Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Avqust 2026 16:48

Dünyanı dəyişdirən xəfiyyə - Rixard Zorge

XX əsrin ən güclü, eyni zamanda, tanınmış, dünyada şöhrət qazanmış, xəfiyyəliyin parlaq nümunəsi, böyük uğuru hesab edilmiş Rixard Zorgenin zəngin həyat və fəaliyyəti barədə yazdığım bəzi maraqlı qeydləri qəzetimizin oxucularına çatdırıram. Siz kimsiniz Zorge? Rixard Zorge dünyanı dəyişdirən, tarixin ən çətin tapşırıqlarını yerinə yetirmiş xəfiyyədir. Qüsursuz görülmüş bir işin sahibidir. Və nəhayət, 1895-ci il oktyabrın 4-də Bakı şəhərinin Sabunçu qəsəbəsində (indiki Sabunçu rayonu) alman əsilli bir ailədə dünyaya göz açmış, kommunist ideologiyası ilə güclü “silahlanmış”, ölümündən sonra adı ölkələrdə dolaşmış bir xəfiyyədir. Xəfiyyənin Bakı şəhərində anadan olması və Azərbaycanı xatırlaması faktı da yazdığı xatirələrində qeyd edilir. Uşaq yaşlarından atasının işi ilə əlaqədar Bakıdan Berlinə köçən Zorgeyə bir daha doğulduğu ölkəni görmək qismət olmamışdı. Rixard Zorge xatirələrində Azərbaycan barədə deyirdi: “Özümü tamamilə azərbaycanlı hiss edə bilərdim, bəla burasındadır ki, azərbaycanca bir söz belə danışa bilmirəm”. 
Dünyanı dəyişdirən qəhrəman xəfiyyə fəaliyyətlərini belə şərh edirdi: “Mən və mənim köməkçilərim heç vaxt zorakılığa, şantaja, satqınlığa, təxribata, terrora və başqa çirkin vasitələrə əl atmadıq. Əvəzində biz böyük yaradıcı kəşf, dərin təhlil, sərt intizamdan, nöqsansız məxfi məlumatlardan istifadə etdik”. 
Rixard Zorge Vilhelm Zorgenin ailəsində doğulub böyüyüb və doqquz övladın sonuncusu olub. Rixardın atası Bakıya neft mədənlərində mühəndis işləməyə gəlmiş əcnəbilərdən idi. Qafqaz Neft Şirkətində çalışan Vilhelm Zorge rus əsilli Nina Semyonovna ilə evli olub. Zorge ailəsi bir neçə il Bakıda yaşadıqdan sonra yenidən Berlin şəhərinə köçür. Bakıda doğulmaq və daha sonra Berlinə yerləşmək kiçik Zorgenin həyatında təsirsiz ötüşmür. Rixardın böyük əmisi Fridrix Zorge dövrünün tanınmış ictimai-siyasi xadimləri olan Karl Marks və Fridrix Engels ilə dostluq münasibəti saxlayırdı. Bundan başqa, Rixardın babası Albert Zorge də fəal siyasi fəaliyyətlə məşğul olurdu. Kommunizm hərəkatının təbliğatında ailənin fəallığı Rixard Zorgenin gələcək siyasi dünya görüşünə güclü təsir edir. 
1914-cü ildə Birinci Dünya müharibəsi başlananda Rixard həmin ilin oktyabrında könüllü olaraq cəbhəyə yollanır. Almaniya ordusunda tələbələr üçün təşkil olunmuş III topçu birliklərində xidmət etməyə başlayır. 1916-cı ilin martında Qərb cəbhəsində aparılan şiddətli döyüşlərdə iştirak edərkən ağır yaralanır. Şrapnel (hazır vurucu ünsürləri – sferik güllə, çubuq, ikili pelerin) yarası səbəbindən üç barmağı kəsilir və hər iki ayağı sınır. Rixard döyüşdə aldığı bu zədə səbəbindən həyatının sonuna kimi axsamaq məcburiyyətində qalır. Döyüşlərdə göstərdiyi şücaətə görə “kapral” (bəzi ölkələrin silahlı qüvvələrində kiçik zabit heyətində hərbi rütbə) rütbəsi alan Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli Dəmir Xaç medalına layiq görülür. O, hərbi hospitalda müalicə alarkən Karl Marksın əsərlərini oxumağa başlayır. Həyatının ən gənc dövründə kommunist fəlsəfəsi ilə daha yaxından tanış olur və müalicə aldığı hospitalda çalışan bir tibb bacısının atası vasitəsilə kommunist hərəkatına qoşulur. Rixard Zorge Almaniyanın Kiel, Berlin və Hamburq kimi şəhərlərində iqtisadiyyat üzrə təhsil alır. 1919-cu ilin avqustunda Rixard siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini alır.
Almaniya Kommunist Partiyasına qoşulan Rixard siyasi görüşləri və fikirləri səbəbindən işlədiyi kömür mədənindən qovulur. Açıq şəkildə kommunizm ideyalarını müdafiə etməsi və Avropada ona qarşı təzyiqlərin artması nəticəsində o, Sovet Sosialist Respublikaları İttifaqına qaçmaq məcbiriyyətində qalır. Sovetlər İttifaqında xüsusi kəşfiyyat orqanları ilə əməkdaşlığa cəlb olunması Rixard Zorgenin həyatında yeni və daha mühüm bir mərhələnin başlanğıcı olur. 
Moskva şəhərinə gəldikdən qısa müddət sonra Rixard Zorge xüsusi xidmət orqanlarında işlə təmin olunur. Jurnalist adı altında fəaliyyət göstərməklə Avropanın müxtəlif ölkələrinə göndərilir. Burada ona tapşırılan əsas işlərdən biri Avropada baş verə biləcək sosialist inqilabları barədə öyrənmək, kommunist qruplarla əlaqələr yaratmaq və bütün bunlar barədə mərkəzə müntəzəm şəkildə raport vermək idi. 
Yaponiyaya səfəri Rixardın həyatında əsas həlledici məqamlardan biri olur. 1933-cü ildə Yaponiyaya göndərilməsi xəfiyyənin bir növ gələcək müqəddəratını müəyyənləşdirir. 1933-cü ilin mayında Rixard Zorge Yaponiyaya yola salınır. Məqsəd hər zaman olduğu kimi, getdiyi ölkədə SSRİ üçün əhəmiyyətli olan kəşfiyyat məlumatlarının toplanması və vaxtında onların mərkəzə ötürülməsi idi. Rixard Zorge Yaponiyada Ramzay kod adı altında fəaliyyət göstərir. 1933-1934-cü illər ərzində Yaponiyada Zorge tərəfindən xəfiyyə şəbəkəsi yaradılır. 
Rixard Zorge Anti-komintern paktı və alman-yapon paktı barədə olan məlumatları sovet mənbələrinə ötürməkdə davam edirdi. 1941-ci ildə səfirlik işçilərinin vasitəsilə Rixard “Barbarossa” əməliyyatı barədə Moskvaya təcili raport göndərir. Sovet dövlətinin rəhbəri İosif Stalinə Yaponiyadan göndərilən gizli raport çatdırılsa da, Stalin buna əhəmiyyət vermir və Zorgenin məlumatlarına inanmır. Stalin nasistlərin belə bir səhv etməyəcəyini düşünürdü.
Kempeitai adlandırılan yapon gizli polis təşkilatı bütün Yaponiyadan xaricə göndərilən tək istifadəlik xətti mesajların izinə düşür. Başlanılan əməliyyat qısa zamanda öz nəticəsini göstərir. Rixard Zorge 1941-ci il oktyabrın 18-də Tokioda həbs olundu. Barəsində həbs qərarı çıxarılan Zorge Suqamo həbsxanasına göndərilir. O, saxlanıldığı həbsxanada 1944-cü il noyabrın 7-də Tokio vaxtı ilə 10:20-də asılaraq edam edilir.  Edamdan sonra Zorgenin cəsədi saxlanıldığı Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlıqda dəfn olunur. Sonralar xəfiyyənin Almaniyada yaşayan anasının səyi nəticəsində cəsəd həbsxanadan çıxarılır. Nəşin yeni yeri kimi Tokionun Füçi səmtində yerləşən məzarlıq seçilir.  Azərbaycanda - Bakı şəhərində doğulan və uzaq Yaponiyada kommunist əqidəsi naminə ağır işgəncələrə məruz qalan, ömrü faciə ilə sona çatan və dünyanı dəyişdirən xəfiyyənin - Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin küllərinin saxlanıldığı məzar bu gün də orada yerləşir.
1964-cü il noyabrın 5-də Rixard Zorgenin ölümünün iyirminci ildönümü ilə əlaqədar Moskvada tədbir təşkil olunur və sovet dövləti qarşısında olan müstəsna xidmətlərinə görə ona Sovet İttifaqı Qəhrəmanı adı verilir. 
XX əsrin ən güclü xəfiyyələrindən biri olan Rixard Zorgenin respublikamızda xatirəsinin əbədiləşdirilməsi istiqamətində bir sıra addımlar atılıb. 1981-ci ildə Bakı şəhərində heykəltaraş Vladimir Siqal və arxitektor Mikayıl Useynov tərəfindən Rixard Zorgenin xatirə memarlıq kompleksi inşa edilib. Kompleksə daxil olan abidə Bakı şəhərinin mərkəzində yerləşir. Bakının Nəsimi rayonu ərazisində yerləşən küçələrdən biri Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin adını daşıyır. Sabunçu rayonunda vaxtilə Zorge ailəsinin yaşadığı mənzil də Rixard Zorgenin ev muzeyi kimi qorunub. 

Lalə HÜSEYNOVA “Azərbaycan Ordusu”