AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların keçdiyi şərəfli həyat və döyüş yolunun gənc nəslə çatdırılması, Vətən qarşısında göstərdikləri qəhrəmanlığın daim diqqətdə saxlanılması Azərbaycan dövlətinin həyata keçirdiyi mühüm istiqamətlərdəndir. Xalqımız torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsini hər zaman böyük ehtiramla yad edir. Bu məqsədlə respublikanın müxtəlif bölgələrində, hərbi hissələrdə və ictimaiyyətin iştirakı ilə mütəmadi olaraq anım mərasimləri, görüşlər və digər tədbirlər keçirilir. Belə tədbirlər həm şəhidlərin əziz xatirəsinə ehtiramın ifadəsi, həm də onların göstərdiyi qəhrəmanlığın gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən biri də Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun həyat və döyüş yoludur. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda şəhid olan qəhrəmanların xatirəsinə göstərilən ehtiram bir daha nümayiş etdirildi. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Sonra Milli Qəhrəman İsgəndər Aznaurovun həyat və döyüş fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Videoçarxda onun Vətənə bağlılığı, keçdiyi döyüş yolu və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi misilsiz şücaət barədə məlumatlar təqdim edildi.
İsgəndər Aznaurov 1956-cı ildə Özbəkistan Respublikasının Buxara vilayətində anadan olub. Gənc yaşlarından zəhmətsevərliyi, prinsipiallığı və insanlara münasibəti ilə seçilən İsgəndər Aznaurov sonralar həyatını Azərbaycanla bağlayıb. Ölkəmizin üzləşdiyi ağır sınaqlar, torpaqlarımızın Ermənistan tərəfindən işğal təhlükəsi onun da Vətənin müdafiəsinə qalxmasına səbəb olub. O, Birinci Qarabağ müharibəsinin ilk illərindən döyüşlərə qatılaraq Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində fəal iştirak edib.
İsgəndər Aznaurov döyüşlərdə göstərdiyi cəsarət, yüksək iradə və hərbi peşəkarlığı ilə seçilib. O, xüsusilə Şınıx istiqamətində gedən döyüşlər zamanı düşmən mövqelərinin zərərsizləşdirilməsində mühüm rol oynayıb. Döyüş yoldaşlarının xatirələrinə görə, Aznaurov ən çətin məqamlarda belə soyuqqanlılığını qoruyur, qarşıya qoyulan tapşırığın yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edirdi. Onun sərrast atəş açmaq bacarığı və döyüş meydanında cəsarətli davranışı düşmənə ciddi itkilər verdirib.
Milli Qəhrəman, həmçinin döyüşçülərin ruh yüksəkliyinin qorunmasına mühüm təsir göstərib. O, Vətənin müdafiəsini şəxsi həyatından üstün tutaraq təhlükəli döyüş tapşırıqlarının yerinə yetirilməsində daim ön sıralarda olub. 1993-cü il aprelin 18-də Mormor kəndi yaxınlığında gedən döyüşlər zamanı İsgəndər Aznaurov igidliklə şəhid olub. O, döyüşlərdə göstərdiyi misilsiz şücaətə görə 1995-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
İsgəndər Aznaurovun həyat və döyüş yolu bu gün də Vətənə sədaqətin, Hərbi Anda bağlılığın və fədakarlığın nümunəsi kimi xatırlanır. Onun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutur. Milli Qəhrəmanın keçdiyi döyüş yolu göstərir ki, Vətənin müdafiəsi naminə göstərilən fədakarlıq zaman keçdikcə öz əhəmiyyətini itirmir, əksinə, yeni nəsillər üçün örnəyə çevrilir.
Qəhrəmanımızın anım tədbirində Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Yeganə Hüseynova, Türk Ağsaqqalları Birliyinin sədri Eyyaz Hüseynov, Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin nümayəndələri, Azərbaycanda yaşayan Axıska türklərinin nümayəndələri, Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirinin müşaviri İlhan Açık çıxış etdilər.
Çıxışlarda İsgəndər Aznaurovun həyat və döyüş yolunun Azərbaycan tarixinin mühüm səhifələrindən biri olduğu vurğulandı. Bildirildi ki, Milli Qəhrəmanın Vətənin müdafiəsi uğrunda göstərdiyi şücaət onun adını Azərbaycan xalqının yaddaşına əbədi həkk edib. Onun döyüş meydanında nümayiş etdirdiyi cəsarət, qətiyyət və fədakarlıq bu gün də gənc nəsil üçün nümunədir. Qeyd olundu ki, şəhidlərin həyat yolunun öyrənilməsi və onların qəhrəmanlığının təbliği hərbi vətənpərvərlik tərbiyəsinin mühüm tərkib hissəsidir. Çıxış edənlər belə tədbirlərin keçirilməsinin şəhidlərin xatirəsinin daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdılar. Eyni zamanda, Azərbaycan xalqının öz qəhrəmanlarını heç vaxt unutmayacağı, onların adlarının gələcək nəsillərə də çatdırılacağı bildirildi.
İsgəndər Aznaurovun döyüş yoldaşları tərəfindən söylənilən xatirələr isə tədbir iştirakçıları üçün xüsusilə təsirli oldu. Milli Qəhrəmanın döyüş yoldaşı Sənan Quliyev onunla birlikdə keçdiyi döyüş yollarından, döyüşlər zamanı göstərdiyi cəsarətdən və şəxsi keyfiyyətlərindən danışdı. O bildirdi ki, İsgəndər Aznaurov yalnız peşəkar döyüşçü deyil, eyni zamanda, yoldaşlarına arxa-dayaq olan, çətin anlarda onları ruhlandıran və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirən bir insan olub.
Polkovnik Cavanşir Qurbanov Milli Qəhrəmanın döyüş yolundan söz açaraq onun Azərbaycanın hərb tarixində özünəməxsus iz qoyduğunu bildirdi. Qeyd etdi ki, Aznaurovun döyüş meydanında nümayiş etdirdiyi iradə və qətiyyət Vətən müdafiəçiləri üçün örnək olaraq qalır. Onun xatirəsinin yaşadılması həm şəhidin ailəsinə, həm də bütün cəmiyyətə göstərilən ehtiramın ifadəsidir.
Tədbir iştirakçıları tərəfindən vurğulandı ki, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şəhidlərin xüsusi yeri var. Müxtəlif dövrlərdə torpaqlarımızın müdafiəsi uğrunda həyatını qurban verən oğullarımızın hər biri Vətən sevgisinin ali nümunəsidir. İsgəndər Aznaurov da bu qəhrəmanlar sırasında öz adı və döyüş yolu ilə seçilir. Onun həyatının və mübarizəsinin gənc nəslə çatdırılması Vətənə məhəbbət, dövlətə sədaqət və hərbi xidmətə məsuliyyət hissinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında vətənpərvərlik mövzusunda musiqi nümunələrinin səsləndirilməsi ilə davam etdi.
Anım mərasimində İsgəndər Aznaurovun ailə üzvləri göstərilən diqqət və qayğıya, onun əziz xatirəsinin daim uca tutulmasına görə minnətdarlıqlarını bildirdilər.
İllər ötür, nəsillər dəyişir, lakin Vətən uğrunda canından keçənlərin adı yaddaşlardan silinmir. İsgəndər Aznaurovun qəhrəmanlığı da zamanın sınağından keçərək bu günə kimi gəlib çatıb. Onun həyat və döyüş yolu bir daha göstərir ki, Vətən qarşısında ən böyük xidmət onu qorumaq, ən uca fədakarlıq isə bu yolda canından keçməkdir. Milli Qəhrəmanın xatirəsinə həsr olunan belə tədbirlər isə həmin qəhrəmanlıq irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Tamilla HÜSEYNLİ “Azərbaycan Ordusu”