AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Vətən də canlıdır. O da anadır. Diqqət, qayğı, müdafiə istəyir. O, danışmır, həm də danışır. O, bütövdür, bütöv də qalmaq istəyir. Böyükdür, daha da böyük olmaq istəyir. O, hamı üçün doğmadır, doğma kimi də sevilir, əzizlənir...
İsti yay səhəridir. Vətənimin ikinci ən böyük şəhəri qədim Gəncənin yolları adi günlərdən fərqli olaraq avtomobillərlə doludur. Gecəynən müxtəlif bölgələrdən bu qədim şəhərə üz tutan insanların məqsədləri, amalları birdir; bir ay öncə hərbi xidmətə yola saldıqları övladlarının Hərbi Andın qəbul edilməsində iştirak etməkləridir. Çoxları yüz kilometrlərlə məsafədən gəlib. Hərbi hissənin yaxınlığında yolun kənarında şam ağaclarının altında qərar tutublar. Dan yeri yenicə açılır. Meh də əsmir ki, çox da uzaqda olmayan Murovun sərinini gətirsin. Budaqların arasından üfüqdən boylanan günəş şüaları ilıq havanı yavaş-yavaş isidir. Bir azdan lap isti düşəcək. Adamlar kölgələnməyə indidən yer axtarırlar...
Hərbi hissədən əsgərlərin ayaq səsləri gəlirdi. Bəzən də xorla dedikləri Hərbi Andın sözləri eşidilirdi. Hiss olunurdu ki, onlar Hərbi Anda başlamazdan əvvəl sonuncu məşqlərini edirlər. Sıra meydanında boy sırası ilə düzülmüş əsgər “qutu”larının səsidir bu səs. Bu tanış, doğma səs adama xoş ovqat bəxş edir. Adam öz ordusu ilə fəxr edir, qürur duyur. Bir anlıq xəyalım əvvəlki illərə, ordumuzun yeni yarandığı vaxta gedir. Onda da ordumuz var idi. İndiki kimi intizamlı idi, amma təminat baxımdan eyni qaydada tam təchiz edilməmişdi. O zaman müharibə gedirdi. Ordumuzun böyük hissəsi düşmənlə təmas xəttində yerləşirdi. Hər bir əsgərdə Vətənə bağlılıq, sevgi vardı. Torpaqları düşmən işğalından azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyirdi. Döyüş əmrinin gözlənməsi də zamanında içdiyi Hərbi Anda sədaqətin bir hissi idi. İllər keçdi, əsgərlər hərbi xidmətdə bir-birini əvəz etdilər. Amma yenə də onların Vətənə olan sonsuz sevgisi tükənmədi. Tərxis olsalar belə, yenə torpaqlarımızın işğaldan azad edilməsi üçün döyüşlərə hazır idilər. Nəhayət, 2020-ci il sentyabrın 27-si hər kəsin həsrətlə gözlədiyi tarixi gün yetişdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev orduya əks-hücum əmri verdi. Qısa müddətdə ordumuzun bölmələri təmas xəttini yardı. Düşməni məğlub edərək torpaqları hissə-hissə azad etdi. Cəmi 44 gün davam edən müharibə Vətənimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələndi.
Onda da əsgərlər Vətənə müqəddəs and içmişdilər. And içmişdilər ki, əldə silah Vətəni göz bəbəyi kimi qoruyacaqlar, əjdadlarının döyüş ənənələrinə sadiq qalacaqlar, komandirlərin verdiyi əmr və göstərişlərə sözsüz tabe olacaqlar. Oldular da. Müharibədən əvvəl onlar komandirlərin öyrətdiklərini dərindən mənimsədilər. Həm nəzəri biliklər, həm də praktiki vərdişlər döyüş vaxtı döyüşçülərin karına gəldi.
Hərbi rituallardan sonra gənc əsgərlərin andiçmə mərasimi başladı. Onlar Hərbi Anda sadiq qalacaqlarına söz verdilər. And içən əsgərlərin uca səsləri ətrafa dalğa-dalğa yayılırdı. Səmaya ucalan bu səsin ahəngində bir məğrurluq, bir qələbə əzmi vardı. And içən əsgərlər bununla böyük Zəfərin qoruyucuları, davamçıları olduqlarını deyirdilər. 44 gün davam edən Qarabağ savaşında bizə tarixi Zəfəri yaşadan oğullar da bu cür and içmişdilər. Onlar anda sadiq qalaraq Vətən uğrunda, Qarabağın azad edilməsi yolunda döyüşə atıldılar. Misilsiz qəhrəmanlıqlar göstərdilər. Keçilməz yerlərdən keçdilər, aşılmaz qayaları aşdılar ki, qədim yurd yerlərini azad etsinlər. Qanları, canları bahasına buna nail oldular. Bir əli silahda, bir əli dost çiynində başını dik tutub and içən Vətən oğullarının sədaqəti yüzlərlə izləyicini heyran edirdi. Silahla qardaş olub and içən əsgərlər artıq bu andan etibarən Vətənin tamhüquqlu müdafiəçiləri oldular.
Çıxışlar oldu. Vətənpərvərlikdən, qəhrəmanlıqlardan danışıldı. Döyüşlərdə şücaət göstərmiş oğulların hünərlərini örnək çəkdilər. Əsgərlərin adından söz deyən əsgər də içdiyi anda sadiq qalacaqlarını, bu yolda ölüm belə olsa bir addım geri çəkilməyəcəklərini bildirdi. Onların çıxışlarında böyük həqiqət, inam, güvən vardı. O həqiqəti, o inamı gerçəkləşdirəcək bir ümid vardı onların gözlərində. Ətrafı bir də nəzərdən keçirirəm. Qərargah, əsgər yataqxanaları, yeməkxana və başqa yeni tikilmiş binalar göz oxşayırdı. Bunlar hamısı əsgərlərin xidməti istifadəsində olan obyektlərdir. Bu şəraiti görən əsgər valideyni də övladından tam arxayın olur.
Andiçmə mərasimi bitəndən sonra valideynlərlə görüş oldu. Bölük-bölük əsgərlər əvvəlcədən müəyyən etdikləri yerlərə komandirlərinin rəhbərliyi altında gəlirlər. Onlar doğmalarına, yaxınlarına qovuşurlar. Bu da tarixi bir günün xoş anıdır. Övladlarından bu qədər müddətə ayrı düşməyən anaların həsrətli görüşü adamı lap kövrəldir. Onlar bir anlıq belə övladlarından “qopmaq” istəmirlər. Əsgər görüşünə gələn hər bir valideynin övladına “Komandirlərinin sözünə qulaq as, onların verdiyi əmrlərdən çıxma, hərbi bilikləri dərindən öyrən, əsgər yoldaşların ilə dostluq əlaqələrini qur, sağ-salamat səni evdə gözləyirik” və başqa bu kimi nəsihətləri də tez-tez eşitmək olurdu.
Qeyd edək ki, Gəncə şəhərində yerləşən hərbi hissə ilə yanaşı, ordumuzun bir neçə hərbi hissəsində də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına uyğun olaraq, gənc əsgərlərin andiçmə mərasimləri keçirildi.
Mərasimlərdə hərbi orkestrlərin müşayiəti ilə Döyüş bayraqları təntənəli surətdə sıra meydanlarına gətirildikdən sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Təntənəli surətdə Hərbi Andı qəbul edən gənc əsgərlər Vətənə sadiq olacaqlarına söz verdilər.
Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandirləri çıxış edərək gənc əsgərləri əlamətdar gün münasibətilə təbrik etdi, onlara Vətənə, dövlətə, Ali Baş Komandana, Hərbi Anda sadiq olmalarını, nümunəvi xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş hazırlıqlarını daim yüksəltmələrini, komandir-rəis heyətinin əmr və göstərişlərini dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə hər an hazır olmalarını tövsiyə etdilər.
Çıxış edən tədbir iştirakçıları gənc əsgərlərin Hərbi Andı qəbul etmələrindən qürur duyduqlarını və hərbi xidmətdə yaradılan şəraitə görə dövlət başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Andiçmə mərasimləri hərbi qulluqçuların təntənəli marşlarla tribunaların önündən keçidləri ilə başa çatdı. Sonda hərbi hissələrdə vətənpərvərlik ruhunda mədəni-kütləvi tədbirlər keçirildi.
“Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları andiçmə mərasimlərində iştirak edən gənc əsgərlərin və onların valideynlərinin düşüncələrini qələmə aldılar. Onları oxucularımıza təqdim edirik.
“Azərbaycan Ordusu”
Əsgər atası Araz İsmayılov: Zaqatala rayonunun Gözbarax kəndindən gəlmişəm. Oğlum Əzizi bir ay bundan öncə hərbi xidmətə yola salmışdım. O, hərbi xidmətdən, burada onlara göstərilən diqqət və qayğıdan razıdır. Mən də ordumuzda xidmət etmişəm. Rabitəçi olmuşam. O vaxtlar Birinci Qarabağ müharibəsi yenicə dayanmışdı. Cəbhədə atəşkəs elan olunmuşdu. İstər ərzaq, istərsə də geyim və digər təminatlar çox zəif idi. Buna baxmayaraq əsgərlərdə Vətəni qorumaq üçün ruh yüksəkliyi vardı. Komandirlər tərəfindən müntəzəm dərslər keçirilirdi. Əsgərlər ixtisaslara uyğun təlim-məşqlərə davam edirdilər. Günlərlə çöl şəraitində, poliqonlarda qalıb bilik və bacarıqlarımızı artırırdıq. Torpaqlarımız erməni işğalı altında olduğu üçün müharibənin başlanacağı anı gözləyirdik.
Böyük oğlum Gündüz İsmayılovu da bu ilin yanvarında hərbi xidmətə yola salmışıq. Gündüz dağların qoynunda, zamanında ağır döyüşlər getmiş bir ərazidə komando hərbi hissəsində xidmət edir. Oğullarımın Vətən qarşısında övladlıq borcunu ləyaqətlə başa vurub, alnıaçıq, üzüağ evə dönəcəkləri günü gözləyirəm.
Əsgər atası Rəhim Bilalov: Şəki şəhərindən gəlmişəm, ürəyim xoş sözlərlə, səmimi arzularla doludur. Özüm də zamanında xidmət etmişəm. Hərbi xidmətin nə olduğunu yaxşı bilirəm. Vətən, torpaq, xalq, dövlət anlayışlarını oğlum İbrahimə hərbi xidmətə yola salmadan əvvəl aşılamışam. İbrahim ali təhsillidir. Lənkəran Dövlət Universitetini bitirib. Arzum idi ki, oğlum da əsgər olsun. Hərbi xidmətin nə olduğunu bilsin. Hərbi xidməti keçmək, Vətən qarşısında övladlıq borcunu yerinə yetirmək hər bir gənc üçün vacibdir və mənəvi borcdur. Bu müqəddəs yolu keçməyən birinin həyatda uğur qazana biləcəyinə gümanım azdı. Çünki hərbi xidmət böyük bir məktəbdir. Oğlumu gələcək həyatda möhkəm iradəli, vətənpərvər görmək istəyirəm. Bunun da yolunu hərbi xidmətdə, nizam-intizamda, müntəzəm fiziki hazırlıqda və taktiki çöl təlimlərində görürəm. Bu gün mənim üçün əlamətdar bir gündür. Bir ay əvvəl hərbi xidmətə yola saldığım oğlum Hərbi Andı qəbul etdi. Bu mənə də bir anlıq hərbi xidmət dövrümü xatırlatdı. Xalqımız ötən əsrin sonlarında tarixin ən ağır sınağı ilə üz-üzə qaldı. Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş erməni təcavüzü bizi böyük fəlakətlərə sürüklədi. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan daha böyük fəlakətlərlə üzləşəcəkdi. Altı ildir ki, Azərbaycan Ordusu erməni işğalı altında qalmış torpaqlarımızı azad edib. Ölkəmizin suverenliyi tam bərpa olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordumuz daha da gücləndi. Regionun ən güclü, ən qüdrətli ordusuna çevrildi. Oğluma və onun silahdaşlarına sözüm odur ki, siz bu gün qalib ordunun əsgərlərisiniz. Bu ordunu indi siz daha güclü, daha qüdrətli etməlisiniz. Hərbi biliklərə və praktiki məşqlərə dərindən yiyələnməli, komandirlərin əmrlərinə sözsüz tabe olmalısınız.
Əsgər nənəsi Fatma Süleymanova: Şəki şəhərindən gəlmişik. Nəvələrim bu hərbi hissədə əsgərdirlər. Alik Süleymanov və Artur Süleymanov oğul nəvələrimdir. Hər ikisi Vətənə, torpağa, elə, obaya bağlı savadlı, məsuliyyətli gənclərdir. Bu gün onların həyatının ən sevincli, xoşbəxt, unudulmaz günüdür. Onlar Hərbi And içib ordumuzun sıralarında Vətənimizin keşiyində dayanacaqlar. Mənim də sevincimin həddi hüdudu yoxdur. Əsgər nənəsi olmaq bir başqa hissdir. Onlarla qürur duyuram. Hərbi And içən bütün əsgər övladlarımızı təbrik edirəm. Sözüm əsgərlərədir.
Vətənimizə layiqli övlad olun. Onun keşiyində möhkəm dayanın. İşinizdə həmişə ayıq-sayıq olun. Namusla, vicdanla xidmət edib, valideynlərinizin, əzizlərinizin yanına başıuca, alnıaçıq dönün. Allah bir də xalqımıza ağrı-acı yaşatmasın. Müharibə, qan-qada, anaların gözü yaşlı olmasın. Qardaşımın, bacımın iki oğlu Birinci Qarabağ müharibəsində könüllü iştirak edib. Qarabağ müharibəsi veteranıdırlar. Müharibə analarımızın bir ömür boyu qurumayan göz yaşlarıdır. Arzulayıram ki, bütün dünyada müharibələr dayansın. Göyün üzü açıq olsun. Analar övladlarını sülh şəraitində hərbi xidmət keçməyə yola salsınlar. İllərlə ağır, faciəli, müharibə şəraitində yaşadıq. Dövlətimizin rəhbəri İlham Əliyevin sayəsində ordumuzun, xalqımızın birliyinin gücü ilə düşmənin ayağı torpaqlarımızdan çəkildi. Xalqımızın minlərlə oğlu Vətən yolunda canından keçdi, şəhid oldu. Şükürlər olsun bu günümüzə. Bu gün övladlarımız dinc şəraitdə Vətənimizə sədaqətlə xidmət edirlər. Allah əsgərlərimizi qorusun.
Əsgər anası Vəfa Əliyeva: Oğlum Sübhan Həsənov Azərbaycan Neft və Sənaye Universitetinin məzunudur. Bu gün o, Hərbi Andı qəbul edib Vətənimizin keşiyində ayıq-sayıq dayanacağına söz verdi. Əsgərlik məktəbində böyük həyata hazırlanırsan. Burada keçdiyin dərslər də həyat dərsidir. Biz valideynlər gənc matrosların məişət şəraiti ilə yaxından tanış olduq. Gördüyümüz mənzərə çox ürəkaçandır. Onlar üçün çox gözəl şərait yaradılıb. Böyük yeməkxanası, tərtəmiz yataqxanaları var. Adam içəri girəndə ürəyi açılır. Qəlbimiz qürur hissi ilə döyünür. Sağ olsun Prezidentimiz, Ali Baş Komandanımız. Əsgərlərimizə bu cür gözəl şərait yaradıb. Dövlət başçımız hər zaman orduya böyük diqqət və qayğı göstərib. Bizim çox güclü ordumuz var. Dövlət, xalq, ordu birliyi ordumuzu daha da güclü, qüdrətli edir. Sübhanı Vətənini sevən, ona candan bağlı bir övlad kimi böyütmüşük. Bu gün Hərbi Andı qəbul edib ordu sıralarına daxil olan bütün əsgər və matrosları təbrik edir, onlara cansağlığı, Vətənə xidmətlərində uğurlar arzulayıram.
Əsgər anası Leyla Xəlilova: Fəxr edirəm ki, bu gün oğlum əsgər Amil Xəlilov Vətənimizə, xalqımıza layiqli övlad olub, Hərbi And içib ordumuzun sıralarında xidmətə başlayır. Hətta mən deyərdim ki, həyatının ən məsuliyyətli dövrü başlayır. Bu günün layiqli əsgəri sabahın layiqli vətəndaşı olacaq. Hərbi hissədə matroslar üçün yaradılan şərait dünyanın ən müasir ordularında var. Bütün hərbi hissələrdə belə yüksək səviyyədə şəraitin yaradılması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ordumuza göstərdiyi diqqətin nəticəsidir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də Müzəffər Ali Baş Komandanımızla, rəşadətli ordumuzla qürur duyuram. Bütün gənc matros və əsgərləri andiçmə günü münasibətilə təbrik edir, Vətən naminə müqəddəs və şərəfli xidmətlərində nailiyyətlər arzulayıram.
Əsgər babası Bayram Səmədov: Oğullar Vətən üçün doğulurlar. Vətənin dar günündə ona arxa-dayaq da oğullarımız olur. Bu hər zaman belə olub, belə də olacaq. Qarabağda müharibə başlayanda igid, qorxmaz oğullarımız əlinə silah alıb Vətən torpaqlarını qorumağa getdilər. Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımız xalqımızın tarixində yeni qürur səhifələri açdılar. Analarımız şəhid övladlarını torpağa tapşırıb “Təki Vətən yaşasın”, - dedilər. “Oğul düşmən çəpəridir”, - deyib atalarımız. Oğul nəvəm gənc matros Elnur Səmədov da Vətənə övladlıq borcunu verməyə gəlib. O da əsgər və matros yoldaşları ilə birlikdə Hərbi Andı qəbul etdi. Söz verdi ki, Vətənimizin keşiyində ayıq-sayıq dayanacaq. Elnurun qardaşı da işğaldan azad olunmuş Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Komando hərbi hissəsində xidmət edir. 13 ayın əsgəridir. Hər iki nəvəmi hərbi xidmətə “Get, Vətəni kişi kimi qoru. Vətənin şərəfi ailənin şərəfi deməkdir”, - deyib yola salmışam. Bu gün şükürlər olsun ki, hər yerdə əsgərlərimiz üçün gözəl şərait yaradılıb. Yeməkləri, təmizlikləri gözümüzün qabağındadır. Ordumuza göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarıq. Bu gün Ali Baş Komandanın orduya diqqəti sayəsində övladlarımız müasir hərbi hissələrdə xidmət aparırlar. Vətənimizin keşiyində dayanan bütün hərbçilərimizi Allah qorusun.
Əsgər Səid Bəylərov: Naxçıvan şəhərində anadan olmuşam. Atam da hərbçi olub. Hərbi Dəniz Qüvvələrində xidmət edib. İkinci dərəcəli kapitan rütbəsi ilə təqaüdə çıxıb. Uşaqlıqdan hərb peşəsinə xüsusi rəğbətlə böyümüşəm. Hərbi xidmət mənim üçün həm də həyat məktəbi olacaq, çünki əsgərlik hər bir gəncin müstəqil həyata uyğunlaşmasında mühüm rol oynayır. Hərbi xidmətə gəldiyim qısa müddət ərzində bir çox bilik və bacarıqlara yiyələnmişəm. Burada komandirlər bizə hərbi bilikləri yüksək səviyyədə öyrədirlər. Biz də onların öyrətdiklərini daha dərindən öyrənirik. Mənim üçün həm yeni, həm də maraqlı olan təlim-atış çalışması oldu. İlk dəfə idi ki, adımıza təhkim olunan avtomatdan təyin olunmuş məsafəyə güllə atırdım. Atdığım güllə də hədəfə dəydi. Komandirin dilindən bunu eşitmək qürurverici idi. Bu məni çox sevindirdi. Hərbi Anda hazırlığın da həyatımın ən xoş və yaddaqalan anları olduğunu düşünürəm. Çünki hazırlıq müddətində çoxlu məşqlər etdik. Bu hazırlıqlar çətin olsa da, uğurlu keçdi. Hərbi Andın sözləri necə də dərin mənalıdır. Andıma sadiq qalacağam. Hazırlıq dövrü bitəndən sonra xidmətimə harada davam edəcəyimi bilmirəm. Ancaq harada olmağımızdan asılı olmayaraq, Vətən qarşısında xidməti borcumuzu ləyaqətlə, şərəflə başa vuracağıq.
Əsgər Ünal Nəsibov: Azərbaycan Diplomatik Akademiyasını bitirmişəm. Vətənə xidməti borcumu verməkdən qürur duyuram. Hər bir xalqın və dövlətin qoruyucusu, müdafiəçisi onun əsgəri və ordusudur. Məndən əvvəl də hərbi xidmətə gələnlər olub. Onlar Vətənimizi canla-başla qoruyublar. Uzun müddət Qarabağ və ətraf rayonlarımız ermənilərin işğalı altında olub. Həmin ərazilər ordumuz tərəfindən İkinci Qarabağ müharibəsi zamanı azad edilib. Ölkəmizin ərazi bütövlüyünü bərpa edən xalqımızın qəhrəman oğullarının döyüşlərdə göstərdikləri igidliklər saya gələn deyil. Ulu babalarımızın miras qoyduğu şəhid qardaşlarının qanı axan, sağlamlıqlarını Vətənə qurban verən və döyüşlərdən sağ qayıdan oğulların sayəsində düşmən məğlub oldu. Mənim atam da Birinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun müharibə illəri ilə bağlı xatirələrini dinləmişəm. O zaman Azərbaycan Ordusu yeni yaranırdı. Müharibə gedirdi. Ordu pərakəndə idi. Belə bir ordunun sona qədər döyüşlərdə uğur qazanacağı gözlənilən deyildi. Amma buna baxmayaraq döyüşən əsgərlərin göstərdikləri fərdi igidliklər saya gəlmirdi. Hərbi xidmətə gəldiyim ilk gündən qarşıma məqsəd qoymuşam ki, Vətən qarşısında hərbi xidmətimi şərəflə, ləyaqətlə başa vurum. Bunun üçün komandirlərin sözünə tabe olmaq, verilən əmr və göstərişləri vaxtında yerinə yetirmək lazımdır. İntizam qələbənin başlanğıcı, yüksək intizam isə qələbə deməkdir. Məqsədim, amalım yüksək intizamlı əsgər olmaqdır.
Əsgər Elxan Hətəmov: 2004-cü ildə Füzuli rayonunda anadan olmuşam. Bakı Dövlət Universitetində “Beynəlxalq münasibətlər” ixtisası üzrə təhsil almışam. Hərbi xidmətə başladığım ilk gündən qarşımda dayanan məsuliyyətin mahiyyətini yaxşı dərk edirəm. Hərbi And hərbi xidmətin başlanğıcı olmaqla bərabər, Vətən qarşısında verilən ömürlük sözün ifadəsidir. Hərbi Andın hər bir sözünü şərəf qanunu bilərək ömrüm boyu uca tutacağam. Vətənin hər qarışını canımdan əziz bilib, onu göz bəbəyim kimi qoruyacağam. Azərbaycan əsgəri adını şərəflə daşıyacaq, xalqımın başını həmişə uca edəcəyəm. Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü hər an qorumağa söz verirəm. Ordu həyatına qədəm qoyduğumuz ilk gündən üzərimizə böyük məsuliyyət götürdüyümüzü dərindən anlayırıq. Hərbi Andı qəbul edərkən xalqımıza və dövlətimizə sədaqətlə xidmət edəcəyimizə, Vətənin müdafiəsi naminə üzərimizə düşən vəzifələri şərəflə yerinə yetirəcəyimizə söz vermişik. Bu gün həmin andın məsuliyyətini hər addımda hiss edirik. Mən və əsgər yoldaşlarım Vətən qarşısında Hərbi Andı qəbul etdik. Bu, həyatımın ən məsuliyyətli və qürurverici günlərindən biridir. Azərbaycan Ordusunun əsgəri olmaq mənim üçün böyük fəxrdir. Hərbi xidmət müddətində əsgərlərə yalnız hərbi biliklər öyrədilmir. Burada kollektivlə davranmaq, bir-birinə dayaq olmaq, çətinliklərin öhdəsindən birlikdə gəlmək və verilən tapşırığa məsuliyyətlə yanaşmaq kimi vacib xüsusiyyətlər də formalaşdırılır. Bu keyfiyyətlər hər bir əsgərin gələcək xidmətində mühüm rol oynayır. Qalib Azərbaycan əsgəri adını daşımaq bizim üçün böyük qürur olmaqla yanaşı, ciddi məsuliyyətdir. Hər gün qazandığımız yeni təcrübənin gələcək xidmətimiz üçün mühüm əhəmiyyət daşıdığını yaxşı anlayırıq. Hərbi xidmət bizə intizamlı olmağı, verilən tapşırığa məsuliyyətlə yanaşmağı və komanda daxilində birlik nümayiş etdirməyi öyrədir. Vəzifə borcumuzu layiqincə yerinə yetirməyi, qarşılaşdığımız çətinliklərdən ruhdan düşməməyi və hər zaman öz üzərimizdə çalışmağı əsas məqsədlərimizdən hesab edirik.
Əsgər Şahin Yaqublu: Tərtər rayonunun Sarıcalı kəndində anadan olmuşam. Gəncə Dövlət Universitetini bitirmişəm. Mənim üçün hərbi forma daşımaq və Vətən qarşısında Hərbi Andı qəbul etmək xüsusi məna daşıyır. Andiçmə mərasimi yaddaqalan oldu. Azərbaycan bayrağının qarşısında dayanaraq Vətənə sədaqətlə xidmət edəcəyimə söz vermək mənə böyük qürur hissi yaşatdı. İnsan belə bir anı özü yaşamayana qədər həmin hissi tam təsəvvür edə bilmir. Hərbi Andı qəbul edərkən üzərimə böyük məsuliyyət götürdüyümü hiss etdim. Bundan sonra əsas məqsədim xidmətimi layiqincə təşkil etmək, komandirlərimin tapşırıqlarını düzgün yerinə yetirmək və əsgər yoldaşlarımla bir-birimizə dayaq olmaqdır. Bu gün ən çox anamı və atamı düşünürəm. Övlad olaraq əsgər olmağımla onların gözlərindəki qüruru anlamaq çox da çətin deyil. Bilirəm ki, onlar da bu günü fəxarətlə izləyirlər. Mənim üçün hərbi xidmətin başqa bir mənası da var.
Əmim Fəqan Yaqubov Birinci Qarabağ müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun haqqında ailəmdən eşitdiklərimlə böyümüşəm. Ona görə də bu formanı geyinmək, Vətən qarşısında and içmək mənim üçün sadəcə hərbi xidmət deyil, vətəndaşlıq və övladlıq borcudur.
Mən istəyirəm ki, xidmətimlə ailəmin mənə olan etimadını layiqincə doğruldum, əmimin ruhunu daim uca tutum.
Qarşıda məni uzun bir xidmət yolu gözləyir, bu yolu uğurla başa vurub, ailəmin yanına qürurla qayıdacağıma inanıram.
Əsgər Rəhim Məhərrəmov: Azərbaycan Texniki Universitetində “Marketinq” ixtisası üzrə təhsil almışam. Bu gün həyatımda xüsusi yeri olan, qürur və həyəcan hissi keçirdiyim günlərdən biridir. Azərbaycan əsgəri kimi Vətən qarşısında Hərbi Andı qəbul etmək mənim üçün böyük şərəf olmaqla yanaşı, üzərimə düşən məsuliyyəti daha dərindən hiss etməyimə səbəb oldu. Hərbi Andı içməklə Vətən qarşısında üzərimizə böyük məsuliyyət götürdüyümüzü bir daha dərk etdik. Xidmət müddətində əsas məqsədim hərbi bilik və bacarıqlarımı artırmaq, verilən tapşırıqlara məsuliyyətlə yanaşmaq və hərbi intizama ciddi əməl etməkdir. Komandirlərimin tövsiyə və tapşırıqlarından düzgün nəticə çıxararaq özümü daim inkişaf etdirmək istəyirəm. Burada qazandığım təcrübənin, öyrəndiyim intizam və məsuliyyət hissinin gələcək həyatımda da mənə böyük fayda verəcəyinə inanıram. Ailəmdən və doğmalarımdan uzaqda olmağım asan deyil. Lakin bilirəm ki, onlar mənimlə fəxr edir, xidmətimi daha məsuliyyətlə davam etdirmək üçün mənə güc verirlər. İstəyirəm ki, xidmət müddətində göstərdiyim nümunəvi davranışımla və Vətənə sədaqətimlə onların etimadını doğruldum. Bu gün verdiyim sözə sadiq qalaraq üzərimə düşən vəzifələri layiqincə yerinə yetirmək, xidmətimi şərəflə başa vurmaq və ailəmin yanına alnıaçıq, başıuca qayıtmaq istəyirəm. Buradan bütün dostlarıma da salamlarımı göndərirəm. Onlar da bir il, il yarım sonra ordu sıralarına qatılacaqlar. Əminəm ki, onların da Hərbi And içəcəyi gün mənim üçün olduğu kimi, onlar üçün də qürurverici və unudulmaz olacaq.
Matros Amin Xəlilov: Bu gün bizim həyatımızda ən əlamətdar günlərdən biridir. Biz gənc matroslar Hərbi Andı qəbul etməklə müstəqil Azərbaycan Respublikasının ordu sıralarına daxil olub, Vətənimiz Azərbaycana və onun xalqına sadiq qalacağımıza təntənəli surətdə and içdik. İçdiyimiz and həyatımızın ən qürurverici və şərəfli andıdır. Ümummilli Lider Heydər Əliyevin qurucusu və memarı olduğu müasir Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Bu gün həmin ordunun sıralarında dayanmaq matros yoldaşlarımla birgə bizə qürur hissi yaşadır.
Söz veririk ki, ordumuzun qüdrətlənməsi və inkişafı naminə öz səylərimizi səfərbər edərək, komandirlərimizin verdiyi əmrləri sözsüz və dəqiq yerinə yetirəcəyik. Vətənimiz Azərbaycanın milli mənafeyini qoruyacaq və üçrəngli dövlət bayrağımızın daima yüksəklərdə qürurla dalğalanması üçün canımızı və qanımızı əsirgəməyəcəyik.