AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müharibə anlayışı bəşər yarandığı dövrdən günümüzə qədər dəyişən cəmiyyətlərin, texnologiyanın və dünya mühitinin yeni dövrə qədəm qoyması ilə müxtəlif məzmunlar qazanıb. İnsanların bəşəriyyətə qədəm qoyduğu dövrdən günümüzə qədər müxtəlif sivilizasiyalarda baş verən müharibələr müxtəlif səbəblərdən yaranıb. İlk müharibələrin səbəbləri ilə bugünkü müharibələrin mahiyyəti bir-birinə bənzəsə də, aparılma üsulları və miqyasında ciddi fərqlər var. Belə ki, ilk insan qrupları arasında baş verən yaxın toqquşmalar bu gün geniş miqyasda artıq kilometrlərlə məsafəyə daşınıb. Tayfalar, qəbilələr arasında əmlak və ərzaq bölgüsündə bərabərsizliyin, cəmiyyətdə müxtəlif təbəqələşmənin yaranması, yeni ərazilərin və sərvətlərin ələ keçirilməsi və yaxud da güc mübadiləsinin nümayiş olunması məqsədi ilə müxtəlif mübarizələr aparılıb ki, bu mübarizələrin bir qismi günümüzdə də öz aktuallığını qoruyub saxlayır. Lakin bir məsələ var ki, qədim dövrdəki savaşlar zamanı kəmiyyət və təkamül fərqi üstünlük sayılırdısa, indi üstünlük məfhumu öz sərhədlərini genişləndirib.
Zaman keçdikcə oxatanlar arbaletlərlə, tüfənglərlə, katapultlar, artilleriya vasitələri ilə əvəz olundu, aparılan mübarizələr raket və aviasiya vasitələri ilə zənginləşdi. Günümüzdə texniki tərəqqinin yüksəlməsi, innovativ yeniliklərin artması nəticəsində müharibələrdə birbaşa fiziki təsir formasından əlavə kiberhücum, iqtisadi faktor, siyasi manipulyasiya, sosial təsir, psixoloji təhdid və digər strateji məqsədlərdən də istifadə olunur. Belə olan təqdirdə isə müasir dövrün təhlükəsizlik nəzəriyyəsində “hibrid müharibələr” və ya “hibrid təhdidlər” anlayışları ön plana çıxır. Bir sözlə, qədim dövrlərin münaqişələrini birbaşa fiziki təsirsiz təsəvvür etmək mümkün deyildisə, müasir dövrdəki savaşları da hibrid təsirsiz düşünmək olmur. Bu məqalədə hibrid müharibələrin mahiyyəti, tarixi və müasir dövrdəki təcrübələr nəzərə alınmaqla üsul və vasitələrindən danışılacaq.
Əvvəlcə “hibrid müharibə nədir?” sualına cavab tapaq. Bu mövzudan danışarkən, mütləq onu qeyd etmək yerinə düşər ki, bu anlayış beynəlxalq hüquq sənədlərində (məsələn, Cenevrə konvensiyalarında) birbaşa "hüquqi termin" kimi tam təsbit olunmasa da, hərbi-siyasi sənədlərdə, milli təhlükəsizlik strategiyalarında və ittifaqların rəsmi bəyannamələrində əsas konseptual terminlərdən biridir. Hibrid müharibə hərbi və qeyri-hərbi, açıq və gizli vasitələrin vahid strateji missiya naminə əlaqələndirilmiş şəkildə tətbiq edildiyi qarşıdurma formasıdır. Termin olaraq müasir olsa da, məntiqi hələ çoxdankı dövrə təsadüf edir. Nəzərə alsaq ki, tarixin müxtəlif mərhələlərində düşmən və yaxud qeyri-dost qüvvələrə qarşı cəsusluq, təxribat, təzyiq, blokada və digər üsullardan istifadə olunub. Hibrid müharibənin əsas xüsusiyyəti onun “sülh və müharibə” arasındakı sərhədini birləşdirməsidir. Bu savaşda bir tərəf digər tərəfə birbaşa təmassız təsir göstərir. Belə olan təqdirdə, qarşı tərəfin cavab tədbirini görməsini və yaxud hərəkəti cavablandırmasını çətinləşdirən qeyri-müəyyənlik yaranır. Hibrid müharibədə əsas məqsəd hər zaman ərazi işğalı deyil, dövlətin əsas sütunlarını zəiflətmək, sosial, iqtisadi, siyasi sabitliyi sarsıtmaqla, cəmiyyətdə parçalanma yaratmaq və bununla da qarşı tərəfi öz maraqlarına uyğun qərarlar qəbul etməyə məcbur etməkdir. Bununla da hibrid müharibədə mühüm olan ordunun gücü deyil, dövlətin dayanıqlılığı, cəmiyyətin birliyi hesab olunur.
Birinci və İkinci Dünya müharibələri və ondan sonrakı Soyuq müharibə dövründə hibrid təhdidlər daha sistemli xarakter qazandı. Belə ki, əhalinin və cəmiyyətin mənəvi-psixoloji hazırlığına təsir göstərmək üçün müxtəlif təbliğat kampaniyaları aparılırdı. Hibrid müharibənin ötən əsrin ortalarında daha ciddi hal alması birbaşa nə(lər) ilə bağlı idi? Ekspertlərin fikirlərinə əsasən, hər müharibədə tərəflər arasında maraqlı olan qüvvələr olur ki, bu da hibrid münaqişəni şərtləndirən amillərdən biridir. Böyük qüvvələr bəzən münaqişələrə birbaşa girməkdənsə, “hibrid təhdidlərin” müxtəlif elementlərindən istifadə etməyə başlayırlar. Günümüzdə böyük güc olan ABŞ, Çin, Rusiya və s. dövlətlər dünyadakı münaqişə ocaqlarında tərəflərin birini birbaşa və ya bilavasitə üsullarla dəstəkləyir və bu istiqamətdə öz işlərini görür. Həmçinin BMT Nizamnaməsinin 2-ci maddəsində qeyd olunan birbaşa güc və qüvvədən istifadə etməmək hibrid münaqişəni bu gün daha aktual hala gətirib çıxarır. Hibrid müharibəsinin özünəxas xüsusiyyətlərindən biri sülh və müharibə arasında konkret sərhədin olmamasıdır. Burada aşkarlıq vəziyyətinin olmaması, “yumşaq təsir” faktını ortaya çıxardığı üçün beynəlxalq normalara uyğun məsuliyyət də çətin sübut olunur. Müdaxilə də faktiki olaraq sübuta yetirilmədiyi üçün beynəlxalq məsuliyyət heç bir halda nəzərdə tutulmur. Bir sözlə, hibrid müharibədə “təcavüzkar” konkret olaraq heç kimə məlum olmur. Versiya və yaxud variantlar olur ki, sübut və ya arqument olmadığı üçün bu da əsassız sayılır.
Hibrid müharibə məfhumu yarandığı dövrdən kəşfiyyat, siyasi və sosial təsir, ideoloji mübarizə, iqtisadi təzyiq və s. istifadə olunan əsas predmetlərdəndir. Qeyd etdiyimiz hibrid müharibənin üsul və vasitələrinə nəzər salaq.
Nəzəriyyədə hibrid təhdidlərin əsas istiqamətlərindən biri informasiya müharibəsidir. İnformasiya mühitinə təsir cəmiyyətin hadisələri qəbuletmə düşüncəsini təsvir edir. Dezinformasiya, saxta (fake) xəbərlər, kontekstdən çıxarılmış və ya dəyişdirilmiş ifadələr, yalançı media hesabları və resursları, botlar və süni intellektlə hazırlanmış deepfake video və ya fotolar da qeyd olunan məqsədlə istifadə oluna bilər. Bu hücumlar da çoxsaylı olur ki, məqsəd insanlarda hansı məlumatın doğru olduğuna ziddiyyət yaratmaqdır.
Digər istiqamətlərdən biri kiberhücumlardır. Günümüzdə kiber məkan hibrid qarşıdurmalarının əsas cəbhələrindən biridir. Dövlət qurumlarının, rəsmi məlumat istinadgahlarının sıradan çıxarılması, zəruri informasiyaların oğurlanması, fəaliyyətlərə müdaxilə, məhdudlaşdırma, maliyyə sektoruna hücum və ya müxtəlif cəsusluq əməliyyatlarını bu sahədə misal göstərmək olar.
İqtisadi təsir də hibrid təhdidlərdən biridir. Belə ki, enerji resursların, ticarət, logistika, maliyyə və strateji əhəmiyyətli məhsullar hibrid təsir vasitəsinə çevrilə bilən elementlərdir. Enerji təchizatının məhdudlaşdırılması, ticarət qadağalarının qüvvəyə minməsi, investisiyalara mənfi təsir göstərilməsi, mühüm layihələrə təzyiqlərin artırılması məqsədi ilə hibrid təhdidlər meydana gələ bilər ki, bu ssenari də onu deməyə əsas verir ki, iqtisadi güc və ehtiyat davamlılığı mütləq şərtdir.
Siyasi təsir və manipulyasiya əhalidə mövcud problemlərin qabardılması, cəmiyyətin müxtəlif təbəqələri arasında qarşıdurmanın dərinləşdirilməsi strateji məqsədlərə nail olmaq üçün istifadə edilən predmetlərdir.
Kəşfiyyat və casusluq ən qədim tarixə malik olan sahə olaraq, müxtəlif dövrlərdə çox mühüm gizli silah kimi ön plana çıxıb. Bu gün də kəşfiyyat fəaliyyəti öz əhəmiyyətini rəqəmsal imkanların təkmilləşməsi ilə daha da artırıb. Belə ki, kəşfiyyat predmetləri məlumat toplama, təhlil, cəsusluq təminatlarını özündə birləşdirən məfhum olaraq, tarixinin ən innovativ dövrünü yaşayaraq, hibrid müharibənin aparılmasında əsas sütunlardan biri kimi qalmaqdadır.
Texnoloji yeniliklər və PUA-ların istifadəsinin geniş vüsət alması hibrid müharibənin texnoloji üslubunu daha da genişləndirib. Belə ki, günümüzdə klassik hərbi əməliyyatlarda istifadə ilə yanaşı, pilotsuz uçuş aparatları müşahidə, kəşfiyyat, psixoloji təsir və digər məqsədlərlə də istifadə olunur. Günümüzdə PUA-ların tədqiqinin dərinləşməsi, hibrid təhdidlərdə də əsas predmetlərdən biri kimi həlledici rola malikdir.
Hibrid müharibə və ya hibrid təhdid Cənubi Qafqazda öz həssaslığı ilə seçilir. Belə ki, regionda yerləşən ölkələrin geostrateji mövqeyi, enerji infrastrukturu, nəqliyyat dəhlizi, təbii sərvətləri və bu səbəblərdən də böyük dövlətlərin bu əraziyə olan maraqları hibrid təhdidlərə qarşı mübarizədə mühüm təsir vasitələrinin əhəmiyyətini artırır.
Azərbaycan-Ermənistan arasında qarşıdurmanın tarixinin uzun illəri əhatə etdiyi hər kəsə məlumdur. Lakin bu münaqişə hər zaman döyüş meydanında aparılmayıb. Beynəlxalq informasiya məkanlarında tarixi, siyasi və digər aspektlər uğrunda təxirəsalınmaz mübarizə aparan ölkəmiz təcrübəsini artıraraq 44 günlük Vətən müharibəsində hibrid mübarizə meydanında informasiya cəbhəsinin əhəmiyyətini bir daha ön plana çıxardı. Hərbi əməliyyatların keçirildiyi döyüş meydanı ilə yanaşı, informasiya mübarizəsində yerli və beynəlxalq ictimaiyyətə operativ və dəqiq məlumatların çatdırılması, dezinformasiyaların faktlarla təkzib olunması, xarici qərəzsiz medialarla düzgün koordinasiya aparılması, sosial şəbəkələrdə informasiya axınının düzgün idarə edilməsi mühüm şərtlər kimi bir daha özünü göstərdi. Buradan da əsas nəticə ortaya çıxır ki, müharibənin gedişatı fiziki təsir olaraq döyüş meydanında deyil, ideoloji, mənəvi, psixoloji aspektlərlə digər cəbhələrdə də aparılır. Ölkəmizdə hibrid təhdidlərə qarşı aparılan dayanıqlı siyasətin mühüm tərkib hissəsini informasiya və kibertəhlükəsizliyinin əsasları təşkil edir. Bunun üçün də bu hücumlara cavab vermək prioritet deyil, riskləri müəyyən etmək, qabaqlayıcı tədbirlər görmək, kadr potensialını təkmilləşdirmək və cəmiyyətin maarifləndirilməsi əsas sayılır.
Hibrid savaşların bundan sonrakı mərhələsini süni intellekt texnologiyaları olmadan təsəvvür etmək çətindir. Adıçəkilən texnologiya əldə olunan müxtəlifhəcmli məlumatı təhlil etməklə yanaşı, fərqli auditoriyalar üçün müxtəlif yanaşmalı ismarıcların hazırlanmasına, saxta məzmunlu məhsulların sürətli yaradılması və yayılmasına kömək edir. Günümüzdə texnologiyanın inkişafı sayəsində hibrid müharibə daha təhlükəli forma almağa başlayıb. Bu gün ölkə başçıları və rəhbərlərin səsi və görüntüsü imitasiya edilərək, saxta materialların hazırlanması asanlıqla mümkündür. Yaradılan videolar, fotolar və ya səs yazıları preventiv tədbirlər operativ və dəqiq görülmədikdə cəmiyyətə ciddi psixoloji və siyasi təsir göstərə bilər. Müasir dövrdə bununla mübarizə aparmaq üçün isə informasiya məkanının düzgün qorunması, cəmiyyətin məlumatlandırılması, kiberhücumlara qarşı müdafiənin gücləndirilməsi bu mübarizənin əsas üsul və vasitələri hesab olunur.
Fuad CƏFƏROV “Azərbaycan Ordusu”