Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Avqust 2026 20:12

Azərbaycan Ordusunun Zəfər salnaməsi

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:
“Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Azərbaycan Ordusu müstəqil dövlətimizin ən mühüm dayaqlarından biri kimi formalaşaraq, qısa tarixi dövr ərzində böyük inkişaf yolu keçib. Bu inkişafın əsasında xalq-ordu birliyi, dövlətin hərbi siyasi iradəsi və güclü vətənpərvərlik hissi dayanır.
1991-cı ildə çətin şəraitdə formalaşan Azərbaycan Ordusunun zamanla təşkilatlanaraq dövlətçiliyin qorunmasında əsas qüvvəyə çevrilib. Həmin dövr ordunun bünövrəsinin qoyulduğu il kimi tarixə düşüb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə ordu quruculuğu sistemli və məqsədyönlü xarakter aldı. Hərbi intizamın gücləndirilməsi, peşəkar kadrların hazırlanması və dövlət nəzarətinin təmin edilməsi ordunun inkişafında dönüş nöqtəsi oldu.
2003-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu müasir silah-sursatla təchiz olundu. Yüksək döyüş hazırlığı və çevik idarəetmə sistemi ordumuzun gücünü daha da artırdı. Azərbaycan Ordusunun güclənməsi təkcə texniki təminatla məhdudlaşmadı, eyni zamanda, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına da xüsusi diqqət yetirildi. Vətənə sədaqət ruhu hər bir hərbi qulluqçunun əsas amalına çevrildi. 
2020-ci ildə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini və döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində işğal altında olmuş torpaqlarımız azad edildi. Qədim Şuşa şəhərinin azad edilməsi Vətən müharibəsinin zirvə nöqtəsi kimi tarixə düşdü. Bu əməliyyat Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və yüksək mənəvi gücünü bir daha sübut etdi. Müharibə zamanı göstərilən şücaət nümunələri Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu. Şəhidlərimizin qəhrəmanlığı və döyüşçülərimizin şücaəti bu tarixi Zəfərin əsas dayağı oldu. Tarixi Zəfərdən sonra Azərbaycan Ordusu yeni mərhələyə qədəm qoydu. Azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət aldı. Təhlükəsizlik tədbirləri və bərpa prosesi həyata keçirilməyə başlandı.
Hərbi təhsil müəssisələrində gənc zabitlərin hazırlanması prosesi gücləndirildi, beynəlxalq təcrübə ilə inteqrasiya genişləndirildi. Bu da ordumuzun kadr potensialını daha da yüksək səviyyəyə çatdırdı. Azərbaycan Ordusu beynəlxalq əməkdaşlıq çərçivəsində bir sıra ölkələrlə birgə təlimlər keçirərək təcrübəsini daha da artırır. Bu əməkdaşlıq ordunun qlobal hərbi standartlara uyğunlaşmasına imkan yaradır. Vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində məktəblərdə və ictimaiyyət arasında müxtəlif layihələr həyata keçirilir. Bu layihələr gənc nəslin Vətənə, torpağa olan bağlılığını daha da artırır.
Müasir dövrdə Azərbaycan Ordusu regionun ən sürətli inkişaf edən və yüksək döyüş qabiliyyətinə malik silahlı qüvvələrindən biri kimi tanınır. Bu inkişafın əsasını dövlətin hərbi siyasət sahəsində apardığı islahatlar və innovativ yanaşmalar təşkil edir. 
Son illərdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar Silahlı Qüvvələrin strukturunun müasirləşdirilməsinə və çevik idarəetmə sisteminin formalaşmasına şərait yaradıb. Müasir texnologiyaların tətbiqi Azərbaycan Ordusunun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artırıb. Xüsusilə kəşfiyyat, müşahidə və idarəetmə sistemləri yeni mərhələyə yüksəlib. Pilotsuz uçuş aparatları ordumuzun ən mühüm texnoloji vasitələrindən birinə çevrilib. Bu sistemlər döyüş meydanında məlumatların operativ əldə edilməsində və dəqiq zərbələrin həyata keçirilməsində mühüm rol oynayır. Artilleriya və raket sistemlərinin modernləşdirilməsi də döyüş qabiliyyətinin artırılmasında əsas amillərdəndir. Yüksək dəqiqlikli silahlar hədəflərin daha effektiv məhv edilməsinə imkan verir.
Komanda-idarəetmə sistemlərinin rəqəmsallaşdırılması qərarların daha sürətli və dəqiq qəbul olunmasını təmin edir. Bu da döyüş əməliyyatlarının effektivliyini yüksəldir. Elektron kəşfiyyat və rabitə sistemləri ordunun informasiya üstünlüyünü gücləndirir. Müasir döyüş şəraitində informasiya təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır. Zirehli texnikanın yenilənməsi və müasir standartlara uyğunlaşdırılması şəxsi heyətin müdafiə qabiliyyətini artırır və döyüş əməliyyatlarında çevikliyi təmin edir.
Azərbaycan Ordusunda tətbiq edilən gecəgörmə və termal müşahidə cihazları hərbi qulluqçulara istənilən şəraitdə əməliyyat aparmaq imkanı yaradır. Hava hücumundan müdafiə sistemlərinin təkmilləşdirilməsi ölkənin hava məkanının təhlükəsizliyini daha etibarlı şəkildə qorumağa xidmət edir.
Orduda rəqəmsal xəritələşdirmə və peyk texnologiyalarından istifadə əməliyyatların planlaşdırmasını daha dəqiq edir. Hərbi təlimlərdə simulyasiya texnologiyalarının tətbiqi şəxsi heyətin real döyüş şəraitinə daha yaxşı hazırlanmasına imkan yaradır. Müasir texnologiya ilə yanaşı, Azərbaycan Ordusunun əsas gücü yüksək motivasiyalı və peşəkar şəxsi heyətdir. Texnika və insan amilinin vəhdəti döyüş qabiliyyətini daha da gücləndirir. Beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində yeni texnologiyaların öyrənilməsi və tətbiqi ordunun inkişafına təkan verir.
Azərbaycan Ordusu müasir texnologiyaları uğurla tətbiq edərək, yüksək döyüş qabiliyyətini qoruyan geniş əməliyyat imkanlarına malik olan və daim inkişaf edən güclü hərbi qüvvəyə çevrilib.

Kifayət ƏLİYEVA “Azərbaycan Ordusu”