Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2026 18:38

Əsrlərdən boylanan yaddaşımız

Tarix təkcə səhifələrdə yaşayan rəqəmlər, yazılar deyil, tarix bizim keçmişimiz, qazandığımız zəfərlər, keçirdiyimiz məğlubiyyətlər, əldə etdiyimiz təcrübələr, milli kimliyimiz, mənəviyyatımızdır. Daşların hər oyuğunda, hər qarışında bir həyat hekayəsi, insanı keçmişin əsrarəngiz qoynuna aparan dastan gizlənir. Daşların üzərindəki hər oyuq bir sənətkarın əl izi, ürək döyüntüsü, tarixin daş yaddaşıdır. Abidələrimiz, qalalarımız keçmişin sükutundan bu günə boylanan, keçmişdən indiyə körpü salan xalqın ruhudur. Hara getsək, dünyanın hansı ölkəsində olsaq da ilk olaraq keçmişin izini daşıyan, bizə tarixi anladan abidələri, türbələri, qalaları axtarırıq. Sanki əsrlərin səsini onlarda duymaq, hər parçasında hadisələrin nəfəsini hiss etmək istəyirik.  Tarixin güzgüsü olan bu daş kitabələrə baxdıqca onları ərsəyə gətirən sənətkarların qabiliyyətinə, bacarığına, təfəkkürünə heyran qalırsan.
Azərbaycan bütün dövrlərdə abidələrinin gözəlliyi, özünəməxsusluğu ilə səyyahların diqqətini cəlb edib.  Qüdrətli Atabəylər dövründə sənətkarlıq, ticarət, elm, ədəbiyyat sürətlə inkişaf edir. Dahi şəxsiyyətlərin çoxunun yaradıcılığı bu dövrə təsadüf edib: Qətran Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi və s. öz yaradıcılıqları ilə adlarını bu günədək qoruyub saxlamışlar.
Yalnız Şərqdə deyil, Qərb dünyasında da öz sənəti ilə seçilən məşhur şəxsiyyətlərdən biri də Əcəmi Əbubəkr ibn Naxçıvanidir. O, orta əsrlər dövründə Azərbaycanın dahi memarı kimi şöhrət qazanmışdır. Əcəminin yaradıcılığı gələcəkdə də bir çox azərbaycanlı və dünya memarları üçün ilham mənbəyi olacaqdır. Memarı olduğu abidələr öz zəngin kompozisiyası, ifadə etdiyi mənaya görə  diqqəti cəlb edir. Əcəmi ömrünü Azərbaycan Atabəylər dövlətinin ərazisində, atabəy Şəmsəddin Eldənizin dövründə yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri Naxçıvan idi. Tarix öz yaddaşında Əcəminin həyatı haqda heç nə saxlamayıb. Dahi memar bunu öncədən gördüyündən öz şah əsəri Möminə xatun türbəsi üzərində belə yazmışdı: “Biz gedəriyik. Dünya əbədi qalandır...Biz ölərik – bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə”. Dünyanı dərindən dərk edən, istedadı ilə dünyaya səs salan memar bilirdi ki, insan ömrü qısa, sənət əsərləri isə əbədidir. Ona görə də tikdiyi qalalarda yazdığı sözlərlə, ştrixlərlə öz izini qoymağa çalışırdı. Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmış, “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) ləqəbini almışdı. Böyük sənətkar görənləri heyran edən bənzəri olmayan yeni ülgülər, bənzərsiz naxış və cizgilər tapırdı. Dünyaca məşhur səyyahlar, sənətkarlar onun əl işlərinə heyranlıqlarını gizlədə bilməyiblər.  Öz məharəti ilə dövrünün memarlıq məktəbini yaratmışdır. Bu məktəbin təsiri Orta Şərq ölkələrinə qədər gedib çıxmışdır. Bu ölkələrdə tikilən abidələrdə Əcəmi sənətinə xas xüsusiyyətlər öz əksini tapmışdır. Tədqiqatçılar hətta ondan 300 il sonra yaşamış böyük Türkiyə memarı Memar Sinanın əsərlərində dahi ustadın təsirini aşkar ediblər. Əcəmi Naxçıvaninin barmaqlarının istedadından yaranmış Yusif ibn Küseyir və Möminə xatun türbələri onun bütün zamanların bənzərsiz sənətkar olduğunun dünyaya sübutudur. Möminə xatun türbəsi, el arasında Atabəy Gümbəzi kimi məşhur olan və Atabəy Şəmsəddin Eldənizin həyat yoldaşı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə 1186-cı ildə tikilən görkəmli abidədir. Möminə xatun Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdür. O, 1175-ci ildə dünyasını dəyişir. Türbə  Atabəylər Memarlıq Kompleksinin tərkib hissəsi olub, monumentallığı, iri ölçüləri ilə diqqəti cəlb edir. Əsrlərdən bəri rəvayətə görə memardan abidəni nə vaxta tikib qurtardığını soruşanda “uzun müddət” cavabını verib. Bu müddətin on il olmasına qərar verilmişdir. Önəmli olan onun memarlıq xüsusiyyətləri və gözəlliyidir. Abidənin ümumi hündürlüyü 34 metr olub, lakin sonralar xarici örtüyünün 8 metrlik hissəsi dağıldığından hazırda hündürlüyü 26 metrdir. Türbə yeraltı və yerüstü hissələrdən ibarətdir. Bacarıqlı memar özündən sonra nadir sənət nümunəsi qoyub getmişdir. Zərif və yüksək bədii təfəkkürün məhsulu olan abidənin üzərindəki naxışlarda qadın ucalığını, qadın möhtəşəmliyini duyuruq. Möminə xatun türbəsi ümumən İslam memarlığında ən incə kompozisiyası, estetik mükəmməlliyi ilə seçilən ölməz sənət incilərindən biridir. Bu abidədə geniş riyazi biliyə, zəngin yaradıcılıq təcrübəsinə əsaslanan mühəndislik qabiliyyəti nümayiş etdirilib.  Mədəniyyətimizdə bu türbə varlığı ilə yerləşdiyi bölgəni tanıdan, ona şöhrət gətirən, heç vaxt köhnəlməyən abidələr sırasında  yaddaşlarda və tariximizin səhifələrində əbədi qalacaq. Bu türbə tarix və mədəniyyət yadigarımız olduğundan əbədi həqiqətin qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd edilmişdi. Ondan 25 il sonra 1999-cu il oktyabrın 14-də isə Ümummilli Lider Heydər Əliyev milli memarlığımızın bu möhtəşəm abidəsini ziyarəti zamanı demişdi: “Bu abidənin qiyməti yoxdur. Möminə xatun türbəsi XII əsrdə, orta əsrlərdə Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da, böyük memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”. Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya irsinin İlkin Siyahısına daxil edilib. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli-mədəni irsimizin qorunması və yaşadılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Tarixi-memarlıq abidələrinin bərpası, görkəmli şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması, mədəni irsimizin beynəlxalq səviyyədə tanıdılması bu siyasətin əsas qayəsidir. Prezidentin 30 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illiyinin dövlət səviyyəsində qeyd olunması, eləcə də abidəsinin ucaldılması həm Naxçıvan memarlıq məktəbinin zəngin mirasının təbliği, həm də gənc nəsildə tarixə və milli kimliyə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  UNESCO-nun Baş konfransının 2023-cü il 7-22 noyabr tarixlərində keçirilən 42-ci sessiyasında İstedadlı memarın 900 illiyinin beynəlxalq miqyasda qeyd olunacaq yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin daha geniş tanıdılması baxımından mühüm adddımdır.

Bu qala bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarixi-memarlıq abidəsinin bərpası və konstruksiyası ilə bağlı tədbirlər haqqında” 22 may 2025-ci il tarixli Sərəncamında XII əsr Azərbaycan və Şərq memarlığının nadir nümunəsi olan Möminə xatun türbəsini “islam aləminin şah əsərləri sırasında fəxri yer tutan monumental sənət nümunəsi” və “xalqımızın milli sərvəti” kimi qiymətləndirməsi siyasi-ideoloji baxımdan olduğu kimi, mədəni-tarixi və elmi cəhətdən də böyük əhəmiyyət kəsb edir. Həm siyasi-tarixi əhəmiyyətinə, həm də nadir sənət əsəri kimi dünya memarlığı sahəsindəki xüsusi yerinə və qiymətinə görə özünəməxsus statusa malik olan Möminə xatun memarlıq abidəsinin dövlət səviyyəsində qorunması, bərpa edilməsi, konservasiya olunması haqqındakı mühüm əhəmiyyətə malik olan Sərəncam müstəqil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqımızın tarixi-mədəni irsinə verdiyi böyük dəyərin və göstərdiyi xüsusi qayğının əməli ifadəsidir.  
Avqust ayında ölkəmizin başçısı və birinci xanım Mehriban Əliyeva Naxçıvana səfəri zamanı Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış olub, səfər çərçivəsində Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak ediblər. Abidənin müəllifləri Xalq rəssamı Salxab Məmmədov, Əli İbadullayev və NMR-in Memarlar Birliyinin sədri Heydər Əhmədovdur. Heykəlin hündürlüyü 270, postamentin hündürlüyü 90 m, ümumilikdə isə abidənin hündürlüyü 385 metrdir. Abidə bürüncdən, postament qranitdən hazırlanıb. 
Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi Azərbaycan dövlətinin mədəniyyətimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Nəticə etibarilə əsrlərin sınağından keçərək günümüzə qədər ucalan bu abidələr Əcəmi Naxçıvanini ölümsüzləşdirir, onun adını təkcə Azərbaycanın deyil, bütün Şərq memarlığının zirvəsinə yazır. Onun abidələri Əcəmi dühasının zamana meydan oxuyan vizual bəyanatıdır. İnsan ömrü fani olsa da, onun daşlara qazıdığı milli kimliyimiz və mədəniyyətimiz əbədi yaşayacaqdır.   

Sevinc QULİYEVA “Azərbaycan Ordusu”