Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Sentyabr 2026 18:38

Rabitəsiz idarəetmə yoxdur, idarəetməsiz isə qələbə

Müasir döyüşlərdə qələbəni təmin edən əsas amillərdən biri də fasiləsiz və etibarlı rabitədir. Əmrlərin vaxtında çatdırılması, bölmələr arasında koordinasiyanın təmin edilməsi, məlumatların operativ ötürülməsi və təhlükəsizliyin qorunması birbaşa rabitə sisteminin dayanıqlığından asılıdır. Bu baxımdan rabitəçilər döyüş meydanında görünməsələr də, hər bir uğurlu əməliyyatın arxasında dayanan mühüm qüvvələrdən biridir.
Rabitə ordunun idarəetmə sistemində xüsusi əhəmiyyət daşıyır. Əmrlərin, məlumatların və tapşırıqların vaxtında, dəqiq və təhlükəsiz ötürülməsi hərbi idarəetmənin əsas şərtlərindəndir. Rabitənin fasiləsizliyi komandanlıqla bölmələr arasında etibarlı əlaqə yaradaraq qəbul edilən qərarların vaxtında icrasına imkan verir.
Rabitənin əhəmiyyəti xüsusilə döyüş əməliyyatları zamanı özünü daha qabarıq göstərir. 
Planlaşdırmadan başlayaraq əməliyyatın icrasına qədər bütün mərhələlərdə fasiləsiz informasiya mübadiləsinə ehtiyac duyulur. Artilleriya dəstəyi, pilotsuz uçuş aparatlarının idarə olunması, kəşfiyyat məlumatlarının ötürülməsi və bölmələrin koordinasiyası zamanı rabitənin operativliyi mühüm rol oynayır. Bəzi hallarda saniyələr belə həlledici əhəmiyyət daşıyır. Əlaqənin hər hansı səbəbdən pozulması isə bölmələr arasında koordinasiyanın zəifləməsinə, əmrlərin gecikməsinə və idarəetmənin çətinləşməsinə səbəb ola bilər. Belə hallarda rabitəçilərin hazırlığı və ehtiyat imkanlarından istifadə bacarığı ön plana çıxır. Əsas rabitə xəttində problem yarandıqda alternativ kanalların, ehtiyat rabitə vasitələrinin və mobil sistemlərin işə salınması əlaqənin bərpasına imkan verir. Müasir ordu anlayışında rabitə artıq yalnız əmrlərin ötürülməsi vasitəsi deyil.
O, sürətli qərarvermə və effektiv idarəetmə sisteminin ayrılmaz hissəsinə çevrilib. Məlumatın real vaxtda ötürülməsi, qərarların operativ şəkildə bölmələrə çatdırılması ordunun çevikliyini və idarə olunmasını artırır.
Rabitə Qoşunlarının digər qoşun növləri ilə qarşılıqlı fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müxtəlif istiqamətlərdə fəaliyyət göstərən bölmələr arasında məlumat mübadiləsinin təşkili, əmrlərin və zəruri məlumatların operativ çatdırılması ümumi idarəetmə mexanizminin effektivliyini təmin edir. Beləliklə, rabitə bütün qoşun növlərini vahid sistem daxilində birləşdirən mühüm vasitəyə çevrilir.
2020-ci ilin Vətən müharibəsi zamanı rabitə sistemlərinin imkanları və onların döyüş əməliyyatlarının idarə edilməsində rolu bir daha özünü göstərdi. Müxtəlif rabitə vasitələrindən istifadə olunması, məlumat mübadiləsinin operativ təşkili və idarəetmənin fasiləsizliyinin təmin edilməsi əməliyyatların uğurla həyata keçirilməsində mühüm amillərdən biri oldu.
Həmin dövrdə rabitə sistemləri çoxsəviyyəli şəkildə fəaliyyət göstərib. Əməliyyatların koordinasiyası, komandirlərin qərarverməsi və məlumatların operativ ötürülməsi rabitə imkanlarının səmərəli tətbiqinə əsaslanıb. Eyni zamanda, müxtəlif müdaxilələrə qarşı dayanıqlığın təmin edilməsi də diqqət mərkəzində olub.
Döyüş şəraitində informasiya təhlükəsizliyinin qorunması rabitəçilərin qarşısında dayanan əsas vəzifələrdən biri idi. Məlumatların qorunması, rabitə kanallarının təhlükəsizliyinin təmin edilməsi və ehtiyat imkanların mövcudluğu əməliyyatların fasiləsiz idarə olunmasına şərait yaradırdı.
Texniki çətinliklər isə döyüş şəraitində qaçılmazdır. Belə məqamlarda rabitəçilərin peşəkarlığı, çevik qərarverməsi və alternativ imkanlardan istifadə bacarığı xüsusi əhəmiyyət qazanır. Əsas əlaqə imkanının sıradan çıxması zamanı ehtiyat rabitə vasitələrinin işə salınması, müxtəlif ssenarilər üzrə əvvəlcədən hazırlıq görülməsi rabitənin dayanıqlığını qorumağa imkan verir.
Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən genişmiqyaslı modernləşmə prosesi rabitə sahəsini də əhatə edib. Yeni nəsil rəqəmsal və kriptoqrafik sistemlərin tətbiqi, müxtəlif rabitə imkanlarının inkişaf etdirilməsi məlumat mübadiləsinin təhlükəsizliyinin və operativliyinin artırılmasına xidmət edir.
Müasir texnologiyalar arasında peyk rabitəsi və pilotsuz uçuş aparatlarının imkanları da xüsusi yer tutur. Uzaq məsafələrdə yerləşən bölmələrlə əlaqənin təmin edilməsi, məlumatların operativ ötürülməsi və müxtəlif informasiya mənbələrindən istifadə əməliyyatların daha çevik idarə olunmasına imkan yaradır.
Süni intellekt və avtomatlaşdırma da rabitə sahəsinin inkişaf istiqamətlərindən biridir. Bu texnologiyalar böyük həcmdə məlumatların emalı, informasiya axınının idarə olunması və müəyyən proseslərin avtomatlaşdırılması baxımından yeni imkanlar yaradır. Nəticədə insan faktorunun üzərinə düşən texniki yük azalır, qərarların qəbul edilməsi üçün zəruri məlumatların daha operativ əldə olunması mümkün olur.
Bütün texnoloji yeniliklərin arxasında isə insan amili dayanır. Rabitə zabitinin gündəlik xidməti texniki sistemlərin vəziyyətinin yoxlanılması, avadanlıqların hazırlığının təmin edilməsi, əlaqənin fasiləsizliyinə nəzarət və təlimlər zamanı rabitə proseslərinin sınaqdan keçirilməsi kimi mühüm vəzifələri əhatə edir.
Bu peşədə dəqiqlik, məsuliyyət, texniki bilik və çevik düşüncə xüsusi əhəmiyyət daşıyır. Çünki rabitə zabiti gərgin şəraitdə belə düzgün qərar qəbul etməli, yaranan problemləri operativ qiymətləndirməli və əlaqənin davamlılığını təmin etməlidir.
Rabitə zabitinin məsuliyyəti yalnız texniki məsələlərlə məhdudlaşmır. Onun fəaliyyətinin nəticələri bilavasitə şəxsi heyətin və bölmələrin fəaliyyətinə təsir göstərir. Bu səbəbdən rabitəçi həm peşəkar mütəxəssis, həm də yüksək psixoloji-mənəvi hazırlığa malik hərbi qulluqçu olmalıdır.
Əslində, rabitə zabiti səngərin görünməyən ön xəttində xidmət edir. Onun qurduğu və qoruduğu əlaqə xətti qərargahla bölmələri, komandirlə şəxsi heyəti və müxtəlif qoşun növlərini vahid idarəetmə sistemində birləşdirir. Bu xidmətin səssizliyi onun əhəmiyyətinin azlığından deyil, əksinə, uğurlu fəaliyyətinin təbii nəticəsidir.
Gələcəyin rabitə sistemlərinin isə daha da təkmilləşəcəyi gözlənilir. Süni intellekt, peyk texnologiyaları və digər qabaqcıl texnoloji imkanların tətbiqi rabitənin çevikliyini, dayanıqlığını və təhlükəsizliyini daha da artıracaq.
Ordunun idarə olunmasında əmrdən qərara, qərardan icraya qədər uzanan bütün proseslərin etibarlı rabitəyə ehtiyacı var. Bu baxımdan rabitəçilərin gördüyü iş görünməsə də, onun nəticəsi Azərbaycan Ordusunun hər bir uğurlu fəaliyyətində öz əksini tapır.

Əli ABIYEV “Azərbaycan Ordusu”