Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Avqust 2026 19:53

Didərginlərin qanlı taleyi

İşğala qədər Laçın Azərbaycanda heyvandarlığın yüksək inkişaf etdiyi rayonlardan biri sayılırdı. 1992-ci il mayın 18-dək bu sahə rayonda yaşayan 60 min nəfərin əsas məşğuliyyəti idi. Həmin gün Ermənistan silahlı birləşmələrinin Laçını işğal etməsi nəticəsində sakinlər el-obasından didərgin düşdülər. Laçınlılar Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşadılar. Heyvandarlıqla məşğul olan rayon sakinləri bu fəaliyyət növü üçün əlverişli olan Beyləqan, Bərdə, Goranboy və digər ətraf ərazilərdə məskunlaşdılar.
1992-ci ilin avqustun son günlərində Azərbaycanın fərqli bölgələrində məskunlaşan, yaxın qohumluq münasibətləri olan 10 laçınlı ailə - Abdullayev Abdulla Bədəl oğlunun, Hümbətov Vəzir İsmayıl oğlunun, Məhərrəmov Kamil İbrahimxəlil oğlunun, Məhərrəmov Cəmil İbrahimxəlil oğlunun, Mehdiyev Binnət Hümbət oğlunun, Mehdiyev Hümmət Əbülqasım oğlunun, Mehdiyev Məhəmməd Əbülqasım oğlunun, Mehdiyev Rəhbər Məhəmməd oğlunun, Alməmmədov Şəmil Alməmməd oğlunun və Alməmmədov Səxavət Şəmil oğlunun ailələri heyvandarlıq üçün daha əlverişli şərait yaratmaq məqsədilə Goranboyun Ballıqaya kəndində, Gülüstan meşəsi adlanan ərazidə çadırlarda məskunlaşdılar. Laçına dönmək ümidi ilə Ballıqaya yaylağında yurd salan ailələr yağışdan qaçanda doluya düşəcəklərindən xəbərsiz idilər...
Məskunlaşdıqdan iki gün sonra qadınlar su gətirmək üçün bulağa gedirlər. Bulaq başında olanda kiminsə onları izlədiyini hiss edirlər. Geri dönən kimi bu barədə həyat yoldaşlarına məlumat verirlər. Erməni vəhşiliyindən qaçıb Ballıqayaya sığınan sakinlər baş verənlərdən narahatlıq hiss keçirir və ailə başçılarından buradan köçməyi xahiş edirlər. Kişilərin bir qismi başqa rayonlarda yaşayış yeri axtarmaq üçün yola düşürlər. Beləcə bir gün ötür...
 Avqustun 28-də səhər saat 5 radələrində Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun 10-12 nəfər üzvü alaçıqları xüsusi amansızlıqla, iriçaplı silahlardan və qumbaraatanlardan atəşə tutur. Nəticədə özlərini müdafiə etməyə heç bir silahı belə olmayan, Ballıqayaya heyvandarlıqla məşğul olmağa gələn 24 mülki insan amansızlıqla öldürülür, 9 nəfər isə ağır yaralanır.
Ballıqaya qətliamı zamanı erməni quldurları 33 yaşlı Hürüzaman Hümbətovanı 6 azyaşlı övladı ilə birlikdə qətlə yetirərək yandırıblar. Vəzir Hümbətov Laçın rayonunun Nağdalı kəndindən çıxandan sonra yurd yeri tapmaq üçün pənah gətirdiyi Ballıqayada bütün ailəsini itirib. Hadisə baş verməzdən əvvəl köçmək üçün yer axtarmağa gedən ailə başçısı geri qayıtdığı vaxt qarşılaşdığı dəhşətdən danışıb:
“Mən Ballıqayaya gedəndə gördüm ki, Ağcakənddə post qurulub. Heç kimi buraxmırlar. Soruşdum nə olub? Dedilər ermənilər dinc sakinləri qətlə yetiriblər. Əraziyə çatanda gördüm ki, çoxlu insan yığılıb, bizim daxal (qamışdan düzəldilmiş daxma) odlanıb, 6 uşağım və yoldaşım yanıb. Sonra məlum oldu ki, ermənilər əvvəlcə ailəmi güllələyib, sonra od vurub yandırıblar. Daxmanın qalıqları yanıb tökülmüşdü cəsədlərin üstünə. Uşaqlarımın və yoldaşımın yanmış cəsədlərini maşına qoyub Bərdəyə gətirdik. Həyat yoldaşım Hürüzaman Hümbətova, oğullarım Elçin, Bəxtiyar, İsmayıl, Nəbadi, Canpolad və qızım Gülnarı bir kəfənə yığmışam. Meyit qalmamışdı, sümükləri yanmışdı, külləri qalmışdı. Hamısını bir kəfənə yığıb bir qəbirə qoymuşuq”.
Ailə üzvlərini Ağdamın Güllücə kəndində dəfn edən Vəzir Hümbətov ermənilərin növbəti vandallığının qurbanı olub — həyat yoldaşını övladları ilə birlikdə dəfn etdiyi yer də işğal olunub. Uzun illər doğma yurdu ilə yanaşı, doğmalarının məzarının həsrətini çəkən müsahibim Azərbaycan Ordusunun qətiyyətli qələbəsi sayəsində doğmalarının məzarını ziyarət edib.
Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirənlərdən biri də Yunis Mehdiyevdir. Mehdiyevlər ailəsinin 4 üzvü həmin qanlı gündə şəhid olub. Yunis Mehdiyev hücum nəticəsində yaxın qohumları ilə birlikdə 67 yaşlı anası Gülayə Mehdiyeva, 39 yaşlı qardaşı Rəhbər, onun həyat yoldaşı Nübar Kəlbalıyeva və 36 yaşlı bacısı Sürəyyanı itirib:
“1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada, sonra isə Ballıqayada məskunlaşdıq. Ballıqayada qaldığımız üçüncü gün, səhər saat 5 radələrində ermənilər gəlib camaatı qanına qəltan elədilər. Qətliam zamanı anam, bacım, qardaşım, onun yoldaşı, əmim, əmimin yoldaşı, iki oğlu və qızı, bibim, bibimin iki qızı və qayınanası, əmim nəvələri vəhşicəsinə qətlə yetirildilər. Bundan əlavə, qardaşımın 3 uşağı meyitlərin arasında qan içində qalmışdı”.
Lamiyə, Elxan və Məhəmməd Mehdiyevlər isə o gecədən sağ çıxa biliblər. Həmin gecə gülləbaran edilən çadırlardan birində onlar da olublar. Ermənilərin çadırları mühasirəyə alıb atəşə tutduğunu görən valideynləri - Rəhbər Mehdiyev və Nübar Kəlbalıyeva özlərini körpələrinin üstünə atıblar. Özləri sağ çıxa bilməsələr də, 3 körpəni qoruya biliblər. Çadıra girən ermənilər meyitlərin altında yaralı və qan içində olan uşaqların az sonra öləcəyini düşünərək oranı tərk ediblər.
Ermənilərin hücum etdiyi gün Yunis Mehdiyevin əmisi oğlu Sahib Mehdiyev və qardaşı Binnət Mehdiyev Gəncə şəhər xəstəxanasında olublar. Onlar geri qayıtdıqları gün ailədən 6 nəfərin öldürüldüyünü görüblər. Bir ailədən olan 62 yaşlı Hümbət Mehdiyev, onun həyat yoldaşı, 57 yaşlı Qənirə Mehdiyeva, övladları - 31 yaşlı Fikrət, 25 yaşlı Ayna, 19 yaşlı Mehdi və 33 yaşlı gəlini Bəyim də ermənilər tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.
Ballıqaya yaylağında baş verən qətliam nəticəsində aralarında 6 uşaq (o cümlədən 6 aylıq körpə) və 93 yaşlı ahıl qadın da olmaqla, ümumilikdə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib. Əksəriyyəti uşaqlar, qadınlar və qocalar olan qətlə yetirilmiş şəxslərin bəzilərinin meyitləri yandırılıb. Qətliam nəticəsində 3 azyaşlı uşaq hər iki valideynini itirib.
Soyqırımı qurbanlarından 3-ü - 1934-cü il təvəllüdlü Abdulla Abdullayev, 30 yaşlı oğlu Fərman və 19 yaşlı qızı Səadət Bərdənin Qaradəmirçi kənd məzarlığında dəfn olunublar. 60 yaşlı Minarə Alməmmədova və onun iki qız övladı - 20 yaşlı Zeynəb və 16 yaşlı Kəmalə Bərdə rayonunun Tumaslı kənd məzarlığında torpağa tapşırılıblar. Yunis və Sahib Mehdiyevlərin 10 nəfər ailə üzvü isə bir yerdə - Bərdə rayonunun Nazırlı kənd məzarlığında dəfn olunub.
Ballıqayada törədilən qətliam təkcə bir kəndin məhvi deyildi. Bu, bütün Azərbaycanın mübarizə ruhuna vurulan zərbə idi. Məqsəd əhalini qorxuya salmaq, kəndləri boşaltmaq və bölgədə etnik təmizləmə aparmaq idi. Erməni silahlılarının törətdiyi vəhşiliklə Laçın sakinləri həm evlərindən didərgin düşdülər, həm ailə üzvlərini itirdilər, həm də doğmalarının məzarlarını.
Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törətdiyi silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub, bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlılar, qadınlar və qocalar qətlə yetiriliblər.
Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 1996-cı il tarixli 125 saylı qərarı ilə Laçın rayonu Nağdalı kənd klubuna Rəhbər Məhəmməd oğlu Mehdiyevin adı verilib.
Müharibənin öz qanunları var, amma bunun adı müharibə deyildi; bu, açıqca insanlığa qarşı amansızlıq, kin və nifrət idi. İnsanlığa sığmayan bu dəhşət daha sonra Kəlbəcər rayonunun Başlıbel kəndində baş verdi. Dünya ictimaiyyəti isə gözünü yumdu, səsini kəsdi. Bu ədalətsiz sükut bir daha sübut etdi ki, Azərbaycan öz haqq səsini yalnız özü ucalda bilər. Beləliklə, xalqımız illərlə erməni vəhşiliyini xatırlayaraq güc topladı. Çünki yaddaşda qalan hər qanlı səhifə gələcəkdə ədalətin bərqərar olması üçün əsas idi. Nəhayət, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə bir daha göstərdi ki, Ballıqaya kimi faciələrin intiqamı ədalət, mübarizə və güclə alınır.

Tamilla HÜSEYNLİ “Azərbaycan Ordusu”