Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2026 18:39

Təkərin ixtirasından zirehli gücə - avtomobilin tarixi və hərbi sahədəki böyük rolu

Tarix boyu böyük ixtiralar çox olub, amma onlardan heç biri həyatımızı avtomobil qədər kökündən dəyişməyib. Bir zamanlar uzaq məsafələri qət etmək üçün günlərlə, hətta həftələrlə yol gedən insanlar bu gün saatlar içində dünyanın müxtəlif nöqtələrinə çata bilirlər. Avtomobil təkcə nəqliyyat vasitəsi deyil, o, inkişafın, sürətin, texnologiyanın və insan zəkasının ən böyük göstəricisidir. Bu gün dünyanın iqtisadi həyatını, insanların gündəlik fəaliyyətini, səhiyyəni, kənd təsərrüfatını və hətta dövlətlərin müdafiə sistemini avtomobilsiz təsəvvür etmək mümkün deyil.
Avtomobilin yaranmasının əsasında insanın daim irəli getmək, daha sürətli hərəkət etmək və çətinlikləri aradan qaldırmaq arzusu dayanır. Əsrlər boyu insanlar at arabaları, faytonlar və digər sadə nəqliyyat vasitələrindən istifadə edirdilər. Lakin XVIII əsrdə başlayan sənaye inqilabı texnologiyanın inkişafına güclü təkan verdi. Buxarla işləyən ilk nəqliyyat vasitələri meydana çıxdı. Bunun ardınca XIX əsrin sonlarında alman mühəndisi Karl Benz daxiliyanma mühərriki ilə işləyən ilk müasir avtomobili hazırladı. 
Məhz bu ixtira avtomobil sənayesinin təməlini qoydu. O zamanlar küçələrdə gurultu ilə hərəkət edən bu "at köməyi olmadan gedən arabaları" görənlər sadəcə gülümsəyir və bunu zənginlərin ötəri bir əyləncəsi hesab edirdilər. Bir neçə il sonra amerikalı sənayeçi Henri Ford transporter üsulu ilə kütləvi istehsala başlayaraq avtomobili milyonlarla insan üçün əlçatan etdi. Bununla da avtomobil artıq yalnız zənginlərin deyil, cəmiyyətin hər bir təbəqəsinin istifadə edə bildiyi nəqliyyat vasitəsi oldu. 
Heç kimin ağlına gəlməzdi ki, bu qəribə ixtira gələcəkdə bəşəriyyətin taleyini həll edəcək, şəhərləri yenidən quracaq və ən əsası, müharibələrin strategiyasını kökündən dəyişəcək. 
Avtomobilin inkişafı təkcə mülki həyatla məhdudlaşmadı. O, hərbi sahədə də əsl inqilab yaratdı. Keçmiş dövrlərdə orduların hərəkəti atlı qoşunlardan və yük arabalarından asılı idi. Bu isə həm vaxt itkisinə, həm də döyüş imkanlarının məhdudlaşmasına səbəb olurdu. Mühərrikli nəqliyyat vasitələrinin yaranması ilə hərbi strategiya tamamilə dəyişdi. Ordular daha sürətli hərəkət etməyə, daha qısa müddətdə uzun məsafələr qət etməyə və döyüş bölgələrinə operativ şəkildə çatmağa başladılar. 1914-cü ildə tarixə "Marn taksiləri" kimi düşən məşhur bir hadisə baş verdi. Alman ordusu Parisə doğru irəliləyərkən, Fransa ordusu cəbhə xəttinə təcili olaraq əsgər çatdırmalı idi, lakin qatarlar və qatar xətləri yetərsiz qalırdı. General Qalyeninin əmri ilə Parisin bütün dördtəkərli taksiləri səfərbər edildi. Gecə boyunca minlərlə əsgər bu yüngül minik maşınları ilə birbaşa döyüş meydanına daşındı. Bu addım müharibənin taleyini dəyişdi və avtomobilin hərbi sahədəki əvəzsiz rolunu tarixə qızıl hərflərlə yazdı. 
Bu gün biz hərbi avtomobillərin növbəti böyük təkamül mərhələsinə şahidlik edirik. Döyüş meydanlarında gurultulu daxiliyanma mühərrikli avtomobilləri, kəşfiyyat zamanı düşmənə görünməyən səssiz elektrik motorları əvəzləməyə başlayır. Bundan əlavə, süni intellektlə idarə olunan, sürücüsüz hərbi robot-maşınlar təhlükəli zonalarda insan itkisinin qarşısını almaq üçün sınaqdan keçirilir. 140 il əvvəl kiçik bir emalatxanada, taxta təkərlər üzərində başlayan bu dördtəkərli səyahət, bu gün qlobal təhlükəsizliyin və hərbi gücün ən böyük dayaqlarından biridir.
1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa edən Azərbaycanın hərbi imkanları məhdud olsa da, aparılan genişmiqyaslı islahatlar, hərbi texnikanın yenilənməsi və müasir texnologiyaların tətbiqi nəticəsində ordu tamamilə yeni səviyyəyə yüksəlib. Bu gün hərbi avtomobillər sadəcə əsgərləri bir nöqtədən digərinə daşıyan vasitələr deyil. Onlar birbaşa atəş xəttində döyüşən, kəşfiyyat aparan və ordunu qoruyan mexaniki canavarlardır. Müasir dövrdə avtomobil hərbi sahədə üstünlüyün və qələbənin əsas rəmzidir. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi ildırım sürətli və mobil taktikalar da məhz müasir, yüksək keçid qabiliyyətinə malik çevik hərbi avtomobillərin səmərəli istifadəsi sayəsində uğurla icra olundu.
Günümüzdə müasir ordunu hərbi avtomobillərsiz təsəvvür etmək mümkün deyil. Döyüş meydanlarında tanklar düşmənin müdafiə xəttini yarmaq üçün istifadə olunur. Zirehli nəqliyyatlar əsgərləri təhlükəsiz şəkildə döyüş zonasına çatdırır və onları güllə, mərmi qəlpələri və mina təhlükəsindən qoruyur. Hərbi yük avtomobilləri ərzaq, yanacaq, silah-sursat və digər vacib təchizat vasitələrini ən çətin relyeflərdə belə ön cəbhəyə daşıyır. Təcili tibbi yardım maşınları yaralı hərbçilərin həyatını xilas etmək üçün saniyələrin belə böyük əhəmiyyət daşıdığı məqamlarda mühüm rol oynayır. Bundan başqa, mühəndis texnikaları yolların açılması, körpülərin qurulması və maneələrin aradan qaldırılması kimi mühüm vəzifələri yerinə yetirir.
Müasir hərbi avtomobillər artıq sadəcə mühərrik və təkərlərdən ibarət deyil. Onlar güclü zirehlə, yüksək keçid qabiliyyətinə malik mühərriklərlə, peyk rabitəsi, gecəgörmə cihazları, rəqəmsal idarəetmə sistemləri və pilotsuz texnologiyalarla təchiz edilir. Bəzi nəqliyyat vasitələri uzaqdan idarə olunur, bəziləri isə süni intellekt elementləri vasitəsilə təhlükəli ərazilərdə insan həyatı riskə atılmadan tapşırıqları yerinə yetirə bilir. Bu yeniliklər müasir müharibələrin xarakterini dəyişdirən əsas amillərdən biridir.
Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü və texnoloji cəhətdən ən çox inkişaf edən qüvvəsidir. Ordumuzun texnikası bu gün həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından ön sıradadır. Bu sahədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasətin böyük rolu var. Bu siyasətin əsas məqsədi Azərbaycanın müdafiə qabiliyyətini daha da gücləndirmək, ölkənin təhlükəsizliyini təmin etməkdir. Müasir texnologiyalar, peşəkar kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan Ordusu yüksək döyüş hazırlığı səviyyəsindədir. Bu güc təkcə müdafiə qabliyyətini deyil, həm də sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir. 
Müasir müharibələrdə qələbə əsgərlərin şücaəti ilə bərabər, həm də güclü hərbi texnika və etibarlı nəqliyyat sistemi ilə qazanılır. Bu səbəbdən hərbi avtomobillər ordunun hərəkətverici qüvvəsi hesab olunur. Onlar şəxsi heyətin, silah-sursatın, yanacağın və digər təchizat vasitələrinin vaxtında döyüş bölgəsinə çatdırılmasını təmin edir.
Dünyanın müxtəlif ordularında istifadə olunan tanklar (məsələn, M1 Abrams, Leopard 2, T-90, T-72) güclü zirehi və ağır silahlanması ilə düşmənin müdafiə xəttini yarmaq üçün nəzərdə tutulub. Zirehli transportyorlar və piyada döyüş maşınları (BTR-82A, BTR-70, BMP-2, BMP-3) əsgərləri təhlükəsiz şəkildə döyüş zonasına çatdırır və onları atəş altında qoruyur.
Orduların təminatında KamAZ, Ural-4320, KrAZ, MAN HX, Oshkosh HEMTT kimi hərbi yük avtomobilləri mühüm rol oynayır. Bu nəqliyyat vasitələri tonlarla sursatı, yanacağı, ərzağı və hərbi texnikanı ən çətin dağlıq və palçıqlı ərazilərdən belə daşımaq gücünə malikdir.
Azərbaycan Ordusunun silahlanmasında da müasir hərbi nəqliyyat vasitələri geniş yer tutur. Ordumuz Otokar Cobra, Kirpi mina mühafizəli zirehli maşınları, BTR-82A, BMP-2, müxtəlif təyinatlı KamAZ və Ural yük avtomobilləri, həmçinin mühəndis və təminat texnikaları ilə təchiz olunub. Bu texnikalar istər dağlıq ərazilərdə, istərsə də mürəkkəb döyüş şəraitində yüksək etibarlılıq nümayiş etdirərək ordumuzun çevikliyini və döyüş qabiliyyətini artırır. 44 günlük Vətən müharibəsində də müasir hərbi nəqliyyat vasitələrinin operativliyi, təminatın vaxtında çatdırılması və qoşunların koordinasiyalı hərəkəti qazanılan Zəfərdə mühüm rol oynadı.
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad zamanı nümayiş etdirilən texnikalar isə Azərbaycan Ordusunun çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirirdi. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuş yüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər müşahidə olunub. Bu müxtəliflik ordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Hərbi parad zamanı nümayiş etdirilən hərbi texnikalar, silah sistemləri və aviasiya vasitələri ilə bağlı məlumatları təqdim edirik: Azadlıq meydanındakı hərbi paradda İnsansız Sistem Qoşunları tərəfindən ordumuzun pilotsuz uçuş aparatları (PUA) və digər insansız vasitələri də təqdim edilib. Paradda nümayiş etdirilən “Orbiter-1KM” zərbə PUA-sı, “Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” kəşfiyyat PUA-ları, “Aerostar” taktiki-kəşfiyyat PUA-sı, “Bayraktar-TB2” silahlı kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş “Hero-120” (HİRO) sərbəst uçan döyüş sursatları, “Sky Striker” (Strayker) sərbəst uçan döyüş sursatları, “Orbiter-5” taktiki-kəşfiyyat PUA-sı, “Harop” zərbə tipli PUA-sı, “Hermes-450” taktiki-kəşfiyyat PUA-sı, silahlanmaya yeni qəbul edilmiş KAYRA - kamikadze tipli suüstü dəniz vasitəsi ordumuzun həm kəşfiyyat-zərbə, həm də dəniz və sahə əməliyyatlarında yeni taktiki imkanlar qazandığını göstərir. Marauder və Matador tipli mina əleyhinə zirehli nəqliyyat vasitələri də ordumuzun texnoloji üstünlüyünün parlaq simvoludur. Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə aviasiya nümayiş uçuşları isə izləyicilər üçün unudulmaz olub. Parad çərçivəsində uçan Mİ-17 döyüş-nəqliyyat helikopterləri Azərbaycan, Türkiyə və Pakistan respublikalarının Dövlət bayraqlarını daşıyıb, Mİ-17 helikopteri Ümummilli Lider Heydər Əliyevin portretini nümayiş etdirib. Həmçinin uzaqmənzilli hava-yer tipli raketlərlə təchiz olunmuş    Mİ-17 döyüş-nəqliyyat helikopterləri, MFİ-17 təlim təyyarələri, L-39 təlim təyyarələri, İL-76 hərbi-nəqliyyat və silahlanmaya yeni qəbul edilmiş C-27J yük təyyarələri, silahlanmaya yeni qəbul edilmiş JF-17 (Cİ EF) çoxməqsədli qırıcı təyyarələr, Türkiyə Hərbi Hava Qüvvələrini təmsil edən F-16 çoxməqsədli qırıcı təyyarələr, modernizasiya olunmuş SU-25-Laçın hücum təyyarələri iftixar dolu hisslər yaşadıb. SU-25 hücum təyyarələri isə Azərbaycan Bayrağının rənglərini paytaxt səmasında canlandırıb.
Təkərin ilk dəfə fırlanmasından bu günün müasir zirehli texnikalarınadək uzanan bu inkişaf yolu insan zəkasının, əzmkarlığının və daim yeniliyə can atmasının parlaq nümunəsidir. Avtomobil yalnız yolları deyil, həm də tariximizi, həyat tərzimizi və gələcəyimizi dəyişdirən ən möhtəşəm ixtiralardan biri kimi öz dəyərini hər zaman qoruyacaq.

Pərvanə İMAMƏLİYEVA “Azərbaycan Ordusu”