Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2026 18:38

Sülh simvolu necə müharibə xəbərçisinə çevrildi?

Müharibə tarixində rabitə vasitələri hər zaman döyüşün nəticəsinə təsir edən əsas amillərdən biri olub. Bu gün radio, peyk rabitəsi və rəqəmsal sistemlər hərbi idarəetmənin ayrılmaz hissəsidir. Amma bu texnologiyaların mövcud olmadığı dövrlərdə ordular məlumatı çatdırmaq üçün daha sadə vasitələrdən istifadə edirdilər.
Onlardan biri də poçt göyərçinləri idi. Göyərçinlərin uzaq məsafələrə istiqamətlərini itirmədən qayıtmaq qabiliyyəti insanlara hələ qədim dövrlərdən məlum idi. Bu xüsusiyyət zaman keçdikcə hərbi məqsədlər üçün də istifadə olunmağa başladı. Xüsusilə teleqraf və radio rabitəsinin geniş yayılmasından əvvəl poçt göyərçinləri döyüş meydanları ilə komanda məntəqələri arasında məlumat ötürməyin mühüm vasitələrindən birinə çevrildi.
Göyərçinlə rabitənin əsas üstünlüyü onun fiziki rabitə xətlərindən asılı olmaması idi. Kabel kəsilə, rabitə xətti sıradan çıxa, xəbərçi isə yolda ələ keçirilə bilərdi. Göyərçin isə kiçik bir məlumatı üzərində daşıyaraq düşmən mövqelərinin üzərindən uça və əvvəlcədən öyrəşdirildiyi yerə qayıda bilirdi. Bunun üçün xüsusi hazırlanmış quşların ayağına və ya bədəninə kiçik kapsullarda yazılı məlumat bağlanırdı.
Birinci Dünya müharibəsi zamanı poçt göyərçinlərinin hərbi əhəmiyyəti daha da artdı. Xəndək müharibəsi şəraitində qoşunların mövqeləri tez-tez dəyişir, telefon və teleqraf xətləri isə artilleriya atəşləri nəticəsində sıradan çıxırdı. Belə vəziyyətdə göyərçinlər alternativ rabitə vasitəsi kimi istifadə edilirdi. Bu dövrdə göyərçinlərdən xüsusilə kəşfiyyat məlumatlarının, bölmələrin vəziyyəti barədə xəbərlərin və təcili yardım çağırışlarının çatdırılmasında istifadə olunurdu. Bəzən bir neçə dəqiqəlik gecikmə belə bölmənin mühasirəyə düşməsi və ya xilas olması arasında fərq yarada bilərdi. 
Poçt göyərçinlərinin ən məşhur nümunələrindən biri ABŞ ordusunun “Cher Ami” adlı göyərçinidir. 1918-ci ildə Birinci Dünya müharibəsinin sonlarına yaxın Mezy-Argon döyüşləri zamanı ABŞ əsgərlərindən ibarət 77-ci diviziyanın bir hissəsi düşmən qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Bölmənin mövqeyi barədə göndərilən digər xəbərlər nəticə vermədikdən sonra son ümidlərdən biri Cher Ami oldu. Göyərçin ağır atəş altında buraxıldı. Düşmən onu vurmağa çalışsa da, quş uçuşunu davam etdirdi və məlumatı komanda məntəqəsinə çatdırdı. Nəticədə mühasirədə olan amerikalı hərbçilərin mövqeyi müəyyənləşdirildi və onların üzərinə səhvən artilleriya atəşinin yönəldilməsinin qarşısı alındı. Cher Ami özü isə ağır yaralanmışdı. Göyərçin daha sonra ABŞ-da məşhurlaşdı və göstərdiyi xidmətə görə müharibə qəhrəmanı kimi qəbul edildi. Onun hekayəsi hərbi tarixdə rabitənin nə qədər həyati əhəmiyyət daşıdığını göstərən simvolik nümunələrdən birinə çevrildi.
İkinci Dünya müharibəsi zamanı da poçt göyərçinlərindən istifadə davam etdirilirdi. Artıq radio rabitəsi geniş yayılmışdı, amma radio avadanlığının olmadığı, sıradan çıxdığı və ya istifadəsinin təhlükəli olduğu hallarda göyərçinlər ehtiyat rabitə vasitəsi kimi öz əhəmiyyətini saxlayırdı. Xüsusilə gizli əməliyyatlarda onların istifadəsi diqqət çəkirdi. Britaniyada poçt göyərçinlərindən istifadə edən xüsusi xidmətlər formalaşdırılmışdı. Bəzi quşlar işğal olunan ərazilərə gizli şəkildə göndərilir, yerli müqavimət qüvvələri tərəfindən məlumatlarla təmin edilərək geri qaytarılırdı. Bu məlumatlar düşmən qoşunlarının mövqeləri, hərbi texnikanın hərəkəti və digər kəşfiyyat məlumatlarını əhatə edə bilirdi. Hətta Britaniyada “Dickin Medal” adlı xüsusi mükafat təsis edilmişdi. Bu medal döyüş və xilasetmə əməliyyatlarında göstərdikləri xidmətlərə görə heyvanlara verilirdi. Poçt göyərçinləri də bu mükafata layiq görülən heyvanlar arasında idi. Onların arasında ağır şəraitdə məlumat çatdıraraq insanların həyatını xilas edən quşlar vardı.
Göyərçinlərdən istifadə yalnız Avropa müharibələri ilə məhdudlaşmırdı. Müxtəlif ordular və kəşfiyyat strukturları onların istiqamət hissindən və yüksək sürətlə geri qayıtmaq qabiliyyətindən yararlanırdı. Bu quşların hazırlanması da xüsusi proses idi. Onlar müəyyən marşrutlara uyğunlaşdırılır, müxtəlif məsafələrdən buraxılaraq öz yuvalarına qayıtmağa öyrədilirdi. Lakin poçt göyərçinlərinin də ciddi məhdudiyyətləri vardı. Onlar yalnız öyrəşdirildikləri istiqamətə qayıda bilirdilər. Buna görə də bir quşun istənilən iki məntəqə arasında sərbəst şəkildə məlumat aparması mümkün deyildi. Bundan başqa, hava şəraiti, yırtıcı quşlar, düşmən atəşi və digər təhlükələr onların missiyasını çətinləşdirirdi.
Bütün bu çətinliklərə baxmayaraq, poçt göyərçinlərinin hərbi tarixdə xüsusi yeri formalaşdı. Onlar tank və təyyarələr kimi müharibənin əsas silahı olmadı. Lakin bəzən bir neçə qramlıq kağız parçasının çatdırılması yüzlərlə insanın taleyini dəyişə bilirdi. Bu gün hərbi rabitə saniyələr ərzində dünyanın digər tərəfindəki komanda məntəqəsinə məlumat ötürə bilir. Peyklər, radioelektron sistemlər və rəqəmsal şəbəkələr müasir ordunun idarə edilməsində mühüm rol oynayır. Ancaq hərbi rabitənin tarixində qanadlı “rabitəçilərin” də öz səhifəsi var.
Poçt göyərçinlərinin hekayəsi texnologiyanın inkişafından daha böyük bir həqiqəti xatırladır: müharibədə məlumatın vaxtında çatdırılması bəzən silahın özündən də vacib olur. Bir əsr əvvəl bu missiyanı kilometrlərlə məsafəni uçaraq yerinə yetirən kiçik quşlar daşıyırdı. İnsan isə bütün texnoloji inkişafına baxmayaraq, həmin sadə prinsipdən hələ də imtina etməyib: doğru məlumat doğru zamanda doğru yerə çatmalıdır.


Tamilla HÜSEYNLİ “Azərbaycan Ordusu”