AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın müasir tarixində 1991-ci il sentyabrın 3-ü də xüsusi əhəmiyyət daşıyır. Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında xalqın və deputatların təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Sessiyada iştirak edən 75 deputatdan 70-i onun namizədliyinin lehinə səs verdi, digər 5 deputat isə bitərəf qaldı. Bu seçim Azərbaycanın mürəkkəb ictimai-siyasi və hərbi-siyasi vəziyyətində xalqın Heydər Əliyevin siyasi iradəsinə və dövlətçilik təcrübəsinə olan inamının ifadəsi idi.
1991-ci ilin əvvəlləri Azərbaycan üçün olduqca ağır sınaqlar dövrü oldu. Sovet İttifaqının dağılması prosesi gedir, ölkənin müstəqilliyi qarşısında ciddi təhlükələr yaranır, Ermənistanın Azərbaycana qarşı təcavüzü genişlənirdi. Naxçıvan isə coğrafi baxımdan Azərbaycanın əsas ərazisindən ayrı düşmüş, Ermənistan tərəfindən blokadaya alınmış vəziyyətdə idi. Belə bir şəraitdə Naxçıvanda siyasi sabitliyin qorunması, milli dövlətçilik ideyasının möhkəmləndirilməsi və muxtar respublikanın müdafiəsinin təmin olunması həyati əhəmiyyət daşıyırdı.
Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi ilə Naxçıvanın ictimai-siyasi həyatında yeni mərhələ başladı. Hələ 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması kimi mühüm qərarlar qəbul edildi. Bu qərarlar sonradan müstəqil Azərbaycanın dövlətçilik tarixinin mühüm siyasi hadisələrinə çevrildi.
1991-ci il sentyabrın 3-də Ali Məclisin Sədri seçildikdən cəmi dörd gün sonra, yəni, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərarın qəbul edilməsi isə xüsusi əhəmiyyət daşıyırdı. Ardınca, oktyabrın 26-da Naxçıvanda yerləşən sovet qoşunlarının statusu ilə bağlı qərar qəbul edildi və onun icrası nəticəsində keçmiş sovet ordusunun hissələrinin muxtar respublikadan çıxarılması, həmin qoşunlara məxsus silah-sursat və hərbi texnikanın Naxçıvanda saxlanılması təmin olundu.
Bu dövrdə Ermənistanın muxtar respublikaya qarşı hərbi təzyiqinin artdığı bir vaxtda Heydər Əliyev Türkiyə ilə əlaqələrin möhkəmləndirilməsinə də xüsusi diqqət yetirirdi. 1992-ci ildə onun Türkiyəyə və İrana səfərləri zamanı müxtəlif sahələrdə əməkdaşlıq haqqında sənədlərin imzalanması, Naxçıvan-Türkiyə əlaqələrinin inkişaf etdirilməsi muxtar respublikanın siyasi və iqtisadi vəziyyətinin möhkəmləndirilməsində mühüm rol oynadı. Həmin dövrdə Türkiyə ilə Naxçıvan arasında “Ümid körpüsü”nün açılması da mühüm hadisələrdən biri idi.
Naxçıvanın müdafiəsi istiqamətində atılan addımlar hərbi sahədə də özünü göstərdi. 1992-ci il sentyabrın 15-də Naxçıvanda milli ordu hissələrindən biri olan 5-ci əlahiddə gücləndirilmiş motoatıcı birlik yaradıldı. Həmin il oktyabrın 9-da isə Naxçıvanda ilk milli hərbi parad keçirildi. Bu hadisələr müstəqillik yoluna qədəm qoyan Azərbaycanın milli ordu quruculuğunun mühüm göstəriciləri idi.
Ümummilli Lider həmin dövrdə özünün siyasi mövqeyini xalqın iradəsi ilə bağlayırdı. 3 sentyabr 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında səsləndirdiyi sözlər bunu aydın göstərir: “Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm.” Bu fikir həmin tarixi günün siyasi mahiyyətini də ifadə edir.
Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti yalnız muxtar respublikanın problemlərinin həlli ilə məhdudlaşmırdı. O, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsindən sonra Naxçıvan Ali Məclisi müstəqilliklə bağlı qəbul edilmiş qərarlara tərəfdar olduğunu bildirdi. Həmin il dekabrın 16-da isə Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması haqqında qərar qəbul edildi.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı bu baxımdan yeni mərhələnin başlanğıcı oldu. Ölkədə siyasi böhran, iqtisadi çətinliklər və hərbi uğursuzluqlar hökm sürürdü. Azərbaycan ərazilərinin işğalı davam edir, orduda vahid komandanlıq və nizam-intizam məsələləri ciddi problem olaraq qalırdı. Belə bir şəraitdə əsas vəzifələrdən biri dövlət hakimiyyətinin möhkəmləndirilməsi və nizami ordunun yaradılması idi.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildi. Sonrakı illərdə Azərbaycan Ordusunun vahid komandanlıq prinsipi əsasında formalaşdırılması, hərbi kadrların hazırlanması, ordunun maddi-texniki bazasının gücləndirilməsi və şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Prezident İlham Əliyev də 2021-ci ildə Hərbi Qənimətlər Parkının açılışında çıxış edərkən vurğulamışdı ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik və qayda-qanun yaradıldı və nizami ordu quruculuğuna başlanıldı.
Ümummilli Lider Heydər Əliyevin orduya münasibətinin əsasında əsgər və zabitin dövlət üçün olduqca vacib olması prinsipi dayanırdı. 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən hərbi hissənin şəxsi heyətinə müraciətində söylədiyi “Ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır” sözləri onun orduya verdiyi dəyərin ən gözəl ifadəsidir. Bu yanaşmada qələbə anlayışı təkcə silah və texnika ilə deyil, hərbçinin peşəkarlığı, cəsarəti, məsuliyyəti və Vətənə sədaqəti ilə əlaqələndirilirdi.
Sonrakı illərdə Azərbaycan dövlətinin qarşısında duran əsas məqsədlərdən biri ordunun daha da gücləndirilməsi oldu. Bu istiqamətdə həyata keçirilən siyasət artıq yalnız mövcud problemlərin aradan qaldırılmasına deyil, gələcək təhlükələrə qarşı hazırlıqlı, müasir və yüksək döyüş qabiliyyətinə malik Azərbaycan Ordusunun formalaşdırılmasına yönəldi.
2003-cü ildən sonra bu xətt yeni mərhələdə davam etdirildi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Hərbi infrastrukturun yenilənməsi, ordunun müasir silah və texnika ilə təchiz edilməsi, şəxsi heyətin hazırlığının artırılması və peşəkar hərbi kadrların yetişdirilməsi istiqamətində genişmiqyaslı işlər görüldü.
Bu hazırlığın nəticələri müxtəlif mərhələlərdə özünü göstərdi. 2016-cı ilin Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş qabiliyyətinin mühüm göstəricilərindən birinə çevrildi. 2020-ci ildə isə artıq qarşıya qoyulan tarixi vəzifənin həyata keçirilməsi üçün güclü hərbi-siyasi və iqtisadi baza formalaşmışdı.
2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. 44 gün davam edən müharibədə Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş ruhu və qəhrəmanlıq nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Hadrut, Suqovuşan və Şuşa daxil olmaqla, 300-dən çox yaşayış məntəqəsi hərbi yolla azad edildi, noyabrın 10-da üçtərəfli Bəyanatın imzalandı.
Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyində həlledici dönüş yaratdı. Bundan sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Prezident İlham Əliyevin sözləri ilə desək, 44 gün ərzində Azərbaycan Ordusu döyüş meydanında Zəfər qazandı və düşmən kapitulyasiya aktına imza atdı.
44 günlük Vətən müharibəsinin Zəfəri bir gündə yaranmadı. Bu qələbənin arxasında illərlə aparılan dövlət quruculuğu, ordu quruculuğu, iqtisadi inkişaf, hərbi kadr hazırlığı, vətənpərvərlik tərbiyəsi və beynəlxalq mövqelərin möhkəmləndirilməsi dayanırdı. Prezident İlham Əliyev də Zəfər Parkının açılışında bu amilləri bir-biri ilə əlaqələndirərək Azərbaycanın qələbəsinə güclü ordunun, iqtisadi inkişafın, xalq-iqtidar birliyinin və vətənpərvərlik ruhunun təsir etdiyini vurğulayıb.
Bu tarixi yolun davamında 1993-cü ildən etibarən güclü dövlət və nizami ordu quruculuğu həyata keçirildi. Daha sonra bu siyasət davam etdirilərək Azərbaycan Ordusu müasir hərbi imkanlara və yüksək döyüş hazırlığına malik hərbi qüvvəyə çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsində isə görülən bu tədbirlər real döyüş meydanında öz təsdiqini tapdı.
Hüsniyyə NƏSİROVA “Azərbaycan Ordusu”