AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ordu cəmiyyətin bir hissəsidir. Orduda demək olar ki, milyonlarla ailənin övladı xidmət edir. Ona görə də cəmiyyət ilə ordu arasında təmas tez-tez olur. Valideynlərin hərbi xidmətdə olan övladları ilə görüşlərin keçirilməsi bunun əyani göstəricisidir. Xalq-ordu birliyi ordunun güclü olmasından xəbər verir. Xalqımız hər zaman öz ordusuna diqqət, qayğı göstərir. Ordu yeni yarananda dövlətin büdcəsi formalaşmamışdı, xalq öz yardımını ordudan əsirgəmədi. Dövlətin büdcəsi artdıqca ordunun da gücü artdı. Güclü ordu xalqın və dövlətin təhlükəsizliyi və müdafiəsinin silahlı təminatçısıdır.
Bu günlərdə Azərbaycan Ordusunun bölmələrində Hərbi andiçmə mərasimləri keçirildi. Övladlarının andiçmə mərasiminə gələn valideynlərin sayı-hesabı yox idi. Həmin gün andiçmə mərasimləri keçirilən hərbi hissələrin qarşısında hələ gecəynən gələnlər də vardı. Ordumuzda andiçmə mərasimləri valideynlərsiz keçirilmir. Artıq bu adət halını alıb. Gənc əsgərlərin həyatında baş verən bu əlamətdar gün valideynlər üçün də unudulmaz, yaddaqalan xoş bir günə çevrilib. Həm də valideynlər övladlarının necə və hansı şəraitdə xidmət etdiklərini görürlər. Bu arada cəmiyyətin orduya olan münasibətini öyrənmək üçün bir neçə valideynin fikrini öyrənmək istədik.
Əsgər atası Telman Əliyev:
- Görünən dağa nə bələdçi, - deyiblər. Hər şey göz qabağındadır. Yaxşı yadımdadır, burada əvvəllər hərbi hissə yerləşirdi. Əsgər yataqxanaları, yeməkxana və başqa binalar köhnə idi. Bu gün isə bu ərazidə o dövrdən heç nə qalmayıb. Ən yeni, müasir tipli yataqxanalar, qərargah və başqa tikililər əsgərlərin xidməti istifadəsinə verilib. Buradakı şəraiti görəndə ürəyim açılır. Oğlum da deyir ki, daxildə də şərait çox yaxşıdır. Xidmətə gəldiyi gündən hər bir əsgər təzə geyim, yataq dəsti və digər təminatlarla tam təmin edilib. Əsgər yeməkxanasında aşpazlar və digər işçilər mülki qadınlardır. Onların bişirdikləri müxtəlif çeşiddə milli xörəklər heç də evdə ananın hazırladığı yeməklərdən geri qalmır. Valideyn kimi oğlumun xidmət yerindən çox razıyam. İllər keçdikcə ordumuzda əsgərlərin təminatı da yüksəlir. Biz buna əvvəlki illərlə müqayisədən belə qənaətə gəlirik.
Oğlumdan başqa burada xidmət edən əsgərlərə də fikir verirəm. Onlar da olduqca şən görünürlər. Bu, əsgərlərə olan diqqət və qayğıdan irəli gəlir. Onlar da öz növbəsində Vətən qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirməlidirlər. Bunu oğluma da demişəm. Bütün əsgərlər Vətənə hərbi xidmət borcunu vicdanla yerinə yetirib doğmalarının yanına qayıtsınlar.
Əsgər atası Rafiq Canlatov:
- Ordumuzda Hərbi andiçmə mərasimi valideynlərlə, qonaq-qaralı keçirilir. Valideynlərin və yaxınların gənc əsgərlərin andiçmə mərasimində iştirak etməklərini alqışlayıram. Hər bir əsgərin həyatında ən yaddaqalan gün elə Hərbi Andı qəbul etdiyi gündür. Əsgərlər bu günü bayram kimi qəbul edirlər. Axı biz valideynlər və başqa yaxın qohumlar övladımızın bu bayramında niyə iştirak etməyək? Niyə onların bu sevincinə şərik olmayaq? Əsgərlər hərbi xidmətə gələndən bu günü səbirsizliklə gözləyirlər. Andiçmə mərasiminə ciddi hazırlaşırlar. Onlar da istəyirlər ki, belə bir gündə doğmaları, yaxınları və arzuladıqları insanlar yanlarında olsunlar. Bu, həm də ona görə yaxşıdır ki, cəmiyyət ordudakı şəraiti görür və qiymət verir.
Açığını deyim, İkinci Qarabağ müharibəsindən əvvəl də andiçmə mərasimləri keçirilirdi. Qohum uşaqların andiçməsinə getmişdim. O vaxt indiki kimi əsgərlər üçün şərait yox idi. Bu gün dövlətimizin orduya olan diqqətini və qayğısını yüksək görürük. Bu, bizi çox sevindirir.
Hərbi Andı qəbul edən əsgərlərin sıralarını gördüm. Onların sıradakı duruşu, sıra addımları, Hərbi Andın sözlərini xorla təkrar etməsi bir ayın işi deyil, bu bir ilin əsgərləri olduğunu xatırladır. Qısa müddətdə onların bu cür hazırlaşmaları kənardan müşayiət edənlərə xoş ovqat bağışlayır.
Əsgər atası Bəxtiyar İbrahimov:
- Andiçmə mərasiminə gələn izdihamı görürəm. Ordu ilə xalq arasında olan bağlılıqdı bu. Cəmiyyət hər zaman öz ordusu ilə birlikdə olduğunu, birgə nəfəs aldığını bildirir. Ordumuz bu inkişaf mərhələsinə bir ildə nail olmayıb. Bu, on illərin, xalqın və dövlətin diqqət və qayğısının nəticəsidir. Yaxşı yadımdadır. Ordumuz təzə yarananda Qarabağ müharibəsi yenicə alovlanırdı. Müharibə gedə-gedə biz ordumuzu yaratdıq. Döyüşlərdə uğurlarımız da oldu, məğlubiyyətimiz də. Amma buna baxmayaraq xalq cəmiyyət olaraq ruhdan düşmədik. Dövlət qurduq, dövlətçiliyi möhkəmlədirdik. Dövləti qorumaq üçün dövlətçiliyə qarşı yönəlmiş xarici təcavüzün qarşısını ala bilən ordu sistemini yaratdıq. Xalqın içindən Ulu Öndər Heydər Əliyev kimi dahi siyasi xadim çıxdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrildi. 30 ilə yaxın ermənilərin işğal etdikləri qədim Azərbaycan torpaqlarını, Qarabağı və ətraf rayonlarını işğaldan azad etdik. 6 il bundan əvvəl baş verən döyüşləri də yaxşı xatırlayıram. Xalq-dövlət-ordu birliyi qısa müddətdə cəmi 44 günə Ermənistan ordusunu məğlub edərək Zəfər qazandı. Bununla da Azərbaycanın suverenliyi bərpa edildi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da güclənir. Azərbaycan Ordusunun döyüş və mənəvi hazırlığı daim artır. Hərbi Andı qəbul edən əsgərlərin də başlıca məqsədi Vətənə sədaqətlə xidmət etmək, qarşıda duran bütün tapşırıqları şərəflə, ləyaqətlə yerinə yetirməkdən ibarətdir. Biz də cəmiyyət olaraq hər an ordumuzun yanındayıq.
Əsgər atası Qafar Həmzəzadə:
- Ordumuzun bu gününü görmək mənə olduqca xoş təsir bağışlayır. Qalib ordu, qalib əsgər. Bu kəlmələri eşidəndə ürəyim dağa dönür. Görmək istədiyim ordu məhz bu idi. Əvvəllər ordumuz müharibə şəraitində səngərlərdə düşmənlə təmas xəttində xidmət aparırdı. Həm müdafiə olunurdu, həm də döyüş vərdişlərini artırırdı. Özüm də əsgər olmuşam. Hərbi xidmət illərimi indiki dövrlə müqayisə etsəm, arada çox fərq yaranıb. Çöl təlimlərimiz olurdu. Günlərlə poliqonlarda qalırdıq. Döyüş hazırlığımızı artırırdıq. Bu cür hazırlıqlar torpaqlarımızın azad edilməsinə, Vətənimizi xarici qüvvələrin təsirindən qorunmağa gətirib çıxartdı.
Oğlum Yusifi bir ay bundan əvvəl hərbi xidmətə yola salmışam. Ona əsgərliyin nə olduğunu hərbi xidmətə getməmişdən əvvəl izah etmişəm. Təlimlərdə, dərslərdə komandirlərin öyrətdiklərini dərindən mənimsəməsi, verilən tapşırıqlara sözsüz əməl etməyin vacibliyi barədə məlumat vermişəm.
Yusif bu gün əsgərdir. Onun necə intizamlı, komandirlərin əmr və göstərişlərinə sadiq qaldığını görürəm. Bu, mənə ruh verir. Həmçinin burada oğlumun əsgər yoldaşlarını da görürəm. Onların bir-biriləri ilə davranışları, səmimi qarşılıqlı münasibətləri gələcəyin dostluğundan xəbər verir. Bu günün əsgərləri gələcək cəmiyyətin fəal üzvləridir. Bir vətəndaş olaraq bugünkü ordumuza göstərilən dövlət qayğısından razıyam. Övladlarımızın nümunəvi xidmət etməsinə və sağ-salamat evlərinə qayıtmaları üçün göstərilən qayğıya görə dövlətimizin başçısına və ordu rəhbərliyinə minnətdarıq.
Bəxtiyar ƏLİYEV “Azərbaycan Ordusu”