AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
XIX əsrin sonu və XX əsrin əvvəllərində neft bumu dövründə tikilən binalar Bakını Avropa və Şərq memarlığının sintez olunduğu bənzərsiz bir şəhərə çevirmişdir. Neoklassika, barokko, qotika və modern kimi avropa üslubları geniş yayılmışdı. Bir çox binaların tikintisində Avropadan gəlmiş, xüsusilə alman və polyak memarları iştirak edirdi. Buna görə də Bakı həmin dövrdə “Qafqazın Parisi” kimi tanınırdı. Akademik Opera və Balet Teatrı, Tağıyev Teatrı (indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrı), Tağıyevin yaşayış sarayı (indiki Milli Azərbaycan Tarixi Muzeyi) həmin dövrün eklektika (müxtəlif üslubların sintezi) və milli-romantik üslublarında inşa edilmiş memarlıq nümunələrindəndir.
1920-1930-cu illərdə bolşevik işğalından sonra zəngin neft baronlarının klassik, barokko və eklektik saraylar tikdirmək ənənəsinə son qoyuldu. Bu dövrdə funksionallıq və sadəlik ön plana çıxdı. Bəzəksiz, kəskin həndəsi formalara malik, şüşə və betondan istifadə edilən binalar ucaldı. Mətbuat evi (indiki Azərbaycan Nəşriyyatı), Bakı Dəmiryolu vağzalı binasını misal çəkmək olar.
Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. İki görkəmli memarın – Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.
1930-1950-ci illər İkinci Dünya müharibəsindən öncə və sonrakı dövrlərdə monumentallıq və əzəmət prioritet oldu. Əsasən milli elementlərlə Avropa klassik memarlığının sintezi yaradıldı. Şərq şəbəkələri, sütunlu fasadlar, yüksək tavanlar və zəngin bəzəklər. Azərbaycan Milli Elmlər Akademiyasının binası, Milli Kitabxana, Azərbaycan Texniki Universiteti və “stalinka” adlanan mənzillər həmin dövrün tikililəridir.
1960-1980-ci illər sənayeləşmənin artması ilə yaşayış böhranını həll etmək üçün xruşşovkalar və panelli yaşayış massivləri, mikrorayonlar inşa edildi.
Lakin 1970-80-ci illərdə unikal modern binalar da ucaldıldı. Gülüstan sarayı, Heydər Əliyev sarayı (keçmiş Lenin sarayı), “Nizami”, “Elmlər Akademiyası” metrostansiyalarını nümunə göstərmək olar.
1994-cü ildə “Əsrin müqaviləsinin imzalanması və neft gəlirlərinin artması ilə Bakıda tikinti bumu başladı. Şəhərin siması ultra-müasir, futuristik binalarla zənginləşdi. Heydər Əliyev mərkəzi, Alov Qüllələri, Xalça Muzeyi, Ağ Şəhər layihəsi.
2026-cı il şəhərsalma və memarlıq sahəsində mühüm yeniliklərə diqqət yetirmək, şəhərin gələcəyini düşünmək və insanların daha rahat yaşayış mühiti üçün yeni yanaşmaları təşviq etmək baxımından əlamətdar bir dövrdür. Müasir dünyada sürətli urbanizasiya şəhərlərin planlaşdırılmasını və memarlıq həllərini daha da vacib edir. Şəhərsalma dedikdə binaların və yolların yerləşdirilməsi deyil insanların rahatlığı, nəqliyyatın təşkili, yaşıllıq sahələrinin qorunması, ekoloji təhlükəsizlik və sosial ehtiyaclar nəzərdə tutulur. Düzgün planlaşdırılmış infrastruktur sağlam və əlverişli həyat şəraiti yaradır. Memarlıq isə şəhərin görünüşünü və mədəni simasını formalaşdıran əsas amillərdən biridir. Müasir memarlıq texnologiya və innovasiyalardan istifadə etməklə yanaşı, tarixi irsin qorunmasına da diqqət yetirməlidir. Tarixi binaların və milli memarlıq nümunələrinin qorunması gələcək nəsillərin öz mədəni keçmişini tanımasına imkan verir. Bu mövzu Azərbaycanın şəhərləri üçün də xüsusi əhəmiyyət daşıyır. Bakı kimi qədimlik və müasirliyin bir arada olduğu şəhərdə tarixi abidələrin qorunması, yeni tikililərin ümumi görünüşə uyğunlaşdırılması və yaşıllıq ərazilərin artırılması mühüm məsələlərdəndir. Azərbaycan zəngin tarixi və mədəni irsi ilə şəhərsalma və memarlıq sahəsində unikal tikililər ölkəsidir. Coğrafiyamızın müxtəlif bölgələrində qədim dövrlərdən qalma memarlıq nümunələri ilə birlikdə müasir dövrdə inşa edilmiş tikililər bir araya gələrək həm estetik, həm də funksional cəhətdən şəhər mühitinin inkişafına töhfə verir.
Eyni zamanda, digər şəhər və rayonların da müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsi ölkənin gələcəyi üçün əhəmiyyətlidir. Şəhərsalma və memarlıq əhalinin həyat keyfiyyətinə birbaşa təsir göstərən mühüm sahələrdir. 2026-cı ildə bu sahələrdəki davamlı inkişaf ekoloji düşüncənin, innovativ memarlığın və mədəni irsin qorunmasının əhəmyyətini bir daha ön plana çıxarır. Gələcəyin şəhərləri yalnız gözəl binalardan deyil, rahat, yaşıl və dayanıqlı mühitdən ibarət olmalıdır.
Azərbaycan memarlığı və şəhərsalma sənəti əsrlər boyu hərbi zərurətlər, müdafiə strategiyaları və zəfər ruhu ilə sıx bağlı şəkildə inkişaf etmişdir. Ölkəmizin zəngin tikinti mədəniyyəti cəmiyyətin təhlükəsizlik ehtiyaclarını və hərbi qüdrətini əks etdirən möhtəşəm bir irsdir. İçərişəhər, Şuşa qalası, Dərbənd, Əlincə qalası və Xudafərin körpüsü kimi tarixi memarlıq nümunələri sırf hərbi-strateji tələblərə uyğun inşa edilmişdir. Hündür qala divarları, müşahidə qüllələri və ensiz dolanbac küçələr düşmənin irəliləməsini ləngitmək və müdafiəni asanlaşdırmaq məqsədi daşıyırdı. Bu gün işğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng bərpa və şəhərsalma işləri şanlı Zəfərimizin bilavasitə nəticəsidir. Ordu tərəfindən təmin edilən təhlükəsizlik zəminində modern “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası reallaşır. Yeni layihələrdə hərbi tariximizi əbədiləşdirən Memorial Komplekslər, Zəfər parkları və işğal müzeyləri xüsusi yer tutur. Xankəndi və Bakıdakı Zəfər parkları memarlığın Vətən müharibəsindəki qəhrəmanlıq salnaməsini necə yaratdığının bariz nümunəsidir.
Azərbaycanın şəhərsalma tarixi keçmişdə qalalarla müdafiə olunan, bu gün isə ordumuzun zəfəri sayəsində dirçələn və müasirləşən mühəndislik, incəsənət və hərbi gücün vəhdətidir. Tarixdə şəhərlərin inkişafına və hal-hazırda baş verən proseslərə nəzər yetirilərsə, şəhərlərin artıq bir neçə binadan və ictimai yerdən ibarət sadə bir zona yox, əksinə mürəkkəb və davamlı dəyişən, dinamik və yaşayan bir orqanizm olduğu görülə bilər. Şəhər insanların gündəlik həyat tərzini, dünyagörüşünü və mədəniyyətini formalaşdıran canlı bir orqanizmdir.
Danılmaz bir həqiqət də var ki, ölkəmizdə şəhərsalma və memarlıq ənənələri əsrlərin sınağından çıxmış zəngin tarixə söykənir. İpək yolunun üzərində yerləşən Azərbaycan tarixən ticarət, sənətkarlıq və mədəniyyət mərkəzi kimi tanınıb. Şərq ölkələri ilə qurulan sıx iqtisadi, siyasi və mədəni əlaqələr iri şəhərlərimizin formalaşmasına güclü təsir edib. Məhz bu əlaqələrin nəticəsində yaranan memarlıq abidələri şəhərlərimizin simasını müəyyənləşdirən əsas amillərdən birinə çevrilib.
Azərbaycan şəhərləri tarix boyu təbii-coğrafi şəraitə və sosial tələbatlara uyğun şəkildə formalaşıb. Dar küçələr, kölgəli həyətlər və milli memarlıq üslubu insan rahatlığını ön plana çəkib. Zaman keçdikcə artan əhali, nəqliyyat sıxlığı və urbanizasiya yeni şəhərsalma yanaşmalarını zəruri edib. Geniş prospektlər, abadlaşdırılan parklar və müasir yaşayış kompleksləri həmin dəyişikliklərin nümunəsidir.
Son illər həyata keçirilən yenidənqurma və abadlıq işləri şəhər mühitinə yeni nəfəs gətirib. Paytaxt Bakı ilə yanaşı, regionlarda da müasir memarlıq layihələrinin icrası diqqət çəkir. Lakin əsas məsələ sadəcə yeni binaların tikilməsi deyil, tarixi irsin qorunması ilə müasirliyin uzlaşdırılmasıdır. Məhz bu balans şəhərin simasını saxlayır və onu gələcək nəsillər üçün qoruyur.
Memarlığa gəlincə, bu gün Azərbaycanın müxtəlif bölgələrində dövlət tərəfindən mühafizə edilən çoxsaylı abidələr mövcuddur. Müdafiə qalaları, karvansaralar, məscidlər, məbədlər və türbələr milli memarlıq ənənələrinin əyani nümunələridir. Bədii və memarlıq baxımından yüksək səviyyədə inşa olunmuş bu nümunələr hər zaman qürur hissi doğurur. Möminə xatun türbəsi, Xudafərin körpüsü və Atəşgah kompleksi dünya əhəmiyyətli abidələr sırasında xüsusi yer tutur. Bu daş əsərlər Azərbaycan memarlığının zənginliyini və özünəməxsusluğunu nümayiş etdirən nadir incilərdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş abidələrimiz Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya miqyasında tanındığını göstərir. Qədim və Orta əsr şəhər mədəniyyətini yaşadan İçərişəhər və Şirvanşahlar sarayı kompleksi bu irsin əsas nümunələrindəndir. Əsrlərə sinə gərmiş Qız qalası indi də əzəmətini qoruyur. Şəkinin tarixi mərkəzi və Xan sarayı isə milli memarlıq zövqünün nadir örnəkləri kimi diqqət çəkir. Azərbaycan memarlıq məktəbinin zirvəsində isə dahi sənətkar Əcəmi Naxçıvani dayanır. Onun yaradıcılığı təkcə ölkəmizdə deyil, bütün Yaxın Şərqdə orta əsr memarlığının inkişafına güclü təsir göstərib. UNESCO çərçivəsində 900 illiyi qeyd olunan bu böyük şəxsiyyətin əsərləri dövrünün yüksək sənətkarlıq səviyyəsini aydın şəkildə nümayiş etdirir. Azərbaycan şəhərləri qlobal şəhərsalma modellərindən bəhrələnsə də, öz tarixi, mədəni və coğrafi xüsusiyyətlərini qoruyaraq inkişaf yolunu davam etdirir. Məhz bu inkişafın ardıcıl və sistemli şəkildə davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib. Bu, təbii ki, xüsusi əhəmiyyət daşıyır və şəhər mühitinin daha planlı qurulmasına, memarlıq irsinin qorunmasına əlavə imkanlar açmaqla, daha geniş şərait yaradacaq.
Şəhərsalmanın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu sahədə buraxılan səhvləri çox vaxt düzəltmək olmur. İnfrastruktur düzgün qurulmadıqda və məkan real ehtiyaclara uyğun planlanmadıqda sonradan bu boşluqları aradan qaldırmaq çətinləşir. Bu isə iqtisadi baxımdan məhsuldarlığın azalması, əlavə ictimai xərclərin artması və uzunmüddətli vaxt itkisi ilə nəticələnir.
Bu gün Azərbaycanın şəhərlərinə baxarkən keçmişlə gələcəyin bir nöqtədə qovuşduğunu görmək mümkündür. Qədim qala divarları ilə əhatələnmiş İçərişəhərdən tutmuş şüşə və metal konstruksiyaları ilə seçilən müasir binalara qədər hər detal şəhərsalmanın inkişaf etdiyini göstərir. Ölkədən kənarda yaşayan vətəndaşlarımız hər dəfə Vətənə gəldikdə şəhərin günü-gündən dəyişdiyini, gözəlləşdiyini deyillər.
Sevda AŞIROVA “Azərbaycan Ordusu”