Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2026 16:52

İstehkam qurğusu - “Kaponir”

Köhnə qalaların müdafiə sistemində xəndək mühüm maneələrdən biri hesab olunurdu. Lakin zaman keçdikcə xəndəyin təkbaşına müdafiə üçün kifayət etmədiyi, onu keçməyə çalışan düşmənə qarşı əlavə atəş vasitələrinin yaradılmasının zəruri olduğu aydınlaşdı. Düşmənin həmin maneəni aşmasına imkan verməmək üçün müdafiəçilər xəndəyi müxtəlif istiqamətlərdən atəş altında saxlamağa çalışırdılar. Kaponir məhz belə bir ehtiyacdan yaranmış istehkam qurğusudur. Bəzi fortifikasiya sistemlərində o, həm də əsas istehkamdan kənardakı qurğulara təhlükəsiz keçidi təmin edən örtülü yol kimi istifadə olunurdu. Qurğunun əsas üstünlüyü müdafiəçilərin nisbətən qorunan mövqedən xəndəyi atəş altında saxlaya bilməsi idi. “Kaponir” sözü hərbi terminologiyada XVII əsrdən etibarən işlədilir. Sonrakı dövrlərdə qalaların quruluşu dəyişdikcə bu qurğuların forması da təkmilləşdirildi. XIX əsrdə, xüsusilə poliqonal tipli qalalarda, kaponirlər daha möhkəm və qorunan konstruksiyalara çevrildi. Onlar xəndəklərin müdafiəsində mühüm rol oynayır, atıcı silahlardan və bəzi hallarda artilleriya vasitələrindən istifadə etməklə düşmənin xəndəyə yerləşməsinin qarşısını alırdı. Kaponirin quruluşu onun yerinə yetirdiyi vəzifəyə uyğun olurdu. Qurğuda atəş yuvaları, atəş pillələri və müdafiəçilərin hərəkəti üçün nəzərdə tutulan keçidlər yerləşdirilirdi. Bəzi kaponirlər tam örtülü olur, dam örtüyü isə qurğunu atəşdən və hava şəraitindən qoruyurdu. Qurğunun mövqeyi elə seçilirdi ki, xəndəyin mümkün qədər böyük hissəsi atəş altında saxlanılsın. 
Fortifikasiya texnikasının inkişafı ilə kaponirin forması və konstruksiyası da dəyişdi. Əvvəlki dövrlərin sadə və nisbətən yüngül qurğuları sonrakı mərhələdə daş, kərpic və digər möhkəm materiallardan hazırlanmış daha davamlı istehkamlarla əvəz olundu. Bəzi qalalarda kaponirlər bombalanmadan qorunmaq üçün möhkəm örtüklərlə təmin edilirdi. Kaponirin əsas funksiyası müdafiə olunan istehkamın qarşısındakı xəndəyin düşməndən təmiz saxlanılması idi. Xəndəyə daxil olan və ya orada mövqe tutmağa çalışan düşmən bölmələri kaponirdən açılan cinah atəşi ilə qarşılanırdı. Beləliklə, hücum edən tərəfin istehkam divarlarına yaxınlaşması və müdafiə xəttinə keçid əldə etməsi çətinləşdirilirdi.
Müasir hərbi mühəndislikdə texnikanın və şəxsi heyətin qorunması üçün müxtəlif tipli örtülü və möhkəmləndirilmiş mövqelərdən istifadə edilir. Tanklar, artilleriya sistemləri və digər döyüş texnikası üçün hazırlanan mövqelər onların ölçülərinə, relyefə və qarşıya qoyulan tapşırığa uyğun qurulur. Lakin bu cür sahə mövqelərini tarixi fortifikasiya qurğusu olan kaponirlə eyniləşdirmək düzgün deyil. Müasir hərbi texnika üçün müxtəlif növ səngər, atəş mövqeyi, örtülü mövqe və mühəndis qurğularından istifadə olunur.
Eyni yanaşma hərbi aviasiyaya da aiddir. Aerodromlarda döyüş təyyarələrinin və helikopterlərin qorunması üçün möhkəmləndirilmiş aviasiya sığınacaqları yaradılır. Bu qurğuların vəzifəsi aviasiya vasitələrini düşmənin hava zərbələrinin təsirindən qorumaq, onların sıradan çıxarılması ehtimalını azaltmaqdır. Lakin bu tip müasir aviasiya sığınacaqlarının hamısını “kaponir” adlandırmaq terminoloji baxımdan düzgün yanaşma sayılmır. Kaponirin hərb tarixində tutduğu yer göstərir ki, mühəndis istehkamları döyüşdə yalnız maneə yaratmaq üçün deyil, həm də müdafiə vasitələrinin imkanlarını artırmaq üçün qurulub. Düzgün seçilmiş mövqe və möhkəm istehkam müdafiəçiyə atəş üstünlüyündən daha səmərəli istifadə etməyə imkan verirdi.
Bu gün “kaponir” dedikdə, ilk növbədə, fortifikasiya tarixində qala xəndəyinin müdafiəsi üçün yaradılmış, cinah atəşi aparmağa imkan verən istehkam qurğusu nəzərdə tutulur. Onun yaranması və inkişafı hərbi mühəndisliyin keçdiyi uzun yolun nümunələrindən biridir. Qala xəndəklərində qurulan bu istehkamlar öz dövrünün müdafiə sistemində mühüm yer tutub. 

Emil MURADLI “Azərbaycan Ordusu”