AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Qarabağ Azərbaycan xalqının çoxəsrlik tarixinin, zəngin mədəniyyətinin və milli-mənəvi dəyərlərinin ayrılmaz parçasıdır. Bu qədim torpaq xalqımızın yaddaşında təkcə gözəl təbiəti, tarixi abidələri və mədəni irsi ilə deyil, həm də Vətən sevgisinin, milli qürurun və azadlıq duyğusunun rəmzi kimi yaşayır. Uzun illər Qarabağ həsrəti ilə yaşayan xalqımız, nəhayət, öz haqqına qovuşdu. Doğma Qarabağımız işğaldan azad edildi. Üçrəngli bayrağımız Qarabağda qürurla dalğalanmaqdadır. Bu da tarixi Zəfərimizin ən möhtəşəm ifadəsidir.
Qarabağın azadlığına gedən yol heç də asan olmadı. Bu yol xalqımızın möhkəm iradəsindən, dövlətimizin gücündən, ordumuzun qüdrətindən və minlərlə Vətən övladının igidliyindən, qəhrəmanlığından keçdi. Tarixi Zəfər bir gündə qazanılmadı. Bu böyük Qələbənin arxasında illərlə aparılan məqsədyönlü dövlət siyasəti, ordu quruculuğu, iqtisadi inkişaf, diplomatik fəaliyyət və xalq-ordu birliyi dayanırdı.
Bu tarixi yolun başlanğıcında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və ordu quruculuğu siyasəti dayanırdı. Bu siyasətin ardıcıl davam etdirilməsi isə Azərbaycanı tarixi Zəfərə apardı.
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkəmiz ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qaldı. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüşdü. Belə mürəkkəb vəziyyətdə Azərbaycanın qarşısında duran ən mühüm vəzifələrdən biri güclü və nizami ordunun formalaşdırılması idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkənin həyatında yeni mərhələnin başlanğıcını qoydu. İlk növbədə, dövlət idarəçiliyində sabitlik yaradıldı, separatçılıq və daxili qarşıdurma meyillərinin qarşısı alındı, nizami ordunun formalaşdırılması istiqamətində mühüm islahatlar həyata keçirildi.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti göstərirdi ki, müstəqilliyi qorumağın, ərazilərin silahlı müdafiəsini təmin etməyin əsas şərtlərindən biri ölkədə güclü ordunun yaradılmasıdır.
Buna görə də ordu quruculuğu dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda vahid komandanlıq və möhkəm hərbi nizam-intizam formalaşdırıldı, hərbi qulluqçuların peşəkarlığının artırılmasına, döyüş hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirildi. Hərbi təhsilin inkişafı, milli zabit kadrlarının hazırlanması və ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi.
Dünyaşöhrətli siyasətçi Heydər Əliyevin yürütdüyü ordu quruculuğu siyasətinin əsas məqsədi yalnız həmin dövrün hərbi problemlərini həll etmək deyildi. O, gələcəyin müasir Azərbaycan Ordusunun təməlini yaradırdı. Dahi Rəhbər Heydər Əliyev inanırdı ki, Azərbaycan xalqı öz torpaqlarına mütləq qayıdacaq, ərazi bütövlüyümüz bərpa olunacaq. Bu inam sonrakı illərdə tarixi reallığa çevrildi.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev dövlət başçısı seçildiyi ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını qarşıya qoyulan əsas vəzifələrdən biri kimi müəyyənləşdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf yoluna qədəm qoydu. Ölkənin iqtisadi qüdrəti artdı, beynəlxalq mövqeyi möhkəmləndi. Güclü iqtisadiyyatın yaratdığı imkanlar ordu quruculuğuna da öz müsbət təsirini göstərdi.
Azərbaycan Ordusunun maddi-texniki təminatı gücləndirildi, müasir silah və hərbi texnika alındı, şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl işlər həyata keçirildi. Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, yeni hərbi şəhərciklərin salınması, mövcud infrastrukturun yenilənməsi də diqqət mərkəzində saxlanıldı.
Müasir döyüş təcrübəsinin öyrənilməsi, beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi və müxtəlif istiqamətlərdə təlimlərin keçirilməsi Azərbaycan Ordusunun peşəkarlığının daha da yüksəlməsinə imkan verdi.
Bütün bunlar heç də təsadüfi deyildi. Qarşıda böyük və müqəddəs məqsəd dayanırdı - işğal altında olmuş torpaqlarımızın azad edilməsi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sistemli şəkildə apardığı məqsədyönlü diplomatik fəaliyyəti Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı. Azərbaycan öz haqq mövqeyini beynəlxalq platformalarda ardıcıl şəkildə müdafiə etdi. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi məsələsi dövlət siyasətinin dəyişməz prioriteti olaraq qaldı. Beləliklə, hərbi, siyasi, iqtisadi və diplomatik istiqamətlərdə görülən işlər Azərbaycanın gələcək Zəfəri üçün möhkəm zəmin yaratdı.
Azərbaycan Ordusunun gücü və döyüş qabiliyyəti müxtəlif illərdə keçirilən hərbi əməliyyatlarda və döyüşlərdə özünü göstərdi. 2016-ci ilin Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü nümayiş etdirən mühüm əməliyyatlardan biri oldu. Rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək bir sıra strateji yüksəklikləri azad etdi. Aprel döyüşləri həm də Azərbaycan əsgərinin yüksək döyüş ruhunu və peşəkarlığını nümayiş etdirdi. 2018-ci ilin Günnüt əməliyyatı da ordumuzun gücünün və şəxsi heyətinin döyüş hazırlığının göstəricilərindən biri oldu.
2020-ci ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlər isə xalqımızın və ordumuzun Vətən sevgisini bir daha nümayiş etdirdi. Həmin günlərdə Azərbaycan xalqı öz ordusunun ətrafında sıx birləşdi. Cəmiyyətdə yaranan milli həmrəylik Vətən müharibəsi ərəfəsində xalqımızın mənəvi gücünü daha da artırdı.
Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti genişmiqyaslı təxribatlara ordumuz əks-hücum əməliyyatı ilə cavab verdi və Vətən müharibəsi başladı.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənin uzun illər ərzində qurduğu istehkamlarını yararaq vaxtilə işğal altında olmuş ərazilərin azad olunması istiqamətində ardıcıl uğurlar qazandı. Azərbaycan əsgəri döyüş meydanında misilsiz qəhrəmanlıq göstərdi. Belə ki, dağlıq ərazilərdə, çətin relyef şəraitində, düşmənin möhkəmləndirilmiş mövqelərinə qarşı aparılan əməliyyatlarda igidlik nümunələri göstərdi. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik, müasir hərbi texnologiyalardan səmərəli istifadə edən və qarşısında qoyulan tapşırıqları yerinə yetirməyə qadir olan qüdrətli ordudur.
Vətən müharibəsinin hər günü Azərbaycan xalqının yaddaşında ayrıca bir qəhrəmanlıq salnaməsi kimi qalıb. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut və digər yaşayış məntəqələrinin azad edilməsi Zəfər yolunun mühüm mərhələlərini təşkil etdi. Bu yolun ən möhtəşəm zirvəsi isə Şuşanın azad olunması idi.
8 noyabr 2020-ci il isə Azərbaycan hərb tarixinin yaddaşlara əbədi olaraq həkk olunan günlərindəndir. Həmin gün Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın incisi olan Şuşa şəhəri işğaldan azad edildi və bu, Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazıldı.
Şuşanın azad edilməsi ilə düşmənin hərbi-siyasi mövqelərinə ağır zərbə vuruldu. Bu tarixi hadisə Vətən müharibəsinin taleyində həlledici rol oynadı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev radio və televiziya vasitəsilə Şəhidlər xiyabanından xalqa müraciət etdi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!. 28 il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq! 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır!. Bu tarixi gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda ən xoşbəxt günlərdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
Prezident İlham Əliyevin bu müjdəsi Azərbaycan xalqının hər bir nümayəndəsinin qəlbində böyük sevinc və qürur yaratdı. Şuşanın azad edilməsi hərbi qələbə olmaqla bərabər, həm də xalqımızın milli-mədəni irsinin, tarixi yaddaşının və mənəvi dəyərlərinin öz sahibinə qaytarılması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev öz tarixi çıxışında bu ifadələri də xüsusilə vurğuladı: “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!”.
Torpaqlarımızın azad edilməsi uğrunda Vətənimizin igid oğulları öz həyatlarını Azərbaycanın ərazi bütövlüyünün bərpasına və onun suverenliyinin qorunmasına həsr etdilər. Qəhrəman döyüşçülərimizin döyüş yolu Vətənə sədaqətin, sevginin nümunəsi oldu.
Bu gün Azərbaycan Ordusunun hər bir əsgəri şəhidlərimizin bizə əmanət etdiyi müqəddəs torpaqları qorumağın məsuliyyətini daşıyır. Hərbi qulluqçularımız ölkəmizin sərhədlərində ayıq-sayıq dayanırlar.
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra qarşıda yeni və böyük bir vəzifə dayandı - işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər yenidən abadlaşdırılır, infrastruktur layihələr genişləndirilir.
Bu gün Qarabağda yeni həyatın nəfəsi duyulur. Uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar Prezident İlham Əliyevin Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində mərhələli şəkildə öz torpaqlarına qayıdırlar. Onlar uzun illərin sınağından mətinliklə keçərək öz isti ocaqlarını yenidən qururlar.
Böyük Qayıdış Proqramı Azərbaycanın tarixi Zəfərdən sonrakı inkişaf strategiyasının mühüm istiqamətidir. Qarabağ iqtisadi zonasında aparılan bərpa-quruculuq işləri bir daha göstərdi ki, Azərbaycanın gücü döyüş meydanında olduğu kimi, quruculuq işlərində də özünü büruzə verir.
Bu gün rəşadətli Azərbaycan Ordusu sübut edib ki, Vətənin müdafiəsi onun üçün ən ali vəzifədir. Artıq Qarabağ həsrət ünvanı deyil. Qarabağ Zəfərimizin, qürurumuzun və Böyük Qayıdışımızın ünvanıdır. Bu torpaqlarda dalğalanan üçrəngli bayraq şəhidlərimizin ruhuna ehtiramımızın və gələcək nəsillərə əmanət etdiyimiz Zəfər tariximizin rəmzidir.
Kifayət ƏLİYEVA “Azərbaycan Ordusu”