeronun tarixi-memarlıq mənzərəsində özünəməxsus yer tutur. XII əsrin sonlarında müdafiə məqsədilə inşa edilən bu istehkamın günümüzədək qorunması Azərbaycan tarixinin mühüm mərhələlərindən birinin maddi izlərinin yaşadılması baxımından əhəmiyyətlidir.

Emil MURADLI “Azərbaycan Ordusu”