AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“N” hərbi hissəsində əsgərlərin gündəlik fəaliyyəti xidmət qaydalarına uyğun davam edir. Gün ərzində qarşıya qoyulan vəzifələr yerinə yetirilir. Asudə vaxtlarda isə əsgərlər bir araya gəlir, söhbətləşir, kitablar oxuyur, gündəlik həyatın müxtəlif məqamlarından danışırlar. Birlikdə keçirilən vaxt onların bir-birini daha yaxından tanımasına, münasibətlərinin tədricən formalaşmasına imkan verir.
Müşahidələrimiz zamanı matroslar Murad Zaur oğlu Xəlilov, Elşən İntiqam oğlu Abbasov və İbrahim Elman oğlu Əhmədovun ünsiyyəti də diqqətimizi çəkdi. Söhbət zamanı hər üçü rahat danışır, bir-birinin fikrini dinləyir, mövzuya uyğun olaraq söhbətə qoşulurdu. Görünən o idi ki, onları bir araya gətirən yalnız eyni kollektivdə xidmət etmələri deyil. Artıq gündəlik ünsiyyətin yaratdığı müəyyən yaxınlıq da var.
Söhbətə Murad Xəlilovun fikirləri ilə başlayırıq. 2008-ci il təvəllüdlü matros üçün bir yerdə keçirilən vaxtın ən maraqlı tərəfi insanları tanımaqdır: “Əvvəlcə bir-birimizi o qədər də yaxşı tanımırıq. Sonra söhbət etdikcə görürsən ki, kimin həyata marağı, nəyə münasibəti necədir. Asudə vaxtlarımızda söhbət edir, ailələrimizdən, gündəlik həyatdan danışırıq. Belə olan halda yoldaşını daha yaxşı tanıyırsan”.
Ali təhsilli müsahibim, 2003-cü il təvəllüdlü Elşən Abbasov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Maşın mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıb.
Onun fikrincə, eyni kollektivdə müxtəlif xarakterli insanlarla bir arada olmaq qarşılıqlı anlaşma tələb edir: “Hər adamın xarakteri bir cürdür. Kimləsə tez ünsiyyət qurursan, kimləsə də bir az vaxt keçirəndən sonra. Əsas odur ki, bir-birini başa düşəsən. Məncə, münasibət də elə bununla formalaşır. Bir müddət sonra artıq yanında olan insanın xasiyyətini bilirsən və ünsiyyət daha rahat olur”.
Söhbətin gedişində digər müsahibim İbrahim Əhmədov da fikirlərini bölüşdü. İbrahim üçün isə münasibətdə ən vacib məqam insanın qarşısındakına verdiyi dəyərdir: “Mənim üçün yaxşı yoldaşlıq o deməkdir ki, bir-birinə qarşı normal münasibətin olsun. Yoldaşının fikrinə hörmət edəsən. Xidmət yoldaşlarımla asudə vaxtlarımızda söhbət edirik, bir-birimizi daha yaxşı tanıyırıq. Dostluq da birdən yaranmır, zaman keçdikcə formalaşır”.
Müsahibələr zamanı diqqətimizi çəkən məqamlardan biri də onların dostluq anlayışına yanaşmasının fərqli olmasıdır. Birinin fikrində ünsiyyət, digərinin yanaşmasında qarşılıqlı anlaşma, başqa birinin sözlərində isə zaman amili ön plana çıxır. Buna baxmayaraq, söhbətlərinin ortaq nöqtəsi birdir – münasibətdə səmimiyyət. Asudə vaxtlarında söhbət üçün mövzuları da çox uzaqda axtarmırlar. Ailə, doğma yerlər, təhsil, gündəlik həyat... Bəzən bir mövzu digərini əvəz edir və söhbət uzanır. Belə məqamlar xidmət yoldaşlarının bir-birini daha yaxından tanımasına şərait yaradır.
Söhbət başa çatdıqdan sonra bir daha həmin mənzərəyə nəzər salırıq. Eyni kollektivdə xidmət edən üç fərqli insan – ayrı xarakter, ayrı həyat yolu, ayrı dünya görüşü. Amma gündəlik xidmət onları bir araya gətirib. Bu birliyin içində adi söhbətlər, qarşılıqlı maraq və yoldaşlıq münasibəti formalaşır. Əslində, dostluğun başlanğıcını da böyük hadisələrdə axtarmaq lazım deyil. Bəzən eyni mühitdə keçirilən günlər, bir-birini dinləmək və qarşı tərəfə hörmətlə yanaşmaq kifayət edir. Sonrasını isə zaman müəyyənləşdirir.
Müsahiblərim Murad, Elşən və İbrahim üçün də bu münasibətlərin hara qədər gedəcəyini zaman göstərəcək. Bu gün isə onların arasında artıq xidmət yoldaşlığından doğan səmimi bir ünsiyyət var. Bəlkə də hərbi xidmətin illər sonra xatırlanacaq ən dəyərli məqamlarından biri məhz burada tanıdığın insanlardır. Xidmət yoldaşlığı ilə başlayan münasibətin dostluğa çevrilməsi isə həmin günlərə başqa bir məna qatır.
Emil MURADLI “Azərbaycan Ordusu”