Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Sentyabr 2026 19:24

Vətən qarşısında məsuliyyət cinslə ölçülmür

Tarix bəzən özünün ən mühüm səhifələrini döyüş meydanlarında yazır. Həmin səhifələrdə isə yalnız kişilərin deyil, qadınların da adı var. Tomrisdən Janna d’Arka qədər müxtəlif dövrlərdə yaşamış qadınlar sübut ediblər ki, Vətənin müdafiəsi, cəsarət və liderlik yalnız bir cinsə aid edilə bilməz. Tarix insanın qarşısına sınaq qoyanda onun qadın və ya kişi olmasına deyil, hansı iradəyə, hazırlığa və əqidəyə sahib olduğuna baxır. E.ə. VI əsrdə yaşamış massaget hökmdarı Tomris bu baxımdan tarixdə xüsusi yer tutur. O, yalnız hökmdar deyil, xalqının taleyini müəyyən edən siyasi və hərbi lider kimi də yadda qalıb. Qədim tarixçi Herodotun yazdıqları əsasında günümüzə gəlib çatan Tomris obrazı qadının dövlət idarəçiliyində və hərbi qərarların qəbulunda mühüm rol oynaya bildiyini göstərən ən qədim nümunələrdəndir.
Əsrlər sonra Fransada Janna d’Ark meydana çıxdı. XV əsrdə yaşayan bu gənc qadın Fransa ilə İngiltərə arasında gedən Yüzillik müharibə zamanı fransız qoşunlarının ruh yüksəkliyinin formalaşmasında mühüm rol oynadı. Onun adı hərb tarixində qadının döyüş meydanında və liderlik mövqeyində ola bilməsinin simvollarından birinə çevrildi. Bu nümunələri sadalamaqda məqsəd tarixdə qadınların kişilərlə eyni şəkildə döyüşməli olduğunu iddia etmək deyil. Əsas məqam başqadır: Vətənin, dövlətin və xalqın taleyi qarşısında məsuliyyət cinslə ölçülmür.
Peşəkarlıq, intizam, cəsarət, bilik və sədaqət isə hərbi xidmətin universal meyarlarıdır. Bu yanaşma müasir Azərbaycan Ordusunda da öz ifadəsini tapır. Azərbaycan qadınının Vətənin müdafiəsində iştirakı isə yeni hadisə deyil. Xalqımızın tarixində qadının cəmiyyətin həyatında, dövlətçilik ənənələrində və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rolu olub. Azərbaycan qadını müxtəlif dövrlərdə ailənin dayağı olmaqla yanaşı, ictimai proseslərdə fəallığı, savadı, iradəsi və vətənpərvərliyi ilə də iştirak edib, seçilib. Müasir dövrdə bu ənənə hərbi xidmət sahəsində də davam etdirilir.
Azərbaycan Ordusunda qadın hərbi qulluqçular müxtəlif qoşun növlərində, hərbi tibb müəssisələrində, xüsusi təyinatlı təhsil müəssisələrində və digər sahələrdə xidmət edirlər. Qadın hərbi qulluqçuların təlim-məşq toplantılarına, nəzəri dərslərə və praktiki məşğələlərə cəlb olunduğu, müxtəlif ixtisaslar üzrə hazırlıq keçdiyi və uyğun vəzifələrə təyin edildiyi qeyd olunur. Burada söhbət sadəcə onların ordu sıralarında təmsil olunmasından getmir. Məsələnin mahiyyəti onların bilik və bacarıqlarını reallaşdırmaları üçün bərabər imkanların yaradılmasıdır. Çünki müasir ordu strukturu sadəcə fiziki gücə əsaslanmır. Texnologiya, rabitə, tibb, informasiya təminatı, idarəetmə, psixoloji hazırlıq, təhsil və digər istiqamətlər də yüksək peşəkarlıq tələb edir. Bu sahələrin hər birində insanın cinsindən daha çox onun hazırlığı və məsuliyyət hissi əhəmiyyət daşıyır. Gender bərabərliyi də məhz bu nöqtədə hərbi xidmət anlayışı ilə kəsişir. Qeyd etmək yerinə düşər ki, orduda gender bərabərliyi qadın və kişilər arasında fərqlərin inkar edilməsi demək deyil. Əksinə, əsas məqsəd hərbi xidmətin tələb etdiyi meyarların bütün şəxslərə obyektiv və ədalətli şəkildə tətbiq olunması, hüquq və imkanları da bərabərliyin qorunmasıdır. Hərbi intizam hamı üçün eynidir. Vətən qarşısında məsuliyyət də. 
Müasir Azərbaycan Ordusunun əsas üstünlüklərindən biri də insan kapitalının imkanlarından səmərəli istifadə edilməsidir. Döyüş hazırlığı yüksək olan ordu  müasir silahları idarə edən, texnikaları işlədən, qərar qəbul edən, yaralıya yardım göstərən, rabitəni təmin edən, informasiya axınını idarə edən və qarşısına qoyulan tapşırığı dəqiq yerinə yetirən şəxsi heyətdən güc alır. Bu baxımdan qadın hərbi qulluqçuların xidmətini yalnız “qadınların orduda iştirakı” kimi təqdim etmək də məsələnin mahiyyətini daraldır. Onlar Azərbaycan Ordusunun şəxsi heyətinin bir hissəsidir. Hər bir hərbi qulluqçu kimi, qadınların da xidməti nəticə, intizam və peşəkarlıq meyarları ilə qiymətləndirilir.
44 günlük Vətən müharibəsi də Azərbaycan qadınının dövlət və ordu qarşısındakı məsuliyyətini bir daha nümayiş etdirdi. Həmin günlərdə qadınlar həm hərbi qulluqçu, həm tibb işçisi, həm təminat və digər istiqamətlərdə çalışan mütəxəssis kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərdilər. Müharibənin reallığı insanlara bir daha göstərdi ki, Vətənin müdafiəsi yalnız səngərdə silahla dayanmaqdan ibarət deyil. Döyüş meydanındakı hər bir uğurun arxasında böyük və mürəkkəb təminat sistemi dayanır. Həkim, rabitəçi, mühəndis, psixoloq, logistika mütəxəssisi, qərargah əməkdaşı, informasiya sahəsində çalışan mütəxəssis və bir çox başqa peşə sahibləri ümumi hərbi mexanizmin ayrılmaz hissəsidir. Bu mənada gender bərabərliyi ordunun imkanlarını genişləndirən yanaşmalardan biri kimi qiymətləndirilə bilər. Çünki məqsəd süni şəkildə statistika yaratmaq yox, ordunun qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün mövcud insan resurslarından maksimum səmərə ilə istifadə etməkdir. 
Ümumiləşdirsək, geyim formasının rəngi, rütbə ulduzlarının ölçüsü, hərbi nizamın tələbləri hamı üçün eynidir. Daşınan rütbə isə insanın qadın və ya kişi olduğunu deyil, onun xidmətə münasibət səviyyəsini göstərir. Hərbi forma şəxsi xüsusiyyətlərdən daha böyük məsuliyyət olan Vətənə xidmətin simvoludur. Gender bərabərliyinin mahiyyəti də məhz burada görünür. Bərabərlik eynilik deyil. Qadınla kişinin fiziki xüsusiyyətlərinin fərqli olması təbiidir. Lakin hüquq, ləyaqət, peşəkarlığa hörmət və xidmətdə özünü göstərmək imkanı baxımından ayrı-seçkiliyə yol verilməməsi müasir hərbi idarəetmənin mühüm prinsiplərindən biridir.
Yazının əvvəlində qeyd etdiyimiz tarixi şəxslərə qayıdaq. Tomrisin qarşısında öz xalqının taleyi dayanmışdı. Janna d’Arkın qarşısında isə işğal və müharibə şəraitində öz ölkəsinin gələcəyi. Onların yaşadığı dövr, istifadə etdikləri silahlar və hərbi sistemlər müasir Azərbaycan Ordusundan tamamilə fərqlidir. Lakin aradakı əsrlərə baxmayaraq, dəyişməyən məqam təhlükə qarşısında məsuliyyət daşımaq və xalqının müdafiəsinə töhfə verməkdir.  Azərbaycan Ordusunda xidmət edən qadınlar da bu böyük tarixi ənənənin müasir davamçılarıdır. Bu gün Azərbaycan Ordusu qarşısında dayanan əsas məqsəd güclü, müasir, peşəkar və yüksək döyüş hazırlığına malik ordu quruculuğunu davam etdirməkdir. Belə bir orduda hər bir hərbi qulluqçunun potensialından səmərəli istifadə edilməsi vacibdir. Qadınların xidmət imkanlarının genişləndirilməsi də bu prosesin tərkib hissəsidir.
Əslində, orduda gender bərabərliyinin ən yaxşı göstəricisi qadın hərbi qulluqçunun qadın olduğuna görə deyil, hərbi qulluqçu olduğuna görə qiymətləndirilməsidir. Çünki hərbi xidmətin öz dili var: əmr, intizam, məsuliyyət, sədaqət, peşəkarlıq və şərəf. Bu sözlərin heç birinin qarşısında “qadın” və ya “kişi” qeydi yoxdur. Tarixdə Tomris, Janna d’Ark və onların ardınca gələn yüzlərlə qadının həyat yolu da bunu göstərir. Qəhrəmanlığın cinsi yoxdur. Vətən qarşısında borcun da. 
Qeyd edim ki, son illərdə Azərbaycan Ordusunda qadınların hərbi təhsil və peşəkar inkişaf imkanlarının genişləndirilməsi istiqamətində də addımlar atılır. Buna nümunə olaraq 2025–2026-cı tədris ilindən etibarən Heydər Əliyev adına Hərbi İnstitutda uzunmüddətli fasilədən sonra yenidən qadın kursantların qəbuluna başlanılmasıdır. Beləliklə, Azərbaycan Ordusunda qadın hərbi qulluqçuların fəaliyyəti artıq ayrıca hadisə kimi deyil, ordunun ümumi xidmət sisteminin hərbi təhsil konsepsiyasının bir hissəsi kimi qəbul edilir. Qarşıdakı illərdə onların təhsil, peşəkar inkişaf və xidmət imkanlarının daha da genişlənməsi Azərbaycan Ordusunun insan resurslarının gücləndirilməsinə xidmət edəcək. Çünki güclü ordu yalnız güclü silahlardan qurulmur. Güclü ordu insanın öz imkanlarını Vətənin müdafiəsinə həsr edə bildiyi, əməyinin və peşəkarlığının obyektiv qiymətləndirildiyi, hüquq və məsuliyyətin paralel şəkildə qorunduğu ordudur. Və hərbi formada xidmət edən qadın hərbçi bu həqiqətin canlı ifadəsidir: Vətəni qorumaq üçün ilk növbədə insanın cəsarəti, biliyi və sədaqəti lazımdır.

Tamilla HÜSEYNLİ “Azərbaycan Ordusu”