AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tarixdə elə fotoşəkillər var ki, onlar çəkilmə anından uzun illər keçsə də, daha da məşhurlaşır. Belə şəkillər yalnız obyektivə düşmüş bir kadr deyil, həm də müəyyən dövrün, bir insanın xarakterinin və ya cəmiyyətə verilən mesajın simvoluna çevrilir. Dünyanın ən məşhur fiziklərindən biri olan Albert Eynşteynin dil çıxardığı foto da məhz belə tarixi şəkillərdəndir. Bu gün həmin şəkil milyonlarla insan tərəfindən tanınır və Eynşteyn haqqında düşünüləndə ilk xatırlanan görüntülərdən biri hesab olunur.
Həmin foto 14 mart 1951-ci ildə Albert Eynşteynin 72-ci doğum günü münasibətilə keçirilən tədbirdən sonra çəkilib. ABŞ-nin Prinston şəhərində təşkil olunan tədbir başa çatdıqdan sonra alim avtomobilinə əyləşərək evinə qayıtmaq istəyirdi. Onu gözləyən çoxsaylı jurnalist və fotoqraflar isə son dəfə kameralarını ona yönəldərək gülümsəməsini xahiş ediblər.
Gün ərzində saysız-hesabsız şəkil çəkdirməkdən yorulan Eynşteyn növbəti dəfə gülümsəmək əvəzinə, zarafatla dilini çıxarır və həmin an fotoqraf Artur Sass kameranın düyməsini basaraq tarixə düşən məşhur kadrı ölümsüzləşdirir. Əslində, bu hərəkət əvvəlcədən düşünülmüş poza olmayıb. Cəmi bir neçə saniyə davam edən təbii reaksiyanın nəticəsi idi.
İlk vaxtlar bəzi insanlar bu fotonu ciddi qəbul etməyiblər. Hətta bəzi qəzetlər şəklin dərc edilməsini uyğun görməyib. Çünki həmin dövrdə dünyanın ən nüfuzlu alimlərdən birinin belə təqdim olunması qeyri-adi görüntü idi və ciddi qarşılanmaya bilərdi. Lakin Albert Eynşteyn fotosunu bəyənərək həmin şəkildən bir neçə nüsxə sifariş edib imzalayaraq dostlarına hədiyyə göndərib. Sonralar isə bu foto onun ən sevdiyi şəkillərdən birinə çevrilib.
Bu foto insanların Eynşteyn haqqında formalaşdırdığı təsəvvürü də dəyişməyi bacardı. O vaxta qədər insanlar onu yalnız ciddi, daim düşünən mürəkkəb nəzəriyyələr yaradan alim kimi tanıyıblar. Dil çıxardığı foto isə göstərdi ki, böyük zəka sahibi olmaq insanın yumor hissinə malik olmasına mane ola bilməz. Əksinə, sadəlik, səmimilik və təvazökarlıq insanı daha da sevdirən keyfiyyətlərdəndir.
Foto həm də stereotipləri sındırmağı bacardı. O vaxta qədər elm adamlarının yalnız ciddi və rəsmi görünməsi barədə düşüncələr geniş yayılmışdı. Albert isə bir anlıq zarafat ilə göstərdi ki, elm və həyat sevgisi, zəka və gülərüzlülük bir arada ola bilər.
Bu gün həmin foto dünyanın ən məşhur portretlərindən biridir. Kitabların üz qabığında, təqvimlərdə, plakatlarda və müxtəlif nəşrlərdə dəfələrlə sevilərək istifadə olunub. O, sadəcə bir alimin şəkli deyil, azad düşüncənin və insan səmimiyyətinin rəmzinə çevrilən qısa anın görüntüsüdür.
Tarixi fotoların ən böyük xüsusiyyəti ondadır ki, onlar uzun izahata ehtiyac duymadan hadisələri danışa bilirlər. Bir baxış və ya bir təbəssüm bəzən minlərlə sözün ifadə edə bilmədiyi hissləri çatdırmaq potensialına malikdir. Albert Eynşteynin dil çıxardığı foto da məhz belə kadrlardandır.
Cəmi bir neçə saniyədə çəkilmiş bu foto dünya fotoqrafiya tarixinin ən yaddaqalan nümunələrindən birinə çevrildi. Aradan onilliklər keçməyinə baxmayaraq, o, hələ də insanları düşündürür, üzlərində təbəssüm yaradır və böyük şəxsiyyətlərin də hər kəs kimi səmimi və təbii ola bildiyini göstərir.
Hazırladı: Hüsniyyə NƏSİROVA “Azərbaycan Ordusu”