AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müstəqil dövlətin əsas dayaqlarından biri güclü ordudur. Tarix göstərir ki, siyasi müstəqilliyini qorumaq istəyən hər bir dövlət ilk növbədə milli təhlükəsizlik sistemini və peşəkar silahlı qüvvələrini formalaşdırmalıdır. Azərbaycan dövlətçiliyinin memarı, Ümummilli Lider Heydər Əliyev də hakimiyyətə qayıtdığı ilk gündən bu reallığı strateji prioritet kimi müəyyənləşdirmişdi. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi ordu quruculuğu siyasəti təkcə hərbi sistemin yaradılması ilə məhdudlaşmadı, eyni zamanda dövlətçilik ideologiyasının, milli təhlükəsizlik konsepsiyasının və geosiyasi balansın əsas sütunlarından birinə çevrildi.
1990-cı illərin əvvəllərində Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan olduqca mürəkkəb mərhələdən keçirdi. Ermənistanın hərbi təcavüzü, daxildəki siyasi xaos, nizamsız silahlı dəstələrin fəaliyyəti və hakimiyyət uğrunda mübarizə dövlət institutlarının zəifləməsinə səbəb olmuşdu. Belə bir şəraitdə ordunun vahid komandanlıq altında fəaliyyət göstərməməsi ölkənin təhlükəsizliyi üçün ciddi risk yaradırdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan müdrik siyasətçi Heydər Əliyev ilk növbədə dövlət idarəçiliyində sabitliyin təmin olunmasına və ordunun mərkəzləşdirilmiş şəkildə formalaşdırılmasına başladı. Nizamsız silahlı birləşmələrlə dövlət qurmağın mümkünsüzlüyü açıq-aşkar özünü büruzə verirdi. Buna görə də dünya şöhrətli siyasətçi Heydər Əliyev ordu quruculuğu siyasətinin əsasını vahid komandanlıq prinsipi əsasında qurdu, dövlətə sədaqət və peşəkar hərbi idarəetməni təşkil etməyə başladı.
Dahi rəhbər Heydər Əliyevin yanaşmasında ordu, sadəcə silahlı qüvvə deyil, dövlətin suverenliyinin əsas təminatçısı idi. Bu baxımdan onun ordu siyasəti klassik hərbi yanaşmadan daha geniş siyasi-strateji mahiyyət daşıyırdı.
O dövrdə Azərbaycan Ordusunun əsas struktur modeli formalaşdırıldı. Silahlı Qüvvələrdə vahid idarəetmə sistemi yaradıldı, nizamsız silahlı dəstələr ləğv edildi və dövlətə tabe olmayan qüvvələrin fəaliyyəti dayandırıldı. Bu proses Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində mühüm rol oynadı.
Ümummilli Lider Heydər Əliyevin əsas hədəflərindən biri sovet hərbi sistemindən qalan köhnə idarəetmə metodlarını müasir yanaşmalarla əvəz etmək idi. Bunun üçün hərbi təhsil sisteminin yenilənməsi, zabit korpusunun gücləndirilməsi və beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Məhz onun təşəbbüsü ilə Azərbaycanda hərbi kadr hazırlığı məsələsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, peşəkar milli hərbi təhsil sisteminin formalaşdırılması və hərbi nizam-intizamın gücləndirilməsi onun ordu strategiyasının əsas komponentləri idi.
Heydər Əliyevin ordu siyasətini fərqləndirən əsas məqamlardan biri onun geosiyasi reallıqları düzgün qiymətləndirməsi idi. Azərbaycan mürəkkəb regionda yerləşir və müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu strateji əhəmiyyətli coğrafiyadır. Bu səbəbdən Ümummilli Lider Heydər Əliyev hərbi təhlükəsizlik məsələsini yalnız daxili məsələ kimi deyil, regional və beynəlxalq təhlükəsizlik sisteminin bir hissəsi kimi dəyərləndirirdi.
Həyata keçirilən balanslaşdırılmış xarici siyasət ordunun inkişafına da birbaşa təsir göstərdi. Azərbaycan bir tərəfdən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirir, digər tərəfdən isə milli maraqlara əsaslanan müstəqil təhlükəsizlik siyasəti yürüdürdü.
Bu dövrdə NATO ilə əməkdaşlığın inkişaf etdirilməsi, “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulma və beynəlxalq hərbi təcrübənin öyrənilməsi Azərbaycan Ordusunun modernləşməsinə ciddi töhfə verdi.
Ulu Öndər Heydər Əliyevin ordu siyasətində diqqət çəkən mühüm məqamlardan biri də milli-mənəvi ideologiyanın hərbi sistemə inteqrasiyası idi. O, ordunun yalnız texniki və fiziki hazırlıqdan ibarət olmadığını, həm də milli ruhun daşıyıcısı olduğunu vurğulayırdı.
Vətənə bağlılıq, dövlətə sədaqət və milli kimlik anlayışı onun hərbi siyasətinin ideoloji əsaslarını təşkil edirdi. Məhz bu yanaşma sonrakı illərdə Azərbaycan Ordusunda yüksək döyüş ruhunun formalaşmasına zəmin yaratdı.
Ümummilli Liderin “Güclü dövlətin güclü ordusu olmalıdır” tezisi təkcə siyasi şüar deyil, həm də strateji dövlət konsepsiyası idi. Bu konsepsiya Azərbaycanda milli təhlükəsizlik sisteminin formalaşmasının əsas fəlsəfəsinə çevrildi.
Heydər Əliyev ordu quruculuğunu yalnız şəxsi heyətin hazırlanması ilə məhdudlaşdırmırdı. O, müdafiə sənayesinin inkişafının da strateji əhəmiyyət daşıdığını ön plana çəkirdi. Azərbaycanın iqtisadi imkanlarının güclənməsi ilə paralel şəkildə hərbi potensialın artırılması istiqamətində mühüm qərarlar qəbul olundu.
Xüsusilə enerji strategiyasından əldə edilən gəlirlərin dövlət təhlükəsizliyi və hərbi sahəyə yönəldilməsi gələcəkdə ordunun texniki cəhətdən modernləşdirilməsi üçün mühüm baza formalaşdırdı. Bu siyasət sonrakı dövrlərdə Azərbaycan Ordusunun regionun ən güclü ordularından birinə çevrilməsinə şərait yaratdı.
Bu gün Azərbaycan Ordusunun əldə etdiyi uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xətt dayanır. Onun yaratdığı hərbi-siyasi model sonrakı mərhələlərdə daha da inkişaf etdirildi və müasir Azərbaycan Ordusunun əsas konseptual bazasına çevrildi.
Xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlıq səviyyəsinin yüksəlməsi, müasir texnologiyalarla təchiz edilməsi və yüksək döyüş qabiliyyətinə malik olması həmin siyasətin uzunmüddətli nəticəsi kimi qiymətləndirilir.
Dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətinin əsas üstünlüyü ondadır ki, bu siyasət yalnız dövrün problemlərini həll etməyə hesablanmamışdı. O, gələcəyə hesablanmış dövlət təhlükəsizlik modelini formalaşdırmışdı. Bu model milli maraqların qorunmasına, suverenliyin təmin edilməsinə və Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edirdi.
Heydər Əliyevin ordu quruculuğu siyasəti Azərbaycan dövlətçilik tarixində strateji dönüş nöqtələrindən biri hesab olunur. Onun rəhbərliyi ilə yaradılan milli ordu modeli dövlət müstəqilliyinin qorunması, siyasi sabitliyin təmin edilməsi və milli təhlükəsizlik sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərbi-siyasi kurs bu gün də Azərbaycanın təhlükəsizlik strategiyasının əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycanın güclü dövlətə və peşəkar orduya sahib olması məhz həmin uzaqgörən siyasətin nəticəsi kimi tarixə düşüb.
Əli HÜSEYNOV Bakı şəhəri