Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2026 20:27

3 ilin izi – “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinə nəzər

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsis edilməsindən üç il ötür. Üç il əvvəl birlik təsis edilərkən qarşıya qoyulan əsas məqsəd Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinin yanında olmaq, övladlarına diqqət və qayğı göstərmək, ailələrinin problemlərinin və ehtiyaclarının aidiyyəti qurumlara çatdırılmasına, onların hüquq və mənafelərinin müdafiəsinə töhfə vermək olub. Geridə qalan üç il ərzində bu məqsədlər istiqamətində çoxsaylı tədbirlər, layihələr və sosial təşəbbüslər həyata keçirilib.
Şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması, məzarlarının ziyarət edilməsi, onların həyat və döyüş yollarının ictimaiyyətə çatdırılması birliyin fəaliyyətində əsas istiqamətlərdən birinə çevrilib. Naxçıvan Dövlət Televiziyası ilə əməkdaşlıq çərçivəsində doğum günü olan şəhidlərimizin həyat və döyüş yolunu əks etdirən videoçarxların monitorlarda nümayişi təşkil olunub.
Əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi də artıq ənənə halını alıb. 20 Yanvar – Ümumxalq Hüzn Günü, Aprel döyüşləri və Sədərək döyüşlərinin ildönümləri ilə bağlı anım tədbirləri təşkil olunub, şəhidlərimizin qəhrəmanlıq yolu yad edilib. Aprel döyüşlərinin ildönümü münasibətilə Naxçıvan Dövlət Universiteti ilə birgə “Aprel döyüşləri – Böyük Zəfərin başlanğıcı” adlı tədbir keçirilib. Universitetdə ilk dərs günlərində şəhid valideynlərinin iştirakı ilə açıq dərslər təşkil olunub. Bu görüşlər tələbələrin şəhidlərimizin həyat və mübarizə yolu ilə daha yaxından tanış olmasına xidmət edib.
Sədərək döyüşlərinin ildönümü münasibətilə silsilə anım tədbirləri də keçirilib. Şərur və Sədərək rayonlarının Şəhidlər xiyabanları ziyarət olunub, döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilib. Müxtəlif rayonlarda təşkil olunan tədbirlərdə Sədərək döyüşlərinin tariximizdəki yeri və şəhidlərimizin qəhrəmanlığı bir daha diqqətə çatdırılıb.
Şəhid ailələri və övladları üçün bayram və istirahət proqramlarının təşkili də birliyin fəaliyyətində ənənəvi xarakter alıb. Novruz bayramı münasibətilə şəhid övladları üçün bayram şənlikləri keçirilib, onların sevincinə şərik olunub. Şəhid övladlarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzinə səfər, eləcə də Ərəfsədə yerləşən “Aquamar” istirahət mərkəzinə tur təşkil olunub.
Onların Azərbaycanın tarixi Zəfər məkanları ilə tanışlığına da diqqət göstərilib. 70 nəfər şəhid ailəsi və övladının Qarabağın incisi Şuşaya səfəri iştirakçılar üçün həm mənəvi, həm də tarixi baxımdan yaddaqalan olub.
Əlahiddə Ümumqoşun Ordu ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində bir sıra birgə tədbirlər keçirilib. Şəhid ailələri və övladlarının hərbçilərlə görüşləri təşkil olunub, onların hərbi həyatla tanışlığına və vətənpərvərlik ruhunun gücləndirilməsinə imkan yaradılıb.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təsisçisi və sədri tərəfindən gənclərlə mütəmadi görüşlər keçirilib. Görüşlərdə şəhidlərimizin həyat və döyüş yolu haqqında, həmçinin vətənpərvərlik və milli-mənəvi dəyərlər barədə fikir mübadiləsi aparılıb. Könüllü gənclərin birliyin keçirdiyi tədbirlərdə fəal iştirakı təmin edilib.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvandan olan şəhid ailələri və döyüşlərdə sağlamlığını itirənlərin Türkiyənin İğdır əyalətində türkiyəli şəhid ailələri və döyüşlərdə yaralananlarla görüşü təşkil olunub. Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb. Şəhid ailələri və döyüşlərdə yaralananlarla əlaqələrin yaradılması ön plana çıxardılıb.
2026-cı ildə də birliyin fəaliyyəti əvvəlki illərdə olduğu kimi, müxtəlif istiqamətlər üzrə də davam etdirilib. 
Sədərək döyüşlərində qəhrəmancasına döyüşərək şəhid olmuş gənclərimizin xatirəsinin yad olunması məqsədilə “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin, Şərur rayonu və Sədərək rayonu İcra Hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib.
May və iyun aylarında Azərbaycanın mədəniyyət və incəsənət nümayəndələrinin Naxçıvana səfərləri zamanı onların müraciəti əsasında şəhid ailələri ilə görüşləri təşkil olunub. Görüşlərdə şəhid ailələri ilə səmimi fikir mübadiləsi aparılıb, qəhrəmanlarımızın həyat və döyüş yolu barədə söhbətlər edilib.
İyul ayında isə şəhid övladlarının intellektual və sosial inkişafına yönəlmiş “Şəhid övladlarının intellektual inkişaf proqramı” layihəsi çərçivəsində Ağbulaq İstirahət Mərkəzində yay düşərgəsi təşkil olunub. Düşərgədə şəhid övladları və şəhid xanımları üçün intellektual və yaradıcı fəaliyyətlər, komanda oyunları, idman yarışları, maarifləndirici görüşlər və müxtəlif istirahət proqramları keçirilib. “Şəhid övladları ilə gələcəyə baxış” mövzusunda görüş təşkil olunub, onların təhsili, gələcək hədəfləri və şəxsi inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb. Layihə çərçivəsində Batabat Astrofizika Rəsədxanasına və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiyalar da təşkil olunub.
Üç il ərzində həyata keçirilən tədbir və layihələr birliyin fəaliyyətinin yalnız bir hissəsidir. Bu fəaliyyətin arxasında dayanan əsas məqsəd isə dəyişməyib: şəhidlərimizin adını və əziz xatirəsini yaşatmaq, şəhid ailələrinin yanında olmaq, onların övladlarına diqqət və qayğı göstərmək.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin fəaliyyəti hər zaman müxtəlif sosial şəbəkə və media platformaları vasitəsilə insanların diqqətinə çatdırılır.
Geridə qalan üç il göstərib ki, şəhid ailələrinin yanında olmaq yalnız müəyyən günlərdə onları xatırlamaq deyil, daim davam edən mənəvi məsuliyyətdir. Bu məsuliyyət şəhid ailələrinin sevincinə şərik olmaqdan, övladlarının inkişafına dəstək göstərməkdən və onların hər zaman diqqətdə saxlanılmasından ibarətdir; üç illik fəaliyyətə nəzər salarkən qarşıda daha böyük məsuliyyət və yeni işlərin dayandığını aydın görürük və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi bundan sonra da şəhidlərimizin əziz xatirəsinin yaşadılması, şəhid ailələrinin diqqət və qayğı ilə əhatə olunması, onların övladlarının inkişafına dəstək göstərilməsi istiqamətində fəaliyyətini əzmlə davam etdirəcək.

Bəxtiyar ƏLİYEV “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi