AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Göyərtədə küləyin üzünə vurduğu duzlu mehi hiss edəndə anlayırsan ki, bura adi hərbi hissə deyil, tamam başqa bir dünyadır. Ayağının altında torpaq yox, hər an hərəkətdə olan polad gövdə və sonsuz dərinlik var. Burada zaman saatla deyil, növbətçilik fiti, ləpələrin zərbəsi və lövbərin qalxıb-enməsi ilə ölçülür. Sahildəkilər üçün fırtına sadəcə pis hava şəraitidirsə, matros üçün o, dözümlülüyünü və döyüş hazırlığını yoxlayan canlı bir sınaqdır. Səfərlərdə ulduzlu səma altında sakitlik çökəndə insan öz daxili aləmi və Vətən anlayışı ilə baş-başa qalır.
Gəmidəki hər bir mexanizmin dilini bilmək isə bu mühitə uyğunlaşmağın əsas şərtlərindən biridir. Mavi suların ortasında qazanılan möhkəm iradə, məsuliyyət hissi və dənizçi qardaşlığı insanın yaddaşında ömür boyu silinməz iz qoyur.
Şəkildə gördüyümüz matros da yenicə Hərbi Andı qəbul edib. Onun qarşıda duran hərbi xidmətin öhdəsindən layiqincə gələcəyi baxışlarından hiss olunurdu. Sanki bu anı çoxdan gözləyirmiş kimi atası ilə söhbət edirdi. Atasının oğluna baxışına nəzər salanda, onun ürəyindən keçənləri təsəvvür etmək mümkündür.
Sanki ata oğluna belə deyir: “Oğlum, sən artıq Vətənin keşiyində duran əsgərsən. Bu gün sənin həyatında ən mühüm və yaddaqalan günlərdən biridir. Vətən qarşısında qəbul etdiyin Hərbi Anda daim sadiq qal və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetir. Artıq sən Azərbaycan Ordusunun əsgəri, Hərbi Dəniz Qüvvələrinin sıralarında xidmət edən bir matrossan. Bu adın məsuliyyətini hər zaman dərk et. Xidmət müddətində intizamlı ol, komandirlərinin tapşırıqlarını vaxtında yerinə yetir və qarşına çıxan hər işi öyrənməyə çalış. Dənizdə xidmət xüsusi diqqət tələb edir. Ona görə də sənə həvalə olunan hər bir vəzifəyə ciddi yanaş. Gəmidə hər bir işin öz qaydası və məsuliyyəti var. Öyrəndiyin hər yeni bilik gələcək xidmətində sənə kömək edəcək. Silahdaşlarınla hörmət və mehribanlıqla davran, çətin anlarda bir-birinizə dayaq olun. Qarşına çıxan çətinliklərə görə ruhdan düşmə. Unutma ki, hər bir çətinlik səni daha da möhkəmləndirir.
Hərbi xidmət dövründə qazandığın bilik və bacarıqları gələcək həyatında da dəyərləndirəcəksən. Hər zaman davranışlarınla ailəmizin, xidmət etdiyin hərbi hissənin və Azərbaycan Ordusunun adını uca tut. Biz səninlə fəxr edirik və inanırıq ki, Hərbi Dəniz Qüvvələrində xidmətini layiqincə başa vuraraq ailəmizə alnıaçıq və qürurla qayıdacaqsan. Səninlə fəxr edirəm, matros oğlum!”.
Atasının məsləhətlərini dinləyən bu gənc matros artıq Azərbaycan Ordusunun, Azərbaycan xalqının və ölkəmizin ərazi sularının müdafiəçilərindən biridir. Qarşıda onu qürurverici günlər, yeni vəzifələr və müxtəlif sınaqlar gözləyir. Dənizdə xidmət ondan ayıq-sayıqlıq, hərbi intizam, səbir və möhkəm iradə tələb edəcək. Əminik ki, o, hər bir tapşırığa ciddi yanaşacaq, silahdaşları ilə bərabər xidmət edəcək. Qəbul etdiyi Hərbi Anda sadiq qalaraq Vətənin müdafiəsində mərd dayanacaq, ona göstərilən etimadı doğruldacaq. Matrosa xidmətində uğurlar arzulayır, qarşısına çıxacaq bütün sınaqlardan üzüağ çıxmasını və xidmətini qürurla başa vurmasını arzu edirik.
Əli ABIYEV “Azərbaycan Ordusu”