Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Avqust 2026 14:35

Vətənə, xalqa xidmətin və qadın müdrikliyinin, fədakarlığının parlaq nümunəsi

“Mən insanlara kömək göstərmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”, - deyir Mehriban xanım.
Bu gün Mehriban xanım Əliyeva özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadınının həm fədakar ana, həm də fəal ictimai xadim olduğunu sübut edir. Azərbaycanda qadın hərəkatının yeni mərhələsinin  lideri kimi Mehriban xanım Əliyevanın geniş ictimai fəaliyyəti başlıca olaraq humanizm meyarlarına söykənir. Həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görən, sərhəd tanımayan xeyirxahlıq, insanpərvərlik Mehriban Əliyevanı fərqləndirən özünəməxsus xüsusiyyətləridir.
Azərbaycanda qadın hərəkatının formalaşmasında, onların hüquqlarının qorunmasında, ictimai-siyasi proseslərdə həmişə fəal olmasında Mehriban xanım Əliyevanın xüsusi xidmətləri var. Mehriban xanımın bu sahədə çoxcəhətli və davamlı fəaliyyəti təkcə ölkəmizdə deyil, onun hüdudlarından çox-çox uzaqda da geniş ictimai əks-səda doğurub. Beynəlxalq ictimaiyyət Azərbaycanın Birinci vitse-prezidentini Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirir. Təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlar, medallar onun dünyadakı nüfuzunun göstəricisidir. Bu təltiflərin hər birinin arxasında prinsipiallıq, xeyirxahlıq, ən əsası, xalqına, dövlətinə, bəşəriyyətə sevgi dayanır. 
Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. 
Mehriban xanım, həmçinin ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır.
Şəhid ailələrinə, müharibə əlillərinə diqqət və qayğısını əsirgəmir. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Sadəliyi, səmimiliyi, mehribanlığı, nəcibliyi, gözəl aurası ilə ətrafında xoş atmosfer yaradan Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”, - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi bu fikirlər Mehriban xanımın işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə ifadə edir. O, doğrudan da, milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib.
Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Heydər Əliyev Fondunun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.
Mehriban xanım Əliyeva, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfə verir. İllərdir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Məhz onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir. Mehriban xanım Əliyevanın o zaman dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban xanım Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini  daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Azərbaycan Ordusunu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri,  Mədəniyyət paytaxtımız Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Onu da qeyd etmək yerinə düşər ki, Mehriban xanım Əliyevanın  Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi,  ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu.
Azərbaycanın birinci xanımının təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır.
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu bir daha təsdiqlədi. Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili ilə hətta inkişaf etmiş ölkələri heyran qoydu.
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir. Bütün bunlar Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilir.
Mehriban xanım Əliyevanın çoxşaxəli ali dövlət fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransada, Pakistanda, Bosniya və Herseqovinada, Misirdə, Hindistanda və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.
Birinci xanımın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban xanım Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi: “İllər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım elə bu amalla da öz ömür kitabını yazmaqda davam edir, onu gündən-günə, ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.
Mehriban xanım Əliyeva tarixin Azərbaycana bəxş etdiyi xeyirxahlıq, humanistlik, mərhəmət və vətənpərvərlik nümunəsidir. Humanitar sahədə uğurlu fəaliyyət göstərən Mehriban xanım Əliyeva 2017-ci ildən etibarən, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində böyük əməyi var. Müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir.
Birinci vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açıb, idarəetmədə qadınların rolunun artmasına səbəb olub.
Azərbaycan Respublikasında Birinci xanım institutunun uğurlu fəaliyyətində müstəsna əməyi olan və bu institutun dünyadakı mütərəqqi nümunələrinə uyğun şəkildə öz fəaliyyətini quran Mehriban xanım Əliyevanın nəcib və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyəti, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkmişdir.
Mehriban xanım Əliyevanın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələrarası dostluq münasibətlərinin qurulmasıdır.
Mehriban xanım Əliyevanın həyat fəlsəfəsi, ilahinin ona bəxş etdiyi şərəfli missiyasıdır. O, bu gün dünya miqyasında Azərbaycan qadınının ən layiqli simvoluna çevrilib. Sərqlə Qərbi birləşdirən Azərbaycan milli-mənəvi dəyərlərinin, irsinin qorunaraq saxlanması və dünyaya ən yüksək səviyyədə təqdim olunması sahəsindəki fəaliyyəti isə elə milli irsimiz milli dəyərimiz kimi tarixin yaddaşında əbədi qalacaqdır. Çünki bu, Mehriban xanımın həyat yoludur.  
 Bu gün xalqımızın dərin sevgisini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. Ona uzun ömür, cansağlığı, ailə səadəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin inkişafı naminə göstərdiyi ali dövlət fəaliyyətində uğurlar arzulayırıq. Ulu Tanrı Sizi qorusun!

Lalə HÜSEYNOVA “Azərbaycan Ordusu”