AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycanın dilbər guşələrindən, tarixi ərazilərindən biri olan Laçın antik dövrlərdə və erkən orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla, ölkəmizin ən qədim insan məskənlərindəndir. Əvvəllər Abdallar adlanan Laçın 1924-cü ildən şəhər statusu alıb və 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılıb. Laçın sözü “məğrurluq” mənasını bildirir. Dağları, meşələri, bulaqları, zəngin təbiəti, qədim dövrə aid olan məbədləri və tarixi abidələri ilə seçilən bu diyar hər zaman özünəməxsus gözəlliyi ilə fərqlənib.
Lakin bu gözəl diyarın tarixində uzun illər davam edən ağrılı bir səhifə də var. Hər zaman Laçın və buradan keçən dəhliz uğrunda gərgin döyüşlər gedib. 1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Laçın dəhlizinin açılması Ermənistan ordusunun müharibə illərindəki ən böyük nailiyyətlərindən birinə çevrilir, çünki bu dəhlizdən gələn dəstəklər erməni separatçılarının hərbi imkanlarını dəfələrlə artırırdı. 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan tərəfindən işğal edildi. Laçının işğalı yalnız bir rayonun itirilməsi demək deyildi. Şəhərin və rayonun strateji mövqeyi səbəbindən bu hadisə Azərbaycan üçün son dərəcə ağır nəticələr doğurdu.
Ermənilər Laçını işğal etdikdən sonra onu talan edir, Laçın dəhlizi ərazisində yerləşən yaşayış məntəqələrini yandırırdılar. Şəhərin təqribən 7,800 nəfərdən ibarət yerli sakini qaçqın düşür. Ermənilər yerli əhalidən də əsirlər götürürdülər. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, minlərlə laçınlı öz doğma torpağından didərgin düşərək məcburi köçkün kimi respublikanın şəhər və rayonlarında məskunlaşıb.
Birinci və İkinci Qarabağ müharibələrində bütün istiqamətlərdə döyüşən Laçının igid oğullarından 285 nəfər şəhid olub, 66 nəfər girov götürülüb, 120 nəfər əlil olub, yüzlərlə uşaq yetim qalıb.
İllər keçdi. Laçınlılar doğma torpaqlarından ayrı düşsələr də, qayıdış ümidlərini heç vaxt itirmədilər. Laçın yaddaşlardan silinmədi. O torpaqlara qayıtmaq arzusu Azərbaycan dövlət siyasətinin əsas məqsədlərindən birinə çevrildi.
2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi isə Azərbaycanın tarixi ədaləti bərpa etmək əzmini bütün dünyaya göstərdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıqla bir sıra şəhər, kənd və strateji yüksəklikləri işğaldan azad etdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsi 10 noyabrda Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonlarının böyük hissəsinin Azərbaycana qaytarılması ilə bağlı razılaşma əldə edildi. Buna baxmayaraq, Laçın dəhlizi və şəhəri bir müddət rus sülhməramlılarının nəzarətinə verildi. Rayonun böyük hissəsi 2020-ci il dekabrın 1-də Azərbaycana qaytarıldı. Azərbaycan dövləti Laçının şəhər hissəsinin geri qaytarılması üçün bütün imkanlardan istifadə etdi. Yeni yolun inşası qısa müddətdə başa çatdırıldı və bununla da Laçının Azərbaycana qaytarılması üçün şərait yaradıldı.
Nəhayət, 2022-ci il avqustun 26-da gözlənilən tarixi an gəldi. Azərbaycan Ordusu Laçın şəhərinə daxil oldu. Zabux və Sus kəndləri ilə birlikdə Laçın şəhəri də Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, 30 ildən artıq davam edən həsrətə son qoyuldu. Laçın yenidən öz sahibinə qovuşdu.
2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızı xoş müjdəli xəbərlə sevindirdi: "Bu gün avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!"
Bu tarixi hadisədən sonra Prezident İlham Əliyevin Laçına səfəri isə Zəfərin ən yaddaqalan anlarına çevrildi. Dövlət başçısı şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı. Həmin an Laçın üçün yeni tarixin başlanğıcı oldu. Dövlətimizin başçısı İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 26 Avqust - Laçın Şəhəri Günü kimi təsis edildi. Bu tarix artıq hər il böyük təntənə ilə qeyd olunur. Prezident çıxışında bu hadisənin tarixi əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi: “Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq”. Ardınca isə Azərbaycan bayrağının burada əbədi dalğalanacağını bəyan etdi. Bu sözlər sadəcə siyasi bir bəyanat deyildi. Bu, illərlə doğma torpaqlarından ayrı qalan insanların arzusunun, şəhidlərin qanı ilə yazılan Zəfərin və Azərbaycan dövlətinin qətiyyətinin ifadəsi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində Laçının işğaldan azad olunmasının əhəmiyyətini vurğulayaraq deyib: “Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir. Biz müharibə zamanı təqribən 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər - 5 min kvadratkilometrə yaxın ərazini sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurumun kənarında idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı... Amma çox dəqiq, məqsədyönlü, ardıcıl siyasət apararaq bir məqsədimiz var idi - torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə”.
Prezident Laçında olarkən şəhidlərin və qəhrəman Azərbaycan əsgər və zabitlərinin fədakarlığını da xüsusi qeyd etdi. O bildirdi ki, Azərbaycan bu torpaqlara heç kimdən hədiyyə olaraq qayıtmayıb. Bu qayıdış şəhidlərin canı, güclü ordumuzun, qəhrəman hərbçilərin şücaəti və xalqın iradəsi hesabına mümkün olub.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8418 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Laçın rayonu Azərbaycanın strateji əhəmiyyətli bölgələrindən biri kimi, həm işğal, həm də bərpa dövründə mühüm geosiyasi hadisələrin mərkəzində olub.
Azərbaycanın igidlər oylağı, qəhrəmanlar yurdu Laçın şəhərinin erməni işğalından azad olunmasından dörd il keçir. Laçının azadlığı yalnız hərbi qələbə ilə yekunlaşmadı. Zəfərdən sonra burada böyük quruculuq işlərinə start verildi. Dağıdılmış və uzun illər baxımsız qalmış ərazilərdə tikinti-quraşdırma işləri sürətlə başlandı. Rayonda genişmiqyaslı infrastruktur layihələr, yeni yollar salınmağa başladı. Laçın tədricən öz əvvəlki həyatına qayıtmaqla yanaşı, müasir və gözəl şəhərə çevrildi. Ən böyük sevinc isə laçınlıların öz doğma yurdlarına qayıtması oldu. İllərlə həsrətlə gözlənilən qayıdış artıq reallığa çevrildi. Vaxtilə köçkün həyatı yaşayan ailələr bu gün öz evlərində yaşayır, uşaqlar doğma torpaqlarda böyüyür. Laçında həyat yenidən canlanır.
Bu gün Laçına baxanda gözəl bir dağ şəhəri görmürük. Burada Azərbaycanın son 30 ildə keçdiyi mürəkkəb yolun izlərini görürük. Laçın həm itkinin, həm mübarizənin, həm də Zəfərin simvoludur.
Ali Baş Komandan İlham Əliyevin Laçınla bağlı səsləndirdiyi ən mühüm tezislərdən biri də budur: “Azərbaycan xalqı öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək”. Dövlət başçısı dəfələrə vurğulayıb, əgər məsələ sülh yolu ilə həll edilməsəydi, Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla bərpa edəcəkdi. Vətən müharibəsi bu qətiyyətin nəticəsi oldu.
Prezident İlham Əliyev çıxışında qeyd edib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”. Prezident İlham Əliyevin rayona ilk səfəri zamanı Güləbird Su Elektrik Stansiyası işə salındı.
Bu gün Laçın rayonuna həyat yenidən qayıdır, abadlıq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Hazırda uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi davam edir. 2020-ci il iyunun 26-da təməli qoyulan Laçın Beynəlxalq Hava Limanının 2025-ci il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev Laçına növbəti səfəri zamanı öz torpağına qayıdan insanlarla görüşüb, onlara evlərin açarlarını təqdim edib.
Şəhərin çoxfunksiyalı zonalarında və digər yaşayış ərazilərində binaların tikintisi, eyni zamanda, müasir tələblərə cavab verən xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektlərinin inşası da davam etdirilir.
Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılır.
Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti layihə icra olunur, kanat yolu ilin sonunadək istifadəyə veriləcək.
MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarı ilə Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci il iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı-2025” ilinin rəsmi açılış mərasimi keçirilib.
Laçın şəhəri günü həm də bizə mühüm bir həqiqəti xatırladır: torpaq yalnız xəritə göstərilən ərazi deyil. Torpaq insanın yaddaşı, doğulduğu ev, uşaqlıq xatirələri, ata-baba məzarı, bulağı, dağı, meşəsi, Vətən hissidir. Bu gün Laçının küçələrində Azərbaycan bayrağı dalğalanır. Həkəri çayının sahilində həyat qaynayır, şəhərdə quruculuq işləri davam edir, keçmiş məcburi köçkünlər doğma yurda qayıdır. Bir vaxtlar həsrətlə danışılan Laçın artıq yenidən yaşayan, qurulan və gələcəyə baxan şəhərdir.
Laçın artıq həsrətin deyil, qayıdışın adıdır. Bu gün onun dağlarında qürurla dalğalanan Azərbaycan bayrağı dünənimizin ağrısını, bu günümüzün Zəfərini və sabahımızın böyük ümidlərini özündə yaşadır. Laçının hər daşı şəhidlərimizin əziz xatirəsini, hər küçəsi qəhrəman əsgərlərimizin şücaətini, hər guşəsi isə doğma yurda qayıdan insanların sevincini yaşadır.
Bu əzəmətli qayıdış bir daha sübut etdi ki, Vətən sevgisi heç vaxt məğlub olmur, xalqın iradəsi qarşısında heç bir maneə əbədi davam edə bilməz. Laçın bu gün Azərbaycanın Zəfər tarixinin parlaq səhifələrindən biri kimi yeni və şanlı həyatını yaşayır.
Laçın Şəhəri Günü münasibətilə bütün laçınlıları və xalqımızı ürəkdən təbrik edir, doğma Laçının daim abad, firavan və işıqlı günlər yaşamasını arzulayırıq! Qoy Laçının səmasında dalğalanan üçrəngli bayrağımız əbədi olsun!
Pərvanə İMAMƏLİYEVA “Azərbaycan Ordusu”